Kontentə keç

Mündəricatı göstər

Xidmətə şövqlü ol

Xidmətə şövqlü ol

MÜJDƏNİN təbliği bu gün dünyada ən vacib işdir. Sözsüz ki, sən Yehovanın xidmətçisi kimi, şagird hazırlamaq işini özünə şərəf sanırsan. Ancaq yəqin razılaşarsan ki, nə pionerlərə, nə də digər təbliğçilərə xidmətdə şövqü qorumaq həmişə asan olmur.

Xidmətə şövqlü olmağa sənə nə kömək edə bilər?

Bəzi təbliğçilər ev-ev xidmət edərkən sakinlərlə əməlli-başlı söhbət edə bilmirlər. Əksər sakinlər evdə olmur. Evdə olanda da, xoş xəbərə ya laqeyd yanaşırlar, ya da bu xəbəri qəzəblə qarşılayırlar. Elə təbliğçilər də var ki, təbliğ sahəsinin genişliyi və məhsuldarlığı onları ürküdür. Onlara elə gəlir ki, heç vaxt bu tapşırığın öhdəsindən gələ bilməyəcəklər. Bundan başqa, yığıncağın bəzi üzvləri illərdir təbliğ edirlər. Bu vaxt gözlədiklərindən artıq sürdüyündən onlar üzülüb əldən düşürlər.

Bəli, Yehovaya xidmət edən hər bir insan xidmətə həvəsini zəiflədən çətinliklərlə üzləşir. Bunda qeyri-adi heç nə yoxdur. Çünki biz «Şəririn», yəni Şeytan İblisin ağalıq etdiyi dünyada yaşayırıq və Allahdan gələn nicat xəbərini bəyan etməyin asan olacağını gözləmirik (1 Yəh. 5:19).

Müjdənin təbliğində üzləşdiyin çətinliklərdən asılı olmayaraq, əmin ol ki, Yehova onları aşmağa sənə kömək edəcək. Bəs onda, xidmətə şövqünü artırmağa nə kömək edə bilər? Gəl bəzi məsləhətləri nəzərdən keçirək.

TƏCRÜBƏSİ AZ OLANLARA KÖMƏK

Hər il minlərlə adam Yehovanın Şahidi kimi vəftiz olunur. Əgər sən də bu yaxınlarda özünü Allaha həsr edib vəftiz olunmusansa, yəqin istəyərdin ki, uzun müddət təbliğ edən bacı-qardaşların təcrübəsindən bəhrələnəsən. Yox əgər sən çoxdanın təbliğçisisənsə, yaxşı olardı ki, özün yenilərə kömək edəsən. Belə etsən, sevinc duyacaqsan.

İsa Məsih yaxşı bilirdi ki, şagirdlərinin məharətli müjdəçi olması üçün onların köməyə ehtiyacı var və o, bu işi görməyin təhərini onlara öyrətmişdi (Luka 8:1). Bu gün də bacı-qardaşların yaxşı müjdəçilər olması üçün onları öyrətmək lazımdır.

Biz düşünməməliyik ki, yeni təbliğçilər təbliğin sirlərinə elə təbliğ edə-edə yiyələnəcəklər. Hər bir təbliğçini səbirlə və mehribanlıqla öyrətmək lazımdır. Bunun üçün təcrübəsi az olan təbliğçiyə 1) təqdimə hazırlamağın və istifadə etməyin, 2) sakinlə, yaxud yoldan keçənlə söhbət etməyin, 3) ədəbiyyat təklif etməyin, 4) təkrar baş çəkməyin və 5) Müqəddəs Kitab dərsinə başlamağın üsulunu göstərmək lazımdır. Təcrübəsi az olan təbliğçi ona kömək edən təbliğçiyə baxıb onun xidmətdə istifadə etdiyi üsulları təkrar etsə, çox ehtimal ki, yaxşı nəticələr əldə edəcək (Luka 6:40). Şübhəsiz, hər bir yeni təbliğçiyə xoş olar ki, kimsə onu dinləsin və lazım olanda köməyinə çatsın. Tərif sözlərinin və faydalı məsləhətlərin təcrübəsi az olan təbliğçilərə böyük köməyi dəyəcək (Vaiz 4:9, 10).

ƏMƏKDAŞINLA SÖHBƏT ET

Bəzən biz xidmət zamanı ev sakinləri ilə söhbət etməyə nə qədər cəhd göstərsək də, çox vaxt ən yaxşı söhbət elə öz əməkdaşımızla alınır. Yadındadırsa, İsa şagirdlərini təbliğə iki-iki göndərmişdi (Luka 10:1). Onlar birgə xidmət edərkən bir-birlərini ruhlandıra və həvəsləndirə bilərdilər. Deməli, xidmətdə əməkdaşımızla birgə keçirdiyimiz vaxt ərzində bir-birimizi ruhlandıra bilərik (Rom. 1:12).

Bəs əməkdaşla nə haqda söhbət etmək olar? Məsələn, xidmətdə başınıza gələn maraqlı hadisədən, şəxsi və ya ailəvi öyrənmə zamanı öyrəndiyiniz maraqlı məlumatlardan, yaxud yığıncaqda eşitdiyiniz ruhlandırıcı fikirlərdən bəhs etmək olar. Gec-gec xidmətdə olduğun adamla əməkdaşlıq edəndə isə, çalış onunla yaxından tanış olasan: o, həqiqətə necə gəlib, bu təşkilatı Yehovanın idarə etdiyinə onu nə inandırıb, xidmətdə hansı nailiyyətlər əldə edib, bu yolda hansı təcrübəni qazanıb. Sən də özün haqda danışa bilərsən. Təbliğ vaxtı hansı münasibətlə qarşılaşsan da, əməkdaşınla ünsiyyət bir-birinizi möhkəmləndirməyə kömək edəcək (1 Salon. 5:11).

HƏMİŞƏ ŞƏXSİ ÖYRƏNMƏ KEÇİR

Xidmətə həvəsimiz soyumasın deyə həmişə şəxsi öyrənmə keçirməliyik. «Sadiq və ağıllı nökər» nəşrlərimizdə müxtəlif mövzuları işıqlandırır (Mət. 24:45). Bu o deməkdir ki, bizə açılan ruhani süfrə cürbəcür naz-nemətlə doludur. Məsələn, şəxsi öyrənmə vaxtı Padşahlıq müjdəsini təbliğ etməyin nə üçün vacib olduğunu araşdıra bilərsən. Bu məqalədəki çərçivədə bunun bəzi səbəbləri gətirilir.

Çərçivədəki bəndlər səni şövqlə təbliğ etməyə həvəsləndirə bilər. Şəxsi öyrənmə zamanı təbliğin vacibliyinin başqa səbəblərini də tapa bilərsən. Sonra bu səbəblər və onları təsdiqləyən ayələr üzərində düşün. Sözsüz, bu, sənin xidmətə həvəsini alovlandıracaq.

MƏSLƏHƏTİ QƏBUL ET

Xidmətdə püxtələşməyimiz üçün Yehovanın təşkilatı bizə həmişə məsləhətlər verir. Məsələn, ev-ev təbliğdən savayı, məktub yaza, telefonla şahidlik edə, küçədə, başqa ictimai yerlərdə, işgüzar ərazilərdə, yaxud qeyri-rəsmi surətdə müjdəni bölüşmək olar.

Bəs sən bu məsləhətləri qəbul edirsən? Onları sınaqdan keçirirsən? Çoxları bunu edir, faydasını da görür. Gəl üç nümunəyə baxaq.

Birinci nümunə «Bizim Padşahlıq Xidmətimiz»də Müqəddəs Kitab dərslərinə başlamağa dair deyilənlərlə bağlıdır. Bu məsləhətləri oxuyan Eyprl adlı bacı üç iş yoldaşına Müqəddəs Kitabı öyrənməyi təklif etdi. Hər üçünün bu təklifi qəbul etməsi bacı üçün gözlənilməz oldu. Onlar hətta yığıncaq görüşlərinə də gəlməyə başladılar.

İkinci nümunə jurnal paylamaqla bağlıdır. Nəşrlərimizdə məsləhət görülürdü ki, jurnallarımızda işıqlandırılan xüsusi mövzularla maraqlanacaq insanları tapaq. Birləşmiş Ştatlardakı bir rayon nəzarətçisi demişdi ki, maşın şini haqda məlumat olan «Oyanın!» jurnalını bir ərazidəki şin mağazalarının menecerlərinə paylamışdı. Həmçinin o, arvadı ilə «Həkimlərin zəhmətini qiymətləndirin» adlı «Oyanın!» jurnalını öz rayonlarında 100-dən artıq klinikaya paylamışdı. Qardaş deyir: «Bunun sayəsində biz özümüzü və jurnallarımızı o yerlərdə işləyən insanlara asanlıqla tanıtdıq. Onlarla xoş münasibət qurmağımız söhbətimizi sonra da davam etdirməyə imkan yaratdı».

Üçüncü nümunə telefonla şahidlik etməklə bağlıdır. Cudi adlı bir bacı mərkəzi idarəyə məktub yazaraq telefonla şahidlik etmək məsləhətinə görə minnətdarlığını bildirmişdi. O, yazırdı ki, səhhətində problemləri olan 86 yaşlı anası bu xidmət növündə müntəzəm iştirak edir. O, böyük məmnuniyyətlə 92 yaşlı bir qadınla Müqəddəs Kitabı araşdırır.

Nəşrlərimizdə təbliğlə bağlı verilən məsləhətlər, həqiqətən də, işə yarayır. Onları tətbiq et. Bu, sənə xidmətdən sevinc duymağa, həvəsini qorumağa kömək edər.

QARŞINA ƏLÇATAN MƏQSƏDLƏR QOY

Təbliğ işində müvəffəqiyyətimiz, əsas etibarilə, nə qədər jurnal paylamağımızla, neçə nəfərə Müqəddəs Kitabı öyrətməyimizlə, yaxud nə qədər adama Yehovanın xidmətçisi olmağa kömək etməyimizlə ölçülmür. Yadına sal, Nuh peyğəmbər öz ailəsindən başqa neçə nəfərə Yehovanın xidmətçisi olmağa kömək etmişdi? Amma Yehova ondan bir təbliğçi kimi razı idi. Odur ki, əsas məsələ Yehovaya sədaqətlə xidmət etməkdir (1 Kor. 4:2).

Padşahlığın bir çox təbliğçiləri təbliğə həvəslərini artırmaq üçün qarşılarına əlçatan məqsədlər qoyurlar. Bu məqalədəki çərçivədə həmin məqsədlərdən bəziləri sadalanıb.

Yehovadan kömək istə və xidmətinin səmərəli olması üçün qarşına məqsədlər qoy. Məqsədlərinə çatanda məmnunluq duyacaqsan, xoş xəbərin təbliğində əlindən gələni etdiyin üçün sevinc dadacaqsan.

Sözsüz ki, müjdəni təbliğ etmək asan iş deyil. Lakin müəyyən amillər bizə Padşahlığın çalışqan təbliğçisi olmağa kömək edə bilər. Əməkdaşınla bir-birinizi ruhlandırın, həmişə şəxsi öyrənmə keçir, sadiq nökərin məsləhətlərinə əməl et və qarşına əlçatan məqsədlər qoy. Ən ümdəsi, unutma ki, Yehova Allah səni böyük şərəfə, Onun Şahidi kimi müjdəni bəyan etmək şərəfinə layiq görüb (Əşy. 43:10). Xidmətə şövqlü olmaq sənə böyük sevinc gətirəcək.