QAYDA 3
Övladınıza mətin olmağı öyrədin
MƏTİN OLMAQ NƏ DEMƏKDİR?
Mətin insan maneə və ya məyusluqla üzləşəndən sonra tez özünə gəlir. İnsan buna təcrübə sayəsində yiyələnir. Uşaq yıxıla-yıxıla böyüdüyü kimi, uğursuzluqlarla da üzləşə-üzləşə həyatda qabağa getməyi öyrənir.
MƏTİN OLMAQ NƏ ÜÇÜN VACİBDİR?
Bəzi uşaqlar uğursuzluqla, çətinliklə üzləşəndə, yaxud tənqid eşidəndə ruhdan düşürlər. Bəziləri isə tamamilə təslim olurlar. Lakin onlar növbəti məqamları başa düşməlidirlər:
-
Uğursuzluqla üzləşməmək mümkün deyil (Yaqub 3:2).
-
Hər bir insan həyatda çətinliklərlə üzləşir (Vaiz 9:11).
-
Adama səhvini deməsələr o, heç vaxt düzəlməz (Məsəllər 9:9).
Mətin olmaq övladınıza həyatdakı çətinlikləri əminliklə yoluna qoymağa kömək edəcək.
MƏTİN OLMAĞI NECƏ ÖYRƏTMƏLİ?
Övladınız səhv edəndə.
MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Saleh yeddi dəfə yıxılar, yenə qalxar» (Məsəllər 24:16).
Övladınıza vəziyyətə düzgün yanaşmağı öyrədin. Məsələn, məktəbdə imtahandan keçməsə, nə edər? O, ruhdan düşüb deyə bilər: «Mən heç nəyi bacarmıram».
Ancaq övladınıza mətin olmağı öyrətmək istəyirsinizsə, ona başa salın ki, növbəti dəfə nəticənin yaxşı alınması üçün nə edə bilər. Belə etməklə o özünü yazıqlamayacaq, əksinə, problemi həll etməyə çalışacaq.
Eyni zamanda, problemi övladınızın yerinə həll etməyin. Əksinə, ona kömək edin ki, problemi özü yoluna qoysun. Ona sual verə bilərsiniz: «Dərsi daha yaxşı başa düşmək üçün nə edə bilərsən?»
Bədbəxtlik baş verəndə.
MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Siz heç sabah başınıza nəyin gələcəyini bilmirsiniz» (Yaqub 4:14).
İnsan bilmir sabah başına nə gələcək. Bu gün varlı olan adam sabah kasıblayır. Sağlam adam xəstə düşür. Müqəddəs Kitabda deyilir: «Qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir... Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11).
Siz bir valideyn kimi, övladınızı qorumağa çalışırsınız. Ancaq uşağı həyatın bütün bəlalarından qorumaq mümkün olmur.
Əlbəttə, bəlkə də, övladınız hələ kiçikdir və işi itirməyin, iqtisadi çətinliyin nə demək olduğunu başa düşmür. Amma siz ona başqa bədbəxtliklərə, məsələn, dost itkisinə, yaxud ailə üzvünün ölümünə tab gətirməyə kömək edə bilərsiniz *.
Övladınız haqlı olaraq danlananda.
MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Məsləhətə qulaq as,.. axırda hikmətli olarsan» (Məsəllər 19:20).
Övladınızı haqlı olaraq danlayan adam onu gözümçıxdıya salmır, sadəcə, ona səhvini düzəltməyə kömək etmək istəyir.
Övladınıza məzəmməti qəbul etməyə kömək etməklə həm onu, həm də özünüzü çox problemlərdən qoruyursunuz. Con adlı bir ata deyir: «Uşaqların səhvinə həmişə göz yumulsa, onlar heç vaxt öz hərəkətlərindən dərs götürməyəcəklər. Heç vaxt başları bəladan açılmayacaq. Siz də ömür boyu onların dalınca düşüb problemlərini həll etməyə çalışacaqsınız. Bu isə həm valideynlərin, həm də övladın həyatını acınacaqlı edir».
Bəs övladınıza eşitdiyi danlaqdan nəticə çıxarmağa necə kömək edə bilərsiniz? Uşağınız ya məktəbdə, ya da başqa yerdə danlananda bunun nahaq yerə olduğunu söyləməyin. Əksinə, ondan soruşun:
-
«Səncə, nəyə görə səni danladılar?»
-
«Səhvini necə düzəldə bilərsən?»
-
«Gələn dəfə belə vəziyyətdə olanda nə edəcəksən?»
Unutmayın, yeri gələndə, danlanmaq övladınızın xeyrinədir. O təkcə indi yox, həm də böyüyəndə bunun faydasını görəcək.
^ abz. 21 «Gözətçi qülləsi» jurnalının 2008-ci il 1 iyul sayındakı «Övladınıza kədərə dözməyə kömək edin» adlı məqaləyə (rus.) baxın.