Gör fikrini dəyişməlisən?
BİR qrup gənc məsihçi kinoteatra getmək qərarına gəlir. Onlar eşidiblər ki, məktəbdəki uşaqların bir filmdən yaman xoşları gəlir. Məsihçi gənclər kinoteatra gələndə orada silahların və yarıçılpaq qadınların afişalarını görürlər. İndi onlar nə edəcəklər? Heç nəyə məhəl qoymayıb bu kinoya baxacaqlar?
Bu nümunə göstərir ki, biz ruhaniliyimizə və Yehova ilə münasibətlərimizə yaxşı və ya pis təsir göstərəcək qərarlar qarşısında qalırıq. Heç elə olubmu ki, hərdən nə isə etmək qərarına gəlmisən, lakin vəziyyəti yenidən nəzərdən keçirib fikrindən daşınmısan? Səncə bu, qərarsızlığın əlamətidir, yoxsa belə lazım imiş?
DÜZGÜN OLMAYANDA fikrini dəyişmək
Biz Yehovaya məhəbbətdən irəli gələrək özümüzü Ona həsr edib vəftiz olunmuşuq. Və ən böyük arzumuz Ona axıra qədər sadiq qalmaqdır. Lakin düşmənimiz Şeytan İblisin amalı nöqsansızlığımızı sındırmaqdır (Vəhy 12:17). Ancaq biz qəti qərara gəlmişik ki, Yehovaya xidmət edək və Onun əmrlərindən çıxmayaq. Yehovaya həsr olunan insanın fikrindən dönməsi böyük səhv, bədəli isə həyatını itirmək olardı!
Təxminən 2600 il bundan əvvəl Babil padşahı Navuxodonosor nəhəng qızıl heykəl düzəltdirib hamının onun qarşısında əyilib səcdə qılmasını əmr etmişdi. Və bu əmrdən çıxan hər kəs odla qızmış sobaya atılacaqdı. Yehovanın üç mömin xidmətçisi — Şadrak, Meşak, Aved-Neqo bu əmrə boyun əymədi. Və buna görə də onları odla qızmış sobaya atdılar. Onlar üçün öldü var, Yehovaya ibadətdən döndü yox idi. Bunu görən Yehova onları möcüzəvi şəkildə qorudu (Dan. 3:1—27).
Sonralar Daniel peyğəmbərin də başına buna oxşar bir iş gəlmişdi. Onu şirlər olan quyuya atmaqla hədələsələr də, o, dua etməkdən qalmamışdı. O, adəti üzrə Yehovaya gündə üç dəfə dua edirdi və həqiqi Allaha ibadət etməyə qəti qərarlı idi. Buna görə də Allah peyğəmbərini «şirlərin pəncəsindən» qurtardı (Bu gün də Allahın xidmətçiləri Ona sədaqətli qalırlar. Məsələn, Afrikadakı məktəblərdən birində Yehovanın Şahidi olan bir qrup şagird milli rəmzlərə sitayiş etmək üçün təşkil olunan tədbirlərdə iştirak etməkdən imtina etmişdi. Onlara bildirmişdilər ki, digər şagirdlər kimi bu mərasimdə iştirak etməsələr, məktəbdən qovulacaqlar. Bunun üstündən çox keçməmiş təhsil naziri şəhərə gəldi və bu şagirdlərdən bəziləri ilə söhbət etdi. Onlar nəzakətlə, eyni zamanda isə cəsarətlə öz mövqelərini izah etdilər. Bundan sonra bu məsələ bir də qaldırılmadı. İndi gənc bacı-qardaşlarımız heç bir təzyiqlə üzləşmədən təhsillərini davam etdirirlər.
Gəlin həmçinin Cozef qardaşın başına gələnlərə nəzər salaq. Onun xərçəng xəstəliyindən əzab çəkən arvadı qəfildən öldü. Cozefin qohumları ona anlayışla yanaşır, dəfnlə bağlı mövqeyinə hörmət edirdilər. Arvadının qohumları isə, həqiqətdə deyildilər və onlar Allahı razı salmayan ayinlər də daxil olmaqla, müəyyən dəfn ayinlərini icra etmək istəyirdilər. Cozef deyir: «Fikrimdə qəti olduğumu görüb uşaqlarıma təsir etməyə çalışdılar. Lakin onlar da güzəştə getmədilər. Həmçinin qohumlarım gecədən səhərə kimi ölünün yanında oyaq qalmaq ayinini icra etmək istəyirdilər. Bildirdim ki, belə bir şeyin evimdə baş verməsinə icazə vermərəm. Onlar bilirdilər ki, bu ayin arvadımla mənim inancıma uyğun deyil. Uzun-uzadı müzakirədən sonra bu ayini icra etmək üçün başqa yer tapdılar».
Qardaş sözünə davam edir: «Kədərli vaxtımızda Yehovanın qanunlarını pozmayaq deyə dua edirdim. Allah dualarıma cavab verdi, təzyiqlərə baxmayaraq, möhkəm qala bildik». Cozef və uşaqları üçün fikirlərini dəyişib ibadətlərində güzəştə getmək qəbuledilməz idi.
LAZIM GƏLƏNDƏ fikrini dəyişmək
Eramızın 32-ci ilinin Pasxa bayramından bir az sonra Sidon ərazisində Suriya Finikiyasından olan bir qadın İsa Məsihin yanına gəlmişdi. O, təkidlə ondan xahiş etdi ki, cinə tutulmuş qızını sağaltsın. İsa bu qadına bir kəlmə söz demədən şagirdlərinə belə dedi: «Mən yalnız və yalnız İsrail evinin itmiş qoyunlarının yanına göndərilmişəm». O, israr edəndə İsa ona dedi: «Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil». Qadın isə nə qədər imanlı olduğunu növbəti sözləri ilə göstərdi: «Düz deyirsən, Ağa, amma küçüklər də ağalarının süfrəsindən tökülən qırıntıları yeyirlər». Axırda İsa onun xahişini yerə salmayıb qızını sağaltdı (Mat. 15:21—28).
İsa belə davranmaqla bu kimi vəziyyətlərdə fikrini dəyişməyə hazır olan Yehovaya bənzədiyini göstərdi. Məsələn, Allah israilliləri qızıl dana düzəltdiklərinə görə məhv etmək istəyəndə Musa Ona yalvar-yaxar edəndən sonra O, qərarından döndü (Çıx. 32:7—14).
Həvari Pavel isə Yehovanı və İsanı təqlid edirdi. Bir vaxtlar Pavel düşünürdü ki, Mark ləqəbli Yəhyanı özləri ilə xidmət səyahətinə götürmək düzgün deyil, çünki o, birinci xidmət səyahəti zamanı Paveli və Barnabanı yarı yolda qoyub qayıtmışdı. Lakin vaxt keçdikcə Pavel gördü ki, Mark dəyişib və dəyərli əməkdaş olub. Buna görə də Pavel Timoteyə demişdi: «Gələndə Markı da özünlə götürərsən, çünki onun mənə böyük köməyi dəyir» (2 Tim. 4:11).
Biz də rəhmli, səbirli və məhəbbətli Allahımızı təqlid edərək fikrimizi dəyişmək qərarına gələ bilərik. Məsələn, biz başqaları
haqda fikrimizi dəyişə bilərik. Yaddan çıxarmayaq ki, Yehovadan və İsadan fərqli olaraq biz qeyri-kamilik. Buna görə də gəlin özümüzdən soruşaq: «Əgər onlar fikirlərini dəyişməyə hazırdırlarsa, bəs biz başqalarının şəraitini nəzərə alıb onlar haqda fikrimizi dəyişməli deyilik?»Ruhani məqsədlərə gəldikdə də fikrimizi dəyişə bilərik. Müqəddəs Kitabı araşdıran və yığıncaq görüşlərində iştirak edən şəxs vəftiz olunmağı uzada bilər. Yaxud bəzi təbliğçilər şəraitləri yol versə də, pioner xidmətinə başlamağa tərəddüd edə bilər. Ya da bizə elə gələ bilər ki, bəzi qardaşlar yığıncaqda məsuliyyətlərə can atmırlar (1 Tim. 3:1). Sadalanan bu vəziyyətlərdən hansısa sənə aiddir? Yadda saxla ki, Yehova səni şərəfli xidməti dadmağa dəvət edir. Bəs onda Allaha və insanlara xidmət etməyin sevincini dadmaq üçün niyə də fikrini dəyişməyəsən?
Yehovanın Şahidlərinin Afrikadakı filiallarından birində xidmət edən Ella bacı öz xidməti haqda deyir: «Bet-Elə qədəm qoyanda bilmirdim burada nə qədər qala bilərəm. Düzdür, Yehovaya bütün qəlbimlə xidmət etmək istəyirdim, amma ailəm üçün burnumun ucu göynəyirdi. Lakin otaq yoldaşım məni bu xidmətdə qalmağa təşviq edirdi. Bet-Eldə on il xidmət edəndən sonra bu xidmətə bağlandım və qərara gəldim ki, gücüm çatan qədər bu xidmətdə qalıb bacı-qardaşlarıma xidmət edim».
MÜTLƏQ OLANDA fikrini dəyişmək
Yadındadır, Qabil qardaşına paxıllıq edib qəzəblənəndə nə baş vermişdi? Allah bu kinli adama dedi ki, əgər Onun lütfünü qazanmaq istəyirsə, sadəcə olaraq yaxşı iş görsün. Allah Qabilə «qapının ağzında» duran günaha qalib gəlməyi məsləhət Yar. 4:2—8).
gördü. Qabil Allahın məsləhətinə məhəl qoymayıb öz fikrində qaldı. Çox heyif ki, doğma qardaşını öldürüb ilk insan qatili oldu (İndi də Uzziya padşahın nümunəsinə nəzər salaq. Əvvəllər o, Yehovanın gözündə doğru olan işləri görüb Onun yolundan ayrılmırdı. Lakin Uzziyanın qüruru daxilindəki yaxşı insanı yeyib-bitirdi. O, kahin olmadığı halda məbədə daxil olub buxur təqdimi gətirmək istədi. Kahinlər onu bu təkəbbürlü hərəkətdən daşındırmağa çalışanda o fikrini dəyişmək əvəzinə, qəzəblənib öz bildiyini etdi. Buna görə də Yehova onun canına cüzam xəstəliyi saldı (2 Saln. 26:3—5, 16—20).
Bəli, bəzi hallarda biz düşüncəmizi tamamilə dəyişməliyik. Müasir bir nümunəyə baxaq. Yoakim 1955-ci ildə vəftiz olunmuşdu, lakin 1978-ci ildə yığıncaqdan kənar edilmişdi. 20 ildən sonra o tövbə edib yenidən Yehovanın Şahidi oldu. Bu yaxınlarda bir ağsaqqal ondan həqiqətə qayıtmaq üçün nəyə görə bu qədər gözlədiyini soruşmuşdu. Yoakim demişdi: «İçimdə qəzəb və qürur var idi. Amma bu qədər vaxt itirdiyim üçün çox peşmanam. Yığıncaqdan kənar edilsəm də, danmırdım ki, Yehovanın Şahidləri həqiqət yolundadırlar». Bircə qalırdı ki, fikrini dəyişib tövbə etsin.
Biz də fikrimizi dəyişməyi tələb edən vəziyyətlə üzləşə bilərik. Ona görə də gəlin Yehovanı razı salmaq üçün buna həmişə hazır olaq (Məz. 34:8).