FƏSİL 9
Əxlaqsızlıqdan qaç
«Buna görə də yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (KOLOSLULARA 3:5).
1, 2. Bələm Yehovanın xalqına zərər yetirmək üçün hansı fəndə əl atdı?
BALIQÇI istədiyi növ balığı tutmaq üçün onun olduğu yerə gəlir. Sonra yem seçib tilova taxır və tilovu suya atır. Səbirlə oturub gözləyir. Balıq tilova düşəndə dərhal tilovu dartıb çəkir.
2 İnsanlar da belə tilova düşə bilər. Məsələn, israillilər Vəd edilmiş diyara çathaçatda Muab çöllüyündə düşərgə qurmuşdular. Muab padşahı Bələm adlı bir kişidən israilliləri lənətləməyi xahiş etmişdi. O bunun müqabilində ona çoxlu pul verəcəyini vəd etmişdi. Axırda Bələm elə bir yol tapdı ki, israillilər özləri öz başlarına lənət gətirdilər. O, israilliləri tilova salmaq üçün yaxşıca düşünüb yem seçdi. İsraillilərin düşərgəsinə gənc muabi qadınları göndərdi ki, kişiləri yoldan çıxarsınlar (Saylar 22:1—7; 31:15, 16; Vəhy 2:14).
3. İsraillilər Bələmin tilovuna necə düşdülər?
3 Bələmin fəndi baş tutdu. Minlərlə israilli kişi «Muab qızları ilə zina» etdi. Onlar həmçinin yalan allahlara, eləcə də mənfur seks allahı Faur Baalına sitayiş etməyə başladılar. Nəticədə, 24 000 israilli Vəd edilmiş diyarın düz astanasında öldü (Saylar 25:1—9).
4. Nə üçün minlərlə israilli əxlaqsızlıq etdi?
4 Bəs nəyə görə bu qədər israilli Bələmin fitnəsinə uydu? Onları yalnız öz istəkləri maraqlandırırdı, Yehovanın etdiklərini yaddan çıxarmışdılar. Yehova israillilərə o qədər yaxşılıq etmişdi ki, onlar Yehovaya sadiq qalmağa borclu idilər. Allah onları Misir əsarətindən azad etmişdi, çöllükdə yedizdirmişdi, sağ-salamat Vəd edilmiş diyarın astanasına gətirmişdi (İbranilərə 3:12). Buna baxmayaraq, onlar əxlaqsızlıq toruna düşdülər. Həvari Bulus yazmışdı: «Onlardan bəziləri kimi əxlaqsızlıq etməyək» (1 Korinflilərə 10:8).
5, 6. Muab çöllüyündə baş verən əhvalatdan nə öyrənirik?
5 Yeni dünya çox yaxındır. Biz də israillilər kimi, Vəd edilmiş diyarın astanasında yaşayırıq (1 Korinflilərə 10:11). Dünya bu gün seksə muabilərin dövründəkindən də betər hərisdir. Bu, asanlıqla Yehovanın xalqına da sirayət edə bilər. Əslində, Şeytanın uğurla istifadə etdiyi yem elə əxlaqsızlıqdır (Saylar 25:6, 14; 2 Korinflilərə 2:11; Yəhuda 4).
6 Özündən soruş: «Bir neçə dəqiqəlik həzdən ötrü yeni dünyada əbədi yaşamağı qurban verməyə dəyər? Yehovanın “əxlaqsızlıqdan qaçın” əmrinə itaət etmək üçün əlindən gələni etmək ağıllı hərəkət olmazdı?» (1 Korinflilərə 6:18).
CİNSİ ƏXLAQSIZLIQ NƏDİR?
7, 8. Cinsi əxlaqsızlıq nədir? Bu nə üçün ciddi məsələdir?
7 Bu gün çoxları azğınlıq edir və Allahın cinsi münasibətlərə dair qanunlarına açıq-aşkar hörmətsiz yanaşır. Cinsi əxlaqsızlıq Müqəddəs Kitabın qanunlarına uyğun şəkildə evli olmayan kəslər arasında olan cinsi münasibətləri bildirir. Bura eynicinsli insanlar, eləcə də insanla heyvan arasında cinsi münasibətlər daxildir. Cinsi münasibətlər dedikdə cinsi əlaqə, oral, anal seks və ya başqasının cinsiyyət orqanlarına şəhvətlə toxunmaq daxildir. (23-cü əlavəyə bax.)
8 Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, əgər kimsə cinsi əxlaqsızlıqdan əl çəkmirsə, yığıncaqda qala bilməz (1 Korinflilərə 6:9; Vəhy 22:15). Bundan başqa, əxlaqsız adam mənliyini və başqalarının etibarını itirir. Əxlaqsızlığın axırı həmişə pis qurtarır. Adətən, bu, vicdan əzabı ilə, ailədaxili problemlərlə, arzuolunmaz hamiləlik, xəstəlik, hətta ölümlə nəticələnir. (Qalatiyalılara 6:7, 8 ayələrini oxu.) Əgər insan ayaq saxlayıb əxlaqsızlığın nəticələrini fikirləşsə, çox güman ki, bu addımı atmaz. Amma çox vaxt insanlar öz istəklərini düşünərək əxlaqsızlığa doğru ilk addımı atırlar. İlk addım isə, adətən, pornoqrafiya olur.
İLK ADDIM — PORNOQRAFİYA
9. Nəyə görə pornoqrafiya təhlükəlidir?
9 Pornoqrafiyanın məqsədi insanda ehtiras oyatmaqdır. Bu gün pornoqrafiyaya hər yerdə, jurnallarda, kitablarda, musiqidə, televiziya verilişlərində, həmçinin internetdə rast gəlinir. Çoxlarının fikrincə, pornoqrafiyada pis heç nə yoxdur. Əslində isə pornoqrafiya çox təhlükəlidir. Pornoqrafiyaya baxan insan seksə aludə olur və ürəyində natəmiz istəklər baş qaldırır. Pornoqrafiya insanda masturbasiya vərdişi yaradır, ailələrdə problemlərə səbəb olur, hətta boşanmaya gətirib çıxarır (Romalılara 1:24—27; Efeslilərə 4:19; 24-cü əlavəyə bax).
10. Yaqub 1:14, 15 ayələrindəki prinsip əxlaqsızlıqdan qaçmağa necə kömək edə bilər?
10 İnsanın cinsi əxlaqsızlıq toruna necə düşdüyünü bilmək çox vacibdir. Yaqub 1:14, 15 ayələrində gör hansı xəbərdarlıq var: «Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır. Sonra nəfs boylu qalıb günah doğur, törədilmiş günah isə, öz növbəsində, ölümə aparır». Beləliklə, beynində yanlış fikirlər baş qaldıranda dərhal onları qov. Əgər təsadüfən əxlaqsız şəkillər görsən, tez gözünü çək, kompüteri söndür, yaxud kanalı dəyiş. Qoyma pis istəklər həyatına yol açsın. Əks halda, bu istəklər elə güclü olacaq ki, onları cilovlamaq çox çətin olacaq. (Mətta 5:29, 30 ayələrini oxu.)
11. Pis fikirlərlə mübarizədə Yehova bizə necə kömək edə bilər?
11 Yehova bizi bizdən yaxşı tanıyır. O bizim kamillikdən nə qədər uzaq olduğumuzu yaxşı bilir. Amma O həm də bilir ki, biz bu yanlış istəklərə qalib gələ bilərik. Yehova deyir: «Buna görə də yerdəki bədəninizin üzvlərində olan meyilləri — əxlaqsızlığa, natəmizliyə, şəhvətə, nəfsə və bütpərəstlik olan tamahkarlığa meyilləri öldürün» (Koloslulara 3:5). Bunu etmək asan olmasa da, Yehova bizə səbirlə yanaşır. O bizi köməksiz qoymur (Zəbur 68:19). Bir gənc qardaş pornoqrafiyaya baxmağa və masturbasiya etməyə vərdiş etmişdi. Onun məktəb yoldaşlarının fikrincə, bu, böyümə prosesinin bir hissəsi idi. Amma qardaş deyir: «Mənim vicdanım ləkələnmişdi. Mən əxlaqsızlıq yoluna sürüklənmişdim». O başa düşmüşdü ki, istəklərini cilovlamalıdır. Qardaş Yehovanın köməyilə bu vərdişindən yaxa qurtara bilmişdi. Əgər səndə də əxlaqsız fikirlər olursa, Yehovadan «insan gücündən üstün olan» güc istə ki, fikirlərini təmiz saxlaya biləsən (2 Korinflilərə 4:7; 1 Korinflilərə 9:27).
12. Nəyə görə ürəyimizi qorumalıyıq?
12 Süleyman yazmışdı: «Hər şeydən çox ürəyini qoru, çünki həyat bulaqları ondan çıxır» (Məsəllər 4:23). «Ürək» Yehovanın gördüyü daxili varlığımızı bildirir. Baxdığımız şeylər bizə güclü təsir edə bilər. Mömin insan olan Əyyub demişdi: «Gözlərimlə əhd bağlamışam, bir qıza pis gözlə necə baxa bilərəm?» (Əyyub 31:1). Əyyub kimi, biz də nəyə baxdığımıza, nə haqda düşündüyümüzə nəzarət etməliyik. Biz məzmurçu kimi dua etməliyik: «Qoyma gözüm puç şeylərə baxsın» (Zəbur 119:37).
DİNƏNİN AĞILSIZ SEÇİMİ
13. Dinə necə adamlarla dostlaşmışdı?
13 Dostlarımız bizə güclü təsir edir. Onlar bizi ya yaxşı yola çəkirlər, ya da pis yola. Sən Allahın qanunları ilə yaşayan adamlarla dostluq etsən, onlar sənə də Allahın yolu ilə getməyə kömək edəcəklər (Məsəllər 13:20; 1 Korinflilərə 15:33 ayəsini oxu). Dinənin başına gələnlərdən dost seçiminin nə qədər vacib olduğunu görürük. Dinə Yaqubun qızlarından biri idi. O, Yehovaya ibadət edən ailədə böyümüşdü. Dinə əxlaqsız qız deyildi. Amma o, Yehovaya ibadət etməyən kənani qızlarla dostlaşdı. Kənanilərin cinsi münasibətlərə baxışı Allahın xalqının baxışından fərqlənirdi. Onlar əxlaqsızlıqları ilə tanınırdılar (Lavililər 18:6—25). Dinə dostları ilə olanda Siham adlı kənani cavanla tanış oldu. O, Sihamın xoşuna gəldi. Siham ailəsində «ən hörmətli» adam hesab olunurdu, amma Yehovanı sevmirdi (Yaradılış 34:18, 19).
14. Dinənin başına nə gəldi?
14 Siham öz gözündə adi, təbii görünən bir hərəkəti etdi. O, Dinəyə vurulduğu üçün «onu aparıb namusuna toxundu». (Yaradılış 34:1—4 ayələrini oxu.) Bu cinayət başqa cinayətlərə səbəb oldu. Nəticədə, təkcə Dinənin yox, həm də ailəsinin başı bəla çəkdi (Yaradılış 34:7, 25—31; Qalatiyalılara 6:7, 8).
15, 16. Biz necə hikmətli ola bilərik?
15 Yehovanın əxlaq qaydalarının xeyrimizə olduğunu başa düşmək üçün Dinənin səhvlərini təkrar etmək şərt deyil. «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Məsəllər 13:20). Müqəddəs Kitabdan «xeyrin bütün yollarını» öyrənməyə çalış, o zaman özünü çox bəlalardan və ağrı-acıdan qoruyacaqsan (Məsəllər 2:6—9; Zəbur 1:1—3).
16 Biz Allahın Kəlamını öyrənərək, qərar verməzdən əvvəl Allaha dua edərək, sadiq və ağıllı nökərin məsləhətinə əməl edərək hikmətli ola bilərik (Mətta 24:45; Yaqub 1:5). Əlbəttə, hamımız zəif və qeyri-kamilik (Ərəmya 17:9). Amma kimsə səni əxlaqsızlığın bir addımlığında olduğundan xəbərdar etsə, nə edəcəksən? İnciyəcəksən, yoxsa təvazökarlıq göstərib köməyi qəbul edəcəksən? (2 Padşahlar 22:18, 19).
17. Dindaşımızın məsləhəti bizə necə kömək edə bilər? Nümunə çək.
17 Bir nümunəyə baxaq. Tutaq ki, iş yerində bir nəfər bacıya diqqət göstərir, onu görüşə çağırır. O, Yehovaya xidmət etmir, amma çox nəzakətli, mehribandır. Başqa bir bacı onları bir yerdə görür və bacını təhlükədən xəbərdar etməyə çalışır. Bu bacı nə edəcək? Özünə haqq qazandıracaq, yoxsa onun məsləhətinə qulaq asacaq? Bacı yəqin ki Yehovanı sevir və düzgün davranmaq istəyir. Amma həmin adamla görüşməyə davam edərsə, onda bu nə deməkdir: o, əxlaqsızlıqdan qaçır, yoxsa ürəyinə etibar edir? (Məsəllər 22:3; 28:26; Mətta 6:13; 26:41).
YUSİFDƏN İBRƏT GÖTÜR
18, 19. Yusif əxlaqsızlıqdan necə qaça bilmişdi?
18 Yusif gənc olanda Misirdə kölə idi. Ağasının arvadı hər gün onu yoldan çıxarmaq istəyirdi ki, onunla yaxınlıq etsin. Amma Yusif bilirdi ki, bu, düzgün deyil. O, Yehovanı sevirdi və Onu razı salmaq istəyirdi. Buna görə də hər dəfə qadının təklifini rədd edirdi. Yusif kölə olduğu üçün ağasının evindən çıxıb gedə bilməzdi. Bir gün ağasının arvadı məcburi surətdə onunla yaxınlıq etmək istədi. Amma «Yusif onun əlindən çıxıb bayıra qaçdı». (Yaradılış 39:7—12 ayələrini oxu.)
19 Yusif pis şeylər fikirləşsəydi, həmin qadın haqqında xəyallara dalsaydı, vəziyyət başqa cür olardı. Amma Yusif üçün Yehova ilə münasibətləri hər şeydən üstün idi. O, qadına deyirdi: «Ağam... hər şeyi mənim ixtiyarıma verib, tək səndən başqa, çünki sən onun arvadısan. İndi mən necə belə bir yamanlıq edib Allaha qarşı günah işləyə bilərəm?» (Yaradılış 39:8, 9).
20. Haradan bilirik ki, Yusifin sədaqəti Yehovanı sevindirirdi?
20 Yusif ailəsindən uzaqda olsa da, həmişə Yehovaya sadiq qalırdı, Yehova da onu mükafatsız qoymurdu (Yaradılış 41:39—49). Yusifin sədaqəti Yehovanı sevindirirdi (Məsəllər 27:11). Əxlaqsızlıqdan uzaq durmaq çətin ola bilər. Amma bu sözləri unutma: «Ey Yehovanı sevənlər, pisliyə nifrət edin, O, sadiq bəndələrinin canını hifz edir, onları pislərin əlindən qurtarır» (Zəbur 97:10).
21. Bir qardaş Yusif kimi necə davranmışdı?
21 Yehovanın xalqı pisliyə nifrət etdiyini, yaxşılığı isə sevdiyini hər gün cəsarətlə sübut edir (Amus 5:15). Yaşından asılı olmayaraq, Yehovaya sadiq qala bilərsən. Bir qardaşın imanı məktəbdə sınanmışdı. Bir qız ona demişdi ki, əgər riyaziyyat testində ona kömək etsə, onunla yaxınlıq edəcək. Qardaş Yusif kimi davranmışdı. O deyir: «Mən dərhal onun təklifini rədd etdim. Sadiq qalmaqla ləyaqətimi qorudum, özümə hörmətim artdı». Əxlaqsızlığın verdiyi «müvəqqəti həzz» axırda adama dərd, qəlb ağrısı gətirir (İbranilərə 11:25). Yehovaya itaət etmək isə əbədi xoşbəxtlik gətirəcək (Məsəllər 10:22).
QOY YEHOVA SƏNƏ KÖMƏK ETSİN
22, 23. Ciddi günaha yol versək, Yehova bizə necə kömək edə bilər?
22 Şeytan bizi tilova keçirmək üçün cinsi əxlaqsızlıqdan istifadə edəcək. Bu, əsl sınaq ola bilər. Yəqin ki, hər birimizin beynində vaxtaşırı yanlış fikirlər olur (Romalılara 7:21—25). Yehova bunu başa düşür, «torpaq olduğumuzu unutmur» (Zəbur 103:14). Məsihi əxlaqsızlıq kimi ciddi günaha yol verərsə, bu o deməkdirmi ki, vəziyyət çıxılmazdır? Xeyr. Əgər o, sidqi-ürəkdən peşmandırsa, Yehova ona kömək edəcək. Yehova Allah bağışlayandır (Zəbur 86:5; Yaqub 5:16; Məsəllər 28:13 ayəsini oxu).
23 Yehova həmçinin bizə «insan timsalında hədiyyələr» verib. Bu bizim qayğımıza qalan məhəbbətli ağsaqqallardır (Efeslilərə 4:8, 12; Yaqub 5:14, 15). Yehova ağsaqqalları təyin edib ki, bizə Onunla münasibətlərimizi bərpa etməyə kömək etsinlər (Məsəllər 15:32).
AĞLINI İŞLƏT
24, 25. «Ağıl» əxlaqsızlıqdan qaçmağa necə kömək edir?
24 Düzgün qərarlar vermək üçün Yehovanın qanunlarının faydasını başa düşmək lazımdır. Biz Məsəllər 7:6—23 ayələrində təsvir olunan gənc kimi olmaq istəmirik. O, ağılsız idi, ona görə də əxlaqsızlıq yemi ilə tilova düşdü. Bu ayədə ağıl sadəcə intellekt demək deyil. Ağıllı adam Allahın düşüncə tərzini başa düşməyə çalışır və həyatını buna əsasən yaşayır. Bu hikmətli sözləri yaddan çıxarma: «Ağıl qazanan özünü sevir, bəsirətlə oturub-duran uğur tapır» (Məsəllər 19:8).
25 Bəs sən Allahın qanunlarının düzgünlüyünə tam əminsən? Bu qanunların sənə xoşbəxtlik gətirəcəyinə ürəkdən inanırsan? (Zəbur 19:7—10; Əşiya 48:17, 18). Əgər hələ buna tam əmin deyilsənsə, Yehovanın sənə etdiyi bütün yaxşılıqları yadına sal. Zəbur 34:8 ayəsində deyilir: «Dadın, görün necə gözəldir Yehova». Yehovanın sənə etdiyi yaxşılıqlar barədə düşündükcə Ona olan məhəbbətin də artacaq. Yehovanın sevdiyi şeyləri sev, nifrət etdiyi şeylərə nifrət et. Ağlını təmiz, doğru, saleh, pak, sevilməli, nəcib fikirlərlə doldur (Filippililərə 4:8, 9). Onda sən də Yusif kimi, Yehovanın hikmətinin faydasını öz həyatında görəcəksən (Əşiya 64:8).
26. Növbəti fəsillərdə nədən danışılacaq?
26 Subay və ya evli olmağından asılı olmayaraq, Yehova sənin həyatdan zövq almağını, xoşbəxt yaşamağını istəyir. Növbəti iki fəsildəki məsləhətlər sənə ailə həyatında xoşbəxt olmağa kömək edəcək.