Kontentə keç

Mündəricatı göstər

AİLƏ XOŞBƏXTLİYİNİN AÇARLARI

Fiziki qüsurlu uşağınız varsa

Fiziki qüsurlu uşağınız varsa

KAZIM *: «Oğlumuz Anar Daun sindromu ilə doğulub. Onun xəstəliyi bizi fiziki, mənəvi və emosional cəhətdən çox üzür. Sağlam uşağa baxmaq nə qədər çətindirsə, xəstə uşağa baxmaq ondan yüz qat çətindir. Bəzən bu, həyat yoldaşımla münasibətimə öz təsirini göstərir».

MEHRİ: «Anara ən adi şeyləri öyrətmək böyük səbir və hövsələ istəyir. Yorğun olanda hövsələm daralır və özümdən asılı olmayaraq, yoldaşım Kazıma əsəbiləşirəm. Hərdən heç nəyin üstündə aramızda dava düşür».

Övladınızın doğulduğu günü xatırlayırsınızmı? Şübhəsiz, onu bağrınıza basacağınız anı səbirsizliklə gözləyirdiniz. Lakin Kazımın və Mehrinin vəziyyətində olan valideynlər körpələrinin xəstə və ya qüsurlu doğulduğunu biləndə sevinclərinə kədər də qatılır.

Bəs sizin uşağınızın fiziki qüsuru varmı? Yəqin: «Belə vəziyyətin öhdəsindən gəlmək mümkündürmü?» — deyə fikirləşirsiniz. Heç vaxt ümidinizi itirməyin. Sizin vəziyyətinizdə olan bir çox valideynlər bu kimi çətinliklərə sinə gərirlər. Bu məqalədə sizin qarşılaşa biləcəyiniz üç növ çətinlik, eləcə də onların həllində sizə köməyi dəyəcək Müqəddəs Kitabdan hikmətli məsləhətlər araşdırılacaq.

ÇƏTİNLİK 1. XƏSTƏLİKLƏ BARIŞA BİLMİRSİNİZ

Valideyn övladlarının xəstə olduğunu biləndə sarsıntı keçirir. Meksikadan olan Culiana deyir: «Həkim deyəndə ki, oğlum Santyaqo serebral iflicdir, elə bil, dünya başıma fırlandı, inana bilmirdim». Başqa valideynlər isə Villananın (İtaliya) keçirdiyi hissləri keçirə bilər. O deyir: «Mən yaşda qadının uşaq doğması riskli idi, amma yenə də ana olmaq istəyirdim. İndi oğlumun Daun sindromundan necə əzab çəkdiyini görəndə özümü çox günahkar hiss edirəm».

Əgər özünüzü çarəsiz hiss edir və ya vicdan əzabı çəkirsinizsə, bu, normaldır. Xəstəliklər Allahın bəşəriyyət üçün əzəli niyyətinə daxil olmayıb (Yaradılış 1:27, 28). Allah valideynləri xəstəlik kimi qeyri-təbii şeylərlə asanlıqla barışmaq qabiliyyəti ilə yaratmayıb. Ola bilsin, övladınız sağlamlığını itirdiyinə görə bir müddət «yas tutmağa» ehtiyac duyursunuz. Özünüzə gəlmək və yeni vəziyyətə uyğunlaşmaq üçün vaxt lazımdır.

Uşağınızın xəstə olmasında özünüzü günahlandırırsınızsa, bir şeyi yadda saxlayın: heç kəs irsi, təbii və digər amillərin uşağın səhhətinə necə təsir göstərdiyini sonadək anlamır. Əgər yaranmış vəziyyətə görə ürəyinizdən yoldaşınızı günahlandırmaq keçirsə, nə badə bunu edəsiniz. Bundansa yoldaşınızla əl-ələ verib uşağınızın qeydinə qalın (Vaiz 4:9, 10).

MƏSLƏHƏT. Uşağınızın xəstəliyi haqda ətraflı öyrənin. Allahın Kəlamında deyilir: «Ev hikmətlə tikilər, dərrakə ilə möhkəmlənər» (Süleymanın məsəlləri 24:3).

Siz mütəxəssislərdən və sanballı ədəbiyyatlardan uşağınızın xəstəliyi haqda çox şey öyrənə bilərsiniz. Bunu xarici dil öyrənməyə bənzətmək olar. Əvvəl-əvvəl çətin gəlsə də, öyrənmək mümkündür.

Məqalənin əvvəlində sözləri gətirilən Kazım və Mehri öz həkimlərindən və Daun sindromu üzrə ixtisaslaşmış müəssisədən məlumat əldə etmişlər. Onlar deyir: «Biz nəinki qarşılaşa biləcəyimiz çətinliklər, həmçinin xəstəliyinə baxmayaraq, oğlumuzun edə biləcəyi şeylər haqda öyrəndik. Biz bildik ki, oğlumuz bir çox sahələrdə normal həyat tərzi sürə bilər. Ürəyimiz xeyli sakitləşdi».

TƏKLİF. Diqqətinizi uşağınızın bacardığı işlərə yönəldin. Ailəlikcə nə isə edin. Uşağınız cüzi də olsa, «nailiyyət» əldə edərsə, onu dərhal tərifləyin və sevincinə şərik olun.

ÇƏTİNLİK 2. ÖZÜNÜZÜ TAQƏTDƏN DÜŞMÜŞ VƏ YALQIZ HİSS EDİRSİNİZ

Xəstə uşağa baxmaq sizi bəzən tamamilə üzə bilər. Cenni (Yeni Zelandiya) deyir: «Oğluma onurğa beyni yırtığı (spina bifida) diaqnozu qoyulmuşdu. Artıq bir neçə ildən sonra gücüm tükənmişdi — evdə əlavə iş görən kimi əldən düşürdüm və oturub ağlayırdım».

Üstəlik, belə hallarda valideyn problemi ilə təkbətək qaldığını hiss edə bilər. Benin oğlu əzələ distrofiyasından və Asperger sindromundan əziyyət çəkir. O deyir: «Əksər insanlar bizim nələr çəkdiyimizi heç vaxt başa düşməyəcək. Hərdən ürəyimdən kiminləsə oturub dərdləşmək keçir. Amma dostlarımın uşaqları sağlam olduğundan dərdimi onlara söyləməkdən çəkinirəm».

MƏSLƏHƏT. Başqalarından yardım istəyin. İnsanlar sizə kömək əlini uzadanda geri çevirməyin. Yuxarıda sözləri gətirilən Culiana deyir: «Bəzən ərimlə mən kimdənsə kömək istəməyə utanırıq. Amma hər şeyi təkbaşına etmək mümkün deyil. Başqaları bizə kömək edəndə özümüzü tək hiss etmirik». Yaxın dostunuz və ya ailə üzvünüz yığıncaqda və ya qonaqlıqda uşağınızın yanında oturmağı təklif edərsə, etiraz etməyin. Müqəddəs Kitabda deyilir: «Dost hər zaman sevər, qardaş dar gün üçün doğular» (Süleymanın məsəlləri 17:17).

Öz sağlamlığınızın qeydinə qalın. Təcili yardım maşını xəstələri xəstəxanaya çatdırmaq üçün vaxtaşırı olaraq yanacaq çənini doldurmalı olduğu kimi, siz də güc toplamaq və xəstə uşağınıza lazımi qayğını göstərmək üçün sağlam qidalanmalı, idman etməli və kifayət qədər dincəlməlisiniz. Oğlu əlil olan Xavyer deyir: «Oğlum şikəstdir, gəzə bilmir. Buna görə də yaxşı qidalanmağa çalışıram, çünki onu hər yerə aparan mənəm. Demək olar ki, mən onun gəzən ayaqlarıyam!»

Sağlamlığınızın qeydinə qalmaq üçün vaxtı haradan tapa bilərsiniz? Bəzi ər-arvadlar uşağa növbə ilə baxırlar. Biri uşağa baxdığı müddətdə o birisi dincəlir və ya öz işləri ilə məşğul olur. Sizə az əhəmiyyətli işləri qurban vermək lazım gələ bilər. Bəzən tarazlığı qorumaq çətindir. Lakin Hindistanda yaşayan Mayuri adlı qadının dediyi kimi, «əvvəl-axır hər şey öz yoluna düşür».

Etibarlı bir dostla söhbət edin. Hətta uşaqları sağlam olan insanlar belə sizin üçün əsil dərddaş ola bilər. Yehova Allaha da dua edə bilərsiniz. Dua, həqiqətənmi, kömək edir? Yazmin adlı bir qadının iki övladı kistoz fibrozdan [tənəffüs və həzm sistemlərinin pozulduğu sağalmaz xəstəlik] əziyyət çəkir. O deyir: «Bəzən hər şey üstümə gəlir və artıq dözməyə gücüm olmur. Belə anlarda mənə sakitlik və güc verməsi üçün Yehova Allaha dua edirəm. Bundan sonra hiss edirəm ki, dizlərimə taqət, qollarıma güc gəlir» (Məzmur 145:18).

TƏKLİF. Yeməyinizə və yatmağınıza fikir verin, vaxtlı-vaxtında idman edin. Sağlamlığınızın qeydinə daha yaxşı qalmaq üçün az əhəmiyyətli məşğuliyyətlərdən necə imtina edə biləcəyinizi müəyyən edin. Lazım gələrsə, cədvəlinizdə dəyişiklik edin.

ÇƏTİNLİK 3. DİGƏR AİLƏ ÜZVLƏRİNİZƏ NİSBƏTƏN XƏSTƏ UŞAĞINIZA DAHA ÇOX DİQQƏT YETİRİRSİNİZ

Ailədə xəstə uşağın olması ailənin nə yediyinə, hara getdiyinə və valideynlərin hər uşağa nə qədər vaxt ayırdığına təsir edə bilər. Nəticədə, ailənin digər uşaqları özlərini diqqətdən kənarda qalmış hiss edir. Üstəlik, bəzən valideynlərin başı xəstə uşağa o qədər qarışır ki, bu, onların ər-arvad münasibətlərinə də təsir edir. «Hərdən arvadım deyir ki, bütün yük onun üzərindədir, mən isə oğluma heç baxmıram. Bunu özümə qarşı hörmətsizlik kimi qəbul edirəm və elə olur ki, kobud cavab verirəm», — deyə Liberiyada yaşayan Layonel adlı bir ailə başçısı etiraf edir.

MƏSLƏHƏT. O biri uşaqlarınız özlərini diqqətdən kənarda hiss etməsinlər deyə onlarla birgə vaxt keçirin. Yuxarıda sözləri gətirilən Cenni deyir: «Vaxtaşırı biz sırf böyük oğlumuz üçün xüsusi bir şey edirik, məsələn, nahar etmək üçün onun xoşladığı restorana gedirik».

Bütün uşaqlarınıza diqqət göstərin

Nikahınızı qorumaq üçün isə həyat yoldaşınızla ünsiyyət edin, birlikdə dua edin. Oğlu epilepsiyadan əziyyət çəkən Asim adlı Hindistanda yaşayan bir ata deyir: «Baxmayaraq ki mən və həyat yoldaşım bəzən çox yorğun və dilxor oluruq, amma təyin etdiyimiz vaxtda oturur, birgə söhbət edir və dua edirik. Hər səhər, uşaqlarımız oyanmazdan əvvəl arvadımla mən Müqəddəs Kitabdan bir ayə araşdırırıq». Digər ər-arvadlar isə yatmazdan qabaq bir-birləri ilə söhbət edir. Sizin təkbətək ünsiyyət etməyiniz və səmimi dualarınız həyatınızın keşməkeşli dövründə nikahınızı möhkəmləndirəcək (Süleymanın məsəlləri 15:22). Bir ər-arvad deyir: «Birlikdə keçirdiyimiz ən xoş, unudulmaz anlar ən çətin günlərdə yaşadığımız anlar olub».

TƏKLİF. Xəstə uşağınıza baxmaqda o biri uşaqlarınızın göstərdiyi köməkliyə görə onları tərifləyin. Övladlarınıza və həyat yoldaşınıza olan minnətdarlığınızı və sevginizi həmişə ifadə edin.

Müqəddəs Kitabda vəd edilir ki, Allah cavanından tutmuş qocasına qədər — hamıya əzab verən bütün xəstəlikləri aradan qaldıracaq (Vəhy 21:3, 4). Artıq heç kəs: «Xəstəyəm», — deməyəcək * (Yeşaya 33:24).

O vaxta qədər siz fiziki qüsuru olan uşağınıza qayğı göstərməklə onun üçün çox şey edə bilərsiniz. Məqalənin əvvəlində sözləri gətirilən Kazım və Mehri deyirlər: «Hər şey istədiyiniz kimi getməyəndə ruhdan düşməyin. Diqqətinizi uşağınızdakı müsbət məqamlara yönəldin, belə məqamlar o qədərdir ki!»

^ abz. 3 Bu məqalədəki adlar dəyişdirilib.

^ abz. 29 İnsanların kamil sağlamlığa qovuşacağı haqda daha ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilən «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslinə baxın.

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Fiziki, emosional və ruhani sağlamlığımı qorumaq üçün nə edirəm?

  • Sonuncu dəfə göstərdikləri köməyə görə o biri uşaqlarımı nə vaxt tərifləmişəm?