Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU

Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?

Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?

Bu gün dünya pornoqrafiya a selinə məruz qalıb. Pornoqrafiyaya hər yerdə — reklamlarda, dəbdə, kinolarda, musiqilərdə, jurnal və televiziyada, videooyunlarda, smartfonlarda, mobil cihazlarda, veb-saytlarda və onlayn şəkil paylaşma xidmətlərində rast gəlmək mümkündür. Pornoqrafiya müasir cəmiyyətdə böyük kütlə tərəfindən normal qarşılanır. Bu gün tarixdə heç vaxt olmadığı qədər daha çox insan pornoqrafiyaya maraq göstərir. ( «Pornoqrafiya ilə bağlı faktlar» adlı çərçivəyə baxın.)

Pornoqrafiyanın məzmunu da dəyişir. Professor Qeyl Dayns yazır: «İndiki şəkillər elə həddə gəlib çatıb ki, əvvəllər ayıb sayılanlar indi normal qarşılanır».

Siz bu barədə nə düşünürsünüz? Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir? İsa demişdi: «Hər yaxşı ağac yaxşı meyvə verir, çürük ağac isə yararsız meyvə verir» (Mətta 7:17). Pornoqrafiya hansı bəhrələri gətirir? Cavabı tapmaq üçün gəlin pornoqrafiya ilə bağlı bəzi vacib suallara diqqət yetirək.

Pornoqrafiya insana necə təsir edir?

MÜTƏXƏSSİSLƏR NƏ DEYİR? Pornoqrafiya narkotik kimidir, ona aludə olmaq çox asandır.

İnternet pornoqrafiyasına aludə olan Brayn b adlı bir nəfər deyir: «Heç nə məni saxlaya bilmirdi. Özümü narkotik qəbul eləmiş adam kimi hiss edirdim. Beynimdə həqiqi mənada sarsıntı və ağrı keçirirdim. Nə qədər tərgitməyə çalışsam da, illərlə bu vərdişimdən yaxa qurtara bilmədim».

Pornoqrafiyaya aludə olan insanlar bu vərdişlərini başqalarından gizlədirlər. Buna görə onlar hiyləyə və yalana da əl ata bilərlər. Pornoqrafiyaya baxanların çoxu özlərini tənha və gərgin hiss edirlər, depressiyada olurlar, utanırlar, narahatlıq keçirirlər. Bəzi hallarda bu insanlar intihar etmək barədə də düşünürlər. Serqa adlı bir nəfər demək olar ki, hər gün telefonuna pornoqrafiya yükləyirdi. O deyir: «Özümü dəyərsiz, günahkar, tənha və tələdə hiss edirdim. Elə utanırdım ki, kömək istəməyə də qorxurdum».

Pornoqrafiya insana çox böyük zərəri var, hətta ona ötəri baxsa da. Pornoqrafiya üzrə araşdırmalar aparan Dr. Cüdit Reysman qeyd etmişdi ki, pornoqrafik şəkillər insan beyninə həkk olur və unutmaq çətin olur. Suzan adlı 19 yaşlı bir qızın internetdə qabağına anidən pornoqrafik saytlar çıxmışdı. O deyir: «O şəkillər elə bil yaddaşıma yazıldı. Bu şəkilləri yaddaşımdan silib ata bilmirəm. Hərdən onlar gözümün qabağına gəlir».

XÜLASƏ: Pornoqrafiya insanı kölə edir və qurbanını məhv edir (2 Butrus 2:19).

Pornoqrafiya ailələrə necə təsir edir?

MÜTƏXƏSSİSLƏR NƏ DEYİR? «Pornoqrafiya ucbatından cütlüklər ayrılır, ailələr dağılır» («The Porn Trap», Wendy and Larry Maltz).

Pornoqrafiya nikaha və ailəyə bu cür təsir edir:

  • Ər-arvad arasında etibarı, məhrəm hissləri və məhəbbəti məhv edir (Məsəllər 2:12—17).

  • İnsanın xudbin olmasına, həyat yoldaşından soyumasına gətirib çıxarır, emosional boşluq yaradır (Efeslilərə 5:28, 29).

  • İnsanda düzgün olmayan seksual fantaziyalar, istəklər oyadır (2 Butrus 2:14).

  • İnsan həyat yoldaşını namünasib seksual hərəkətlər etməyə məcbur edir (Efeslilərə 5:3, 4).

  • İnsanı həm əqlən, həm də cismən xəyanətə sürükləyir (Mətta 5:28).

Müqəddəs Kitabda yazılıb ki, ərlə arvad bir-birilərinə xəyanət etməməlidir (Məlaki 2:16). Sədaqətsizlik xəyanətdir və nikahı dağıda bilər. Ərlə arvadın ayrılmasına və ya boşanmasına gətirib çıxara bilər. Ailədə uşaqlar da bundan böyük zərər görür.

Pornoqrafiya uşaqlara da birbaşa təsir edir. Yuxarıda adı çəkilən Brayn deyir: «Haradasa 10 yaşım olanda gizlən-qaç oynayan vaxt təsadüfən atamın pornoqrafik jurnallarını tapdım. Bu jurnallara gizli-gizli baxmağa başladım. Özüm də bilmirdim ki, həmin şəkillərə baxmağa məni nə cəlb edir. Nəticədə yetkinlik yaşıma kimi bu pis vərdişimdən qurtula bilmədim». Araşdırmalar göstərir ki, pornoqrafiya yeniyetmələrin gənc yaşlarında cinsi aktivliyini artırır. Belə gənclər daha çox insanla cinsi əlaqədə olur, cinsi zorakılığa meyilli, emosional və psixoloji cəhətdən qeyri-stabil olurlar.

XÜLASƏ: Pornoqrafiya gözəl münasibətləri zəhərləyir, insana ürəkağrısı, əzab verir (Məsəllər 6:27).

Müqəddəs Kitabda pornoqrafiya barədə nə deyilir?

ALLAHIN KƏLAMINDA YAZILIB: «Yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (Koloslulara 3:5).

Qısa desək, Yehova c pornoqrafiyaya nifrət edir. Bu o demək deyil ki, O, cinsi münasibətlərə pis yanaşır. Yehova bizi cinsi qabiliyyətlərlə yaradıb. Məqsədi isə o olub ki, ər-arvad bir-birilərini məmnun eləsin, emosional cəhətdən bir-birilərinə yaxınlaşsın və uşaq dünyaya gətirsinlər (Yaqub 1:17).

Bəs onda nə üçün deyirik ki, Yehova pornoqrafiyaya nifrət edir? Gəlin bir neçə səbəbə baxaq.

XÜLASƏ: Pornoqrafiya insanın Allahla dostluğuna zərər vurur (Romalılara 1:24).

Amma Yehova pornoqrafiyadan qurtulmaq istəyən insanlara qarşı çox mərhəmətlidir. Müqəddəs Kitabda deyilir: «Yehova mərhəmət, şəfqət sahibidir, səbirlidir, məhəbbəti boldur. Çünki necə yarandığımızı yaxşı bilir, torpaq olduğumuzu unutmur» (Zəbur 103:8, 14). O, təvazökar insanları dara düşəndə Ondan mərhəmət və lütf görməyə səsləyir (İbranilərə 4:16;  «Pornoqrafiya tələsindən azad olmaq» adlı çərçivəyə baxın).

Saysız-hesabsız insan Allahın köməyini qəbul edib. Bəs bu köməyin bir faydası olub? Görün Müqəddəs Kitabda pis vərdişini tərgidənlər haqda nə deyilir: «Siz Allahımızın ruhu ilə və Ağamız İsa Məsihin adı ilə yuyulub təmizləndiniz, müqəddəs edildiniz, saleh sayıldınız» (1 Korinflilərə 6:11). Həvari Bulus kimi, bu cür insanlar da deyir: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13).

Pornoqrafiya asılılığından qurtulan Suzan deyir: «Bu tələdən qurtulmağınıza yalnız Yehova kömək edə bilər. Əgər Ondan kömək istəsəniz, sizə yol göstərməsini diləsəniz, Onun önündə yenidən təmiz bir bəndə kimi dura bilərsiniz. O sizi əsla yarı yolda qoymaz».

a Burada istifadə olunan «pornoqrafiya» sözü cinsi ehtiras oyatmaq məqsədilə hazırlanan açıq-saçıq şəkillərə, nəşrlərə və ya audio yazılara aiddir.

b Bu məqalədə adlar şərtidir.

c Müqəddəs Kitaba əsasən, Allahın adı Yehovadır.