«Nəyə inanım?»
«Şübhə yoxdur ki, Kainat öz-özünə, heçlikdən yaranıb» (Fizikaçı Stiven Hokinq və Leonard Mlodinov).
«Allah göyü və yeri yaratdı» (Tövrat, Yaradılış 1:1)
Kainat, həyat kor təsadüf nəticəsində yaranıb, yoxsa onu Allah yaradıb? Məqalənin əvvəlində iki fizikaçının sözlərindən gətirilən sitat bu suala bir cür cavab verir, Müqəddəs Kitabın ilk ayəsi isə başqa cür. Hər iki fikrin qızğın tərəfdarları var. Məşhur kitablarda və ictimai debatlarda bu iki tərəf arasında mübahisələr səngimək bilmir. Bununla belə, çox adamın bu mövzu ilə bağlı konkret mövqeyi yoxdur.
Ola bilsin, müəllimləriniz əminliklə deyirlər ki, Kainat və həyat heçlikdən yaranıb, onu Allah yaratmayıb. Bəs müəllimləriniz Yaradanın mövcud olmadığına dair sübutlar gətirirlər? Digər tərəfdən, yəqin, din rəhbərlərindən eşitmisiniz ki, Yaradan var. Bəs onlar bunu necəsə sübut edirlər? Yoxsa deyirlər ki, Yaradanın varlığına şəkk etmək olmaz, buna sadəcə inanmaq lazımdır?
Yəqin, siz də bu sual barədə fikirləşmisiniz. Bəlkə də düşünmüsünüz ki, Yaradanın mövcud olub-olmadığını heç kim dəqiq deyə bilməz. Həmçinin, ola bilsin, fikirləşmisiniz: Bu sualın cavabını bilmək nə dərəcədə vacibdir?
«Oyanın!» jurnalının bu sayında əvvəlcə bəzi faktlar gətiriləcək. Bu faktlar bir çox insanı Yaradanın var olduğuna əmin edib. Sonra isə izah olunacaq ki, Kainatın və yer üzündə həyatın necə yarandığı ilə bağlı suala cavab tapmaq nəyə görə vacibdir.