Kontentə keç

Mündəricatı göstər

Valideynlər öz nümunələri ilə övladlarına sevməyi öyrədirlər

ÇƏTİNLİYİ ARADAN QALDIRMAQ ÜÇÜN ATILAN ADDIM

Mənəvi təhsil

Mənəvi təhsil

Bir neçə yeniyetmə oğlan məktəb gəzintisi zamanı digər bir oğlana cinsi təcavüz etməkdə ittiham olunmuşdu. Şagirdlərin hamısı Kanadanın qabaqcıl özəl məktəbində təhsil alırdı. Bu hadisə barədə «Ottava Sitizen» qəzetində Leonard Stern yazmışdı: «Zəkanın, təhsilin və ictimai təbəqənin özü ilə gətirdiyi imtiyazlar gəncləri pis hərəkətlərdən saxlamır».

Stern həmçinin yazmışdı: «Yəqin düşünəcəksiniz ki, valideynin ən ümdə məqsədi övladına mənəvi dəyərlər aşılamaq olmalıdır. Həqiqətdə isə bir çox valideynlər, əsasən, övladlarının elmi və maddi tərəqqisi üçün çalışırlar».

Düzdür, elmli olmaq vacibdir. Buna baxmayaraq, ən yaxşı dünyəvi təhsil belə, insana yanlış arzuları və pis meyilləri boğmağa kömək edə bilmir. Belə isə bu sahədə kömək edən, yəni insana mənəvi dəyərlər aşılayan təhsili haradan almaq olar?

MƏNƏVİ VƏ RUHANİ DƏYƏRLƏR AŞILAYAN TƏHSİL

Müqəddəs Kitab güzgü kimidir. Biz ora baxanda öz məhdudiyyətlərimizi və zəifliklərimizi daha aydın görürük (Yaqub 1:23—25). Ancaq Müqəddəs Kitab sadəcə bunun üçün deyil. O, bizə həyatımızda lazımi dəyişikliklər etməyə, həqiqi sülh və əmin-amanlıq yaratmaq üçün lazım olan keyfiyyətlərə yiyələnməyə kömək edir. Bu keyfiyyətlərdən bəziləri yaxşılıq, xeyirxahlıq, təmkin və məhəbbətdir. Məhəbbət haqqında hətta deyilir ki, o, insanlar arasında birlik yaradır (Koloslulara 3:14). Nəyə görə məhəbbət belə xüsusi keyfiyyətdir? Görün Müqəddəs Kitabda məhəbbət barədə nə yazılıb.

  • «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, qürrələnmir, nalayiq davranmır, öz xeyrini güdmür, tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur. Haqsızlığa [pisliyə] sevinmir, əksinə, həqiqətə şadlanır. Hər şeyə qatlaşır,.. hər şeyə dözür. Məhəbbət heç vaxt tükənmir» (1 Korinflilərə 13:4—8).

  • «Sevən adam başqasına pislik etməz» (Romalılara 13:10).

  • «Hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin, çünki məhəbbət çoxlu günahın üstünü örtür» (1 Butrus 4:8).

Sizi sevən insanların əhatəsində olanda özünüzü necə hiss edirsiniz? Yəqin arxayın, rahat, qorxusuz olursunuz. Bəli, siz bilirsiniz ki, onlar sizin yaxşılığınızı istəyirlər, heç vaxt bilərəkdən sizə xətər yetirmək istəməzlər.

Məhəbbət həmçinin insanları başqaları uğrunda fədakarlıq göstərməyə, hətta həyat tərzini dəyişməyə kömək edir. Məsələn, Corc adlı bir kişi (ad şərtidir) baba olanda nəvəsi ilə çox vaxt keçirtmək istəyirdi, ancaq bir problem var idi. Corc yaman çox siqaret çəkirdi. Kürəkəni isə Corcun uşağın yanında siqaret çəkməsini istəmirdi. 50 il siqaret çəkən Corc nəvəsinin xətrinə siqareti atdı. Bəli, məhəbbət böyük qüvvəyə malikdir.

Müqəddəs Kitab bizə yaxşılıq, xeyirxahlıq, xüsusən də məhəbbət kimi gözəl keyfiyyətlərə yiyələnməyə kömək edir

İnsan sevməyi öyrənməlidir. Uşağa sevməyi öyrətməkdə valideynlərin rolu əvəzsizdir. Onlar övladlarını yedizdirir, qoruyur, xəstələnəndə, ağrıyanda onlara baxır. Yaxşı valideyn uşağı ilə ünsiyyət edir, onu öyrədir, ona tərbiyə verir, yaxşını-pisi başa salır. Bundan əlavə, yaxşı valideyn uşağına gözəl nümunə qoyur.

Təəssüflər olsun ki, bəzi valideynlər öz məsuliyyətlərini yerinə yetirmirlər. Bəs bu o deməkdirmi ki, onların övladları heç vaxt yaxşı insan ola bilməzlər? Xeyr, bu, heç də belə deyil. Bir çox insan, hətta yaxşı ailədə böyüməyənlər belə həyatlarında dəyişiklik etmiş, qayğıkeş, etibarlı insan olmuşlar. Növbəti məqalədə görəcəyimiz kimi, insanların gözündə düzəlməz görünən adamlar belə dəyişə bilmişlər.