Kontentə keç

Mündəricatı göstər

Həqiqətdə olduğuna əminsən? Nəyə görə?

Həqiqətdə olduğuna əminsən? Nəyə görə?

«Allahın iradəsinin faydalı, xoş və kamil olduğuna əmin [olun]» (ROM. 12:2).

1. Xristian dünyasının ruhaniləri müharibə zamanı necə davranırdılar?

SİZCƏ, Allah həqiqi məsihçilərin müharibəyə gedib başqa millətləri öldürməsini istəyər? Ötən 100 il ərzində bu işi görənlərin əksəriyyəti elə özlərini məsihçi adlandıranlar olub. Katolik ordusunun keşişləri düşmən xalqdan olan dindaşlarını öldürsünlər deyə, öz qoşunlarına və onların silah-sursatlarına xeyir-dua verirdilər. Eyni şeyi protestant keşişləri də edirdilər. İkinci Dünya müharibəsi bunun əyani sübutudur.

2, 3. İkinci Dünya müharibəsi zamanı və daha sonra Yehovanın Şahidləri hansı mövqeyi tutmuşdular və nə üçün?

2 Bəs müharibə zamanı Yehovanın Şahidləri nə edirdilər? Tarixi məlumatlar göstərir ki, onlar məsihçi bitərəfliyini qoruyurdular. Şahidlər nəyə əsasən bu cür mövqe tuturdular? Bu, əsas etibarilə, İsa Məsihin nümunəsinə və təlimlərinə əsaslanırdı. O demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35). Onlar həmçinin Pavelin Korinfdə yaşayan məsihçilərə ünvanladığı prinsipi ürəkdən qəbul etmişdilər. (2 Korinflilərə 10:3, 4 ayələrini oxu.)

3 Buna görə də vicdanları Müqəddəs Kitab əsasında tərbiyə edilmiş həqiqi məsihçilər döyüşməyi və ya müharibədə iştirak etməyi öyrənmirlər. Bu cür məsihçi mövqeyini qoruyan minlərlə Şahid — gənc və yaşlı, kişi və qadın təqiblərə məruz qalıblar. Çoxlarının məcburi əmək düşərgələrində və həbsxanalarda gününü qara ediblər. Almaniyada nasist rejimi zamanı bəziləri hətta vəhşicəsinə qətlə yetirilib. Avropada üzləşdikləri amansız təqiblərə baxmayaraq, Şahidlər onlara həvalə olunan tapşırığı — Yehovanın Padşahlığı haqda xoş xəbəri təbliğ etməyi heç vaxt dayandırmırdılar. Onlar bunu istər həbsdə, istər düşərgədə, istərsə də sürgündə olarkən sədaqətlə etmişlər *. Şahidlər 1994-cü ildə Ruandada baş vermiş etnik müharibələrdə də iştirak etməmişdilər. Onlar həmçinin keçmiş Yuqoslaviyanın parçalanması zamanı baş vermiş Balkan münaqişələrində kütləvi qırğın zamanı da bitərəfliyi qorumuşlar.

4. Yehovanın Şahidlərinin bitərəf olmaları başqalarına necə təsir edir?

4 Yehovanın Şahidlərinin tutduğu qəti bitərəf mövqe bütün dünyada minlərlə insanı əmin edib ki, Şahidlər Allaha və insanlara riyasız məhəbbət bəsləyirlər. Başqa sözlə desək, onlar özlərini elə əsil məsihçi kimi aparırlar. Bundan əlavə, ibadətimizlə bağlı bəzi amillər də əksər insanları Yehovanın Şahidlərinin həqiqi məsihçilər olduqlarına əmin edir.

TARİXDƏ ƏN BÖYÜK MAARİFLƏNDİRMƏ İŞİ

5. Məsihin erkən davamçıları hansı dəyişikliklə üzləşmişdilər?

5 İsa elə xidmətinin əvvəlindən Allahın Padşahlığı haqda xoş xəbəri bəyan etməyin vacibliyini vurğulamışdı. O, ümumdünya şahidliyin təməlini qoymaqda ona kömək etmək üçün 12 şagird seçmiş, daha sonra isə 70 şagirdə təlim vermişdi (Luka 6:13; 10:1). Onlara xoş xəbəri yəhudilərə təbliğ etməyi öyrətmişdi. Ancaq İsa daha sonra şagirdlərinə bildirdi ki, onlar xoş xəbəri başqa millətlərdən olan sünnətsizlərə də təbliğ etməlidirlər. Yəhudi olan fədakar şagirdlər üçün bu, böyük dəyişiklik idi! (Həv. iş. 1:8).

6. Peter nəyi anladı?

6 Həvari Peter sünnətsiz qeyri-yəhudi Kornilinin evinə göndərilmişdi. Onda Peter anladı ki, Allah ayrı-seçkilik etmir. Kornili və onun ev əhli vəftiz olundu. Bundan sonra məsihçilik yeni ərazilərdə vüsət almağa başladı və artıq bütün millətlərdən olan insanlar həqiqəti eşidə və qəbul edə bilərdilər (Həv. iş. 10:9—48). Beləcə, bütün dünya təbliğ sahəsinə çevrildi.

7, 8. Yehovanın təşkilatı nəyə xüsusi diqqət yetirir? (Məqalənin əvvəlindəki şəklə bax.)

7 Yehovanın Şahidlərinin müasir tarixi boyu təşkilata rəhbərlik edənlər bütün dünyada xoş xəbərin təbliğini və təlim işini var-gücləri ilə dəstəkləyiblər. Hal-hazırda səkkiz milyona yaxın Şahid Məsihin xəbərini ən ucqar yerlərədək 600-dən çox dildə təbliğ edirlər və bu say artmaqdadır! Yehovanın Şahidləri evdən-evə, küçədə təbliğ etmələri ilə yaxşı tanınırlar, həmçinin onlar ədəbiyyat masalarından və arabalarından da istifadə edirlər.

8 2900-dan çox tərcüməçi Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri tərcümə etmək üçün xüsusi təlim alıblar. Onlar ədəbiyyatlarımızı təkcə geniş yayılmış dillərə tərcümə etmirlər. Çalışırlar ki, bir o qədər də tanınmayan, lakin milyonlarla insanın danışdığı yüzlərlə dilə tərcümə etsinlər. Məsələn, İspaniyada yaşayan milyonlarla katalon gündəlik həyatda öz ana dillərində, katalan dilində danışırlar. Bu gün katalan dili və onun qollarına Andorrada, Alikantedə, Balear adasında və Valensiyada yenidən dirçəlib. Buna görə də Yehovanın Şahidləri katalon xalqının ürəyinə təsir edən katalan dilində nəşrlər dərc edir və yığıncaq görüşləri keçirir.

9, 10. Nələr sübut edir ki, Allahın təşkilatı bütün xalqların ruhani tələbatlarını ödəməyə çalışır?

9 Bir çox mədəniyyətlərdə də tərcümə və təlim işi eyni qaydada həyata keçirilir. Məsələn, Meksika ispandilli ölkə sayılsa da, orada başqa dillərdə danışan çoxsaylı yerli xalqlar var. Bunlardan biri Mayya xalqıdır. Tərcüməçilər həmin dildə gündəlik olaraq eşidə və danışa bilsinlər deyə Meksikadakı filial Mayya tərcümə qrupunu ölkənin münasib bir yerində təşkil edib. Digər dil 29 milyondan çox əhalisi olan Nepal dövlətində istifadə edilən Nepal dilidir. Burada təxminən 120 dildə danışılır. Ancaq on milyondan artıq insan Nepal dilində danışır və çoxları bu dili ikinci ana dili kimi istifadə edir. Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatlarımız bu dildə də çap edilir.

10 Dünyanın hər yerində tərcümə qruplarının təşkil edilməsi sübut edir ki, Yehovanın təşkilatı Padşahlıq haqda xoş xəbərin bütün dünyada təbliğ edilməsinə ciddi yanaşır. Bütün dünyada kampaniyalarda milyonlarla traktat, broşüra və jurnallar insanlara pulsuz paylanılır. Bütün xərclər İsanın: «Təmənnasız almısınız, təmənnasız da verin», — göstərişinə əsasən davranan Yehovanın Şahidlərinin könüllü ianələri hesabına ödənilir (Mat. 10:8).

Tərcümə qrupu aşağı alman dilində nəşrlər hazırlayır (10-cu abzasa bax)

Aşağı alman dilində çıxan ədəbiyyatlar Paraqvayda istifadə edilir (Həmçinin məqalənin əvvəlindəki şəklə bax)

11, 12. Yehovanın Şahidlərinin gördüyü ümumdünya təbliğ işi başqalarına necə təsir edir?

11 Fədakar təbliğçilər və müəllimlər olan Yehovanın Şahidləri həqiqəti tapdıqlarına o qədər əmindirlər ki, xoş xəbəri başqa millətlər və etnik qruplarla bölüşmək üçün böyük qurbanlar verirlər. Bir çoxları bu vacib işdə iştirak etmək üçün həyatlarını sadələşdirir, dil öyrənir və başqa mədəniyyətə uyğunlaşırlar. Əksər insanların Yehovanın Şahidlərinin İsa Məsihin həqiqi davamçıları olduqlarına inanmalarının digər bir səbəbi də elə bu beynəlxalq təbliğ və təlim işidir.

12 Yehovanın Şahidləri bütün bunları həqiqəti tapdıqlarına əmin olduqları üçün edirlər. Bəs milyonlarla insanı Yehovanın Şahidlərinin həqiqət yolunda olduqlarına daha nələr əmin edib? (Romalılara 14:17, 18 ayələrini oxu.)

ONLARI NƏ ƏMİN EDİB?

13. Yehovanın Şahidləri təşkilatın təmizliyini necə qoruyur?

13 Gəlin həqiqəti tapdıqlarına əmin olan bəzi müasir məsihçilərin şərhlərinə diqqət yetirək. Yehovanın qocaman bir xidmətçisi öz hisslərini belə ifadə edir: «Töhmət alanın və ya cəzalandırılanın kimliyindən asılı olmayaraq, Yehovanın təşkilatının əxlaqi cəhətdən təmiz və pak qalması üçün hər cür qayğı göstərilir». Bu cür yüksək əxlaq standartına Müqəddəs Kitabda qeyd olunan, eləcə də İsanın və şagirdlərinin qoyduğu normalara müvafiq davranmağın sayəsində nail olunub. Bu gün Yehovanın Şahidləri arasında bəziləri Allahın normalarına müvafiq gəlmədikləri üçün məsihçilikdən çıxarılır. Ancaq, əvvəllər yanlış həyat tərzi sürmüş, lakin dəyişilmiş insanlar da daxil olmaqla, əksəriyyəti təmiz və nümunəvi həyat sürür. (1 Korinflilərə 6:9—11 ayələrini oxu.)

14. Yığıncaqdan kənarlaşdırılan bir çoxları hansı addımı atıblar və bu hansı nəticəni verib?

14 Müqəddəs Yazıların göstərişinə əsasən yığıncaqdan kənar edilmiş insanların aqibəti necə olur? Onlardan minlərləsi məsihçiyə yaraşmayan hərəkətlərindən tövbə etmiş və yenidən yığıncağa qayıtmışlar. (2 Korinflilərə 2:6—8 ayələrini oxu.) Müqəddəs Kitabın yüksək əxlaq normasına bağlı qalmağın sayəsində etibarın hökm sürdüyü təmiz məsihçi yığıncağına malikik. Bəli, Yehovanın Şahidləri əksər kilsələrin məqbul hesab etdikləri hərəkətlərdən kəskin şəkildə fərqlənən Allahın normalarına bağlı qalırlar. Elə bunun özü bir çoxlarını əmin edir ki, Yehovanın Şahidləri düz yoldadırlar.

15. Bir qardaş həqiqət yolunda olduğuna necə əmin olub?

15 Nə üçün uzun illər bu yolda olan Şahidlər həqiqəti tapdıqlarına inanırlar? Məsələn, 54 yaşlı bir qardaş deyir: «Gəncliyimdən bəri əsas üç şeyə inanmışam: 1) Allahın varlığına; 2) Müqəddəs Kitabın Onun Kəlamı olduğuna və 3) Onun Yehovanın Şahidlərinin məsihçi yığıncağına xeyir-dua verdiyinə. Bütün bu illər ərzində inandığım bu şeylərin həqiqət olub-olmadığını dönə-dönə yoxlamışam. İllər keçdikcə bunların həqiqət olduğuna dair artan sübutlar imanımı gücləndirir və tutduğumuz yolun həqiqət olduğuna əminliyimi daha da möhkəmləndirir».

16. Nəyə görə bir bacı həqiqəti tapdığına əmindir?

16 Nyu–Yorkda baş idarədə çalışan ərli bir bacı Yehovanın təşkilatı haqda belə demişdi: «Bu, Yehovanın adını usanmadan bəyan edən yeganə təşkilatdır. Müqəddəs Kitabdan Allahın adını təxminən 7000 dəfə oxumaq necə də xoşdur! 2 Salnamələr 16:9 ayəsindəki: “Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin”, — sözləri məni ruhlandırır». Bacı sözlərinə əlavə edir: «Həqiqət mənə öyrətdi ki, Yehovanın maneəsiz olaraq məni qüvvətləndirməsi üçün bütöv ürəyə malik olmalıyam. Mənim üçün Yehova ilə münasibətlərimdən dəyərli heç nə yoxdur. İsanın sayəsində mənə Allah haqqında dərin biliklər açıldığına görə çox minnətdaram, məni yaşadan bu biliklərdir».

17. Keçmiş ateist nəyə əmin olmuşdu və nə üçün?

17 Əvvəllər ateist olmuş bir qardaş etiraf edir: «Yaradılış haqda məlumat məni əmin edir ki, Allah insanların həyatdan həzz almasını istəyir və O, mütləq bütün əzab-əziyyətlərə son qoyacaq. Həmçinin get-gedə zalımlaşan bir dünyada Yehovanın xalqı imanda, səydə və məhəbbətdə günü-gündən çiçəklənir. Müasir dövrdə baş verən bu möcüzə yalnız Yehovanın ruhu sayəsində mümkündür». (1 Peter 4:1—4 ayələrini oxu.)

18. Digər iki qardaşın həqiqəti tapdıqlarına dair dedikləri sənə necə təsir edir?

18 Digər bir qocaman Şahid isə həqiqətdə olduğuna başqa səbəblərə görə inanır. O deyir: «Uzun illər ərzində müşahidə etmişəm ki, Yehovanın Şahidləri eynilə birinci əsrdəki məsihçilər kimi ibadət etmək üçün cidd-cəhdlə çalışırlar. Getdiyim bütün ölkələrdə Yehovanın Şahidləri arasında beynəlxalq birliyi görmüşəm. Bundan əlavə, Müqəddəs Kitabın açdığı həqiqət mənə qəlb rahatlığı və xoşbəxtlik bəxş edib». Diqqətini İsa Məsihə cəmləyən 60 yaşı haqlamış bir qardaşdan həqiqəti tapdığına nəyə görə əmin olduğunu soruşanda o belə deyir: «Biz İsanın həyatı və xidməti haqda dərin biliklərə yiyələnmişik, nə yaxşı ki, o, bizə nümunə qoyub. İsa Məsihin vasitəsilə Allaha daha da yaxın olmaq üçün lazımi dəyişikliklər etmişik. Xilasımızın Məsihin fidyə qurbanlığından asılı olduğunu dərk etmişik. Və öyrənmişik ki, Allah onu dirildib. Bunu öz gözləri ilə görmüş o boyda şahidlərimiz var». (1 Korinflilərə 15:3—8 ayələrini oxu.)

HƏQİQƏTİ BÖLÜŞ?

19, 20. a) Pavel Romadakı yığıncağa hansı məsuliyyətdən söz açmışdı? b) Bir məsihçi kimi üzərinə hansı məsuliyyət düşür?

19 İnsanları sevən biz məsihçilər malik olduğumuz dəyərli bilikləri özümüzdə saxlaya bilmərik. Pavel Roma yığıncağındakı qardaşlarına belə demişdi: «Əgər sən “dilindəki o sözü”, yəni İsanın Ağa olduğunu hamıya bəyan edirsənsə və Allahın onu diriltdiyinə ürəkdən iman edirsənsə, xilas olacaqsan. Çünki insan ürəkdən iman edəndə salehliyə, imanını dili ilə bəyan edəndə isə xilasa yetişir» (Rom. 10:9, 10).

20 Yehovanın həsr olunmuş Şahidləri olan bizlər həqiqəti tapdığımıza əminik və Allahın Padşahlığı haqda xoş xəbəri başqalarına öyrətmək şərəfini qiymətləndiririk. Ona görə də gəlin başqalarını təkcə Müqəddəs Kitabdan öyrətdiklərimizlə yox, həmçinin nümunəvi davranışımızla fəth edək.

^ abz. 3 «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» nəşrinin 191—198, 448—454-cü səhifələrinə (rus.) bax.