Kontentə keç

Mündəricatı göstər

Ünsiyyət övladınızla sizi birləşdirən körpüdür.

VALİDEYNLƏR ÜÇÜN

5. Ünsiyyət

5. Ünsiyyət

MƏNASI

Səmimi ünsiyyət övladınızla fikirlərinizi və hisslərinizi qarşılıqlı bölüşməyiniz deməkdir.

ZƏRURƏTİ

Ünsiyyət etmək, xüsusilə yeniyetmələrlə çətin ola bilər. Bir kitabda deyildiyi kimi, ola bilsin, bir müddət əvvəl «siz uşaqlarınızın həyatında, sanki səhnə arxasında idiniz», yəni hər şeydən xəbəriniz var idi. «İndi isə ən yaxşı ehtimalla səhnə qarşısında, tamaşaçıların arasında əyləşəcəksiniz və hətta əyləşdiyiniz yer yaxşı yer olmaya bilər» («Breaking The Code»). Uşağınızın sizinlə danışmaq istəmədiyini düşündüyünüz an, bəlkə də onun sizə ən çox ehtiyac duyduğu andır.

TƏTBİQİ

Ünsiyyət etməyə istənilən vaxt hazır olun. Lazım gəlsə lap gecənin bir aləmi də uşağınızla ünsiyyət edin.

«Bəlkə də ürəyinizdən belə demək keçəcək: “Söhbətin indiyə qalıb? Bütün günü yanında deyildim?” Uşağımız ürəyini bizə açmaq istəyirsə, bundan necə gileylənə bilərik? Məgər bu, hər valideynin istəyi deyil?» (Liza).

«Yatmağı çox sevirəm, amma yeniyetmə övladlarımla etdiyim ən yaxşı söhbətlər məhz gecə yarısından sonra olur» (Herbert).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).

Diqqətinizin yayınmasına yol verməyin. Bir ata etiraf edir: «Bəzən uşaqlarım danışanda fikrim başqa yerə gedir. Onları aldatmaq olmur, o dəqiqə bunu hiss edirlər».

Əgər sizdə də belədirsə, televizoru söndürün və elektron cihazları kənara qoyun. Məsələnin önəmli olmadığını düşünsəniz belə, bütün fikrinizi uşağınızın dediklərinə cəmləyin.

«Uşaqlarımızı əmin etməliyik ki, onların hissləri bizim üçün əhəmiyyətlidir. Əgər onlar bunun əksini düşünərlərsə, onda ya öz narahatçılıqlarını ürəklərində saxlayacaq, ya da köməyi başqa yerdə axtaracaqlar» (Maranda).

«Uşağınızın düşüncələri tamamilə səhv olsa belə, kəskin reaksiya verməyin» (Antoni).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Necə qulaq asdığınıza fikir verin» (Luka 8:18).

Hər şəraitdən istifadə edin. Bəzən uşaqlara valideynləri ilə üz-üzə söhbət etmək çətin gəlir.

«Maşın sürən zaman söhbət etmək üçün əla fürsət yaranır. Yanbayan olanda daha yaxşı müzakirələr edirik, nəinki üzbəüz olanda» (Nikol).

Söhbət üçün başqa bir şərait süfrə arxasında yaranır.

«Yemək vaxtı hər birimiz gün ərzində olub-bitən yaxşı və pis şeyləri bölüşürük. Bu, bizi bir-birimizə daha da yaxınlaşdırır və əmin edir ki, üzləşdiyimiz çətinliklərlə mübarizədə tək deyilik» (Robin).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19).