Kontentə keç

Mündəricatı göstər

Mənasını anlayın

Mənasını anlayın

«İsa Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini tam açdı» (LUKA 24:45).

1, 2. İsa dirildiyi gün şagirdlərinə necə ürək-dirək verdi?

İSA MƏSİHİN dirildiyi gün idi. Şagirdlərindən ikisi Yerusəlimdən təxminən 11,2 kilometr aralıda olan bir kəndə gedirdilər. İsanın dirildiyindən bixəbər olan bu şagirdlər olub-keçənlərə görə yaman bikef idilər. İsa biqafil onlara yaxınlaşıb onlarla yanaşı getməyə başladı. «Musadan və bütün Peyğəmbərlərdən başlayıb Müqəddəs Yazılarda özünə aid olan şeyləri bir-bir onlara izah [etməklə]» onlara xeyli təsəlli verdi (Luka 24:13—15, 27). İsa bu şagirdlərə Müqəddəs Yazıları yaxşıca izah etdiyi üçün onların ürəkləri alışıb yanmağa başladı (Luka 24:32).

2 Elə həmin günün axşamı bu iki şagird Yerusəlimə qayıdıb baş verənləri həvarilərə danışdılar. Onlar sözlərini bitirməmiş İsa oradakılara göründü. Şagirdləri vahimə bürümüşdü. Daxillərində şübhələr baş qaldırmışdı. Bəs belə halda İsa onlara necə ürək-dirək verəcəkdi? Biz oxuyuruq: «İsa Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini tam açdı» (Luka 24:45).

3. Hansı çətinliklərlə üzləşə bilərik və xidmətimizə düzgün münasibəti qorumağa bizə nə kömək edə bilər?

3 Biz də, bu şagirdlər kimi, hərdən nəyəsə görə kədərlənə bilərik. Ola bilsin, Allahın işinə can qoyuruq, amma ortada ürəkaçan bir şey yoxdur (1 Kor. 15:58). Yaxud Müqəddəs Kitabı öyrətdiyimiz adamlardan bəziləri ya hey yerlərində addımlayırlar, ya da ki, Yehovadan ümumiyyətlə üz döndərirlər. Bəs xidmətimizə düzgün münasibəti qorumağa bizə nə kömək edə bilər? İsa Məsihin Müqəddəs Yazılarda çəkdiyi məsəllərin mənasını anlamaq. İndi isə gəlin növbəti üç məsələ nəzər salaq və görək bunlardan nə öyrənirik.

YATAN ƏKİNÇİ

4. İsanın yatan əkinçi məsəlinin mənası nədir?

4 Mark 4:26—29 ayələrini oxu. İsanın yatan əkinçi məsəlinin mənası nədir? Məsəldəki adam Padşahlığın müjdəçisini təmsil edir. Toxum isə səmimi insanlara təbliğ edilən Padşahlıq xəbərini. Hamı kimi, əkinçi də «gecə yatır, səhər durur». Toxum əkildiyi gündən biçilənə kimi inkişafda olur. Bu müddət ərzində toxum cücərir və böyüyür. Bu böyümə «öz-özünə», yəni yavaş-yavaş və mərhələli şəkildə baş verir. Eynilə, ruhani böyümə də yavaş-yavaş və mərhələli şəkildə baş verir. Öyrənən adam inkişaf edib Allaha xidmət etmək qərarına gələndə bar verir, yəni həyatını Yehovaya həsr edib vəftiz olunur.

5. İsa yatan əkinçi məsəlini nəyə görə çəkib?

5 İsa bu məsəli nəyə görə çəkib? Bu məsəllə o, bizə başa salır ki, «düzgün [meyilli]» olanların ürəyində həqiqəti yalnız Yehova böyüdə bilər (Həv. iş. 13:48; 1 Kor. 3:7). Biz əkir və sulayırıq, böyümə prosesi isə bizim əlimizdə deyil. Biz onun böyüməsinə nə müdaxilə edə bilərik, nə də ki, sürətləndirə. Məsəldəki əkinçi kimi, biz də böyümənin necə baş verdiyini görmürük. Çünki biz bütün günü onun yanında olmuruq. Amma bu vaxt ərzində Padşahlıq toxumu bar gətirir. Və həmin adam sıralarımıza qoşulur və biçin işində bizimlə çiyin-çiyinə xidmət etməyə başlayır (Yəh. 4:36—38).

6. İnsanların ruhani cəhətdən böyümələri ilə bağlı nəyi qəbul etməliyik?

6 Bu məsəldən nə öyrənirik? Hər şeydən əlavə başa düşməliyik ki, Müqəddəs Kitabı araşdıranların ruhani cəhətdən böyüməsi bizim əlimizdə deyil. Buna görə də öyrənən insanı vəftiz olunmağa məcbur etməməliyik. Düzdür, onlara əlimizdən gələn köməkliyi etməliyik. Vəftiz olunmağa gəldikdə isə, bunu onların öz ixtiyarlarına buraxmalıyıq. İnsanda Allaha həsr olunmaq istəyi ürəkdən gəlməlidir, o, bunu Allahı sevdiyi üçün etməlidir. Yehova yalnız bu cür həsrolunmanı qəbul edir (Məz. 51:12; 54:6; 110:3).

7, 8. a) İsanın yatan əkinçi məsəlindən daha nə öyrənirik? Nümunə çək. b) Bu, bizə Yehova və İsa haqda nə öyrədir?

7 İkincisi, bu məsəl bizə başa salır ki, əgər gördüyümüz işin bəhrəsini təzə-təzə görmürüksə, üzülməməliyik. Əksinə, səbirli olmalıyıq (Yaq. 5:7, 8). Öyrətdiyimiz insan üçün əlimizdən gələni edir, amma yenə də əkdiyimiz toxumun bəhrəsini görmürüksə, bu o demək deyil ki, biz pis öyrədirik. Çünki Yehova həqiqət toxumunun yalnız dəyişməyə hazır olan təvazökar insanlarda bar gətirməsinə yol açır (Mat. 13:23). Buna görə də biz xidmətimizin effektiv olub-olmadığına nəticəyə əsasən qərar çıxarmamalıyıq. Yehova da xidmətimizin müvəffəqiyyətli olmasını öyrətdiyimiz insanın inkişafı ilə ölçmür. Əksinə, O, nəticəsindən asılı olmayaraq, sədaqətli xidmətimizi qiymətləndirir. (Luka 10:17—20; 1 Korinflilərə 3:8 ayələrini oxu.)

8 Üçüncüsü, biz insanda baş verən dəyişikliyi hər an sezməyə bilərik. Məsələn, xüsusi təyinatlı müjdəçinin öyrətdiyi bir ər-arvad təbliğçi olmaq istədiklərini demişdi. Qardaş bu cütlüyün nəzərinə çatdırmışdı ki, bunun üçün onlar siqareti atmalıdırlar. Onlar deyəndə ki, artıq bir neçə aydır siqaret çəkmirlər, qardaş çox təəccüblənmişdi. Görəsən, onları buna nə təşviq etmişdi? Onlar anlamışdılar ki, xəlvəti siqaret çəksələr də, Yehova bunu görür və ikiüzlülüyə nifrət edir. Buna görə də onlar qərar verməli idilər: ya siqareti açıq-aşkar çəkməli, ya da birdəfəlik tərgitməlidirlər. Xüsusi təyinatlı müjdəçi onların bu qədər dəyişə biləcəyini ağlına belə gətirməsə də, Yehovaya məhəbbətləri onlara düzgün qərar verməyə və ruhani cəhətdən böyüməyə kömək etdi.

TOR

9. Tor məsəlinin mənası nədir?

9 Matta 13:47—50 ayələrini oxu. İsanın tor məsəlinin mənası nədir? İsa Padşahlıq xəbərinin bütün bəşəriyyətə təbliğini böyük toru dənizə atmaqla müqayisə etmişdi. Tora çoxlu sayda «cürbəcür balıq» düşdüyü kimi, təbliğ işimiz də milyonlarla müxtəlif insanı cəlb edir (Yeşaya 60:5). Hər il konqreslərdə və Xatirə gecəsində çoxlu sayda insanın iştirak etməsi bunun bariz sübutudur. Bu insanlardan bəziləri «yaxşı» balığı təmsil edir, çünki onlar məsihçi yığıncağına toplaşırlar. Lakin digərləri isə «yararsız» balığı təmsil edirlər. Gələnlərin heç də hamısı Yehovaya məqbul deyil.

10. İsa tor məsəlini nəyə görə çəkib?

10 İsa bu məsəli nəyə görə çəkib? Məcazi mənada balıqların bir-birindən ayrılması böyük müsibət zamanı olacaq sonuncu hökmə işarə etmir. Əksinə, bu sistemin son günlərində baş verəcək hadisələri təsvir edir. İsa demişdi ki, həqiqət yoluna çağırılan hər kəs Yehovanın tərəfini tutmayacaq. Bir çoxları bizimlə birgə yığıncaq görüşlərində iştirak edirlər. Bəziləri Müqəddəs Kitabı araşdırmağa razı olurlar, amma heç bir addım atmaq istəmirlər (1 Pad. 18:21). Digərləri isə, bir müddət yığıncağa gəlir sonra uzaqlaşırlar. Elə gənclər də var ki, uşaqlıqdan həqiqətdə böyüyüblər, amma Yehovanı sevməyi öyrənməyiblər. İstənilən halda, İsa demişkən, hər kəs özü qərar verməlidir. Düzgün qərar verənlərə isə Yehova «bütün millətlərin var-dövləti» kimi baxır (Haq. 2:7).

11, 12. a) İsanın tor məsəlindən nə öyrənirik? b) Bu, bizə Yehova və İsa haqda nə öyrədir?

11 Tor məsəlindən nə öyrənirik? Bu məsəli başa düşmək bizə kömək edəcək ki, Müqəddəs Kitabı öyrətdiyimiz adam və ya övladlarımızdan biri həqiqəti qəbul etməyəndə həddən artıq narahat və ya məyus olmayaq. Əlimizdən gələni etsək də, bu, baş verə bilər. İnsanın Müqəddəs Kitab öyrənməsinə razılaşması və ya həqiqət də böyüməsi o demək deyil ki, onun Yehova ilə sıx münasibəti olacaq. Yehovanın rəhbərliyini qəbul etməyənlər əvvəl-axır Allahın xalqından çıxarılacaqlar.

12 Bəs bu o deməkdirmi ki, həqiqəti tərk edənlər bir daha yığıncağa qayıda bilməyəcəklər? Və ya özünü Yehovaya həsr etməyə tərəddüd edən kəs həmişəlik «yararsız» hesab ediləcək? Xeyr, bu belə deyil. Bu cür insanlar üçün böyük müsibət başlayana qədər qapılar açıqdır. Yehova, sanki, onları çağırır: «Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» (Mal. 3:7). Bunun həqiqiliyi İsanın çəkdiyi avara oğul məsəlindən aydın görünür. (Luka 15:11—32 ayələrini oxu.)

AVARA OĞUL

13. Avara oğul məsəlinin mənası nədir?

13 İsanın avara oğul məsəlinin mənası nədir? Bu məsəldəki rəhmli ata Yehova Allahımızı təmsil edir. Atasının əmlakından öz payını istəyib sonra onu puç edən oğul isə yığıncaqdan uzaqlaşanları təmsil edir. Oğulun getdiyi «uzaq [ölkə]» Yehovadan uzaqlaşmış Şeytan dünyasını bildirir (Efes. 4:18; Kolos. 1:21). Bu insanlar bir qədər sonra ayılıb Yehovanın təşkilatına geri qayıdırlar. Rəhmli Allahımız tövbə etmiş bu təvazökar insanları yenidən bağrına basır (Yeşaya 44:22; 1 Pet. 2:25).

14. İsa avara oğul məsəlini nəyə görə çəkib?

14 İsa bu məsəli nəyə görə çəkib? O, bu məsəllə Yehovanın Ondan uzaqlaşanların yolunu gözlədiyini çox gözəl şəkildə təsvir edir. Məsəldəki ata oğlunun nə vaxtsa qayıdacağına ümidlə gözləyir. Belə ki, oğlunun «hələ uzaqda ikən» qayıtdığını görəndə qabağına qaçıb onu qarşılayır. Bu məsəl bir vaxtlar həqiqət yolundan uzaqlaşanların vaxt itirmədən Yehovaya yenidən qayıtmaları üçün necə də güclü stimuldur! Onlar ruhani cəhətdən zəiflədiyi üçün bu qayıdış onlara çətin və xəcalətli gələ bilər. Lakin hamı bunu həsrətlə gözləyir, hətta göylərdə də onların qayıdışına çox sevinirlər (Luka 15:7).

15, 16. a) Avara oğul məsəlindən nə öyrənirik? Nümunələr çək. b) Bu, bizə Yehova və İsa haqda nə öyrədir?

15 Avara oğul məsəlindən nə öyrənirik? Biz Yehovanı təqlid etməliyik. Yəni tövbə edənləri qəbul edə bilək deyə «həddən artıq saleh» olmamalıyıq. Əks təqdirdə, öz axırımıza çıxa bilərik (Vaiz 7:16). Bundan daha bir nəticə çıxarırıq. Yığıncaqdan uzaqlaşanlara birdəfəlik itki kimi yox, «itən quzu» kimi baxmalıyıq (Məz. 119:176). Bəs biz belə insanla rastlaşsaq, onun qayıtması üçün əlimizdən gələni edəcəyik? Lazımi kömək göstərilsin deyə vaxt itirmədən onlar haqda ağsaqqallara məlumat verəcəyik? İsanın avara oğul məsəlini tam qavrasaq, biz məhz belə də davranacağıq.

16 Yehovanın mərhəmətini və məhəbbətini, eləcə də həmimanlılarının dəstəyini görən bəzilərinin keçirdiyi hisslərə nəzər salaq. 25 ildir ki, yığıncaqdan kənar edilmiş bir qardaş belə deyir: «Bərpa olunan gündən sevincim durmadan artır, elə bil, üzərimə Yehovadan “təravət mövsümü” gəlir (Həv. iş. 3:19). Hamıdan məhəbbət və qayğı görürəm. Mənim gözəl ruhani ailəm var». Yehovadan uzaqlaşan və beş ildən sonra qayıdan gənc bacı bölüşür: «İsanın məsəlindəki məhəbbəti özümə qarşı necə hiss etdiyimi sözlə ifadə edə bilmərəm. Yehovanın təşkilatına aid olmaqdan böyük şərəf yoxdur!»

17, 18. a) Araşdırdığımız üç məsəldən nə öyrəndik? b) Məqsədimiz nə olmalıdır?

17 Bu üç məsəldən nə öyrəndik? Birincisi, anladıq ki, baş verən ruhani böyümə bizim əlimizdə deyil. Bu, Yehovadan asılıdır. İkincisi, biz gözləmirik ki, yığıncaqlara gələn və Müqəddəs Kitabı araşdıran hər kəs həqiqətdə qalacaq. Və nəhayət, kimsə həqiqəti tərk edib Yehovadan üz döndərsə belə, biz yenə də ona itki kimi baxmamalıyıq. Gəlin geri qayıdanları Yehova kimi qarşılayaq.

18 Gəlin hər birimiz biliyi, hikməti və müdrikliyi axtarmağa davam edək. Hər dəfə İsanın məsəllərini oxuyanda düşünün: onların mənası nədir? Nəyə görə Müqəddəs Kitabda qələmə alınıblar? Onlardan nə öyrənirik? Onlar bizə Yehova və İsa haqda nə öyrədir? Belə etsək, İsanın sözlərini mənasını anladığımızı göstərmiş olarıq.