ÇƏTİNLİYİN ÖHDƏSİNDƏN GƏLƏCƏK HÖKUMƏT
«Sülhün sonu olmayacaq»
Birləşmiş Millətlər Təşkilatı «qlobal vətəndaşlıq» konsepsiyasını irəli sürür. Qarşıya qoyulan məqsədlərə insanları beynəlxalq əməkdaşlığa, insan hüquqlarına hörmət etməyə və planetimizi mühafizə etməyə təşviq etmək daxildir. Buna səbəb Mahir Nasirin «YUEN Kronikl» («UN Chronicle») jurnalında qeyd etdiyi kimi, «iqlim dəyişikliyinin, mütəşəkkil cinayətin, artan bərabərsizliyin, həllini tapmamış münaqişələrin, əhalinin kütləvi surətdə qaçqın düşməsinin, qlobal terrorizimin, infeksion xəstəliklərin və digər təhlükələrin... sərhəd tanımamasıdır».
Bir başqaları isə ümumdünya hökumət məfhumunu irəli sürür. Bu adamların içində italyan filosofu, şair və dövlət xadimi Dantenin (1265—1321) və fizikaçı Albert Eynşteynin (1879—1955) adını çəkmək olar. Dantenin fikrincə, siyasi cəhətdən parçalanmış dünyada sülhdən söz gedə bilməz. O, İsa Məsihin sözlərini sitat gətirərək deyirdi: «Daxildən parçalanmış hər bir padşahlıq dağılacaq» (Luka 11:17).
İki atom bombası atılan İkinci Dünya müharibəsindən çox keçməmiş Albert Eynşteyn Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına açıq məktub yazmışdı. O deyirdi: «Birləşmiş Millətlər Təşkilatı sürətlə hərəkətə keçib beynəlxalq təhlükəsizlik üçün lazımi şəraiti yaratmalıdır. Bunun üçün isə ümumdünya hökumətin qurulmasına zəmin yaradılmalıdır».
Bəs necə əmin ola bilərik ki, belə bir qüdrətli hökumət olsa, onu təşkil edən siyasətçilər heç vaxt korlanmayacaqlar, onların arasında səriştəsizi olmayacaq və əhaliyə zülm etməyəcəklər? Yaxud onlar digər siyasətçilər kimi pisliyə meyilli olmayacaqlar. Bu suallar Britaniya tarixçisi Lord Aktonun sözlərini insanın yadına salır: «Hakimiyyət insanı pozur, mütləq hakimiyyət isə insanı mütləq pozur».
Bununla belə, əgər bəşər ailəsində sülh və harmoniyanın hökm sürməsini istəyiriksə, biz insanlar birləşməliyik. Bu məqsədə necə nail olmaq olar? Ümumiyyətlə, bu, real məqsəddir? Müqəddəs Kitab bu suala «bəli» cavabını verir. Bu məqsədə nail olmaq mümkündür və bu, mütləq olacaq. Ancaq pozulmağa meyilli siyasətçilərdən təşkil olunmuş bir ümumdünya hökumətin vasitəsilə ilə yox, Allahın qurduğu bir hökumətin vasitəsilə. Ən əsası, bu hökumət Allahın Öz yaratdıqları üzərində hökmranlıq etmək hüququnu ifadə edəcək. Müqəddəs Kitabda bu hökumət «Allahın Padşahlığı» adlanır (Luka 4:43).
«QOY PADŞAHLIĞIN GƏLSİN»
İsa Məsih duada: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən... yerdə də yerinə yetsin», — deyəndə Allahın Padşahlığını nəzərdə tuturdu (Mətta 6:9, 10). Bəli, Allahın Padşahlığının sayəsində yer üzündə hakimiyyətə susayan xudbin insanların yox, Allahın iradəsi yerinə yetəcək.
Allahın Padşahlığı həmçinin səmavi Padşahlıq adlanır (Mətta 5:3). Çünki bu Padşahlıq yer üzünü idarə etsə də, yerdə yox, göydə yerləşəcək. Bilirsiniz, bu nə deməkdir? Bu o deməkdir ki, sözü gedən ümumdünya hökumətin maddi dəstəyə ehtiyacı olmayacaq. Bu isə təsəvvür edirsiniz, vətəndaşların güzəranını necə yaxşılaşdıracaq?!
Padşahlıq sözündən göründüyü kimi, Allahın Padşahlığı bir hökumətdir. Bu hökumətin Padşahı olan İsa Məsihə hakimiyyəti Allah verib. İsa Məsih barədə Müqəddəs Kitabda deyilir:
-
«Hakimiyyət onun çiynində olacaq... Hakimiyyəti ucqarlaradək yayılacaq, sülhün sonu olmayacaq» (Əşiya 9:6, 7).
- «Ona hakimiyyət, şərəf və padşahlıq verildi ki, ümmətlər, xalqlar və bütün dillərə mənsub olanlar ona qulluq etsin. Onun hakimiyyəti... əbədi hakimiyyətdir» (
-
«Dünya üzərində padşahlıq indi Rəbbimizə və Onun Məsihinə məxsusdur» (Vəhy 11:15).
İsa Məsihin duasına müvafiq olaraq, Allahın Padşahlığı yer üzündə Allahın iradəsini bütünlüklə həyata keçirəcək. Bu Padşahlığın hakimiyyəti altında hamı planetin qeydinə qalmağı öyrənəcək, Yer kürəsi yenidən «sağlam» olacaq və burada həyat qaynayacaq.
Ən əsası, Allahın Padşahlığı öz vətəndaşlarına elm verəcək. Hamı eyni qanunları öyrənəcək. Parçalanma olmayacaq. Əşiya 11:9 ayəsində deyilir ki, insanlardan «xətər gəlməyəcək, heç nəyi tələf etməyəcəklər. Çünki sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehova barədə biliklə dolacaq».
Birləşmiş Millətlər Təşkilatının həyata keçirmək istədiyi, amma edə bilmədiyi arzu gerçəkləşəcək — yer üzünün bütün sakinləri, sözün əsl mənasında, sülh və birlik içində yaşayacaqlar. Zəbur 37:11 ayəsində deyilir: «Əmin-amanlığın bolluğundan həzz alacaqlar». Zaman keçdikcə «cinayət», «yoxsulluq», «çirklənmə», «müharibə» kimi sözlər lüğətdən silinəcək. Bəs bu nə zaman baş verəcək? Allahın Padşahlığı bütün dünyanı nə zaman idarə edəcək? Allahın Padşahlığı idarəçiliyi necə ələ alacaq? Allahın Padşahlığının vətəndaşı olmaq üçün nə etməlisiniz? Gəlin bu sualların cavabına baxaq.