FƏSİL 2
Allah qarşısında təmiz vicdan
«Vicdanınızı təmiz saxlayın» (1 BUTRUS 3:16).
1, 2. Yad yerdə olanda nəyə görə bələdçi lazım olur? Yehova bizə hansı bələdçini verib?
TƏSƏVVÜR ET Kİ, ucsuz-bucaqsız səhradasan. Hər istiqamətdən güclü külək əsir. Külək qumu havaya sovurduğu üçün landşaft tez-tez dəyişir. Bu zaman adam azıb-qalar. Bəs necə biləsən ki, hansı istiqamətə getmək lazımdır? Gərək ya səhranı yaxşı tanıyan adam sənə yolu göstərsin, ya da ki kompasın, günəşin, ulduzların, GPS-in (Qlobal Mövqetəyinetmə Sistemi) köməyilə yolu tapasan. Deməli, bələdçi çox vacibdir. Çünki onun köməyilə yolu tapıb həyatını xilas edə bilərsən.
2 Hər birimiz çoxlu çətinliklərlə qarşılaşırıq. Bəzən başımızı itiririk, bilmirik nə edək. Amma bizə yol göstərməsi üçün Yehova hər birimizə vicdan verib (Yaqub 1:17). Gəl görək vicdan nədir və hansı vəzifəni daşıyır. Sonra bu məqamları araşdıracağıq: Vicdanı necə tərbiyə edə bilərik? Başqalarının vicdanını nə üçün nəzərə almalıyıq? Təmiz vicdanın bizə hansı faydası var?
VİCDAN NƏDİR VƏ HANSI VƏZİFƏNİ DAŞIYIR?
3. Vicdan nədir?
3 Vicdan Yehovanın bizə verdiyi gözəl ənamdır. Vicdan düzü səhvdən ayırd etməyə kömək edən daxili hissdir. Müqəddəs Kitabda «vicdan» kimi tərcümə olunan yunan sözü «özünü tanımaq» mənasını daşıyır. Düzgün işləyən vicdan insana kömək edir ki, özünü təhlil etsin, ən məhrəm fikirlərini, hisslərini dürüstcəsinə yoxlasın. Vicdan bizi yaxşılığa yönəldir, pislikdən çəkindirir. Düzgün qərar verəndə vicdanımız rahat olur, səhv addım atanda isə vicdan əzabı çəkirik. (5-ci əlavəyə bax.)
4, 5. a) Adəmlə Həvva vicdanlarının səsinə qulaq asmadıqlarına görə nə baş verdi? b) Müqəddəs Kitabdan vicdanın vəzifəsini göstərən nümunələr çək.
4 Vicdanın səsinə qulaq asıb-asmayacağına hər kəs özü qərar verir. Adəmlə Həvva vicdanlarına qulaq asmadılar, nəticədə, günah etdilər. Sonradan özlərini günahkar hiss etsələr də, artıq gec idi. Onlar artıq Allaha itaətsizlik etmişdilər (Yaradılış 3:7, 8). Onların ikisinin də vicdanı kamil idi, onlar bilirdilər ki, Allahın itaətindən çıxmaq düzgün deyil. Buna baxmayaraq, vicdanlarının səsinə məhəl qoymadılar.
5 Ancaq bir çox insanlar qeyri-kamil olsalar da, vicdanlarının səsinə qulaq asırlar. Əyyub bu sahədə yaxşı nümunədir. O, vicdanının səsinə qulaq asıb, düzgün davrandığı üçün demişdi: «Ürəyim məni qınamayacaq» (Əyyub 27:6). Əyyub «ürək» deyəndə vicdanı nəzərdə tuturdu. Davud padşah isə bəzən vicdanının səsinə məhəl qoymayıb, Yehovanın itaətindən çıxırdı. Bir dəfə belə davranandan sonra o özünü günahkar hiss etmişdi və ürəyi onu qınamışdı (1 İşmuil 24:5). Əslində, Davudu qınayan vicdanı idi. Vicdan ona deyirdi ki, tutduğu iş günahdır. Vicdanının səsinə qulaq asmaq ona bir də eyni səhvi etməməyə kömək edəcəkdi.
6. Nəyə görə demək olar ki, vicdan Allahdan bir bəxşişdir?
6 Hətta Yehovanı tanımayan insanlar da, adətən, müəyyən dərəcədə düzü səhvdən seçə bilirlər. Müqəddəs Kitabda deyilir: «Düşüncələri onları ya ittiham edir, ya da onlara haqq qazandırır» (Romalılara 2:14, 15). Məsələn, əksər insanlar bilir ki, adam öldürmək, oğurluq etmək günahdır. Bəlkə də, fərqinə varmırlar, amma, əslində, onlar vicdanın səsinə qulaq asırlar. Yəni Yehovanın onlara verdiyi düzü səhvdən ayırd edən daxili hiss əsasında hərəkət edirlər. Onlar həmçinin Allahın prinsiplərinə, yəni düzgün davranmaq üçün Yehovanın təsis etdiyi əsas həqiqətlərə əməl edirlər.
7. Nəyə görə vicdan bəzən səhv işləyir?
7 Amma vicdan bəzən səhv işləyə bilər. Məsələn, qeyri-kamil fikirlərimiz və hisslərimiz vicdanımıza təsir edə bilər, o da bizi yanlış istiqamətə yönəldər. İnsanın vicdanı öz-özünə düz işləyə bilməz. Vicdanı tərbiyə etmək lazımdır. Yusifin vicdanı düzgün işlədiyinə görə o, əxlaqsız hərəkətdən uzaq dura bilmişdi (Yaradılış 39:1, 2, 7—12). Vicdanı tərbiyə etmək üçün Yehova bizə müqəddəs ruh və Müqəddəs Kitaba əsaslanan prinsiplər verir (Romalılara 9:1). Gəl görək vicdanımızı necə tərbiyə edə bilərik.
VİCDANI NECƏ TƏRBİYƏ EDƏ BİLƏRİK?
8. a) Hisslərimiz vicdanımıza necə təsir edə bilər? b) Qərar verməzdən əvvəl özümüzə hansı sualı verməliyik?
8 Bəzi insanların fikrincə, vicdanın səsinə qulaq asmaq hisslərə görə hərəkət etmək deməkdir. Onlar fikirləşirlər ki, əgər onlara xoş gəlirsə, istədiklərini edə bilərlər. Ancaq bizim hisslərimiz qeyri-kamildir və bizi yanlış yola çəkə bilər. Hisslərimiz çox güclü olub vicdanımıza təsir göstərə bilər. Müqəddəs Kitabda deyilir: «Ürək ən böyük xaindir, xatakardır, kim onu anlaya bilər?» (Ərəmya 17:9). Deməli, biz səhv olduğu halda, nəyinsə düzgün olduğunu fikirləşə bilərik. Məsələn, məsihi olmazdan əvvəl Bulus Allahın xalqına divan tuturdu və o əmin idi ki, düzgün hərəkət edir. Amma sonralar yazmışdı: «Məni sorğu-suala çəkən Yehovadır» (1 Korinflilərə 4:4; Həvarilərin işləri 23:1; 2 Timutiyə 1:3). Bulus Yehovanın mövqeyini öyrənəndə başa düşdü ki, dəyişməlidir. Deməli, biz də nəsə etməzdən əvvəl özümüzdən soruşmalıyıq: «Görəsən, Yehova mənim necə davranmağımı istəyir?»
9. Allahdan qorxmaq nə deməkdir?
9 Adam kimisə sevəndə onun xoşuna gəlməyən şeyi etmək istəmir. Biz Yehovanı sevdiyimiz üçün Ona xoş olmayan heç nə etmək istəmirik. Ürəyimizdə Yehovanı narazı salmaq qorxusu çox güclü olmalıdır. Bu sahədə Nəhəmya gözəl nümunədir. O, vali vəzifəsindən varlanmaq üçün istifadə etmirdi. Səbəbini belə izah etmişdi: «Mən isə Allahdan qorxduğum üçün belə etmirdim» (Nəhəmya 5:15). Nəhəmya istəmirdi ki, Yehovaya ağır gedən bir iş tutsun. Nəhəmya kimi, biz də yanlış hərəkət edərək Yehovanı narazı salmaqdan qorxuruq. Biz Müqəddəs Kitabı oxuyub, Yehovanın nədən xoşu gəldiyini öyrənə bilərik. (6-cı əlavəyə bax.)
10, 11. Müqəddəs Kitabdakı hansı prinsiplər spirtli içkilərlə bağlı düzgün qərar verməyə kömək edir?
10 Məsələn, tutaq ki, məsihi spirtli içki içib-içməməklə bağlı qərar verməlidir. Hansı prinsiplər ona düzgün qərar verməyə kömək edəcək? Misal üçün, Müqəddəs Kitabda spirtli içki içmək mühakimə olunmur. Orada yazılıb ki, şərab Allahın bəxşişidir (Zəbur 104:14, 15). Lakin İsa davamçılarına buyurmuşdu ki, sərxoşluq etməsinlər (Luka 21:34). Bulus da məsihilərə demişdi ki, kef məclislərindən, sərxoşluqdan uzaq dursunlar (Romalılara 13:13). O yazmışdı ki, «içki düşkünləri... Allahın Padşahlığına girməyəcəklər» (1 Korinflilərə 6:9, 10).
11 Məsihi özünə sual verməlidir: «Spirtli içki mənim üçün nə dərəcədə vacibdir? Rahatlamaq üçün mütləq spirtli içki içməliyəm? Özümə arxayın olmaq üçün içirəm? Qədərində içə biləcəyəm? İçməyə vərdiş etməyəcəyəm? * Dostlarımla vaxtımın şən keçməsi üçün spirtli içkinin olması vacibdir?» Həmçinin düzgün qərar vermək üçün Yehovadan kömək istəmək çox vacibdir. (Zəbur 139:23, 24 ayələrini oxu.) Müqəddəs Kitab prinsipləri üzərində düşünməklə, özümüzü dürüst şəkildə təhlil etməklə vicdanımızı tərbiyə edəcəyik, yəni vicdanımız Müqəddəs Kitab prinsiplərinə uyğun işləyəcək. Lakin təkcə bununla iş bitmir.
BAŞQALARININ VİCDANINI NƏ ÜÇÜN NƏZƏRƏ ALMALIYIQ?
12, 13. Nəyə görə insanların vicdanı fərqlidir? Bu fərqə necə yanaşmalıyıq?
12 Hamının vicdanı eyni deyil. Elə şey ola bilər ki, sənin vicdanın onu etməyə yol verir, başqasının vicdanı isə yol vermir. Məsələn, sən spirtli içki içirsən, başqası isə fikirləşir ki, ona içmək olmaz. Nəyə görə belə iki fərqli mövqe var?
13 İnsanın nəyəsə münasibəti çox vaxt böyüdüyü yer, ailədə aldığı tərbiyə, həyat təcrübəsi və başqa amillər əsasında formalaşır. Spirtli içkilərə gəldikdə, bəlkə də, kimsə əvvəllər çox içən olub, ona görə də indi ümumiyyətlə içmir (1 Padşahlar 8:38, 39). Deməli, sən kiməsə spirtli içki təklif edəndə o içməkdən imtina edərsə, nə edəcəksən? İnciyəcəksən? Yoxsa israr edəcəksən? Təkidlə ondan nəyə görə içmədiyini soruşacaqsan? Yaxşı olar ki, belə etməyəsən, onun vicdanına hörmətlə yanaşasan.
14, 15. Bulusun dövründə hansı vəziyyət yaranmışdı? Bulus hansı məsləhəti vermişdi?
14 Həvari Bulusun dövründə də insanların vicdanının fərqli olduğunu göstərən bir vəziyyət yaranmışdı. Bəzi ət bazarlarında bütlərə qurban gətirilən heyvanların əti satılırdı (1 Korinflilərə 10:25). Bulusun fikrincə, bu əti alıb, yemək günah deyildi. Onun üçün bütün qidalar Yehovanın neməti idi. Amma əvvəllər bütpərəst olan bəzi qardaşlar bu məsələyə başqa cür yanaşırdılar. Onların fikrincə, o əti yemək günah idi. Bulus necə düşündü? O dedimi: «Mənim vicdanım məni narahat etmir. Mənim istədiyimi yeməyə ixtiyarım var»?
15 Bulus belə düşünmədi. Qardaşların hissləri onun üçün o qədər vacib idi ki, o öz hüquqlarından keçməyə hazır idi. Bulus demişdi ki, biz öz xeyrimizi düşünməməliyik. Sonra əlavə etmişdi: «Axı Məsih də öz xeyrini düşünmürdü» (Romalılara 15:1, 3). İsa kimi, Bulus da özündən çox, başqalarını fikirləşirdi. (1 Korinflilərə 8:13; 10:23, 24, 31—33 ayələrini oxu.)
16. Vicdanı nəyisə etməyə yol verən dindaşımızı nəyə görə mühakimə etməməliyik?
16 Elə ola bilər ki, kiminsə vicdanı ona bizim gözümüzdə düzgün olmayan bir şeyi etməyə icazə verir. Bu zaman diqqətli olmalıyıq ki, onu tənqid etməyək və özümüzün düzgün, onun isə səhv olduğunu israr etməyək. (Romalılara 14:10 ayəsini oxu.) Yehova vicdanı bizə verib ki, özümüzü mühakimə edək, başqalarını yox (Mətta 7:1). Biz istəmərik ki, şəxsi fikirlərimizə görə yığıncaqda parçalanma yaransın. Əksinə, yığıncaqda məhəbbəti və birliyi qorumaq üçün əlimizdən gələni etməliyik (Romalılara 14:19).
TƏMİZ VİCDANIN FAYDASI
17. Bəzi insanların vicdanı ilə nə baş verir?
17 Həvari Butrus yazmışdı: «Vicdanınızı təmiz saxlayın» (1 Butrus 3:16). Ancaq insan Yehovanın prinsiplərinə məhəl qoymamağa davam edəndə, nəticədə, vicdanı onu daha xəbərdar etmir. Bulus demişdi ki, bu cür vicdana sanki dağ basılıb (1 Timutiyə 4:2). Heç elə olubmu ki, bədəninin harasınısa pis yandırmısan? Yanmış yerin dərisi qabıq bağlayır və həmin yerdə hissiyyat ölür. Əgər insan da pis işlər görməyə davam edirsə, onun vicdanı kütləşir, bir müddətdən sonra isə ümumiyyətlə susur.
18, 19. a) Vicdan əzabı və xəcalət hissi bizə nəyi öyrədir? b) Tövbə edəndən sonra da özümüzü günahkar hiss ediriksə, nə etməliyik?
18 Əgər özümüzü günahkar hiss ediriksə, deməli, vicdanımız bizə səhv iş tutduğumuzu deyir. Bu bizə əməlimizi götür-qoy etməyə və bu əməldən dönməyə kömək edir. Biz səhvlərimizdən dərs götürüb, bir də onları təkrar etməməliyik. Məsələn, Davud padşah günah etsə də, vicdanı onu tövbə etməyə təşviq etdi. O tutduğu işə nifrət edirdi və Yehovanın itaətindən çıxmamağa qərarlı idi. Davud öz təcrübəsinə əsaslanaraq demişdi ki, Yehova kəramətlidir və bağışlayandır (Zəbur 51:1—19; 86:5; 7-ci əlavəyə bax).
19 Amma elə ola bilər ki, insan tövbə edəndən sonra da uzun müddət özünü günahkar hiss etsin. O, vicdan əzabı çəkib, özünün dəyərsiz olduğunu düşünə bilər. Əgər sən də bu hissləri keçirirsənsə, bir şeyi yadında saxla ki, keçmişi dəyişmək mümkün deyil. O vaxt günahı bilərəkdən, yaxud bilməyərəkdən etsən də, Yehova səni bağışlayıb və həmin günahların artıq yuyulub. Sən Yehovanın gözündə təmizsən və hazırda düzgün davranırsan. Ola bilsin, ürəyin səni hələ də ittiham edir. Amma Müqəddəs Kitabda deyilir: «Allah ürəyimizdən böyükdür». (1 Yəhya 3:19, 20 ayələrini oxu.) Bu o deməkdir ki, Allahın məhəbbəti və əfvi sənin duyduğun vicdan əzabından və xəcalət hissindən güclüdür. Əmin ol ki, Yehova səni bağışlayıb. İnsan Yehovanın onu əfv etdiyinə inananda vicdanı sakitləşir və sevinclə Yehovaya xidmət edir (1 Korinflilərə 6:11; İbranilərə 10:22).
20, 21. a) Bu kitab sənə nədə kömək edə bilər? b) Yehova bizə hansı azadlığı verib? Bu azadlıqdan necə istifadə etməliyik?
20 Bu kitabın yazılma məqsədi sənə vicdanını tərbiyə etməyə kömək etməkdir. Belə vicdan səni son dərəcə çətin vaxt olan axırzamanda xəbərdar edib qoruyacaq. Həmçinin bu kitab həyatının müxtəlif sahələrində Müqəddəs Kitab prinsiplərini tətbiq etməyə kömək edəcək. Sözsüz ki, burada hər vəziyyətə dair qayda-qanunlar sadalanmır. Biz «Məsihin qanununa» əsasən yaşayırıq, bu qanun isə Allahın prinsiplərinə əsaslanır (Qalatiyalılara 6:2). Əgər hansısa məsələyə dair konkret qanun yoxdursa, bundan yanlış addım atmaq üçün bəhanə kimi istifadə etmirik (2 Korinflilərə 4:1, 2; İbranilərə 4:13; 1 Butrus 2:16). Əksinə, azadlığımızdan Yehovanı sevdiyimizi göstərmək üçün istifadə edirik.
21 Biz Müqəddəs Kitab prinsiplərini düşünüb tətbiq edəndə ağlımızı işlətməyi və Yehova kimi düşünməyi öyrənirik (İbranilərə 5:14). Bunun sayəsində vicdanımızı tərbiyə edirik, bu isə bizə həyatda bələdçilik edir və Allahın məhəbbətindən ayrılmamağa kömək edir.
^ Bir çox həkimlərin fikrincə, alkoqolizmdən əziyyət çəkənlərə içkidə həddi aşmamaq çox çətindir. Həkimlər məsləhət görürlər ki, onlar ümumiyyətlə içki içməsinlər.