Kontentə keç

Mündəricatı göstər

MÜSAHİBƏ | RACEŞ KALARİYA

Beyin tədqiqatçısı imanı haqda danışır

Beyin tədqiqatçısı imanı haqda danışır

İNGİLTƏRƏNİN Nyukasl Universitetinin professoru Raceş Kalariya 40 ildən artıqdır ki, insan beyninin tədqiqatı ilə məşğuldur. Əvvəllər təkamülə inanan bu alim sonralar baxışını dəyişir. Bu məqalədə sizə Raceş Kalariyanın öz işi və əqidəsi barədə «Oyanın!» jurnalının müxbirinə verdiyi müsahibəni təqdim edirik.

Dindar ailədə böyümüsünüz?

Atam hindistanlıdır. Anam da hindlidir, amma Uqandada doğulub. Biz Keniyanın paytaxtı Nayrobidə yaşayırdıq. Ailədə üç uşaq idik, ortancılları mən idim. Ailəmizdə hindu dininin adət-ənənələrinə böyük önəm verilirdi. Qonşularımızın çoxu hindu idi.

Necə oldu ki, elmlə maraqlanmağa başladınız?

Məni həmişə heyvanat aləmi maraqlandırıb. Heyvanları seyr etmək üçün dostlarımla tez-tez təbiət qoynuna çıxardıq. Əvvəl-əvvəl baytar cərrah olmaq istəyirdim. Amma texniki kolleci qurtarandan sonra təhsilimi patologiya istiqamətində davam etdirmək qərarına gəldim və İngiltərənin London Universitetinə daxil oldum. Sonra insan beyninin tədqiqi üzrə ixtisaslaşdım.

Aldığınız biliklər dini baxışlarınıza təsir etdimi?

Bəli. Elmi öyrəndikcə hindu dininin heyvanlara, bütlərə sitayiş kimi mifik inanc və ayinləri mənə məntiqsiz gəlirdi.

Sizi təkamülə inandıran nə olmuşdu?

Uşaqlıq illərimdə ətrafımdakı insanların çoxu insan təkamülünün Afrikada başladığına inanırdı və bu mövzu haqda tez-tez məktəb dərslərində danışılırdı. Həmçinin müəllimlər və universitet professorlarının danışıqlarından elə təəssürat yaranırdı ki, bütün mötəbər alimlər təkamülə inanır.

Necə oldu ki, həyatın mənşəyinə baxışınız dəyişdi?

Bir neçə il idi, biologiya və anatomiyanı öyrənirdim. Bir gün tələbə yoldaşlarımdan biri mənə dedi ki, Yehovanın Şahidləri ona Müqəddəs Kitabı öyrədir. Məni maraq bürüdü. Bir dəfə Yehovanın Şahidləri bizim kollecin akt zalında ibadət məclisi keçirirdilər, mən bu məclisə getmək qərarına gəldim. Sonra onlardan iki nəfər mənə bəzi Müqəddəs Kitab təlimlərini izah etdi. Onların Yaradanla və həyatın mahiyyəti ilə bağlı gətirdiyi dəlillər mənə məntiqli gəldi, heç də mifik nağıl kimi səslənmirdi.

Tibbi təhsiliniz yaradılışa inamınızı sarsıtmadı ki?

Əksinə. Anatomiyanı öyrəndikcə canlıların quruluşunun necə mürəkkəb və qüsursuz olduğunu görürdüm. Heç cür ağlıma sığışdıra bilmirdim ki, bu cür mürəkkəblik adi təsadüf nəticəsində əmələ gələ bilər.

Konkret misal gətirə bilərsiniz?

İnsan beyninin tədqiqi ilə qırx ildən çoxdur məşğul olsam da, bu orqanın quruluşu hələ də məni heyran qoyur. Beyin insanın təfəkkür və yaddaş mərkəzi, bütün orqanizmin komanda məntəqəsidir. Bütün hissiyyat orqanlarının qovşağıdır. Beyin orqanizmin həm daxilindən, həm də xaricindən gələn siqnalları təhlil edərək qərar verir.

Beyin mürəkkəb kimyəvi quruluşu və neyron (beynin əsas hüceyrələri) şəbəkələri sayəsində fəaliyyət göstərir. İnsan beyni milyardlarla neyrondan ibarətdir. Neyronlar bir-birinə akson adlanan uzun liflər vasitəsilə məlumat göndərir və dendrit adlanan liflər vasitəsilə məlumatı qəbul edir. Dendritlər şaxələnərək neyrona minlərlə digər neyronla əlaqə qurmaq imkanı verir. Nəticədə beyindəki ümumi əlaqələrin sayı astronomik rəqəmlərə çatır. Maraqlısı isə odur ki, neyron və dendritlərdən təşkil olunmuş bu «sıx meşə» qarmaqarışıq deyil, nizamlıdır. Mən bunu dahi əsər adlandırardım.

Bir az ətraflı danışa bilərsiniz?

Beyindəki şəbəkələnmə ana bətnində başlayaraq uşaq doğulandan sonra da davam edir. Bu çox nizamlı prosesdir. Neyrondan liflər çıxaraq digər neyronlarla əlaqə yaratmaq məqsədilə onlara doğru uzanmağa başlayır. Bəzən neyronlar arasındakı məsafə bir neçə santimetrə çatır ki, bu da hüceyrə səviyyəsi üçün nəhəng bir məsafədir. Bunu da deyim ki, «səyahətə çıxan» lifin hədəfi yalnız müəyyən neyron yox, bu neyronun konkret hissəsi ola bilər.

Lifi neyrona doğru kimyəvi maddələr istiqamətləndirir. Bu maddələr yol nişanı kimi, sanki, «dayan», «get», «dön» göstərişi verir. Göstərişsiz liflər yolu azardı. Bütün proses əsasını DNT-dəki məlumatdan götürərək mükəmməl idarə altında keçir.

Bununla belə qeyd etmək lazımdır ki, beynin inkişafı və fəaliyyəti ilə bağlı biliklərimiz hələ çox ibtidai səviyyədədir, məsələn, yaddaşın, hisslərin, düşüncənin yaranması barədə biliklər. Beynin heyrətamiz fəaliyyəti və inkişafını bir kənara qoysaq, sadəcə onun işləmək qabiliyyəti mənim üçün kifayətdir ki, onun arxasında üstün zəka Sahibinin durduğunu görüm.

Nəyə görə Yehovanın Şahidi oldunuz?

Yehovanın Şahidləri mənimlə danışanda Müqəddəs Kitabın Allahdan olduğuna sübutlar gətirdilər. Məsələn, onun elmi məsələlərdə dəqiq olduğunu, gələcəyi təsvir edən ayələrin dəqiqliklə yerinə yetdiyini göstərdilər. Həmçinin Müqəddəs Kitabdakı buyruqlar insanın həyatını gözəlləşdirir. Öz həyatım buna bir misaldır. Yehovanın Şahidi olduğum gündən, 1973-cü ildən bu yana Müqəddəs Kitab həyat yolunda mənə bələdçi olub. Odur ki, mən çox mənalı və xoşbəxt ömür yaşayıram.