AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU
Övladınızı cinsi yetkinlik dövrünə hazırlayın
PROBLEM
«Balam nə tez böyüdü»,— deyə düşünürsünüz? Dünən qucağınızda tutduğunuz körpə, bu gün artıq böyüyüb. Düzdür, o, hələ də uşaqdır, amma cinsi yetkinlik dövrünə qədəm qoymaq üzrədir.
Bəs siz övladınızı təşvişə salan və onun üçün çətin olan bu keçid dövründə ona necə kömək edə bilərsiniz?
NƏYİ BİLMƏLİSİNİZ?
Keçid dövrünün öz dövrü var. Bu proses 8—15 yaş arası və ya daha gec başlayır. Bir kitabda deyilir: «Cinsi yetkinlik dövrü hərədə bir vaxt olur» («Letting Go With Love and Confidence»).
Keçid dövründə özünə inamsızlıq hissi yaranır. Cinsi yetkinlik dövrünə qədəm qoyan uşaqlar cəmiyyət içində özlərini rahat hiss etmirlər. Cavid * adlı bir gənc xatırlayır: «Görünüşümə və davranışıma görə çox narahat olurdum. Elə bilirdim ki, başqalarının gözündə əcaib görünürəm». Sızanaqlar çıxanda isə yeniyetmələrdə özünə inamsızlıq hissi daha da artır. 17 yaşlı Kəmalə bölüşür: «Sızanaqlar elə bil, üzümə hücum çəkmişdi. Yadımdadır, tez-tez ağlayardım, özümə eybəcər deyərdim».
Cinsi inkişafa həmyaşıdlarından tez başlayan gənclərin çətinlikləri. Bu, əsasən qızlara aiddir. Onların döş vəziləri böyüyəndə, bədən formaları dəyişəndə bəzən onları ələ salmağa başlayırlar. Bir mənbədə deyilir ki, «hətta onlar üçün yaşca böyük və cinsi əlaqəyə meyilli olan oğlanların diqqətini cəlb etmək təhlükəsi yaranır» («A Parent’s Guide to the Teen Years»).
Cinsi inkişaf yetkinlik əlaməti deyil. Allahın Kəlamında deyilir: «Axmaqlıq uşağın ürəyində kök salar» (Məsəllər 22:15). Cinsi inkişaf prosesi bu faktı dəyişmir. Gənc böyük görünə bilər, amma bu, o demək deyil ki, «o, düzgün qərar verməyi bacarır, məsuliyyətlidir, özünə hakim ola bilir və ya onda yetkinliyin digər əlamətləri var» («You and Your Adolescent»).
SİZ NƏ EDƏ BİLƏRSİNİZ?
Övladınızla keçid dövrü başlamazdan öncə danışın. Qoy uşağınız bilsin qarşıda onu nələr gözləyir. Məsələn, qız uşağına aybaşı olacağı, oğlan uşağına islaq (nəm) yuxuların olacağı haqda danışın. Çünki yetkinliyə xas dəyişikliklər tədricən baş verdiyi halda, bu şeylər qəflətən başlayır və uşağınız bunu görüb təşvişə, hətta qorxuya düşə bilər. Belə mövzuları müzakirə edəndə vəziyyətə müsbət tərəfdən yanaşın. İzah edin ki, cinsi yetkinlik yaxşılığa doğru dəyişiklikdir və bu, onun böyüməsi üçün mütləqdir (Müqəddəs Kitab prinsipi: Zəbur 139:14).
Açıq danışın. Ceyhun adlı bir oğlan deyir: «Valideynlərim mənimlə cinsi yetkinlik barədə üstüörtülü söhbət etmişdilər. Kaş bir az açıq danışardılar». 17 yaşında olan Aytən də bu fikirdədir. O deyir: «Anam baş verən fizioloji dəyişiklikləri izah etdi. Amma istəyərdim ki, bunlara tab gətirmək üçün mənə emosional cəhətdən dəstək olsun». Bunlar nəyi göstərir? Nə qədər çətin olsa da, cinsi yetkinlik barədə uşağınızla hərtərəfli danışın (Müqəddəs Kitab prinsipi: Həvarilərin işləri 20:20).
Söhbəti açmaq üçün sual verin. Uşağınız sıxılmasın deyə, başqalarında baş verən cinsi yetkinlik haqda söz açın. Misal üçün, qızınıza belə bir sual verin: «Hansısa sinif yoldaşın aybaşı olub? Oğlanlar tez inkişaf edən qızları ələ salırlar?» Oğlunuza isə növbəti sualları verə bilərsiniz: «Uşaqlar gec böyüyənləri lağa qoymurlar ki?» Övladınız cinsi yetkinlik dövründə başqa uşaqların nə ilə üzləşdikləri barədə danışmağa başlasa, ehtimal ki, ona öz hisslərini və başına gələnləri bölüşmək daha asan olacaq. O danışarkən növbəti məsləhəti tətbiq edin: «İnsan eşitməyə hazır olmalı, danışmağa və hirslənməyə tələsməməlidir» (Yaqub 1:19).
Uşağınıza hikmətli və düşüncəli olmağa kömək edin (Məsəllər 3:21). Keçid dövründə yalnız fiziki və emosional dəyişikliklər baş vermir. Həmin dövrdə uşağın düşüncə qabiliyyəti də inkişaf edir və bu, ona gələcəkdə düzgün qərarlar verməyə kömək edəcək. Bu fürsətdən istifadə edib övladınıza gözəl əxlaq dəyərləri aşılayın (Müqəddəs Kitab prinsipi: İbranilərə 5:14).
Təslim olmayın. Valideynlər övladları ilə cinsi yetkinlik haqda danışmağa başlayanda əksər uşaqlar özlərini elə aparır ki, guya bu mövzu onlara maraqlı deyil. Amma buna aldanmayın. Bir kitabda deyildiyi kimi, «bu yaşda olan uşaq maraqlanmadığını, tıncıxdığını, iyrəndiyini və ya ümumiyyətlə qulaq asmadığını göstərsə də, əslində sizin hər kəlmənizi hafizəsinə həkk edir» («You and Your Adolescent»).
^ abz. 8 Adlar şərtidir.