Müqəddəs Kitabdan nə öyrənirik?
«Bu, Yehova Allahın yeri və göyü yaratdığı gün onların meydana gəlmə tarixçəsidir» (Yaradılış 2:4). Bu sözlərlə Müqəddəs Kitab planetimizin necə meydana gəldiyini təsvir edir. Bəs Müqəddəs Kitabda yazılanlar elmi faktlarla üst-üstə düşür? Gəlin bir neçə nümunəyə baxaq.
Kainat həmişə mövcud olub?
Yaradılış 1:1 ayəsində deyilir: «Başlanğıcda Allah göyü və yeri yaratdı».
XX əsrin ikinci yarısına qədər bir çox nüfuzlu alimlər hesab edirdi ki, Kainat həmişə mövcud olub. Amma son illərin elmi kəşflərinə əsaslanaraq, hazırda alimlərin əksəriyyəti etiraf edir ki, Kainatın başlanğıcı olub.
Yer kürəsi əvvəlcə necə idi?
Yaradılış 1:2, 9 ayələrində deyilir ki, Yer kürəsi lap əvvəllər quruluşsuz və boş idi, su ilə örtülü idi.
Bu sözlər bir çox elmi kəşflərlə uyğun gəlir. Bioloq Patrik Şi deyir ki, təzə-təzə vaxtlarda «planetimizin atmosferində nəfəs almağa oksigen yox idi, yer kürəsi çılpaq, boş idi». «Astronomi» jurnalında deyilir: «Yeni tədqiqatlara əsasən, qədim dövrdə Yer kürəsi başdan-başa su ilə örtülü olub, quru yeri, demək olar ki, olmayıb».
Vaxt keçdikcə yerin atmosferi necə dəyişdi?
Yaradılış 1:3—5 ayələrində deyilir ki, işıq təzə-təzə atmosferə nüfuz etməyə başlayanda işığın mənbəyi yerin səthindən görünmürdü. Günəş və Ay sonralar yerdən aydın görünməyə başladı (Yaradılış 1:14—18).
Müqəddəs Kitabda deyilmir ki, yer üzündəki bütün canlılar hər biri 24 saat olan altı gün ərzində yaranıb
Smitson Ətraf Mühit Tədqiqat Mərkəzi bildirir ki, əvvəllər işıq Yerin atmosferində səpilirdi. Orada deyilir: «Havadakı metan damcıları gənc Yer kürəsini dumana bürüyürdü». Ardınca əlavə olunur: «Sonradan metan dumanı təmizləndi və səma mavi oldu».
Canlılar hansı ardıcıllıqla peyda oldular?
Yaradılış 1:20—27 ayələrində deyilir ki, balıqlar, quşlar, quruda yaşayan heyvanlar və ən axırda insan yarandı. Alimlər hesab edir ki, balıqlar ilk məməlilərdən xeyli əvvəl yaranıb, insanlar isə xeyli sonra.
Müqəddəs Kitabda deyilmir ki, canlı varlıqlar vaxt keçdikcə dəyişikliyə məruz qala bilməz
Müqəddəs Kitab haqda yanlış fikirlər
Bəzi insanlar iddia edir ki, Müqəddəs Kitab müasir elmi kəşflərlə uzlaşmır. Lakin bu iddiaların çoxuna səbəb odur ki, insanlar Müqəddəs Kitabda deyilənləri yanlış başa düşürlər.
Müqəddəs Kitabda deyilmir ki, Kainatın və ya Yer kürəsinin cəmi 6000 il yaşı var. Orada sadəcə deyilir ki, Yer kürəsi və Kainat «başlanğıcda» yaradılıb (Yaradılış 1:1). Müqəddəs Kitabda bunun neçə il əvvəl baş verdiyi yazılmayıb.
Müqəddəs Kitabda deyilmir ki, yer üzündəki bütün canlılar hər biri 24 saat olan altı gün ərzində yaranıb. Əksinə, orada «gün» sözü müəyyən bir dövrü bildirir. Məsələn, Müqəddəs Kitabda planetimizin və oradakı həyatın yaradıldığı dövr, «Yaradılış» birinci fəsildə təsvir olunan altı yaradılış günü ümumilikdə bir «gün» kimi təsvir olunur. Həmin dövr «Yehova * Allahın yeri və göyü yaratdığı gün» adlanır (Yaradılış 2:4). Deməli, Allahın Yer kürəsini həyat üçün hazırladığı və canlı varlıqları yaratdığı altı yaradılış gününün hər biri son dərəcə uzun dövrü əhatə edir.
Müqəddəs Kitabda deyilmir ki, canlı varlıqlar vaxt keçdikcə dəyişikliyə məruz qala bilməz. «Yaradılış» kitabında deyilir ki, heyvanlar «cinsinə görə» yaradılıblar (Yaradılış 1:24, 25). Müqəddəs Kitabdakı «cins» sözü elmi termin deyil, canlı varlıqların geniş bölgüsünü bildirir. Beləliklə, bir «cinsə» çoxlu növlər daxil ola bilər. Bu isə o deməkdir ki, zaman keçdikcə eyni ərazidə yaşayan heyvan növlərinin «cins» daxilində dəyişikliyə məruz qalması mümkündür.
Necə düşünürsünüz?
Yuxarıda qeyd olunduğu kimi, Müqəddəs Kitabda Kainatın başlanğıcı, yerin ilkin vəziyyəti və həyatın yaranması sadə sözlərlə, eyni zamanda dəqiqliklə təsvir olunub. Bəs ola bilərmi ki, Müqəddəs Kitabda bütün bunları yaradan Kəs barədə də dəqiq məlumat yazılsın? Bir ensiklopediyada deyilir ki, «həyatın öz başlanğıcını fövqəlbəşər bir qüvvədən götürməsi fikri müasir elmi biliklərə zidd deyil» *.