XOŞBƏXTLİK YOLU
Qane olmaq və səxavət
XOŞBƏXTLİYİN VAR-DÖVLƏTDƏN ASILI OLDUĞUNU DÜŞÜNƏN İNSANLARA TEZ-TEZ RAST GƏLİRİK. Milyonlarla insan daha çox pul qazanmaq üçün gecəni gündüzə qatıb işləyir. Bəs qazandıqları pulun və mal-mülkün gətirdiyi xoşbəxtlik nə qədər çəkir? Faktlar nəyi göstərir?
«Xoşbəxtlik Araşdırmaları Gündəliyi» adlı bir nəşrdə qeyd olunur ki, əgər insanın əsas tələbatları qarşılanırsa, əlavə gəlir onun ümumi əhval-ruhiyyəsini və xoşbəxtliyini elə də artırmır («Journal of Happiness Studies»). Əlbəttə, məsələ pulda deyil. Bir məqaləyə əsasən, «xoşbəxtliyin itirilməsinin səbəbi puldan ötrü dəridən-qabıqdan çıxmaqdır» («Monitor on Psychology»). Bu sözlər təxminən iki min il öncə Müqəddəs Kitabda yazılan faktı təsdiqləyir: «Hər cür pisliyin kökü pulpərəstlikdir. Bəziləri bu sevdaya düşərək... özlərinə çoxlu əzab çəkdirmişlər» (1 Timutiyə 6:9, 10). Söhbət hansı əzablardan gedir?
MAL-MÜLKÜ İTİRMƏK QORXUSU NARAHATÇILIĞA VƏ YUXUSUZLUĞA SƏBƏB OLUR. «Zəhmətkeş az da yesə, çox da yesə, yuxusu şirin olur, amma varlının dövləti onu yatmağa qoymur» (Vaiz 5:12).
PULUN VƏD ETDİYİ XOŞBƏXTLİYİ DUYMAMAQ İNSANI DİLXOR EDİR. İnsanda pul hərisliyi varsa, o, nə qədər çox qazansa da, qane olmayacaq. Bu da öz növbəsində məyusluğa səbəb olur. Necə deyərlər: «Gümüş sevən gümüşdən doymaz, var-dövlət sevən də qazancdan» (Vaiz 5:10). Bundan əlavə, var-dövlət sevdasına düşən əksər insanlar xoşbəxtlik gətirən ən mühüm şeyləri — ailə üzvləri və dostları ilə vaxt keçirməyi, yaxud ibadətə vaxt ayırmağı bada verir.
İNVESTİSİYA VƏ PULUN DƏYƏRİNİN AŞAĞI DÜŞMƏSİ MƏYUSLUQ GƏTİRİR. «Var-dövlət qazanmaq üçün özünü yorma. Dayan və düşün, bir də baxıb görəcəksən ki, yoxdur. Qartaltək qanad açıb göylərə uçacaq» (Məsəllər 23:4, 5).
XOŞBƏXTLİK GƏTİRƏN XÜSUSİYYƏTLƏR
QANE OLMAQ. «Axı biz bu dünyaya heç nə gətirməmişik, özümüzlə də heç nə aparmayacağıq. Buna görə də yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» (1 Timutiyə 6:7, 8). Qane olmağı bacaran insan deyinmir, gileylənmir və başqalarının paxıllığını çəkmir. Belə insan ayağını yorğanına görə uzatdığı üçün stress və narahatlığa qapılmır.
SƏXAVƏT. «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35). Həqiqətən də, başqalarını xoşbəxt etmək insanın özünə xoşbəxtlik bəxş edir. Bəzən səxavətli insanın əlindən gələn yalnız vaxtını və gücünü sərf etmək olsa da, o, bunu əsirgəmir. Belə insan məhəbbət, hörmət və yaxşılığını əvəzsiz qoymayan əsl dostlar qazanır. Bütün bunları isə pulla əldə etmək mümkün deyil! (Luka 6:38).
İNSANLARI MADDİYYATDAN ÜSTÜN TUTMAQ. «Məhəbbət olan yerdə tərəvəz yemək, nifrət olan yerdə yağlı dana əti yeməkdən yaxşıdır» (Məsəllər 15:17). Hansı mənada? İnsanlar arasında qarşılıqlı məhəbbət istənilən mal-mülkdən dəyərlidir. Növbəti məqalələrdə məhəbbətin xoşbəxtlik üçün zəruri xüsusiyyət olduğunu görəcəyik.
Cənubi Amerikada yaşayan Sabina adlı bir qadın Müqəddəs Kitab prinsiplərinin nə qədər dəyərli olduğuna özü şahid olub. Əri atıb gedəndən sonra iki qızını dolandırmaq üçün o, gecə-gündüz vuruşurdu. Sabina iki yerdə işləyir və hər gün sübh tezdən, saat 4:00-da yuxudan dururdu. Gərgin qrafikinə baxmayaraq, bu qadın Müqəddəs Kitabı öyrənmək qərarına gəldi. Bəs nəticə necə oldu?
Düzdür, o varlanmadı, amma onun həyata baxışı tamamilə dəyişdi. Məsələn, Allaha ehtiyacı olduğunu dərk etməyin və bu ehtiyacı ödəməyin sayəsində xoşbəxtlik tapdı (Mətta 5:3). Sabina dindaşları arasında əsl dostlar qazandı. Öyrəndiklərini başqaları ilə bölüşmək də ona xoşbəxtlik gətirir.
Müqəddəs Kitabda yazılıb: «Hikmət əməlləri sayəsində haqlı çıxır» (Mətta 11:19). Demək ki, qane olmaq, səxavət göstərmək və insanları maddi şeylərdən üstün tutmaq mütləq gözəl nəticələr verəcək!