FƏSİL 13
Padşahlığın müjdəçiləri hakimlər qarşısında
1, 2. a) Dini liderlər təbliğ işinin qarşısını almaq üçün nə etdilər və həvarilər buna necə münasibət göstərdilər? b) Nəyə görə həvarilər təbliğ işinə qoyulan qadağaya tabe olmadılar?
ERAMIZIN 33-cü ilinin Əllinci gün bayramından qısa vaxt ötüb. Yerusəlimdəki məsihi yığıncağı cəmi bir neçə həftədir ki, yaranıb. Şeytanın bunu hərəkətə keçmək üçün əlverişli vaxt hesab etməsinin səbəbi aydındır. Yığıncaq ruhən möhkəmlənməmiş Şeytan onu dağıtmaq istəyir. O, tez bir zamanda hadisələri elə yönəldir ki, dini liderlər Padşahlığın təbliğ işinə qadağa qoyurlar. Buna baxmayaraq, həvarilər cəsarətlə təbliğ edir və «çoxlu sayda kişi və qadın Ağamıza iman [gətirir]» (Həv. 4:18, 33; 5:14).
2 Hirslərindən yanıb-tökülən düşmənlər yenidən hücuma keçirlər, bu dəfə bütün həvariləri zindana atırlar. Lakin gecə Yehovanın mələyi zindanın qapılarını açaraq onları azad edir və həvarilər sübh tezdən təbliğ etməyə başlayırlar. Onları yenidən həbs edib hakimiyyət dairələrinin qabağına gətirirlər. Təbliğ etməməklə bağlı çıxarılan fərmanı pozmaqda ittiham olunan həvarilər cəsarətlə deyirlər: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik». Hakimiyyət nümayəndələri elə bərk qəzəblənirlər ki, həvariləri öldürmək istəyirlər. Ancaq hamı tərəfindən hörmət edilən Qanun müəllimi Qəmlail belə bir gərgin anda onlara xəbərdarlıq edir: «Bu adamlara dəyməyin, onlardan əl çəkin». Təəccüblü olsa da, onlar Qəmlailin sözünə qulaq asıb həvariləri buraxırlar. Bəs bundan sonra bu sadiq kişilər nə edirlər? Onlar cəsarətlə «Məsih İsa haqqında müjdəni durmadan bildirir, insanlara [öyrədirlər]» (Həv. 5:17—21, 27—42; Məs. 21:1, 30).
3, 4. a) Allahın xalqına hücum etmək üçün Şeytan uzun illərdir hansı üsullardan məharətlə istifadə edir? b) Bu və növbəti iki fəsildə biz nəyi araşdıracağıq?
3 Eramızın 33-cü ilində baş tutan bu məhkəmə məsihi yığıncaqlarının dövlət nümayəndələri tərəfindən təqib olunduqları ilk hadisə olsa da, sonuncu deyildi (Həv. 4:5—8; 16:20; 17:6, 7). Bizim günlərdə də Şeytan həqiqi ibadətə qarşı çıxanlardan istifadə edərək hökumət rəhbərlərini təhrik edir ki, təbliğ işimizə qadağa qoysunlar. Təqibçilər Allahın xalqına qarşı müxtəlif ittihamlar irəli sürürlər. Onlar bizi ictimai asayişi pozmaqda, dövlət əleyhinə təşviqat aparmaqda və ticarətlə məşğul olmaqda ittiham edirlər. Bu kimi ittihamların yalan olduğunu sübut etmək üçün qardaşlarımız hərdən məhkəmələrə müraciət edirdilər. Bəs həmin məhkəmə işləri nə ilə nəticələnirdi? Onilliklər öncə verilən məhkəmə qərarları bu gün hər birimizə necə təsir edir? Gəlin bir neçə məhkəmə işini nəzərdən keçirək və görək «xoş xəbərin müdafiəsində və qanuni tanınmasında» onların hansı rolu olmuşdur (Filip. 1:7).
4 Bu fəsildə biz sərbəst şəkildə təbliğ etmək üçün hüquqlarımızı necə müdafiə etdiyimizi müzakirə edəcəyik. Növbəti iki fəsildə isə bu dünyaya məxsus olmamaq və Padşahlığın tələblərinə uyğun yaşamaq uğrunda mübarizə apardığımız bəzi məhkəmə işlərini araşdıracağıq.
Asayişi pozanlar, yoxsa Allahın Padşahlığının sadiq müdafiəçiləri?
5. 1930-cu illərin sonlarında Padşahlığın təbliğçilərini nəyə görə həbs edirdilər və məsul qardaşlar nə etmək qərarına gəldilər?
5 1930-cu illərin sonlarında Amerika Birləşmiş Ştatlarının bütün şəhər və ştatlarında Yehovanın Şahidlərini təbliğ etmək üçün qanuni icazə və ya lisenziya almağa məcbur edirdilər. Ancaq qardaşlarımız lisenziya almaq üçün lazımi orqanlara müraciət etmirdilər. Lisenziya ləğv oluna bilərdi, qardaşlar isə əmin idilər ki, İsanın Padşahlıq haqqında xoş xəbərin təbliğ olunması ilə bağlı verdiyi əmrə riayət etməkdə heç bir hökumət nümayəndəsi onlara mane ola bilməz (Mark 13:10). Nəticədə, xoş xəbərin yüzlərlə müjdəçisi həbs olundu. Buna görə də təşkilatda məsul qardaşlar məhkəmələrə müraciət etmək qərarına gəldilər. Onlar ümid edirdilər ki, dövlətin Yehovanın Şahidlərinin dini azadlığına məhdudiyyətlər qoymaqla qanunsuzluğa yol verdiyini sübut edəcəklər. 1938-ci ildə baş vermiş bir hadisə tarixi məhkəmə işinə gətirib çıxartdı. Gəlin görək nə baş vermişdi.
6, 7. Kantvellər ailəsi nə ilə üzləşmişdi?
6 1938-ci il aprelin 26-sı çərşənbə axşamı, Kantvellər ailəsi — 60 yaşlı Nyuton qardaş, həyat yoldaşı Ester, oğulları Henri, Rassel və Cessi (beşi də xüsusi öncül idi) bütün günü Nyu-Heyven (Konnektikut) şəhərində təbliğ etmək üçün evdən çıxmışdılar. Əslində, onlar evdən çıxanda axşam evə qayıtmayacaqlarına hazır idilər. Çünki artıq bir neçə dəfə həbs edilmişdilər və başa düşürdülər ki, bu hal təkrarlana bilər. Ancaq bu, Kantvellər ailəsini Padşahlıq haqda xəbəri təbliğ etmək fikrindən daşındırmadı. Onlar Nyu-Heyvenə iki maşınla getdilər. Nyuton qardaş patefon və ədəbiyyatlarla dolu maşını, 22 yaşlı oğlu Henri isə səsgücləndirici quraşdırılmış maşını sürürdü. Elə gözlədikləri kimi, bir neçə saatdan sonra onları polis saxladı.
7 Əvvəlcə 18 yaşlı Rassel, sonra isə Nyutonla Ester həbs olundu. 16 yaşlı Cessi bir az aralıda dayanıb polislərin valideynlərini və qardaşını necə apardığına baxırdı. Böyük qardaşı Henri şəhərin başqa yerində xidmət etdiyi üçün gənc Cessi tək qalmışdı. Buna baxmayaraq, o, patefonu götürüb təbliğ etməyə davam etdi. İki nəfər katolik Ruterford qardaşın «Düşmənlər» adlı məruzəsinə qulaq asmağa razılıq verdi. Məruzəyə qulaq asdıqdan sonra onlar elə əsəbiləşdilər ki, az qala, Cessini döysünlər. Cessi sakitcə onlardan uzaqlaşdı, ancaq bir az sonra polis onu saxladı. Beləcə, Cessi də polis məntəqəsinə aparıldı. Polis Ester bacıya qarşı yox, Nyuton qardaşla oğlanlarına qarşı ittiham irəli sürdü. Ancaq onlar həmin gün girov müqabilində azadlığa buraxıldılar.
8. Nəyə görə məhkəmə Cessi Kantvelin asayişi pozmaqda təqsirkar olduğuna qərar verdi?
8 Bir neçə aydan sonra, 1938-ci ilin sentyabr ayında Kantvellər ailəsi Nyu-Heyven şəhərinin birinci instansiya məhkəməsi qarşısına çıxarıldı. Nyuton qardaş, Rassel və Cessi lisenziyasız ianə toplamaqda ittiham olunurdular. Konnektikut Ali Məhkəməsinə müraciət etmələrinə baxmayaraq, Cessi ictimai asayişin pozulmasında təqsirkar bilindi. Çünki lent yazısına qulaq asan həmin iki nəfər katolik məruzənin onların dinini və özlərini təhqir etdiyinə dair məhkəmədə şahidlik verdi. İrəli sürülən bu ittihamları təkzib etmək üçün məsul qardaşlar məhkəmənin hökmünə qarşı ABŞ-ın Ali Məhkəməsinə şikayət verdilər.
9, 10. a) ABŞ-ın Ali Məhkəməsi Kantvellər ailəsi ilə bağlı hansı qərarı çıxartdı? b) Bu qərarın bizə hansı faydası var?
9 1940-cı il martın 29-u sədrlik edən hakim Çarlz Hyuz səkkiz nəfər hakimlə birgə Yehovanın Şahidlərinin vəkili olan Heyden Konvinqton qardaşın gətirdiyi arqumentləri dinlədi a. Sonra Konnektikut ştatını təmsil edən hüquqşünas çıxış etdi. O, Şahidlərin asayişi pozduqlarını sübut etməyə çalışanda məhkəmə üzvlərindən biri soruşdu: «Axı İsa Məsihin təbliğ etdiyi xəbəri də hamı qəbul etmirdi, elə deyil?» «Düz deyirsiniz, əgər yanılmıramsa, Müqəddəs Kitabda bu xəbəri bəyan etdiyinə görə İsa ilə nə baş verdiyi də yazılıb», — deyə hüquqşünas cavab verdi. Bu sözlər lap yerinə düşdü! Dövlət təmsilçisi özü də bilmədən Yehovanın Şahidlərini İsa ilə, ştatın təmsilçilərini isə onu təqib edənlərlə bir tutdu. 1940-cı il mayın 20-də Ali Məhkəmə yekdilliklə Yehovanın Şahidlərinin lehinə qərar çıxartdı.
10 Məhkəmənin bu qərarının hansısa əhəmiyyəti var idimi? Bu qərar insanların din azadlığı hüququnu müdafiə etdi və artıq din azadlığı nə federal, nə ştat, nə də ki yerli hakimiyyət dairələri səviyyəsində qanun vasitəsilə məhdudlaşdırıla bilməzdi. Üstəlik, məhkəmə Cessinin hərəkətlərində «nizam-intizamı və asayişi pozan» heç nə tapmadı. Beləliklə, məhkəmə qərarı aydın göstərdi ki, Yehovanın Şahidləri ictimai asayişi pozmurlar. Bu, Allahın xalqının həlledici hüquqi qələbəsi idi! Bəs bunun bizə hansı faydası var? Yehovanın Şahidi olan bir hüquqşünas qeyd edir: «Haqsız yerə məhdudiyyətlərdən qorxmadan azad şəkildə dinimizə etiqad etmək hüququ Yehovanın Şahidləri olan bizlərə malik olduğumuz ümidverici xəbəri yaşadığımız cəmiyyətdə başqaları ilə bölüşmək imkanı verir».
Dövlət əleyhinə təşviqat aparanlar, yoxsa həqiqət müjdəçiləri?
11. Kanadada qardaşlarımız hansı kampaniyanı həyata keçirdilər və nəyə görə?
11 1940-cı illərdə Yehovanın Şahidləri Kanadada sərt təqiblərlə üzləşirdilər. Qardaşlarımız sərbəst şəkildə ibadət etmək hüquqlarının dövlət tərəfindən tapdalandığını ictimaiyyətə bildirmək üçün 1946-cı ildə 16 günlük kampaniya keçirərək «Kvebekin Allaha, Məsihə və azadlığa güclü nifrət etməsi bütün Kanada üçün rüsvayçılıqdır» adlı traktat payladılar. Bu dördsəhifəli traktatda ruhanilərin üsyana təhrik etmələri, polis özbaşınalığı və Kvebek əyalətində camaatın qardaşlarımıza hücumları ifşa olunurdu. Traktatda deyilirdi: «Yehovanın Şahidləri hələ də qanunsuz olaraq həbs edilirlər. Böyük Monrealda Yehovanın Şahidlərinə qarşı təxminən 800 iş qaldırılıb».
12. a) Düşmənlər qardaşların keçirdiyi kampaniyaya necə reaksiya göstərdilər? b) Qardaşlarımız hansı cinayətdə ittiham olunurdular? (Həmçinin haşiyəyə baxın.)
12 Buna cavab olaraq Kvebekin baş naziri Moris Dyuplessi Roma katolik kilsəsinin kardinalı (baş ruhani rütbəsi) Vilnyovla əl-ələ verib Yehovanın Şahidlərinə qarşı «amansız müharibə» elan etdi. Tez bir zamanda bizə qarşı qaldırılan cinayət işlərinin sayı düz iki dəfə artaraq 800-dən 1600-ə qalxdı. Bir öncül bacı deyir: «O qədər tez-tez həbs olunurduq ki, artıq sayını itirmişdik». Traktat paylayarkən tutulan Şahidlər üsyana səsləmək məqsədilə böhtanla dolu məlumat dərc etməkdə ittiham olunurdular b.
13. Dövlət əleyhinə təşviqat aparmaqla bağlı məhkəmədə ilk dindirilən kim oldu və ilk instansiya məhkəməsi hansı qərarı verdi?
13 1947-ci ildə dövlət əleyhinə təşviqat aparmaqla bağlı məhkəmədə ilk dindirilən Eme Buşe qardaş və onun qızları 18 yaşlı Jizel və 11 yaşlı Lüsil oldu. Onlar «Kvebekin güclü nifrəti» adlı traktatı Kvebek şəhərinin cənubundakı öz fermalarının yaxınlığında paylamışdılar. Ancaq onları qanunu pozan cinayətkar adlandırmaq olmazdı. Buşe qardaş çox həlim və mülayim insan idi. O, başını aşağı salıb balaca fermasında işləyir və hərdən at arabası ilə şəhərə gedib-gəlirdi. Bununla belə, onun ailəsi məhz traktatda xatırlanan təzyiqlərə məruz qalmışdı. Birinci instansiya məhkəməsində Yehovanın Şahidlərinə nifrət edən hakim Buşe ailəsinin günahsız olduğunu təsdiqləyən sübutları rədd etdi. O, ittihamçının tərəfini tutaraq traktatın cəmiyyətdə ədavət yaratdığını və Buşe qardaşın günahlı olduğunu təsdiqlədi. Bununla, sanki, hakim belə demiş oldu: həqiqəti söyləmək cinayətdir! Eme qardaş və Jizel qiyamçılıqda ittiham olunaraq həbs edildi, hətta balaca Lüsil də iki gün həbsdə qaldı. Qardaşlar Kanadanın Ali Məhkəməsinə müraciət etdilər. Məhkəmə onları dinləməyə razılıq verdi.
14. Kvebekdə qardaşlar təqiblərlə qarşılaşdıqları illər ərzində nə etdilər?
14 Həmin vaxt Kvebekdəki cəsarətli bacı-qardaşlarımız qəddarlıq və zorakılıqla üzləşmələrinə baxmayaraq, Padşahlıq haqda xoş xəbəri təbliğ etməyə davam edirdilər və çox vaxt gözəl nəticələr əldə olunurdu. 1946-cı ildə keçirilən traktatla bağlı kampaniyadan sonra dörd il ərzində Kvebekdəki Şahidlərin sayı 300-dən 1000-ə qalxdı! c
15, 16. a) Kanadanın Ali Məhkəməsi Buşe ailəsinin xeyrinə hansı qərarı verdi? b) Bu qələbə qardaşlarımıza və başqa insanlara necə təsir etdi?
15 1950-ci ilin iyun ayında doqquz nəfər hakimdən ibarət Kanadanın Ali Məhkəməsinin bütün heyəti Eme Buşe qardaşın işinə baxdı. Altı ay keçəndən sonra, 1950-ci il 18 dekabrda Məhkəmə bizim xeyrimizə qərar çıxartdı. Yehovanın Şahidlərinin vəkili Qlen Hau qardaşın sözlərinə görə, Ali Məhkəmə bizim gətirdiyimiz dəlillərlə razılaşdı ki, «dövlət əleyhinə təşviqat» mövcud hakimiyyətə qarşı zorakı tədbirlərin tətbiqinə və ya qiyama çağırışı nəzərdə tutur. Traktatda «bu cür çağırışlar yox idi və buna görə də söz azadlığının həyata keçirilməsinin tamamilə qanuni forması idi». Hau qardaş deyir: «Mən öz gözlərimlə Yehovanın necə qələbə bəxş etdiyini gördüm» d.
16 Ali Məhkəmənin bu qərarı, həqiqətən də, Allahın Padşahlığının möhtəşəm qələbəsi idi. Bu qərar sayəsində eyni məsələ ilə bağlı Kvebekdə Şahidlərə qarşı qaldırılan digər 122 iş də bağlandı. Ali Məhkəmənin bu qərarı həmçinin o demək idi ki, Kanadanın və Britaniya Millətlər Birliyinin vətəndaşları dövlətin işlərinə görə öz narahatçılıqlarını bildirmək üçün söz azadlığına malikdirlər. Üstəlik, bu qələbə Kvebekdə kilsə və hökumət tərəfindən Yehovanın Şahidlərinin azadlığına edilən hücumları aradan qaldırdı e.
Alverçilər, yoxsa Allahın Padşahlığının səyli carçıları?
17. Bəzi ölkələrdə dövlət təbliğ fəaliyyətimizi necə nəzarət altında saxlamağa çalışır?
17 Erkən dövrdəki məsihilər kimi, bu gün də Yehovanın xidmətçiləri «Allahın sözünün alverçiləri [deyillər]». (2 Korinflilərə 2:17 ayəsini oxuyun.) Ancaq bəzi ölkələrdə dövlət təbliğ fəaliyyətimizi kommersiyanı tənzimləyən qanunlar vasitəsilə nəzarət altında saxlamağa çalışır. Gəlin Yehovanın Şahidlərinin alverçi, yoxsa xidmətçi olduqlarını müəyyən etmək üçün iki məhkəmə işini nəzərdən keçirək.
18, 19. Danimarkada hökumət təbliğ işinə qadağa qoymaq üçün nə etmişdi?
18 Danimarka. 1932-ci il oktyabrın 1-də alqı-satqı lisenziyası olmadan çap olunmuş materialın satılmasını qadağan edən qanun qüvvəyə mindi. Ancaq qardaşlarımız heç bir lisenziya üçün müraciət etmirdilər. Növbəti gün beş təbliğçi paytaxt şəhəri Kopenhagendən təxminən 30 kilometr qərbdə yerləşən Roskilledə təbliğ edirdilər. Günün sonunda təbliğçilərdən biri, Avqust Leman aralarında yox idi. O, lisenziyasız ticarət üstündə tutulmuşdu.
19 1932-ci il dekabrın 19-da Avqust Leman məhkəmə qarşısına çıxarıldı. O, insanlara Müqəddəs Kitaba əsaslanan ədəbiyyat təklif etdiyini etiraf etsə də, alverçi olmadığını bildirdi. İlk məhkəmə instansiyası onunla razılaşdı. Məhkəmənin qərarında deyilirdi: «Müttəhim... özünü maddi cəhətdən təmin etmək iqtidarındadır və [o,] bundan nə maddi qazanc əldə edib, nə də ki belə bir fikri olub. Əksinə, bu iş ona maddi ziyan vurub». Məhkəmə Şahidlərin tərəfini tutaraq qərar çıxardı ki, Lemanın fəaliyyətini «ticarət kimi qiymətləndirmək» olmaz. Allahın xalqının düşmənləri isə bütün ölkədə təbliğ işini dayandırmağa qərarlı idilər (Zəb. 94:20). Prokuror məhkəmənin hökmünə qarşı ölkənin Ali Məhkəməsinə şikayət verdi. Bəs qardaşlar buna necə münasibət göstərdilər?
20. Danimarkanın Ali Məhkəməsi hansı qərarı verdi və bu qərar qardaşlara necə təsir etdi?
20 Ali Məhkəmə işə baxmamışdan bir həftə qabaq Şahidlər Danimarkanın hər yerində təbliğ fəaliyyətlərini sürətləndirdilər. 1933-cü il oktyabrın 3-ü çərşənbə axşamı Ali Məhkəmə qərarını bildirdi. O, aşağı instansiya məhkəməsinin Avqust Lemanın qanun pozuntusuna yol vermədiyi ilə bağlı çıxartdığı qərarla razılaşdı. Bu isə o demək idi ki, Yehovanın Şahidləri azad şəkildə təbliğ etməyə davam edə bilərdilər. Bacı-qardaşlar bu hüquqi qələbəyə görə minnətdarlıqlarını bildirmək üçün daha səylə təbliğ etməyə başladılar. Həmin qərardan sonra Danimarkadakı qardaşlar hökumətin maneəsi olmadan öz xidmətlərini icra edə bildilər.
21, 22. Merdok qardaşın işi ilə bağlı ABŞ-ın Ali Məhkəməsi hansı qərarı çıxartdı?
21 Birləşmiş Ştatlar. Öncül kimi xidmət edən Robert Merdok qardaş və başqa yeddi Şahid 1940-cı il fevralın 25-də bazar günü Pensilvaniya ştatının Pitsburq şəhəri yaxınlığında yerləşən Cennett şəhərində təbliğ edərkən həbs edilmişdilər. Onlar lisenziya almadan ədəbiyyat təklif etdikləri üçün həbs olunmuşdular. Qardaşlar bu qərara qarşı ABŞ-ın Ali Məhkəməsinə şikayət verdilər və məhkəmə işə baxmaq qərarına gəldi.
22 1943-cü il mayın 3-ü Ali Məhkəmə öz qərarını elan etdi. Bu qərar Yehovanın Şahidlərini müdafiə edirdi. Məhkəmə hakim dairələrinin lisenziya almaq tələbinə qarşı çıxış etdi, çünki bu tələb insanların boynuna «Federal Konstitusiyanın zəmanət verdiyi hüquqa görə pul ödəməyi» qoyurdu. Məhkəmə bələdiyyə orqanlarının qərarının «mətbuat azadlığını və din azadlığını məhdudlaşdırdığını» hesab etdiyi üçün onu qüvvədən saldı. Hakim Uilyam Duqlas səs çoxluğu ilə qəbul edilmiş qərarı bəyan edərkən qeyd etdi ki, Yehovanın Şahidlərinin fəaliyyəti «sadəcə təbliğ etməkdən ibarət deyil; sadəcə dini ədəbiyyat paylamaqdan ibarət deyil. Bu, hər ikisinin vəhdətidir». O əlavə etdi: «Bu cür dini fəaliyyət... kilsədə ibadət etmək və kürsüdən moizə söyləmək qədər yüksək statusa malikdir».
23. Nəyə görə 1943-cü ildə məhkəmədə qazanılan qələbələr bizim üçün əhəmiyyətlidir?
23 Ali Məhkəmənin bu qərarı Allahın xalqının böyük hüquqi qələbəsi idi. Bu qərar sübut etdi ki, biz məsihilər alverçilər yox, xoş xəbərin müjdəçiləriyik. 1943-cü ilin həmin unudulmaz günündə Yehovanın Şahidləri (Merdokun işi də daxil olmaqla) Ali Məhkəmədə 13 işdən 12-sini qazandılar. Bu qərarlar xoş xəbəri ev-ev və ictimaiyyət içində təbliğ etmək hüququmuza qarşı çıxan əleyhdarlarımızın qaldırdığı digər məhkəmə işlərinə qarşı tutarlı presedent (keçmişdə baş vermiş və sonra olan eynitipli hadisələr üçün nümunə ola biləcək vəziyyət) oldu.
«Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik»
24. Hökumət təbliğ fəaliyyətimizə qadağa qoyanda biz nə edirik?
24 Hökumət nümayəndələri Padşahlıq haqda xoş xəbəri azad şəkildə bəyan etməyə icazə verəndə biz çox sevinirik. Hökumət təbliğ işimizə qadağa qoysa belə, təbliğ üsullarımızı dəyişərək nə olursa-olsun xidmətimizi dayandırmırıq. Həvarilər kimi, biz də «insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həv. 5:29; Mət. 28:19, 20). Üstəlik, fəaliyyətimizə qoyulan qadağanın götürülməsi üçün məhkəmələrə müraciət edirik. Aşağıda gətirilən iki nümunəyə baxaq.
25, 26. Nikaraquadakı hansı hadisələr Şahidlərin Ali Məhkəməyə müraciət etməsinə gətirib çıxartdı və bunun nəticəsi nə oldu?
25 Nikaraqua. 1952-ci ilin 19 noyabrında xüsusi təyinatlı müjdəçi və filial xidmətçisi olan Donovan Mensterman paytaxt Manaquanın Miqrasiya idarəsinə daxil olur. Ona idarənin rəisi kapitan Arnoldo Qarsianın yanına gəlmək əmr olunmuşdu. Kapitan Donovana bildirdi ki, Nikaraquadakı bütün Yehovanın Şahidlərinin «öz təlimlərini təbliğ etmələri və dini fəaliyyətlə məşğul olmaları qadağandır». Səbəbini soruşanda kapitan Qarsia izah etdi ki, dövlət Şahidlərin xidmətlərini həyata keçirmələrinə icazə vermir və onlar kommunist hesab olunurlar. Bəs onları ittiham edən kim idi? Roma Katolik kilsəsinin ruhaniləri.
26 Mensterman qardaş dərhal Dini İşlər üzrə Nazirliyə, eləcə də prezident Anastasio Somose Qarsiaya şikayət ərizəsi yazdı, ancaq nə karə, heç bir nəticəsi olmadı. Onda qardaşlar müəyyən dəyişikliklər etdilər. Onlar ibadət evini bağlayıb evlərdə qrup halında yığışmağa başladılar. Küçədə təbliğ etməyi dayandırsalar da, Padşahlıq haqda xoş xəbəri vəz etməyə davam edirdilər. Eyni zamanda onlar Nikaraquanın Ali Məhkəməsinə müraciət edərək qadağanın götürülməsini xahiş etdilər. Qəzetlərdə bu qadağa və onun aradan götürülməsi ilə bağlı müraciətin məzmunu geniş işıqlandırıldı və sonda Ali Məhkəmə bu işə baxmaq qərarına gəldi. Bəs bunun nəticəsi nə oldu? 1953-cü il iyunun 19-da Ali Məhkəmə yekdilliklə Şahidlərin xeyrinə verdiyi qərarı bəyan etdi. Məhkəmə bildirdi ki, bu qadağa konstitusiyanın təmin etdiyi fikir, vicdan və etiqad azadlığı qanununu pozur. Həmçinin məhkəmə qərar verdi ki, Nikaraqua dövləti ilə Şahidlər arasındakı münasibəti əvvəlki vəziyyətə qaytarmaq lazımdır.
27. Nəyə görə nikaraqualılar Ali Məhkəmənin qərarına məəttəl qalmışdılar, bəs qardaşlar bu qələbənin nəyin sayəsində olduğuna əmin idilər?
27 Nikaraqualılar Ali Məhkəmənin Yehovanın Şahidlərini müdafiə etməsinə məəttəl qalmışdılar. Bu vaxtacan ölkədə ruhanilərin təsiri o qədər güclü idi ki, Məhkəmə onlarla konfliktə girmək istəmirdi. Üstəlik, dövlət məmurları da güclü səlahiyyətə malik olduğundan Məhkəmə nadir hallarda onların qərarına qarşı çıxırdı. Qardaşlarımız əmin idilər ki, qazandıqları bu qələbə Padşah İsanın onları qoruması və onların təbliğ işini dayandırmamaları sayəsindədir (Həv. 1:8).
28, 29. 1980-ci illərin ortalarında Zairdə hadisələrin gedişatı gözlənilmədən necə dəyişdi?
28 Zair. Hal-hazırda Konqo Demokratik Respublikası adlanan Zairdə 1980-ci illərin ortalarında 35 000 Yehovanın Şahidi var idi. Padşahlıq işi sürətlə irəlilədiyi üçün yeni filial binalarının tikintisinə başlandı. 1985-ci ilin dekabr ayında paytaxt Kinşasanın stadionunda keçirilən beynəlxalq toplantıda dünyanın müxtəlif ölkələrindən gələn 32 000 nümayəndə iştirak edirdi. Ancaq sonra Yehovanın xalqı üçün vəziyyət dəyişdi. Bəs nə baş verdi?
29 Kvebekdə (Kanada) Dyuplessi rejimi görmüş Marsel Filto qardaş həmin vaxt Zairdə xüsusi təyinatlı müjdəçi kimi xidmət edirdi. O illərdə baş vermiş hadisələri qardaş belə nəql edir: «1986-cı il martın 12-də məsul qardaşlar Zairdə Yehovanın Şahidləri icmasının qeyri-qanuni olması ilə bağlı məktub aldılar. Qadağa həmin dövrdə ölkənin prezidenti olan Mobutu Sese Seko tərəfindən imzalanmışdı».
30. Filial komitəsi hansı vacib qərarı qəbul etməli idi və onlar nə etmək qərarına gəldilər?
30 Növbəti gün milli radioda belə bir elan səsləndi: «Biz bir də heç vaxt [Zairdə] Yehovanın Şahidlərinin səsini eşitməyəcəyik». Bunun ardından təzyiqlər başladı. Qardaşlarımız qarət olunur, həbs edilir, döyülür və zindana atılır, ibadət evləri isə dağıdılırdı. Hətta uşaqlar belə həbs olunurdu. 1988-ci il oktyabrın 12-də dövlət təşkilatın bütün mülkünü müsadirə etdi və filialın ərazisinə mülki mühafizəçilər qoydu. Məsul qardaşlar prezident Mobutuya müraciət etdilər, ancaq heç bir cavab almadılar. Həmin vaxt filial komitəsi vacib qərar qəbul etməli oldu: «Ali Məhkəməyə müraciət edək, yoxsa gözləyək?» Həmin vaxt həm Filial komitəsinin koordinatoru, həm də xüsusi təyinatlı müjdəçi olan Timoti Holms deyir: «Biz Yehovadan müdriklik və rəhbərlik diləyirdik». Dua edib düşündükdən sonra komitə başa düşdü ki, hələ hüquqi tədbirlər görməyin vaxtı deyil. Onlar diqqətlərini qardaşlığın qayğısına qalmağa və təbliğ işini davam etdirmək üçün yollar axtarmağa cəmlədilər.
«Həmin məhkəmə zamanı biz Yehovanın vəziyyəti necə dəyişməyə qadir olduğunun şahidi olduq»
31, 32. Zairin Ali Məhkəməsi hansı mühüm qərarı qəbul etdi və bu qərar bizim qardaşlara necə təsir etdi?
31 Bir neçə ildən sonra Yehovanın Şahidlərinə qarşı təzyiqlər artıq səngimişdi və ölkədə get-gedə insan hüquqlarına hörmətlə yanaşmağa başlamışdılar. Filial komitəsi qərara gəldi ki, Zairin Ali Məhkəməsinə müraciət edərək qoyulan qadağanı aradan qaldırmağın vaxtı gəlib çatıb. Ali Məhkəmə işə baxmaq qərarına gəldi. 1993-cü il yanvarın 8-də prezident tərəfindən qoyulan qadağadan təxminən yeddi il sonra məhkəmə dövlətin Yehovanın Şahidlərinə qarşı etdiklərinin qeyri-qanuni olduğuna qərar verdi və qadağanı ləğv etdi. Bunun nə demək olduğu barədə bir düşünün! Hakimlər öz həyatlarını təhlükəyə ataraq prezidentin qərarını ləğv etdilər! Holms qardaş deyir: «Həmin məhkəmə zamanı biz Yehovanın vəziyyəti necə dəyişməyə qadir olduğunun şahidi olduq» (Dən. 2:21). Bu qələbə qardaşların imanını möhkəmləndirdi. Onlar bir daha əmin oldular ki, Padşah İsa Məsih öz davamçılarına nə zaman və necə hərəkət etmələri ilə bağlı rəhbərlik verir.
32 Qadağalar aradan qaldırılanda xüsusi təyinatlı müjdəçilərin ölkəyə gəlməsinə, filialın yeni binalar tikməsinə və Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları idxal etməsinə icazə verildi f. Yehovanın Öz xalqını ruhani cəhətdən qoruduğunu görmək Onun bütün dünyadakı xidmətçilərini çox sevindirir (Əşy. 52:10).
«Yehova dayağımdır»
33. Bir neçə məhkəmə işini nəzərdən keçirməklə nə öyrəndik?
33 Nəzərdən keçirdiyimiz bu hüquqi mübarizələr İsa peyğəmbərin öz vədini həyata keçdiyini təsdiq edir: «Sizə elə hikmət verəcəyəm ki, düşmənləriniz sizə bata bilməyəcək, sözünüzün qabağında söz deyə bilməyəcək». (Luka 21:12—15 ayələrini oxuyun.) Bəzən Yehova müasir Qəmlaillərdən istifadə edərək Öz xalqını müdafiə edir, yaxud da cəsarətli hakimləri və hüquqşünasları ədalətin keşiyində durmağa təşviq edir. Yehova əleyhdarlarımızın silahlarını təsirsiz edir. (Əşiya 54:17 ayəsini oxuyun.) Təqiblər Allahın işini dayandıra bilməz.
34. Nəyə görə qazandığımız hüquqi qələbələr bu qədər önəmlidir və bütün bunlar nəyi sübut edir? (Həmçinin « Padşahlıq işinin irəliləməsinə səbəb olan vacib hüquqi qələbələr» adlı çərçivəyə baxın.)
34 Qazandığımız hüquqi qələbələrdə diqqətəlayiq məqam nədir? Gəlin düşünək: Yehovanın Şahidləri bir o qədər də nüfuzlu və tanınmış deyillər. Biz nə səs vermədə iştirak edirik, nə siyasi aksiyaları dəstəkləyirik, nə də ki siyasətçilərə təsir göstərməyə çalışırıq. Üstəlik, işləri Ali Məhkəmələrə qədər gedib çıxan həmimanlılarımızın çoxu cəmiyyətdə «savadsız, sadə adam»lar hesab olunur (Həv. 4:13). Nəticə etibarilə, insan nöqteyi-nəzərindən məhkəmələrin güclü dini və siyasi düşmənlərimizə qarşı çıxmağa və bizi müdafiə etməyə səbəbləri, demək olar ki, yoxdur. Bununla belə, məhkəmə işləri dəfələrlə bizim xeyrimizə olur! Qazandığımız qələbələr bir daha sübut edir ki, biz «Allahın önündə... Məsihin şagirdi kimi» yeriyirik (2 Kor. 2:17). Beləliklə, biz həvari Bulusun sözlərinə qoşularaq bəyan edirik: «Yehova dayağımdır, əsla qorxmaram» (İbr. 13:6).
a «Kantvel Konnektikut ştatına qarşı» adlı məhkəmə işi Heyden Konviqtonun ABŞ-ın Ali Məhkəməsi qarşısında qardaşlarımızı müdafiə etdiyi 43 işdən birincisi olub. O, 1978-ci ildə vəfat edib. Onun ömür-gün yoldaşı Doroti 2015–ci ildə 92 yaşında vəfat edənə qədər sədaqətlə öncül kimi xidmət etdi.
b Bu ittiham 1606-cı ildə qəbul olunmuş qanuna əsaslanırdı. Həmin qanuna əsasən, andlılar məhkəməsi görəndə ki, insan həqiqəti söyləsə belə, onun sözləri ədavət yaradır, onlar həmin adamın günahkar olduğunu bəyan edirdilər.
c 1950-ci ildə Kvebekdə 164 tammüddətli təbliğçi xidmət edirdi. Onlardan 63-ü amansız təqiblərlə üzləşəcəklərini bilsələr də, təyinatlarını sevə-sevə qəbul edən Gilad Məktəbinin məzunları idi.
d Qlen Hau qardaş 1943—2003-cü illərdə Kanadada və digər ölkələrdə Yehovanın Şahidlərinin yüzlərlə hüquqi işinin öhdəsindən məharətlə gələn cəsarətli vəkil olub.
e Bu iş barədə daha ətraflı məlumat əldə etmək üçün «Oyanın!» jurnalının 2000-ci il 22 aprel sayının 18—24 səhifələrindəki «Döyüş sizin deyil... Allahındır» adlı məqaləsinə (rus.) baxın.
f Mülki mühafizəçilər sonda filialın binasını tərk etsə də, filialın yeni binaları başqa ərazidə tikildi.