Kontentə keç

Mündəricatı göstər

FƏSİL 12

«İmanı möhkəmləndirmək üçün yaxşı söz» söylə

«İmanı möhkəmləndirmək üçün yaxşı söz» söylə

«Qoy dilinizdən heç bir pis söz çıxmasın, ancaq... imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin» (EFESLİLƏRƏ 4:29).

1—3. a) Yehovanın bizə verdiyi gözəl paylardan biri hansıdır? Necə ola bilər ki, ondan sui-istifadə edək? b) Danışıq qabiliyyətindən necə istifadə etməliyik?

 ATA yeniyetmə oğluna velosiped hədiyyə edir. Oğluna belə hədiyyə verdiyi üçün o çox sevinir. Amma oğlu velosipedi ehtiyatsız sürsə, kimisə vurub əzsə, ata özünü necə hiss edər?

2 «Hər bir gözəl pay və hər bir kamil nemət» Yehova Allahdandır (Yaqub 1:17). Onun bizə verdiyi gözəl paylardan biri də danışıq qabiliyyətidir. Bunun sayəsində, biz öz fikirlərimizi və hisslərimizi ifadə edə bilirik. Sözlərimizlə insanlara kömək edirik, onların əhvali-ruhiyyəsini qaldırırıq. Amma sözlərlə başqalarına zərər yetirmək, onların ürəyini yaralamaq da mümkündür.

3 Söz çox böyük qüvvəyə malikdir. Yehova bizə danışıq qabiliyyətindən düzgün istifadə etməyi öyrədir. O deyir: «Qoy dilinizdən heç bir pis söz çıxmasın, ancaq zərurətə görə imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin» (Efeslilərə 4:29). Gəl görək Allahın verdiyi bu paydan necə istifadə edə bilərik ki, həm Allaha xoş getsin, həm də bəndəyə.

DANIŞDIĞIN SÖZLƏRƏ FİKİR VER

4, 5. Müqəddəs Kitabdakı ayələrdən sözün gücü haqda nə öyrənirik?

4 Sözlər böyük qüvvəyə malikdir. Buna görə də biz nə dediyimizə, necə dediyimizə fikir verməliyik. Məsəllər 15:4 ayəsində deyilir: «Sakit dil həyat ağacıdır, əyri sözlər ürək yaralar». İsti havada ağac kölgəsi adama xoş gəldiyi kimi, mehriban danışıq da insanlara təravət verir. Kobud sözlər isə insanı incidir, qanını qaraldır (Məsəllər 18:21).

Mehriban danışıq insanları təravətləndirir

5 Məsəllər 12:18 ayəsində deyilir: «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər». Kobud sözlər insanın qəlbinə yara vurur, münasibətləri korlayır. Yəqin xatırlayırsan, kimsə səninlə kobud danışanda necə xətrinə dəyib. Ancaq həmin ayənin ikinci hissəsində deyilir: «Hikmətli insanın dili... məlhəmdir». Düşünüb danışanda sözlərimiz insanın yarasına məlhəm ola bilər, anlaşılmazlıq ucbatından pozulan dostluğu bərpa edə bilər. (Məsəllər 16:24 ayəsini oxu.) Sözlərimizin insanlara təsir etdiyini yadda saxlasaq, danışanda fikirləşib danışacağıq.

6. Nəyə görə dili yüyənləmək çətindir?

6 Sözlərimizə fikir verməyimizin digər bir səbəbi odur ki, hamımız qeyri-kamilik. İnsanın ürəyi pisliyə meyillidir, sözlər də çox vaxt ürəkdə olanlardan xəbər verir (Yaradılış 8:21; Luka 6:45). Dilimizi yüyənləmək çox çətin ola bilər. (Yaqub 3:2—4 ayələrini oxu.) Amma biz həmişə çalışmalıyıq ki, insanlarla danışığımızı düzəldək.

7, 8. İşlətdiyimiz sözlər Yehova ilə münasibətlərimizə necə təsir edir?

7 Biz həmçinin ona görə danışığımıza fikir verməliyik ki, nə dediyimizə, necə dediyimizə görə Yehovanın qarşısında məsuliyyət daşıyırıq. Yaqub 1:26 ayəsində deyilir: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur». Deməli, sözlərimizə fikir verməsək, Yehova ilə münasibətlərimizə zərər yetirərik, hətta bu münasibətləri poza bilərik (Yaqub 3:8—10).

8 Deməli, nə danışdığımıza, necə danışdığımıza fikir vermək çox vacibdir. Danışıq qabiliyyətindən Yehovanın istədiyi kimi istifadə etmək üçün bilməliyik ki, nə cür danışıq tərzindən uzaq durmaq lazımdır.

İNSANI YIXAN SÖZLƏR

9, 10. a) Dünyada nə cür danışıq geniş yayılıb? b) Nə üçün biz ədəbsiz sözlər işlətməməliyik?

9 Nalayiq, yaxud natəmiz danışıq bu gün geniş yayılıb. Bir çoxları fikirləşir ki, sözlərini kəsərli etmək üçün söyüş söymək, yaxud kobud sözlər demək lazımdır. Gülüş ustaları camaatı əyləndirmək üçün, adətən, səhnədən ədəbsiz zarafatlar, əxlaqsız sözlər işlədirlər. Lakin həvari Bulus demişdi: «İndi bütün bunları: qəzəbi, hirsi, pisliyi, təhqiramiz danışığı kənara qoyun və dilinizə nalayiq sözlər gətirməyin» (Koloslulara 3:8). O həm də demişdi ki, həqiqi məsihilərin arasında ədəbsiz zarafatların adı belə çəkilməməlidir (Efeslilərə 5:3, 4).

10 Ədəbsiz sözlər Yehovaya və Onu sevənlərə ağır gedir. Bu, natəmizlikdir. Müqəddəs Kitabda natəmizlik «günahlı bədənin əməlləri» sırasında sadalanır (Qalatiyalılara 5:19—21). Natəmizliyə müxtəlif cür günahlar daxildir. Adətən, bir natəmiz vərdiş digərinə aparıb çıxarır. Əgər insan son dərəcə natəmiz, ədəbsiz sözlər işlətməyi vərdiş edibsə və bu vərdişindən əl çəkmirsə, bu onun yığıncaqdan kənar edilməsinə səbəb ola bilər (2 Korinflilərə 12:21; Efeslilərə 4:19; 23-cü əlavəyə bax).

11, 12. a) Söhbət necə qeybətə çevrilə bilər? b) Nəyə görə heç kimə böhtan atmamalıyıq?

11 Biz həmçinin qeybətdən də uzaq durmalıyıq. Başqaları ilə maraqlanmaq, dostlarımız və ailəmiz barədə danışmaq təbiidir. Birinci əsrdə də məsihilər istəyirdilər ki, bacı-qardaşların hal-əhvalından xəbər tutsunlar, onlara necəsə kömək etsinlər (Efeslilərə 6:21, 22; Koloslulara 4:8, 9). Amma kiminsə haqqında olan söhbət çox asanlıqla qeybətə çevrilə bilər. Əgər biz də eşitdiyimiz qeybəti danışırıqsa, onda düzgün olmayan və ya məxfi qalmalı olan məlumatı yaymış olarıq. Ehtiyatlı olmasaq, bu cür söhbət yalan ittihamlara və ya böhtana çevrilə bilər. Fərisilər İsaya böhtan atıb onu etmədiyi şeylərdə ittiham edirdilər (Mətta 9:32—34; 12:22—24). Böhtan insanın adına ləkə yaxır, mübahisələrə səbəb olur, qəlbi yaralayır, münasibətləri pozur (Məsəllər 26:20).

12 Yehova istəyir ki, biz sözlərimizlə insanlara kömək edək, onları ruhlandıraq, dostları düşmənə çevirməyək. Yehova «qardaşlar arasına nifaq salan» kəslərə nifrət edir (Məsəllər 6:16—19). İlk böhtançı Şeytan İblis olub, o, Allaha böhtan atıb (Vəhy 12:9, 10). Bu gün dünyada insanların bir-biri haqqında yalan danışması adi hal alıb. Amma bu, məsihi yığıncağında baş verməməlidir (Qalatiyalılara 5:19—21). Biz nə danışdığımıza fikir verməliyik və həmişə danışmazdan qabaq düşünməliyik. Kiminsə haqqında eşitdiyini danışmazdan əvvəl, özündən soruş: «Deyəcəyim şey həqiqətdir? Bu sözü danışmaqla ona qarşı xeyirxahlıq edirəm? Bunu danışmaqla kiməsə xeyrim dəyəcək? O adamın danışdıqlarımı eşitməsini istəyərdim? Kimsə mənim haqqımda bu sözləri desəydi, özümü necə hiss edərdim?» (1 Salonikililərə 4:11 ayəsini oxu.)

13, 14. a) Təhqiramiz danışıq insanlara necə təsir edir? b) Nəyə görə məsihilər başqalarını təhqir etmək vərdişindən uzaq durmalıdırlar?

13 Hər birimizdə elə olur ki, nəsə deyirik, sonradan peşman oluruq. Ancaq biz başqalarını tənqid etməyə, kobud, alçaldıcı danışığa vərdiş etmək istəmirik. Təhqiramiz danışığa bizim həyatımızda yer yoxdur. Bulus demişdi: «Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri... kənara qoyun» (Efeslilərə 4:31). Digər Müqəddəs Kitab tərcümələrində «təhqiramiz danışıq» «pis sözlər», «alçaldıcı danışıq», «yaralayan sözlər» kimi tərcümə olunub. Kiməsə təhqiramiz sözlər deyəndə o özünü alçalmış, yararsız hiss edir. Uşaqlar xüsusilə kövrək olurlar, buna görə də onlarla danışanda son dərəcə ehtiyatlı olmaq lazımdır ki, onları yaralamayaq (Koloslulara 3:21).

14 Müqəddəs Kitabda təhqiramiz danışmağı, başqalarını alçaltmağı vərdiş etmək son dərəcə ciddi mühakimə olunur. Kiminsə öz həyat yoldaşı ilə, uşaqları ilə bu cür rəftar etməsi çox acınacaqlı haldır. Başqalarını təhqir etmək vərdişindən əl çəkməyən adam yığıncağın üzvü olaraq qala bilməz (1 Korinflilərə 5:11—13; 6:9, 10). Öyrəndiyimiz kimi, dilimizə ədəbsiz, yalan, kobud sözlər gətirsək, Yehova ilə və insanlarla münasibətimiz pozulacaq.

İMANI MÖHKƏMLƏNDİRƏN SÖZLƏR

15. Hansı sözlər münasibətləri möhkəmləndirir?

15 Danışıq qabiliyyətindən Yehovanın istədiyi kimi necə istifadə edə bilərik? Düzdür, Müqəddəs Kitabda dəqiqliklə yazılmayıb ki, biz nə deyə bilərik, nə deyə bilmərik. Amma orada yazılıb ki, «imanı möhkəmləndirmək üçün yaxşı söz» söyləmək lazımdır (Efeslilərə 4:29). İmanı möhkəmləndirən sözlər təmiz, xeyirxah və doğru sözlərdir. Yehova istəyir ki, biz sözlərimizlə insanları ruhlandıraq, onlara kömək edək. Bu, çətin ola bilər. Xoş sözlər demək acı, düşünülməmiş sözlər deməkdən daha çox səy tələb edir (Titusa 2:8). Gəl görək sözlərimizlə başqalarını necə möhkəmləndirə bilərik.

16, 17. a) Nəyə görə başqalarını tərifləməliyik? b) Kimləri tərifləyə bilərik?

16 Həm Yehova, həm də İsa tərifləməkdə səxavətlidir. Biz də onlardan nümunə götürməliyik (Mətta 3:17; 25:19—23; Yəhya 1:47). Tərifin insanı ruhlandırması üçün həmin adama qarşı diqqətli olmaq və səmimi maraq göstərmək lazımdır. Məsəllər 15:23 ayəsində deyilir: «Yerində deyilən söz nə gözəldir!» Kimsə bizi çəkdiyimiz zəhmətə görə tərifləyəndə, yaxud etdiyimiz işə görə minnətdarlığını bildirəndə biz ruhlanırıq. (Mətta 7:12 ayəsini oxu; 27-ci əlavəyə bax.)

17 Sən başqalarında müsbət cəhətləri görməyi vərdiş etsən, onları səmimi tərifləmək də asan olacaq. Məsələn, ola bilsin, görürsən ki, yığıncaqda kimsə çıxışına yaxşı hazırlaşır, yaxud şərh verməyə çalışır, gənc məktəbdə həqiqəti müdafiə edir, yaxud yaşlı məsihi müntəzəm olaraq xidmət edir. Bu zaman sənin tərif sözlərin lap yerinə düşər. Həmçinin ərin arvadına onu nə qədər sevdiyini deməsi, onu tərifləməsi çox vacibdir (Məsəllər 31:10, 28). Bitkinin işığa və suya ehtiyacı olduğu kimi, insanların da ehtiyacı var ki, onları dəyərləndirsinlər. Xüsusən də bu, uşaqlar üçün çox vacibdir. Hər dəfə yeri düşdükcə onları müsbət keyfiyyətlərinə və çalışqanlıqlarına görə təriflə. Tərif sözləri onları cəsarətləndirəcək, onlarda əminlik hissi yaradacaq, düzgün davranmağa daha çox həvəsləndirəcək.

Danışıq tərzimizlə insanları ruhlandırıb, onlara təsəlli verə bilərik

18, 19. Nəyə görə başqalarına təsəlli vermək üçün əlimizdən gələni etməliyik? Bunu necə edə bilərik?

18 Biz insanları ruhlandırandatəsəlli verəndə Yehovanın nümunəsini izləyirik. O, «fağır» və məzlum» adamların halına ürəkdən yanır (Əşiya 57:15). Yehova istəyir ki, biz də bir-birimizə, qəmginlərə təsəlli verək (1 Salonikililərə 5:11, 14). Biz belə etməyə çalışanda Yehova görür və bizim cəhdlərimizi qiymətləndirir.

19 Ola bilsin, görürsən ki, yığıncaqda kimsə ruhdan düşüb, yaxud məyusluğa qapılıb. Ona necə kömək etmək olar? Bəlkə də, sən onun problemini yoluna qoya bilməzsən, amma insana göstərə bilərsən ki, onun vəziyyətinə biganə deyilsən. Bunun üçün onunla vaxt keçirmək olar. Ona Müqəddəs Kitabdan ruhlandırıcı ayə oxumaq, hətta onunla birgə dua etmək olar (Zəbur 34:18; Mətta 10:29—31). Belə adamları əmin etmək lazımdır ki, yığıncaqdakı bacı-qardaşlar onları sevir (1 Korinflilərə 12:12—26; Yaqub 5:14, 15). Həmçinin elə danışmaq lazımdır ki, sözlərinin səmimiliyi və dediyinə özünün də inandığın görünsün. (Məsəllər 12:25 ayəsini oxu.)

20, 21. İnsanlara məsləhəti asanlıqla qəbul etməyə nə kömək edər?

20 Biz həmçinin yaxşı məsləhət verəndə də başqalarını möhkəmləndiririk. Qeyri-kamil olduğumuz üçün hər birimizin vaxtaşırı məsləhətə ehtiyacı olur. Məsəllər 19:20 ayəsində deyilir: «Məsləhətə qulaq as, tərbiyəni qəbul et, axırda hikmətli olarsan». Məsləhət vermək təkcə ağsaqqalların işi deyil. Valideynlər uşaqlarına yol göstərməlidir (Efeslilərə 6:4). Həmçinin məsihi bacılar bir-birinə yaxşı məsləhət verə bilər (Titusa 2:3—5). Biz bacı-qardaşlarımızı sevdiyimiz üçün məsləhəti elə verməliyik ki, onlar özlərini pis hiss etməsinlər. Bunu necə etmək olar?

21 Yəqin sənə də nə vaxtsa yaxşı məsləhət veriblər. Üstəlik, bu məsləhəti elə veriblər ki, onu qəbul etmək sənə asan olub. Nəyə görə? Yəqin həmin insanın sənin yaxşılığını istədiyini hiss etmisən. Yaxud da o səninlə mehriban və mülayim tonda danışıb (Koloslulara 4:6). Üstəlik, həmin məsləhət Müqəddəs Kitaba əsaslanıb (2 Timutiyə 3:16). Müqəddəs Kitabdan birbaşa sitat gətirsək də, gətirməsək də, hər bir məsləhət Müqəddəs Kitaba əsaslanmalıdır. Heç kəs öz fikrini başqalarına yeritməməlidir, yaxud öz fikrini düz çıxarmaq üçün ayələri təhrif etməməlidir. Yadında saxlasan ki, sənə necə məsləhət verilib, özün də başqalarına düzgün tərzdə məsləhət verəcəksən.

22. Danışıq qabiliyyətindən necə istifadə etmək istəyirsən?

22 Danışıq qabiliyyəti Allahdan olan paydır. Allaha məhəbbət bizi təşviq edəcək ki, bu qabiliyyətdən düzgün istifadə edək. Unutma ki, söz var dağa qaldırır, söz var dağdan endirir. Buna görə də əlindən gələni et ki, sözlərinlə insanları möhkəmləndirəsən və ruhlandırasan.