Kontentə keç

Mündəricatı göstər

Siz pak edildiniz

Siz pak edildiniz

«Siz... yuyulub təmizləndiniz, pak edildiniz» (1 KOR. 6:11).

1. Nehemya Yerusəlimə qayıdanda şəhərdə hansı hadisələrin şahidi olur? (Məqalənin əvvəlindəki şəklə bax.)

YERUSƏLİM sakinləri şəhərdə baş verənləri müzakirə edirlər. Bədxah yadellilər məbədin ərazisində məskən salıblar. Levililər öz vəzifələrini yerinə yetirməkdən imtina ediblər. Ağsaqqallar ibadətdə rəhbərliyi üzərlərinə götürmək əvəzinə, Şənbə günü ticarətlə məşğul olurlar. Bir çox israillilər qeyri-yəhudilərlə ailə qurub. Nehemya b. e. ə. 443-cü ildən bir qədər sonra Yerusəlimə qayıdanda orada bu kimi gərgin hadisələrin şahidi olur (Neh. 13:6).

2. İsrail xalqı necə pak oldu?

2 İsrail xalqı Allaha həsr olunmuş bir xalq idi. Eramızdan əvvəl 1513-cü ildə onlar Yehovanın iradəsini yerinə yetirməyə qətiyyətli idilər. Xalq bir ağızdan demişdi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik» (Çıx. 24:3). Buna görə də Allah onları pak edib Özünə xalq seçdi. Bu necə də böyük şərəf idi! Qırx il sonra isə Musa onlara xatırlatdı: «Siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi» (Qanun. t. 7:6).

3. Nehemya Yerusəlimə ikinci dəfə gələndə israillilərin ruhani vəziyyəti necə idi?

3 Təəssüf ki, israillilərin müqəddəs xalq olmaq istəkləri çox çəkmədi. Aralarında həmişə Allaha xidmət edən insanlar olsa da, ümumilikdə, yəhudilər Allahın iradəsini yerinə yetirməkdən çox, müqəddəs və mömin görünməyə can atırdılar. Nehemya ikinci dəfə Yerusəlimə gələndə sadiq qalığın həqiqi ibadəti bərpa etmək üçün Babildən qayıtmasından təxminən yüz il keçmişdi. Ancaq həmin vaxt ruhani şeylər xalqın vecinə deyildi.

4. Pak xalq kimi qalmağımıza kömək edən hansı amilləri araşdıracağıq?

4 İsraillilər kimi, bu gün Yehovanın Şahidləri də, ümumi götürdükdə, Allah tərəfindən pak ediliblər. Həm məsh olunmuşlar, həm də böyük izdihamın üzvləri müqəddəsdirlər, yəni müqəddəs xidmət üçün seçiliblər (Vəhy 7:9, 14, 15; 1 Kor. 6:11). Biz istəməzdik ki, israillilər kimi, Allah qarşısında paklığımızı itirək. Bəs onda necə edə bilərik ki, eyni hal bizimlə də baş verməsin və biz Yehovaya xidmətdə daima müqəddəs və yararlı olaq? Bu məqalədə «Nehemya» kitabının 13-cü fəslində vurğulanan dörd amili nəzərdən keçirəcəyik: 1) pis dostluqdan qaçmaq; 2) teokratik işləri dəstəkləmək; 3) ruhani işləri birinci yerə qoymaq və 4) məsihçi mənliyimizi qorumaq. Gəlin bu amillərin hər birini müzakirə edək.

PİS DOSTLUQDAN QAÇlN

Nehemya Yehovaya sadiqliyini necə göstərdi? (5, 6-cı abzaslara bax)

5, 6. Elyaşiv və Toviya kim idi və onlar nə üçün dostluq edirdilər?

5 Nehemya 13:4—9 ayələrini oxu. Zərərli təsirlərlə əhatə olunduğumuzdan müqəddəs qalmaq elə də asan deyil. Məsələn, Müqəddəs Kitabda baş kahin Elyaşivdən və Fars padşahının Yəhudeyaya, ehtimal ki, kiçik məmur təyin etdiyi ammonlu Toviyadan bəhs olunur. Toviya və onun dostları Nehemyanın Yerusəlim divarlarını bərpa etmək cəhdlərinə qarşı çıxmışdılar (Neh. 2:10). Ammonluların məbədin ərazisinə daxil olmaları qadağan idi (Qanun. t. 23:3). Bəs onda nə üçün baş kahin Toviya kimi bir adama məbədin yemək otağında yer vermişdi?

6 Toviya ilə Elyaşiv dostluq edirdilər. Toviya və oğlu Yehoxanan yəhudi qızı almışdı və bir çox yəhudilər Toviya haqqında ağızdolusu danışırdılar (Neh. 6:17—19). Elyaşivin nəvələrindən biri Toviyanın yaxın dostu olan Samariya valisi Sanballatın qızını almışdı (Neh. 13:28). Görünür, baş kahin Elyaşiv məhz bu dostluq əlaqəsinə görə Allahın xalqına qarşı çıxan bu qeyri-yəhudinin ona təsir etməsinə yol vermişdi. Ancaq Nehemya Toviyanın bütün əşyalarını yemək otağından çıxardıb atmaqla Yehovaya sədaqət təzahür etdirmiş oldu.

7. Yehovanın qarşısındakı pak mövqelərinin ləkələnməməsi üçün ağsaqqallar və başqaları nə edə bilərlər?

7 Allahın həsr olunmuş xalqı olan bizlər, ilk növbədə, Yehovaya sadiq qalmalıyıq. Allahın salehlik normalarına sadiq qalmadan Onun hüzurunda pak qala bilmərik. Biz yol verməməliyik ki, qohumluq əlaqələri Müqəddəs Kitab prinsiplərini kölgədə qoysun. Məsihçi ağsaqqallar öz fikirlərini yox, Yehovanın fikirlərini əldə rəhbər tuturlar (1 Tim. 5:21). Onlar Allahla münasibətlərini təhlükə altına ata biləcək hər şeydən qətiyyətlə uzaq dururlar (1 Tim. 2:8).

8. Yehovanın bütün xidmətçiləri dostluqla bağlı nəyi yadda saxlamalıdırlar?

8 Heç vaxt unutmamalıyıq ki, «pis dostlar yaxşı vərdişləri korlayır» (1 Kor. 15:33). Bəzi qohumlarımız bizə müsbət təsir göstərməyə bilər. Məsələn, Elyaşiv Yerusəlim divarlarının bərpa edilməsində Nehemyanı tam dəstəkləməklə xalqa yaxşı nümunə qoymuşdu (Neh. 3:1). Ancaq, görünür, vaxt keçdikcə Toviyanın və başqalarının pis təsiri onu Yehovanın önündə adına ləkə gətirəcək işlər görməyə sövq etmişdi. Yaxşı dostlar bizi Müqəddəs Kitabı oxumaq, məsihçi görüşlərində və xidmətdə iştirak etmək kimi faydalı ruhani işlərə təşviq edir. Bizi düzgün işlər görməyə təşviq edən ailə üzvlərimizə xüsusilə minnətdar olmalıyıq.

TEOKRATİK İŞLƏRİ DƏSTƏKLƏYİN

9. Məbəddə xidmət nə üçün yarımçıq qalmışdı və Nehemya buna görə kimləri tənbeh etdi?

9 Nehemya 13:10—13 ayələrini oxu. Görünür, Nehemya Yerusəlimə qayıdanda məbəd üçün, demək olar ki, ianə toplanmırdı. Bu səbəbdən, levililər məsuliyyətlərini atıb öz tarlalarında işləyirdilər. Vəziyyət bu həddə gəlib çatdığı üçün Nehemya məmurları tənbeh etdi. Onların öz məsuliyyətlərinə laqeyd yanaşdıqları göz qabağında idi. Onlar xalqdan ondabirləri toplayıb məbədə göndərməli olduqları halda, ya bu ondabirləri toplamırdılar, ya da məbədə göndərmirdilər (Neh. 12:44). Buna görə də Nehemya ondabirlərin toplanması üçün tədbir gördü. O, məbədin anbarlarına və yığılacaq ianələrə nəzarət etmək üçün etibarlı kişilər təyin etdi.

10, 11. Allahın xalqı həqiqi ibadəti necə dəstəkləyə bilər?

10 Bu hadisədən özümüzə hansı ibrət dərsini götürə bilərik? Bu, bizə xatırladır ki, malik olduğumuz şeylərlə Yehovanı şərəfləndirə bilərik (Sül. məs. 3:9). Yehovanın işini dəstəkləmək üçün ianə edəndə sadəcə Ona məxsus olanı Özünə qaytarmış oluruq (1 Saln. 29:14—16). Düşünməməliyik ki, nəsə vermək üçün çox şeyimiz olmalıdır. Ürəyimiz istəsə, hər birimiz verməyə nəsə taparıq (2 Kor. 8:12).

11 Uzun illər ərzində çoxuşaqlı bir ər-arvad xüsusi pioner kimi xidmət edən yaşlı bir cütlüyü həftədə bir dəfə yeməyə dəvət edirdi. Ailədə səkkiz uşaq olmasına baxmayaraq, ana qeyd etmişdi: «Süfrəyə iki qab artıq qoymaqla adama heç nə olmur!» Bu, elə böyük bir şey olmasa da, pionerlər onlara göstərilən qonaqpərvərliyə görə olduqca minnətdar idilər. Onlar da, öz növbəsində, bu ailə üçün əsil xeyir-dua oldular! Ər-arvadın ruhlandırıcı sözləri və həyat təcrübəsi uşaqlara ruhani cəhətdən inkişaf etməyə kömək etdi. Onların hamısı sonradan tammüddətli xidmətə başladı.

12. Təyin olunmuş kişilər yığıncaqda hansı gözəl nümunəni qoyurlar?

12 Digər ibrət dərsi isə odur ki, bu gün də təyin olunmuş kişilər, Nehemya kimi, teokratik işləri dəstəkləməkdə rəhbərliyi öz üzərlərinə götürürlər. Yığıncağın digər üzvləri onların nümunəsindən faydalanırlar. Bu məsələdə ağsaqqallar həmçinin həvari Pavelin nümunəsini təqlid edirlər. O, həqiqi ibadəti dəstəkləyir və faydalı rəhbərlik verirdi. Məsələn, o, ianəni necə etməklə bağlı bir sıra praktiki məsləhətlər vermişdi (1 Kor. 16:1—3; 2 Kor. 9:5—7).

RUHANİ İŞLƏRİ BİRİNCİ YERƏ QOYUN

13. Bəzi yəhudilər Şənbə gününə hörmət etmədiklərini necə göstərirdilər?

13 Nehemya 13:15—21 ayələrini oxu. Əgər daim başımız maddi şeylərə qarışsa, tədricən ruhaniliyimizi itirə bilərik. Çıxış 31:13 ayəsində deyildiyi kimi, Şənbə günü israillilərə pak edilmiş xalq olduqlarını xatırladırdı. Şənbə günü ailəvi ibadətə, duaya və Allahın Qanunu üzərində düşünməyə həsr olunmalı idi. Ancaq Nehemyanın müasirlərindən bəziləri üçün Şənbə günü ilə digər günlər arasında heç bir fərq yox idi, onlar öz işləri ilə məşğul olurdular. İbadət arxa plana keçmişdi. Baş verənləri görən Nehemya altıncı gün axşam əcnəbi tacirləri şəhərdən qovdu və Şənbə günü bitənə kimi darvaza qapılarını bağlı saxlatdı.

14, 15. a) Maddi marağımızı məhdudlaşdırmasaq, nə baş verə bilər? b) Allahın dinclik gününə necə yetişə bilərik?

14 Nehemyanın nümunəsindən biz nə öyrənə bilərik? Birincisi, biz öz maddi maraqlarımızı məhdudlaşdırmalıyıq. Əks təqdirdə, asanlıqla yolumuzdan çıxa bilərik; xüsusilə də dünyəvi işimizi sevsək, ürəyimizdə ikitirəlik yarana bilər. Buna görə də gəlin İsanın iki ağaya qulluq etməklə bağlı dediyi xəbərdarlığı yaddan çıxarmayaq. (Matta 6:24 ayəsini oxu.) Nehemyanın gəlir əldə etmək imkanı var idi. Bəs o, öz vaxtından necə istifadə edirdi? (Neh. 5:14—18). Surlularla və ya digərləri ilə ticarət əlaqələri qurmaq əvəzinə, o, özünü qardaşlarına kömək etməyə və Yehovanın adının təqdis edilməsinə həsr etmişdi. Eynilə, məsihçi ağsaqqallar və xidməti köməkçilər də bütün güclərini yığıncağa fayda gətirən işlərə sərf edirlər, bacı-qardaşlar da buna görə onları çox sevir. Bunun sayəsində, Allahın xalqı arasında məhəbbət, sülh və əmin-amanlıq hökm sürür (Yez. 34:25, 28).

15 Məsihçilərdən Şənbə gününə riayət etmək tələb olunmasa da, Pavel deyir ki, «Allahın xalqını hələ şənbə istirahəti gözləyir». Sonra o əlavə edir: «Allah bütün işlərindən dincəldiyi kimi, Allahın dinclik gününə yetişmiş adam da bütün işlərindən dincəlir» (İbr. 4:9, 10). Biz məsihçilər Allahın dinclik gününə yetişmək üçün itaətkarlıqla Onun niyyətinə uyğun davranmalıyıq. Siz və əzizləriniz ailəvi ibadəti, yığıncaq görüşlərini və xidməti həyatınızda birinci yerə qoyursunuzmu? Biz müdirimizin və ya iş yoldaşlarımızın qarşısında, xüsusilə də onlar teokratik işlərimizə hörmət etmirlərsə, qəti mövqe tutmalıyıq. Müqəddəs şeyləri həyatımızda birinci yerə qoymaq və onlara düzgün münasibət göstərmək üçün, məcazi dillə desək, surluları qovub şəhər darvazalarını bağlamalıyıq. Artıq pak edildiyimiz üçün yaxşı olardı ki, özümüzdən soruşaq: «Həyat tərzim Yehovaya xidməti birinci yerə qoyduğumu göstərirmi?» (Mat. 6:33).

MƏSİHÇİ MƏNLİYİNİZİ QORUYUN

16. Nehemyanın günlərində xalqın paklığını itirmək üzrə olduğu nədən görünürdü?

16 Nehemya 13:23—27 ayələrini oxu. Nehemyanın günlərində israilli kişilər yadelli qadınlar almışdılar. Nehemya Yerusəlimə birinci gəlişində xalqın bütün ağsaqqallarına yazılı şəkildə söz verdirmişdi ki, yadelli qadınlarla evlənməyəcəklər (Neh. 9:38; 10:30). Lakin illər sonra qayıdanda gördü ki, onlar nəinki yadelli qadınlarla evləniblər, hətta Allahın pak xalqı olmalarından, demək olar ki, əsər-əlamət belə qalmayıb! Bu yadelli qadınların uşaqları ibrani dilində nə oxuya, nə də danışa bilirdilər. Bəs onlar böyüyəndə özlərini israilli hesab edəcəkdilərmi? Yoxsa aşdodlu, ammonlu və ya moavlı olduqlarını düşünəcəkdilər? İbrani dilini bilmədən Allahın Qanununu necə başa düşəcəkdilər? Onlar analarının ibadət etdiyi yalançı allahların əvəzinə, Yehovanı tanıyıb Ona ibadət edə biləcəkdilərmi? Dərhal qəti tədbir görmək lazım idi. Nehemya məhz belə də etdi (Neh. 13:28).

Uşaqlarınıza Yehova ilə sıx münasibət qurmağa kömək edin (17, 18-ci abzaslara bax)

17. Uşaqlarının Yehova ilə şəxsi münasibətlərinin olmasına valideynlər necə kömək edə bilərlər?

17 Bu gün biz düzgün addımlar atmalıyıq ki, övladlarımıza məsihçi mənliyinə yiyələnməyə kömək edək. Valideynlər, özünüzdən soruşun: «Övladlarımın həqiqətin “pak dil”ində danışması üçün nə edə bilərəm? (Sef. 3:9). Onların danışığında Allahın ruhunun təsiri əks olunur, yoxsa dünyanın?» Əgər vəziyyət ürəkaçan deyilsə, o saat əl-qolunuzu yanınıza salıb ruhdan düşməyin. Xüsusilə də ətrafımızda bizi yayındıran şeylər olanda dil öyrənmək üçün vaxt tələb olunur. Allahın normalarını pozsunlar deyə uşaqlarınız güclü təzyiqlərə məruz qalır. Buna görə də uşaqlarınıza Yehova ilə yaxın münasibətlər qurmağa kömək etmək üçün səbirlə ailəvi ibadətdən və digər imkanlardan yararlanın (Qanun. t. 6:6—9). Şeytanın dünyasından uzaq durmağın vacibliyini tez-tez xatırladın (Yəh. 17:15—17). Onların ürəyinə yol tapmaq üçün əlinizdən gələni edin.

18. Nəyə görə uşaqların özlərini Yehovaya həsr etmələrinə valideynlərdən yaxşı heç kəs kömək edə bilməz?

18 Əvvəl-axır, Allaha xidmət edib-etməyəcəyinə hər uşaq özü qərar verəcək. Lakin valideynlərdən çox şey asılıdır. Bura yaxşı nümunə qoymaq, konkret qaydalar təsis etmək, eləcə də qərarlarının nə ilə nəticələnə biləcəyini uşaqlara başa salmaq daxildir. Valideynlər, uşaqlarınızın özlərini Yehovaya həsr etmələrinə sizdən yaxşı heç kəs kömək edə bilməz. Məsihçi mənliyini geyinmək və onu qorumaq üçün onların sizin dəstəyinizə ehtiyacı var. Əlbəttə, məcazi paltarımızı — bizi Məsihin davamçıları kimi tanıdan keyfiyyətləri və normaları qoruyub saxlamaq üçün hər birimiz oyaq qalmalıyıq (Vəhy 3:4, 5; 16:15).

YEHOVA BİZİ XEYİRXAHLIQLA XATIRLAYACAQ

19, 20. Yehovanın bizi xeyirxahlıqla xatırlaması üçün nə edə bilərik?

19 Nehemyanın dövründə yaşamış Malaki peyğəmbər demişdi ki, «Rəbdən qorxub adına hörmət edənlər üçün... bir yaddaş kitabı yazıldı» (Mal. 3:16, 17). Allah Onun önündə ehtiram dolu qorxuya malik olanları və adına məhəbbət bəsləyənləri heç vaxt unutmayacaq (İbr. 6:10).

20 Nehemya dua edirdi: «Məni yadda saxla və mənə xeyirxah ol!» (Neh. 13:31). Əgər biz bundan sonra da pis dostluqdan qaçsaq, teokratik işləri dəstəkləsək, ruhani işləri birinci yerə qoysaq və məsihçi mənliyimizi qorusaq, Nehemya kimi, bizim də adımız Allahın yaddaş kitabına yazılacaq. Buna görə də gəlin iman yolunda olub-olmadığımızı daima yoxlayaq (2 Kor. 13:5). Əgər Yehova ilə pak münasibətlərimizi qoruyub saxlasaq, O, bizi xeyirxahlıqla xatırlayacaq.