Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | PİS ŞEYLƏR YAXŞI İNSANLARIN BAŞINA GƏLİR?

Başı bəlalı dünya!

Başı bəlalı dünya!

Banqladeşin Dəkkə şəhərində yaşayan 35 yaşlı Smitanı * mehriban, hamıya can yandıran bir qadın kimi tanıyırdılar. O, zəhmətkeş insan və gözəl həyat yoldaşı idi. Smita insanlara Allah haqqında öyrətməkdən sevinc duyardı. Ancaq onun qəfil xəstəliyə düçar olub bir həftənin içində can verməsi yaxınlarını və dostlarını yaman sarsıtmışdı!

Nyu–Yorkda yaşayan Ceymsi və həyat yoldaşını hamı sevirdi. Bir bahar günü onlar ABŞ-in qərb sahillərində yaşayan dostlarıgilə qonaq getmiş və bir daha evlərinə geri qayıtmamışlar. Hardasa 30 yaşlarında olan bu gənc cütlüyün avtomobil qəzasında həlak olması sevənlərinin və iş yoldaşlarının ürəyinə dağ basmışdı.

Dünyanın pislik və bəla girdabında batdığını görmək üçün uzağa getmək lazım deyil. Müharibələrdə əsgərlərlə yanaşı, dinc əhali də qırılır. Günahsız insanlar cinayətkarlığın və zorakılığın qurbanı olurlar. Ölümlə nəticələnən bədbəxt hadisələr və insanı şikəst qoyan xəstəliklər qoca-cavan bilmədən, kimliyinə baxmadan hamının başına gəlir. Təbii fəlakətlər ağına-bozuna baxmadan hər şeyi silib-süpürür. Qərəz və ədalətsizlik geniş vüsət alıb. Bəlkə, siz də bu kimi şeylərin qurbanı olmusunuz.

Bizdə təbii olaraq aşağıdakı suallar yarana bilər:

  • Niyə pis şeylər yaxşı insanların başına gəlir?

  • Bəlaların səbəbkarı Allahdır?

  • Bəlalar təsadüfən olur, yoxsa bu, insanların işidir?

  • İnsanın başına gələn fəlakətlər keçmiş həyatda etdiyi günahların (karma qanunu) əvəzidir?

  • Qadir Allah yaxşı insanları niyə qorumur?

  • Dərd-sər nə vaxtsa bitəcək?

Bu sualların cavabını bilmək üçün iki vacib sualın cavabını tapmalıyıq: ümumiyyətlə, pisliyin səbəbi nədir? Allah bütün bu şeylərə necə çarə qılacaq?

^ abz. 3 Adlar dəyişdirilib.