ON İKİNCİ FƏSİL
Allah ona ürək-dirək verdi
1, 2. İlyas peyğəmbər nə barədə düşünür?
İLYAS PEYĞƏMBƏR yağışın altında Yizrailə qaçır. Hava get-gedə qaralır. Yizrailə çatmağa hələ çox var, yaş da həmin yaş deyil. Amma Yehovanın verdiyi güclə o, dayanmadan qaçır. Peyğəmbər hələ heç vaxt özünü bu qədər güclü hiss etməyib. Elə qaçır ki, padşahın atlar qoşulmuş arabasını da ötüb-keçir. (1 Padşahlar 18:46 ayəsini oxu.)
2 Bu uzun yolda peyğəmbər özü ilə baş-başa qalıb. O qaçdıqca yağış damlaları üz-gözünə çırpılır. Peyğəmbər gün ərzində baş verən hadisələri düşünür. Bu gün Yehova Allah və pak ibadət möhtəşəm zəfər çalıb. Allah Karmel dağında İlyas peyğəmbərin duasına cavab olaraq Baal dininə güclü zərbə vurub. Yüzlərlə Baal peyğəmbərinin saxtakarlığı üzə çıxıb, onlar layiqli cəzalarını alıblar. İlyas peyğəmbər Yehova Allahdan üç il yarım sürən, ölkəni acınacaqlı vəziyyətə salan quraqlığa son qoymağı diləyib. Allah da onun duasına cavab olaraq yağış göndərib! İndi başı küləkli Karmel dağı arxada qalıb, buludlar arasında gözdən itib (1 Pad. 18:18—45).
3, 4. a) Ola bilsin, İlyas peyğəmbər nəyə ümid edirdi? b) Bu fəsildə hansı suallara cavab tapacağıq?
3 Peyğəmbər gölməçələrin içindən keçə-keçə böyük ümidlə Yizrailə doğru qaçır. Yəqin o ümid edir ki, vəziyyət dəyişəcək, Əhəb nə isə edəcək. Axı baş verən hadisələrdən sonra Əhəb bir tədbir görməlidir: Baala ibadətdən əl çəkməli, arvadı İzəbilin qabağını almalı və Yehova Allahın sadiq xidmətçilərinin zülmünə son qoymalıdır.
4 Adətən hər şey istədiyimiz kimi gedəndə biz gələcəyə ümidlə baxırıq. Düşünürük ki, artıq pis günlər geridə qalıb, vəziyyət get-gedə yaxşı olacaq. Yəqin İlyas peyğəmbər də belə düşünürdü, axı o da «bizim kimi adi bir insan idi» (Yaq. 5:17). Amma onu qabaqda çox çətinliklər gözləyir. Bir neçə saat içində o qədər qorxacaq, o qədər pərişan olacaq ki, hətta Allahdan ölüm diləyəcək. Axı niyə? Bəs Yehova Allah onun imanını necə gücləndirəcək, onu necə cəsarətləndirəcək? Gəlin bu barədə danışaq.
Gözlənilməz hadisələr
5. Karmel dağındakı hadisələrdən sonra Əhəbin ürəyində Yehova Allaha ehtiram yarandımı?
5 Əhəb Yizraildəki sarayına çatandan sonra nə etdi? Baala ibadətdən əl çəkdi? Müqəddəs Kitabda deyilir: «Əhəb İlyasın elədiklərini, peyğəmbərləri qılıncdan keçirdiyini İzəbilə danışdı» (1 Pad. 19:1). Amma baş verən hadisələri arvadına nəql edərkən Yehova Allahdan bir kəlmə də olsun söz açmadı. Padşah o gün baş verən möcüzələrə insan gözü ilə baxırdı, düşünürdü ki, onları Allah yox, İlyas edib. Göründüyü kimi, Əhəbin ürəyində Yehova Allaha ehtiram yaranmamışdı. Bəs zalım İzəbil eşitdiyi xəbərə necə yanaşdı?
6. İzəbil İlyas peyğəmbərə hansı xəbəri göndərdi və bu, nə demək idi?
6 İzəbil özündən çıxdı! Məlikə qəzəbdən od tutub yandı və İlyas peyğəmbərə belə bir xəbər göndərdi: «Əgər sabah bu vaxt səni onların gününə qoymasam, qoy allahlar mənim cəzamı versin!» (1 Pad. 19:2). Bu, ən güclü ölüm hədəsi idi. İzəbil and içdi ki, sabah ya İlyas peyğəmbəri öldürüb Baal peyğəmbərlərinin qisasını alacaq, ya da özü öləcək. Belə bir səhnəni təsəvvür edin: yağmurlu gecədir. İlyas peyğəmbər Yizraildə kasıb bir komada yatıb. Bu vaxt məlikənin göndərdiyi qasid onu oyadıb dəhşətli xəbəri ona çatdırır. Bu xəbər ona necə təsir edir?
Məyusluq və qorxu
7. İzəbilin hədə-qorxusu İlyas peyğəmbərə necə təsir etdi və o nə etdi?
7 Bəlkə də, bu ana qədər İlyas peyğəmbər Baala qarşı mübarizənin sona çatdığını düşünürdü, amma indi başa düşdü ki, yanılır. Həmin gün baş verən hadisələr İzəbilə kar eləmədi. İzəbilin əmri ilə Allahın bir çox peyğəmbəri edam edilmişdi, indi növbə İlyasın idi. İzəbilin hədə-qorxusu İlyas peyğəmbərə necə təsir etdi? Müqəddəs Kitabda deyilir ki, «İlyas qorxdu». Ola bilsin, o, amansızcasına qətlə yetiriləcəyini gözünün qabağına gətirirdi. Yəqin bu haqda fikirləşdikcə canına vəlvələ düşürdü. Buna görə də peyğəmbər canını götürüb qaçdı (1 Pad. 18:4; 19:3).
Cəsur, qorxmaz qalmaq üçün bizi qorxudan, təlaşa salan fikirləri beynimizdən qovmalıyıq
8. a) İlyas peyğəmbər və həvari Butrus hansı oxşar hissləri keçirmişdilər? b) Biz onlardan özümüzə nə dərs götürürük?
8 İlyas peyğəmbər iman sahibləri içində qorxuya düşən yeganə insan deyil. Uzun illər sonra həvari Butrus da qorxuya Mətta 14:30 ayəsini oxu.) Biz İlyas peyğəmbərlə həvari Butrusdan vacib bir dərs götürürük. Cəsur, qorxmaz qalmaq üçün bizi qorxudan, təlaşa salan fikirləri beynimizdən qovmalıyıq. Bizə ümid və güc verən Yehova Allah barədə düşünməliyik.
düşmüşdü. Bir dəfə Butrus İsa Məsihin buyruğuyla suyun üzü ilə yerimişdi. Amma sonra fırtınaya baxıb qorxmuş və batmağa başlamışdı. («Daha bəsdir!»
9. İlyas peyğəmbərin səfərini və keçirdiyi hissləri təsvir edin.
9 İlyas peyğəmbər qorxub Biir-Səba şəhərinə qaçdı. Bu şəhər Yizraildən 150 kilometr cənub-qərbdə, Yəhudanın cənub sərhədinin yaxınlığında yerləşirdi. O, öz nökərini orada qoyub çöllüyə getdi. Müqəddəs Kitabda yazılıb ki, o, «bir gün yol getdi». Gəlin təsəvvür edək: gün təzə-təzə doğur. İlyas peyğəmbər özü ilə heç nə götürməyib yola düşür. Qorxu, təlaş keçirən bu mömin insan çöl-biyabanda, qızmar günəş altında yol gedir. Günəş getdikcə qırmızı rəngə boyanır və üfüqün arxasında gizlənir. Artıq peyğəmbərin yola davam etməyə taqəti qalmayıb. O, bir süpürgə ağacı görüb altında oturur. Bu çöl-biyabanda yeganə daldalanacaq yer bu ağacın altıdır (1 Pad. 19:4).
10, 11. a) İlyas peyğəmbərin duada dediyi sözlərin mənası nədir? b) 11-ci abzasda gətirilən ayələrin köməyi ilə Allahın sadiq bəndələrinin ümidsizliyə qapılanda nə hisslər keçirdiyini söyləyin.
10 Peyğəmbər ümidsizlik içində Allaha dua edir, Ondan ölüm diləyib deyir: «Ata-babalarımdan artıq deyiləm». O bilirdi ki, ata-babaları ölüb torpağa qarışıb, ancaq quru sümükləri qalıb, onlar heç kimə kömək edə bilməzlər (Vaiz 9:10). Peyğəmbər də özünü onlar kimi aciz sayır və deyir: «Daha bəsdir!» İlyas peyğəmbər üçün artıq yaşamağın mənası yoxdur.
11 Allahın sadiq bəndəsinin bu dərəcədə ümidsizliyə qapılması bizə qəribə gələ bilər. Amma İlyas peyğəmbər bu cür hisslər yaşayan yeganə insan deyil. Müqəddəs Kitabda başqa mömin kişi və qadınların da Allahdan ölüm dilədiyi haqda yazılıb. Onların sırasında Rəfəqənin, Yaqub, Musa və Əyyub peyğəmbərin adını çəkmək olar (Yar. 25:22; 37:35; Say. 11:13—15; Əyy. 14:13).
12. İlyas peyğəmbərdən nə öyrənirik?
12 Biz son dərəcə çətin bir vaxtda yaşayırıq. Buna görə təəccüblü 2 Tim. 3:1). Belə vəziyyətə düşəndə İlyas peyğəmbərdən örnək alın: ürəyinizi Yehova Allaha boşaldın! Axı Yehova «hər cür təsəlli Allahı»dır. (2 Korinflilərə 1:3, 4 ayələrini oxu.) Bəs təsəlli Allahı İlyas peyğəmbərə təsəlli verdi?
deyil ki, bir çox insanlar, hətta Allahın sadiq bəndələri də hərdən məyusluğa qapılırlar (Yehova Allah peyğəmbərinə dayaq oldu
13, 14. a) Yehova Allah mələk vasitəsilə peyğəmbərinin qeydinə necə qaldı? b) Nəyə görə Allahın hər birimizi ayrı-ayrılıqda yaxşı tanıması bizi ürəkləndirir?
13 Sevimli peyğəmbərinin çöllükdə bir ağac altda uzandığını və özünə ölüm arzuladığını görəndə, sizcə, Yehova Allah hansı hissləri keçirirdi? İlyas peyğəmbər yuxuya dalanda Yehova Allah mələyini onun yanına göndərdi. Mələk ehmalca toxunub onu yuxudan oyatdı və dedi: «Dur yemək ye». İlyas peyğəmbər qalxıb yemək yedi. Mələk onun qabağına isti çörək və su qoymuşdu. Bəs peyğəmbər mələyə təşəkkür etdi? Müqəddəs Kitabda sadəcə yazılıb ki, peyğəmbər yeyib-içib təzədən yatdı. Bəlkə də, özünü o qədər pis hiss edirdi ki, danışmaq belə, istəmirdi. Mələk onu ikinci dəfə oyadanda yəqin səhər təzə açılırdı. Bu dəfə də ona: «Dur yemək ye», — dedi və əlavə etdi: «Çünki səfərin ağır olacaq» (1 Pad. 19:5—7).
14 Allah Öz mələyinə İlyas peyğəmbərin hara yol aldığını əyan etmişdi. Mələk bilirdi ki, peyğəmbərin səfəri ağır olacaq, bu yolu öz gücü ilə qət edə bilməyəcək. Bəli, Allah niyyətlərimizi və gücümüzün həddini bizdən yaxşı bilir. Bu cür Allaha ibadət etmək insana rahatlıq gətirir. (Zəbur 103:13, 14 ayələrini oxu.) Bəs mələyin verdiyi yemək peyğəmbərə necə güc verdi?
15, 16. a) Yehova Allahın verdiyi yemək İlyas peyğəmbərə necə güc verdi? b) Bu gün Allah Öz xidmətçilərinin qeydinə necə qalır?
15 Müqəddəs Kitabda yazılıb: «O durdu, yedi, içdi. Yediyindən aldığı gücə qırx gün, qırx gecə yol gedib Huribə, Allahın dağına çatdı» (1 Pad. 19:8). İlyas peyğəmbər ondan altı əsr əvvəl yaşamış Musa peyğəmbər kimi və haradasa on əsr sonra yaşamış İsa peyğəmbər kimi qırx gün-qırx gecə yemək yemədi (Çıx. 34:28; Luka 4:1, 2). Allahın verdiyi yemək peyğəmbərin bütün problemlərini həll etməsə də, ona qeyri-adi güc verdi. Təsəvvür edin: ahıl yaşlı peyğəmbər günlərlə, həftələrlə, haradasa ay yarım yolsuz-izsiz səhrada min bir əziyyətlə yol gedir.
16 Bu gün Yehova Allah xidmətçilərinə möcüzəvi şəkildə yemək vermir, onları daha vacib bir şeylə — ruhani qida ilə təmin edir (Mət. 4:4). Biz Allahın Kəlamı və bu Kəlama əsaslanan ədəbiyyatlar vasitəsilə Yaradanımızı yaxından tanıyırıq. Bu bilik bizə Allaha xidmət etməyə kömək edir. Aldığımız ruhani qida bütün problemlərimizi həll etməsə də, dözülməz çətinliklərə dözməyə güc verir. Həmçinin bu bilik sayəsində biz əbədi həyata qovuşacağıq (Yəh. 17:3).
17. İlyas peyğəmbər hara gəlib çıxır və bu yer nə ilə əlamətdar idi?
17 İlyas peyğəmbər təxminən 320 kilometr yolu qət etdikdən sonra gəlib Hurib dağına çatır. Bu dağda çoxlu əlamətdar hadisələr baş vermişdi. Uzun illər öncə bu dağda Yehova Allah yanar kolun içindən mələk vasitəsilə Musa peyğəmbərlə danışmış və sonralar burada İsrail xalqı ilə əhd bağlamışdı. İlyas peyğəmbər bir mağara tapıb oraya girir.
Yehova Allah peyğəmbərinə ürək-dirək verdi
18, 19. a) Mələk İlyas peyğəmbərdən nə soruşur və peyğəmbər ona nə cavab verir? b) Hansı səbəblərə görə İlyas peyğəmbər ruhdan düşmüşdü?
18 Hurib dağında İlyas peyğəmbərə Yehova Allahın sözü nazil olur. Allah yəqin ki, mələk vasitəsilə ondan soruşur: «İlyas, burada nə edirsən?» Ehtimal ki, Allah bu sualı ona mülayim şəkildə verir, belə ki, bu sual peyğəmbəri ürəyini Allaha açmağa təşviq edir. O deyir: «Ey ordular Allahı Yehova! Mən Sənin qeyrətini çəkirəm, çünki İsrail xalqı Sənin əhdini unudub, qurbangahlarını uçurub, peyğəmbərlərini qılıncdan keçirib. Təkcə mən qalmışam. İndi də mənim canımı almaq istəyirlər» (1 Pad. 19:9, 10). İlyas peyğəmbərin sözlərindən görünür ki, ən azı üç şey onu ruhdan salmışdı.
19 Birincisi, İlyas peyğəmbər düşünürdü ki, indiyədək nə edibsə, hamısı boş imiş. O, uzun illər idi ki, Yehova Allahın qeyrətini çəkərək Ona xidmət edirdi, Onun müqəddəs adını və Ona ibadəti hər şeydən üstün tuturdu. Buna baxmayaraq, vəziyyət yaxşılaşmır, əksinə pisləşə-pisləşə gedirdi. Xalq hələ də imansız və üsyankar idi, saxta ibadət get-gedə yayılırdı. İkincisi, İlyas peyğəmbər fikirləşirdi ki, tək qalıb. «Təkcə mən qalmışam» sözləri ilə demək istəyirdi ki, Yehova Allaha ibadət edənlərdən yalnız o sağ qalıb. Üçüncüsü isə, İlyas peyğəmbərin canına vəlvələ düşmüşdü. Peyğəmbərlərin çoxunu öldürmüşdülər və o əmin idi ki, növbəti qurban odur. Bəlkə də, bütün bunları Allaha danışmaq peyğəmbərə asan deyildi, amma o, qüruru, utancaqlığı bir kənara qoyub ürəyini Allaha açdı. Bununla da İlyas peyğəmbər Allahın bütün saleh bəndələrinə gözəl örnək qoydu (Zəb. 62:8).
20, 21. a) İlyas peyğəmbər mağaranın ağzında duranda nə baş verir? b) Yehova Allah qüdrətini nümayiş etdirməklə peyğəmbərə nəyi başa salmaq istəyirdi?
20 Yehova Allah İlyas peyğəmbərin qorxusunu və narahatçılığını necə aradan qaldırır? Mələk İlyas peyğəmbərə mağaranın ağzında durmağı buyurur. Səbəbini bilməsə də, peyğəmbər əmrə tabe olur. Birdən güclü külək qalxır. Küləyin səsi qulaq batırır, elə güclü əsir ki, dağları yarır, qayaları parçalayır. Belə bir səhnəni təsəvvür edin: İlyas peyğəmbər bir əli ilə gözlərini örtüb, o biri əli ilə bərk-bərk tüklü, ağır paltarından yapışıb. Küləyin dalınca zəlzələ başlayır, yer titrəyir, peyğəmbər çalışır ki, yıxılmasın. Hələ özünü toparlamamış çox güclü alov qalxır, onun istisindən İlyas peyğəmbər tez mağaranın içinə girir (21 Müqəddəs Kitabda deyilir ki, Yehova Allah bu təbiət qüvvələrinin heç birində deyildi. İlyas peyğəmbər bilirdi ki, Yehova Allah bütpərəstlərin «buludlara süvar olan», yəni yağış yağdıran allah saydığı Baal kimi əfsanəvi təbiət allahı deyil. Yehova Allah möhtəşəm təbiət qüvvələrini yaradandır və yaratdığı şeylərdən qat-qat ucadır. O, hətta göylərə belə, sığmaz! (1 Pad. 8:27). Bütün bunlar İlyas peyğəmbərə necə kömək etdi? Yadınızdadır, o, Əhəbdən və İzəbildən necə qorxmuşdu? Yehova kimi qüdrətli Allah onunla idi, onun kimdənsə qorxmasına səbəb yox idi. (Zəbur 118:6 ayəsini oxu.)
22. a) «Sakit, həzin səs» İlyas peyğəmbərə necə toxtaqlıq verir? b) «Sakit, həzin səs» kimin səsi idi? (Haşiyəyə bax.)
22 Alov yox olandan sonra ətrafa sükut çökür və İlyas peyğəmbər «sakit, həzin səs» eşidir. Bu səs onu yenə də ürəyini boşaltmağa təşviq edir, peyğəmbər yenə də ürəyindən keçənləri dilə gətirir *. Yəqin bu, ona bir az da toxtaqlıq verir. Sözsüz ki, bu səsin sonra dediyi sözlər ona daha çox toxtaqlıq verir. Yehova Allah İlyas peyğəmbəri əmin edir ki, o, Onun gözündə dəyərlidir. Allah onu buna necə əmin edir? Yehova Allah peyğəmbərinə Baal dininə qarşı mübarizənin gələcək gedişatını açır. İlyas peyğəmbərin gördüyü iş hədər deyil, çünki Allah Öz niyyətini yavaş-yavaş həyata keçirir və heç kim buna mane ola bilməz. Üstəlik, Yehova Allah İlyas peyğəmbərə yeni tapşırıq verib göstərir ki, bu niyyətin həyata keçməsində onun da payı var (1 Pad. 19:12—17).
23. Yehova Allah İlyas peyğəmbərə tək olmadığını necə başa saldı?
23 Yadınızdadırsa, İlyas peyğəmbər tək qaldığını düşünürdü. Bəs Yehova Allah bu məsələdə ona necə toxtaqlıq verdi? Birincisi, İlyas peyğəmbərə buyurdu ki, Əlyəsəni məsh edib öz xələfi təyin etsin. Bu cavan İlyas peyğəmbərin əməkdaşı olacaq və uzun illər onun qulluğunda duracaqdı. Bu, peyğəmbərə toxtaqlıq verdi. İkincisi, Allah ona xoş xəbər çatdırdı: «Mən İsraildə Baal önündə diz çökməyən, onu öpməyən yeddi min adam saxlamışam» (1 Pad. 19:18). Bəli, İlyas peyğəmbər tək deyildi. Allahın minlərlə sadiq bəndəsi Baala səcdə qılmamışdı. Yəqin ki, bu sözlər onun ürəyinə su səpmişdi. Bu ağır günlərdə İlyas peyğəmbər Allaha sədaqətlə xidmət edib onlar üçün gözəl örnək olmalı idi, onların buna ehtiyacı var idi. Sakit, həzin səsin, Yehova Allahın mələyinin peyğəmbərə çatdırdığı xəbər, sözsüz ki, onu mütəəssir etmişdi.
Allahın Kəlamının göstərdiyi istiqamətlə getsək, bu kitab bizim üçün «sakit, həzin səs» olacaq
24, 25. a) Bu gün Allahın sakit, həzin səsini necə eşidə bilərik? b) Haradan bilirik ki, Allahın sözləri İlyas peyğəmbəri ruhlandırmışdı?
24 Möhtəşəm təbiət qüvvələri İlyas peyğəmbər kimi, bizi də heyrətə gətirir, belə də olmalıdır. Xilqət açıq-aşkar Xaliqin qüdrətinə şəhadət edir (Rom. 1:20). Yehova Allah bu gün də sonsuz qüdrəti ilə sadiq bəndələrinə sevə-sevə kömək edir (2 Saln. 16:9). Biz bu gün Yaradanımızın səsini, əsas etibarı ilə, Müqəddəs Kitabın səhifələrindən eşidirik. (Əşiya 30:21 ayəsini oxu.) Allahın Kəlamının göstərdiyi istiqamətlə getsək, bu kitab bizim üçün «sakit, həzin səs» olacaq, bizə öyüd-nəsihət verəcək, ruhlandıracaq və Yehova Allahın bizi sevdiyinə əmin edəcək.
25 Şübhəsiz ki, Yehova Allahın Hurib dağında göstərdiyi xariqələr, dediyi sözlər İlyas peyğəmbəri ruhlandırmışdı. Çox keçməmiş o, yenidən cəsarətlə Allaha qulluq etməyə, xalqı bütpərəstlikdən çəkindirməyə başladı. Əgər biz Allahdan ilham almış sözlərə, «Müqəddəs Yazılardan aldığımız təsəlli» sözlərinə ciddi yanaşsaq, onda İlyas peyğəmbər kimi iman sahibi olacağıq (Rom. 15:4).
^ abz. 22 Ehtimal ki, «sakit, həzin səs» 1 Padşahlar 19:9 ayəsində Yehova Allahın sözünü çatdıran ruhani varlığın səsi idi. Həmin fəslin 15-ci ayəsində İlyas peyğəmbərlə danışan varlıq «Yehova» adı ilə təqdim olunur. Gəlin İsrail xalqına səhrada bələdçilik edən mələyi yadımıza salaq. Onun barəsində Yehova Allah demişdi: «O, Mənim adımı daşıyır» (Çıx. 23:21). Maraqlıdır ki, İsa Məsih yer üzünə gəlməzdən öncə Yehova Allahın sözlərini Onun xidmətçilərinə çatdırdığı üçün Yəhya 1:1 ayəsində «Söz» adlanır.