Oyaq qalacaqsınız?
«Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (MƏT. 25:13).
1, 2. a) İsa Məsih axırzamanla bağlı nəyi açıqladı? b) Hansı sualları nəzərdən keçirəcəyik?
TƏSƏVVÜR EDİN, Butrus, Andreas, Yaqub və Yəhya İsa Məsihlə birlikdə Zeytun dağında oturub Yerusəlimdəki məbədə baxır. Bu zaman İsa ən möhtəşəm peyğəmbərliklərindən birini söyləyir. Şagirdlər nəfəslərini belə dərmədən İsanın uzaq gələcəklə bağlı söylədiyi peyğəmbərliyə qulaq asırlar. İsa bu şər dünyanın sonu haqda, Allahın Padşahlığında idarə edəcəyi vaxt barədə çox şey danışdı. Dedi ki, həmin o xüsusi dövrdə sadiq və ağıllı nökər onu yer üzündə təmsil edəcək və onun xidmətçilərinə lazım olan ruhani qidanı vaxtlı-vaxtında verəcək (Mət. 24:45—47).
2 Sonra isə elə həmin peyğəmbərlikdə İsa on qız məsəlini danışdı. (Mətta 25:1—13 ayələrini oxuyun.) Gəlin indi aşağıdakı sualları nəzərdən keçirək: 1) məsəlin məğzi nədən ibarətdir? 2) Sadiq məsh olunmuşlar məsəldəki məsləhətə necə əməl edirlər və bunun sayəsində nə mümkün olur? 3) Bu gün hər birimiz İsanın məsəlindən necə yararlana bilərik?
MƏSƏLİN MƏĞZİ NƏDİR?
3. Əvvəllər nəşrlərimizdə on qız məsəlinə necə yanaşılırdı və belə yanaşma nəticəsində nə kölgədə qala bilərdi?
3 Ötən məqalədə qeyd etdiyimiz kimi, son onilliklər ərzində sadiq nökər Müqəddəs Yazılardakı hadisələrə peyğəmbərlik təsviri kimi izahat verməyə yox, onların praktiki faydasını göstərməyə üstünlük verir. Keçmişdə bizim nəşrlərdə İsanın on qız məsəlindəki ən xırda məqamlara da — çırağa, yağ qabına, yağa və sairəyə xüsusi rəmzi məna verilirdi. Bəs görəsən, diqqəti xırda məqamlara cəmləməklə məsəlin sadə, eyni zamanda mühüm məna daşıyan məğzi kölgədə qalmayıb? Bu sualın cavabı böyük əhəmiyyət kəsb edir.
4. Məsəldə bəyin və qızların kimi təmsil etdiyini necə müəyyən edə bilərik?
4 Gəlin İsanın bu məsəlinin məğzinə diqqət yetirək. Birincisi, əsas personajları nəzərdən keçirək. Məsəldəki bəy kimdir? Aydındır ki, İsa Məsih özündən danışırdı. Belə ki, müxtəlif hallarda o, özünü bəy kimi təsvir etmişdi (Luka 5:34, 35). Bəs qızlar kimdir? İsa məsəldə deyirdi ki, bəy gəlib çıxanda qızlar hazır olmalı idilər və çıraqları yanmalı idi. Diqqət yetirin ki, İsa eyni göstərişi məsh olunmuşlardan ibarət kiçik sürüyə vermişdi: «Hazır olun, qoy çırağınız həmişə yansın. Siz ağasının toy ziyafətindən qayıtmasını gözləyən... adamlar kimi olun» (Luka 12:32, 35, 36). Üstəlik, həm həvari Bulus, həm də həvari Yəhya Allahdan ilham alaraq Məsihin məsh olunmuş davamçılarını tərtəmiz bakirə qıza bənzətmişdi (2 Kor. 11:2; Vəhy 14:4). Aydındır ki, İsa Mətta 25:1—13 ayələrindəki məsəli çəkməklə məsh olunmuş davamçılarına məsləhət və xəbərdarlıq vermək istəyirdi.
5. On qız məsəlinin hansı vaxta aid olduğunu İsa Məsih necə göstərdi?
5 İkincisi, vaxt kəsiyinə nəzər salaq. İsanın məsləhəti hansı vaxta aiddir? İsa məsəlin axırına yaxın bunu aydın göstərir: «Bəy gəlib çıxdı» (Mət. 25:10). Bu jurnalın 2013-cü il 15 iyul sayında izah edildiyi kimi, İsanın Mətta 24 və 25-ci fəsillərdə yazılmış peyğəmbərliyində səkkiz dəfə onun gəlməsindən danışılır və hər dəfə eyni yunan sözünün müxtəlif formaları işlənir. İsa hər dəfə gəlməsindən danışanda hökm etmək, sonra isə bu şər dünyanı məhv etmək üçün gələcəyi vaxtı — böyük müsibət vaxtını nəzərdə tuturdu. Bundan belə nəticəyə gəlirik ki, bu məsəl də axırzamana aiddir, kulminasiya nöqtəsi isə böyük müsibətdə baş verəcək.
6. Kontekstə əsasən, məsəlin məğzi nədən ibarətdir?
6 Bəs məsəlin məğzi nədən ibarətdir? Konteksti yadınıza salın. İsa bu məsəli çəkməzdən əvvəl sadiq və ağıllı nökərdən danışmışdı. Həmin nökər axırzamanda Məsihin davamçılarına rəhbərlik edən məsh olunmuşlardan ibarət kiçik qrup olacaqdı. İsa xəbərdarlıq etmişdi ki, onlar sadiq qalmalıdır. Sonra o, axırzamanda yaşayan bütün məsh olunmuşlara nəsihət vermək üçün on qız məsəlini çəkdi. Məsəlin məğzi ondan ibarətdir ki, onlar sahib olduqları dəyərli mükafatı itirməsinlər deyə oyaq qalmalıdırlar (Mət. 25:13). Gəlin indi bu məsəli təhlil edək və görək məsh olunmuşlar bu məsəldəki məsləhətə necə yanaşırlar.
MƏSH OLUNMUŞLAR MƏSƏLDƏKİ MƏSLƏHƏTƏ NECƏ ƏMƏL EDİRLƏR?
7, 8. a) Ağıllı qızlar hansı iki səbəbə görə bəyin gəlişinə hazır idilər? b) Məsh olunmuşlar hazırlıqlı olduqlarını necə göstərirlər?
7 İsa məsəldə vurğulamışdı ki, ağılsız qızlardan fərqli olaraq, ağıllı qızlar bəyin gəlişinə hazır idilər. Bunun iki səbəbi var idi: əvvəla, onlar hazırlıqlı idilər, ikincisi isə sayıq idilər. Qızların onu da gecə oyaq qalıb bəyin gəlişini gözləməli idilər. Onların çıraqları yanılı qalmalı idi və xoşbəxt an gəlib çatana kimi onlar saatlarla ayıq-sayıq olmalı idilər. Ağılsız qızlardan fərqli olaraq beş qız hazırlıqlı idi, onlar çıraqla birgə yağ qabında artıq yağ da götürmüşdülər. Bəs görəsən sadiq məsh olunmuşlar da belə hazırlıqlıdır?
8 Elədir ki var! Axırzamanda yaşayan məsh olunmuşlar bu ağıllı qızlar kimi davranırlar. Onlar aldıqları tapşırığı son gələnədək sədaqətlə icra etmək üçün hazırlıqlıdırlar. Onlar sədaqətlə xidmət etməyin nəyin bahasına başa gəldiyini bilirlər. Başa düşürlər ki, bu tapşırığı yerinə yetirmək üçün Şeytan dünyasının şan-şöhrətindən, var-dövlətindən imtina etməli olacaqlar. Onlar özlərini bütünlüklə Yehovaya həsr edib Ona xidmət edirlər və bunu sonun yaxın olduğuna görə yox, Yehovaya və İsa Məsihə məhəbbətdən və sədaqətdən irəli gələrək edirlər. Onlar nöqsansızlıqlarını qoruyur, bu şər dünyanın ruhuna yoluxmurlar, onun malpərəstliyini, əxlaqsızlığını və eqoistliyini özlərinə yaxın buraxmırlar. Beləliklə, Bəy yubanırmış kimi görünsə də, onlar mətin qalırlar, hazır dururlar, həmişə nur kimi parlayırlar (Filip. 2:15).
9. a) İsa mürgüləməklə bağlı hansı xəbərdarlığı vermişdi? b) Məsh olunmuşlar, sanki, «bəy gəlir», deyə qışqıran dəlillərə necə hay verirlər? (Həmçinin haşiyəyə baxın.)
9 Qızların bəyin gəlişinə hazır olmasının ikinci səbəbi onların sayıqlığı idi. Ola bilərmi ki, məsh olunmuşlardan kimsə uzun sürən gecəni oyaq qalmalı olduğu halda yuxuya getsin? Bu, mümkündür. Fikir verdinizsə, İsa deyirdi ki, qızların onu da yubanan bəyi gözləyə-gözləyə «mürgüləyib yuxuya getdilər». İsa bilirdi ki, zəif cisim hətta ən coşqulu, şövqlü ruhu belə zəiflədə bilər. Sadiq məsh olunmuşlar İsanın üstüörtülü şəkildə verdiyi bu xəbərdarlığa ciddi yanaşırlar və ayıq-sayıq olmaq üçün var gücləri ilə çalışırlar. Məsəldə gecə kimsə: «Bəy gəlir!» — deyə qışqıranda qızların hamısı hay verir. Ancaq yalnız ağıllılar axıra kimi sayıq qalırlar (Mət. 25:5, 6; 26:41). Bəs bugünkü sadiq məsh olunmuşlar barədə nə demək olar? Axırzamanda onlar, sanki, «Bəy gəlir!» deyə qışqıran tutarlı dəlillərə hay verirlər. Habelə Bəy gəlib çıxana kimi onlar mətanətlə hazır qalırlar *. Lakin məsəlin kulminasiya nöqtəsi xüsusi bir vaxta aiddir. Gəlin görək bu, hansı vaxtdır?
AĞILLILARA MÜKAFAT, AĞILSIZLARA CƏZA
10. Ağıllı qızlarla ağılsız qızlar arasında olan söhbət hansı sualı doğurur?
10 Yəqin məsəlin ən çaşdırıcı məqamı sona yaxın ağılsız qızlarla ağıllı qızlar arasında olan söhbətdir. (Mətta ayələrini oxuyun.) Bu söhbətdən belə bir sual doğur: «Allahın xalqının tarixində nə vaxt belə şey olub ki, sadiq məsh olunmuşlar onlardan kömək istəyənlərə arxa çevirsinlər?» Bu məqama aydınlıq gətirmək üçün gəlin yenə vaxt kəsiyinə nəzər salaq. Xatırlayırsınızsa, yeni izaha görə Bəy, yəni İsa hökm çıxartmaq üçün böyük müsibətin sonuna yaxın gələcək. Ona görə də, görünür, məsəlin bu hissəsi həmin hökm vaxtı ərəfəsində baş verənlərə aiddir. Çünki həmin vaxt məsh olunmuşlar artıq sonuncu dəfə möhürlənmiş olacaqlar. 25:8, 9
11. a) Böyük müsibət başlamazdan əvvəl nə baş verəcək? b) Ağıllı qızların ağılsız qızları yağ almağa göndərməsinin məğzi nədir?
11 Deməli, böyük müsibət başlayanadək yer üzündəki bütün sadiq məsh olunmuşlar sonuncu dəfə möhürlənəcəklər (Vəhy 7:1—4). Sonuncu möhürlənmədən sonra onların göyə getməsi dəqiq olacaq. Amma indi böyük müsibətdən qabaqkı illər haqda düşünün. Əgər məsh olunmuşlardan kimlərsə oyaq qalmasa və nöqsansızlığını qorumasa, onlarla nə baş verəcək? Onlar göydə yaşamaq mükafatını itirəcəklər. Aydın məsələdir ki, böyük müsibət başlamazdan əvvəl sonuncu dəfə möhürlənməyəcəklər. Böyük müsibət başlayana qədər başqa sadiq məsihilər onların əvəzinə məsh olunacaqlar. Böyük müsibət başlayanda ayıq qalmayan ağılsızlar Böyük Babilin məhv edildiyini görüb sarsılacaqlar. Bəlkə də elə onda onlar Bəyin gəlişinə hazır olmadıqlarını başa düşəcəklər. Amma artıq gec olacaq. Bəs onlar çarəsiz halda kömək istəsələr, nə baş verəcək? İsanın məsəli bu suala cavab verir. Ağıllı qızlar öz yağlarından ağılsızlara vermədilər, dedilər ki, gedib yağ satanlardan alsınlar. Amma yadınızdadırsa, həmin vaxt «gecə yarısı» idi. O vaxt onlar haradan yağ satan tapacaqdılar? Heç yandan. Çünki artıq çox gec idi.
12. a) Bir vaxtlar məsh olunan, lakin nöqsansızlığı qorumadıqları üçün sonuncu dəfə möhürlənməyənlərin böyük müsibətdə halı necə olacaq? b) Ağılsız qızlara bənzəyənlərin aqibəti necə olacaq?
12 Eynilə, böyük müsibətdə də sadiq məsh olunmuşlar sadiq qalmayanlara kömək edə bilməyəcəklər. Onlara heç yandan kömək olunmayacaq. Artıq gec olacaq. Bəs belələrinin aqibəti necə olacaq? Ağılsız qızlar yağ almağa gedərkən nə baş verdiyini İsa Məsih belə izah etdi: «Bəy gəlib çıxdı. O qızlar ki hazır idi, bəylə toy məclisinə girdilər və qapı bağlandı». Böyük müsibətin sonuna yaxın Məsih öz calalı ilə gələndə sadiq məsh olunmuşları göyə toplayacaq (Mət. 24:31; 25:10; Yəh. 14:1—3; 1 Salon. 4:17). Qapı ağılsız qızlara bənzəyən, sadiq qalmayan məsh olunmuşların üzünə bağlanacaq. Onlar qışqırıb deyəcəklər: «Ağa, ağa, bizik, qapını aç!» Ancaq onlar keçi ilə müqayisə olunan insanların həmin hökm vaxtı aldığı cavabı alacaqlar: «Mən sizi tanımıram!» Çox heyif! (Mət. 7:21—23; 25:11, 12).
13. a) Nəyə görə məsh olunmuşların çoxunun sadiq qalmayacağını düşünmək yanlış olardı? b) Nəyə görə deyə bilərik ki, İsanın xəbərdarlıq sözləri onun məsh olunmuşlardan arxayın olmadığına dəlalət etmir? (Məqalənin əvvəlindəki şəklə baxın.)
13 Yuxarıda deyilənlərdən hansı nəticəyə gəlirik? İsa demək istəyirdi ki, onun məsh olunmuş davamçılarının çoxu sadiq qalmayacaq və onları başqaları ilə əvəz etmək lazım gələcək? Xeyr. İbranilərə 6:4—9 ayələrini oxuyun; Qanunun təkrarı 30:19 ayəsi ilə müqayisə edin.) Diqqət yetirin ki, Bulusun da xəbərdarlıq sözləri kifayət qədər sərt idi, amma o, bu sözlərdən sonra bildirmişdi ki, məsihi bacı-qardaşlarının yaxşı vəziyyətdə olduğuna əmindir. On qız məsəlində də İsa məsh olunmuşlara xəbərdarlıq etsə də, onlardan arxayın idi. Məsih əmindir ki, hər bir məsh olunmuş xidmətçisi sadiq qala və möhtəşəm mükafatını ala bilər.
Yadınıza salın ki, o, sadiq və ağıllı nökərə xəbərdarlıq etmişdi ki, yaramazlıq etməsin. Bu o demək deyil ki, o, sadiq nökərdən belə hərəkət gözləyirdi. Eynilə, bu məsəl də sərt xəbərdarlıq idi. Qızlardan beşi ağılsız, beşi ağıllı olduğu kimi, hər bir məsh olunmuş da hazırlıqlı və sayıq olmaq, yaxud da axmaq və ya sədaqətsiz olmaq qərarını özü verə bilər. Həvari Bulus məsh olunmuş məsihilərə müraciət edərkən oxşar bir məqama toxunmuşdu. (MƏSİHİN «BAŞQA QOYUNLARI» MƏSƏLDƏN NECƏ YARARLANIR?
14. Nəyə görə «başqa qoyunlar» da on qız məsəlindən yararlana bilərlər?
14 On qız məsəlinin məsh olunmuşlara ünvanlanması o deməkdirmi ki, bu məsəlin Məsihin başqa qoyunlarına heç bir aidiyyəti yoxdur? (Yəh. 10:16). Əsla! Məsəlin məğzi sadədir: «Oyaq qalın». Bəs bu, yalnız məsh olunmuşlara ünvanlanıb? Bir dəfə İsa demişdi: «Sizə dediyimi hamıya deyirəm: oyaq qalın!» (Mark 13:37). İsa sədaqətlə xidmət etməyə hazır olmağı və eyni cür ayıq qalmağı bütün davamçılarından tələb edir. Beləliklə, bütün məsihilər bu sahədə məsh olunmuşların ardınca getməli, onların nümunəsini izləməli və xidməti həyatlarında hər şeydən üstün tutmalıdırlar. Həmçinin hər birimiz yadda saxlamalıyıq ki, ağılsız qızlar ağıllı qızlardan yağ istəmişdi. Onların yersiz xahişi bizə bir daha xatırladır ki, heç kim nə bizim yerimizə sadiq qala bilməz, nə bizim əvəzimizə həqiqətdə yeriyə bilməz, nə də ki bizim üçün oyaq qala bilməz. Hər birimiz Yehovanın təyin etdiyi adil Hakimə cavab verəcəyik. Biz hazır olmalıyıq. O, tezliklə gələcək!
15. Nəyə görə bütün məsihilər Məsihin toyunu sevinclə gözləyirlər?
15 İsanın bu məsəlindəki əsas hadisədən — toydan da bütün məsihilər yararlana bilərlər. Axı bizlərdən kim həmin o toyu gözləmir? Məsh olunmuşlar artıq göydə olacaqlar. Armageddon müharibəsindən sonra onların Məsihlə toyu olacaq (Vəhy 19:7—9). O zaman yer üzündə yaşayan hər kəs göydə baş tutan toydan fayda əldə edəcək, çünki bu toyun sayəsində mükəmməl bir hökumət bütün bəşəriyyəti idarə edəcək. Göydə yaxud yerdə yaşamağa ümid etməyimizdən asılı olmayaraq, gəlin on qız məsəlindən özümüzə dərs götürək. Gəlin hazırlıqlı olaq, mətin qalaq, sayıqlığımızı itirməyək. Onda Yehovanın bizim üçün hazırladığı möhtəşəm gələcəyə mütləq yetişəcəyik!
^ abz. 9 Məsəldə kiminsə: «Bəy gəlir», — deyə qışqırmasından (6-cı ayə) bəyin gəlib çıxmasınadək (10-cu ayə) müəyyən qədər vaxt keçir. Axırzamanda sayıq məsh olunmuşlar İsa Məsihin hüzurunun əlamətini görürlər. Onlar bilirlər ki, o «gəlir», yəni indi Allahın Padşahlığında idarə edir. İndi onlar Məsih gəlib çıxana kimi sayıq qalmalıdır.
Ağılsız qızların yağ istəməsi bizə xatırladır ki, heç kəs nə bizim yerimizə oyaq qala bilməz, nə də ki əvəzimizə sadiq ola bilməz