Kontentə keç

Mündəricatı göstər

DƏRS 18

Əbədiyyət boyu Allahın dostu ol!

Əbədiyyət boyu Allahın dostu ol!

Dost qazanmağa səy lazım olduğu kimi, dostluğu qoruyub saxlamaq üçün də səy tələb olunur. Allahla dostlaşmağa və bu dostluğu qoruyub saxlamağa səy göstərdiyin üçün bolluca xeyir-dua alacaqsan. İsa ona inananlara demişdi: «Həqiqət sizi azad edəcək» (Yəh­ya 8:32). Bu nə deməkdir?

Artıq indidən azad ola bilərsən. Şeytanın yaydığı uydurma təlimlərdən və yalanlardan azad ola bilərsən. Yehovanı tanımayan milyonlarla insanı sevincdən məhrum edən ümidsizlikdən qurtula bilərsən (Romalılara 8:22). Allahın dostları hətta ölüm qorxusundan da azaddırlar (İbranilərə 2:14, 15).

Allahın yeni dünyasında azad ola bilərsən. Sən gələcəkdə ecazkar azadlığa qovuşa bilərsən! Yer üzündəki Cənnətdə müharibə, xəstəlik və cinayətkarlıq olmayacaq. Yoxsulluq və aclıq, qorxu, əzab-əziyyət və haqsızlıq, qocalıq və ölüm yox olacaq. Müqəddəs Kitab Allah haqqında deyir: «Əlini açırsan, hər bir məxluqu istəyinə çatdırırsan» (Zəbur 145:16).

Allahın dostları əbədi yaşayacaqlar. Allah öz dostlarına qiymətli bir hədiyyə — əbədi həyat bəxş edəcək (Romalılara 6:23). Heç bilirsən əbədi yaşamaq nə deməkdir?!

Çox şeyə vaxtın çatacaq. Ola bilsin, sən hər hansı bir musiqi alətində çalmağı və yaxud da rəssamlıq və ya dülgərlik sənətini mənimsəmək istəyirsən. Ya da heyvanlar və bitkilər aləmi haqqında öyrənməyi xoşlayırsan. Yəqin, səyahət etmək, müxtəlif yerləri və insanları görmək istəyərdin. Əbədi həyat bütün bunlara imkan yaradacaq!

Çox adamla dostlaşmağa vaxtın olacaq. Əbədi həyat Allahın dostları ilə tanış olmağa imkan verəcək. Onların istedadı və gözəl keyfiyyətləri haqqında öyrənəcəksən, onlar da sənin dostların olacaqlar. Bir-birinizlə mehriban olacaqsınız (1 Korinflilərə 13:8). Əbədi həyat sənə bütün yer üzündə yaşayan insanlarla dostlaşmağa imkan verəcək! Ən başlıcası isə əsrlər keçdikcə Yehova ilə dostluğun daha da möhkəmlənəcək. Biz sənə əbədiyyət boyu Allahla dost olmağı arzulayırıq!