Kontentə keç

Mündəricatı göstər

Cavabı bilmək vacibdir

Cavabı bilmək vacibdir

Yaradanın var olduğuna əmin olmaq nəyə görə vacib məsələdir? Əgər dəlillər sizi Onun varlığına əmin etsə, onda Müqəddəs Kitabın Ondan ilham aldığına dair sübutları da araşdırmaq istəyəcəksiniz. Müqəddəs Kitabda yazılanlara etibar etsəniz, bunun xeyrini çox şeydə görəcəksiniz. Məsələn:

Həyatınız mənalı olacaq

MÜQƏDDƏS KİTABDA YAZILIB: «[Allah] sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həvarilərin işləri 14:17).

MƏNASI: Bu dünyada sizə həzz verən hər şey Yaradanın nemətidir. Allahın sizin qeydinizə nə qədər qaldığını öyrənəndə bu nemətlərin qədrini daha çox biləcəksiniz.

Hikmətli məsləhətlər tapacaqsınız

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Sən doğruluğu, haqq-ədaləti, xeyrin bütün yollarını dərk edərsən» (Məsəllər 2:9).

MƏNASI: İnsanı Allah yaratdığına görə O, yaxşı bilir ki, xoşbəxt olmaq üçün insana nə lazımdır. Müqəddəs Kitabı araşdırdıqca elə indidən sizə köməyi dəyəcək çox şey öyrənəcəksiniz.

Suallarınıza cavab tapacaqsınız

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Allahın elminə yetişərsən» (Məsəllər 2:5).

MƏNASI: Yaradanın mövcud olduğuna əmin olanda həyatın vacib suallarına cavab tapa biləcəksiniz. Məsələn, həyatın mənası nədir? Nəyə görə dünyada bu qədər əzab-əziyyət var? Ölümdən sonra həyat var? Müqəddəs Kitabdan bu suallara doğru-düzgün cavab tapa biləcəksiniz.

Gələcəyə ümidlə baxacaqsınız

MÜQƏDDƏS KİTABDA YAZILIB: «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11).

MƏNASI: Allah vəd edir ki, gələcəkdə pislikləri, əzab-əziyyəti aradan qaldıracaq, ölüm olmayacaq. Allahın vədlərinə etibar etsəniz, gələcəyə olan ümid sizə bugünkü çətinliklərə cəsarətlə sinə gərməyə kömək edəcək.