FƏSİL 10
Nikah — Allahın ənamı
«Üçqat ip tez qırılmaz» (VAİZ 4:12).
1, 2. a) Bəylə gəlin nəyə ümid edir? b) Bu fəsildə hansı suallar müzakirə olunur?
TOY günüdür. Bəylə gəlinin sevinci yerə-göyə sığmır. Artıq onlar birgə ömür sürəcəklər. Onların ürəyi ümid və arzularla doludur. Bəylə gəlin ümid edir ki, onların nikahı uzunömürlü və xoşbəxt olacaq.
2 Bu, əlçatmaz arzu deyil. Düzdür, bəzi nikahların başlanğıcı yaxşı olsa da, sonrası heç də yaxşı olmur. Ancaq ərlə arvad Allahın məsləhəti ilə yaşasa, xoşbəxt ola bilər. Gəl əvvəlcə bir neçə sualı nəzərdən keçirək və görək Müqəddəs Kitab bu suallara necə cavab verir. Nikahın hansı üstünlükləri var? Ailə qurmaq istəyirsənsə, yaxşı həyat yoldaşı necə seçmək olar? Yaxşı ər və ya arvad necə olmalıdır? Nikahın uzunömürlü olmasına nə kömək edə bilər? (Məsəllər 3:5, 6 ayələrini oxu.)
İNSAN NƏ ÜÇÜN AİLƏ QURUR?
3. Xoşbəxtlik ailə qurmaqdan asılıdır? İzah et.
3 Bəzi insanlar fikirləşir ki, adam ailə qurmasa xoşbəxt ola bilməz. Amma bu belə deyil. İsa demişdi ki, subaylıq insan üçün ənam ola bilər (Mətta 19:11, 12). Həvari Bulus da demişdi ki, subay olmağın bəzi üstünlükləri var (1 Korinflilərə 7:32—38). Ailə qurub-qurmayacağına sən özün qərar verməlisən. Dostların, ailənin, yaxud adət-ənənənin təsirinə uyub ailə qurmaq düzgün deyil.
4. Yaxşı nikahın hansı üstünlükləri var?
4 Müqəddəs Kitabda deyilir ki, nikah da Allahdan ənamdır və onun da üstünlükləri var. Yehova ilk insan olan Adəm haqqında demişdi: «İnsanın tək olması yaxşı deyil. Onun üçün onu tamamlayan bir köməkçi yaradacağam» (Yaradılış 2:18). Yehova Həvvanı Adəmin arvadı olmaq üçün yaratdı. Onlar bəşəriyyətdə ilk ailə oldular. Əgər övlad dünyaya gəlirsə, onun böyüməsi üçün ailədə sabit mühit olmalıdır. Amma ailə yalnız dünyaya uşaq gətirmək məqsədilə qurulmamalıdır (Zəbur 127:3; Efeslilərə 6:1—4).
5, 6. Nikah nə vaxt üçqat ip olur?
5 Padşah Süleyman yazmışdı: «İki nəfər bir nəfərdən yaxşıdır, çünki çəkdikləri zəhmətin mükafatı gözəl olacaq. Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq. Amma kimsə yıxılanda qaldıranı olmasa, halı necə olar?.. Üçqat ip tez qırılmaz» (Vaiz 4:9—12).
6 Uğurlu nikahda ərlə arvad bir-birinin ən yaxın dostu olur. Onlar bir-birinə kömək edir, dayaq olur və bir-birini qoruyurlar. Sevgi nikahı möhkəm edir. Amma ərlə arvad Yehovaya ibadət edəndə onların nikahı lap möhkəm olur. Bu nikah üçqat ipə bənzəyir. Bir-birinə sıx hörülmüş üç ipdən ibarət kəndir ikiipli kəndirdən qat-qat möhkəm olur. Yehova da nikahın bir üzvü olanda həmin nikah möhkəm olur.
7, 8. Bulus ailə qurmaqla bağlı hansı məsləhəti vermişdi?
7 Kişi ilə qadın nikah bağlayandan sonra bir-birinin təbii cinsi istəklərini təmin edə bilərlər (Məsəllər 5:18). Lakin insan yalnız bu istəkləri təmin etmək barədə düşünürsə, o zaman kimlə gəldi ailə quracaq. Buna görə də Müqəddəs Kitabda deyilir ki, gəncliyin qaynar çağı, yəni cinsi istəklərin çox güclü olduğu dövr keçəndən sonra ailə qurmaq lazımdır (1 Korinflilərə 7:36). Yaxşı olar ki, insan həmin hisslərin sakitləşməsini gözləsin. Onda daha aydın düşünəcək və yaxşı seçim edəcək (1 Korinflilərə 7:9; Yaqub 1:15).
8 Əgər sən də ailə qurmaq barədə düşünürsənsə, həyata real bax. Unutma ki, hər ailədə problemlər olur. Bulus demişdi ki, ailə quranlar «həyatda yeni çətinliklərlə üzləşəcəklər» (1 Korinflilərə 7:28). Hətta ən uğurlu nikahlarda belə çətinliklər olur. Buna görə də ailə qurmaq istəyirsənsə, həyat yoldaşını düzgün seçməlisən.
KİMİNLƏ AİLƏ QURUM?
9, 10. Yehovaya ibadət etməyən insanla ailə qursaq, nə baş verər?
9 Həyat yoldaşı seçərkən Müqəddəs Kitabdan bir vacib prinsipi yadda saxlamaq lazımdır: «İmansızlarla eyni boyunduruğa girməyin» (2 Korinflilərə ). Bu nümunə əkinçilikdən götürülüb. Əkinçi ölçüsü və gücü çox fərqlənən iki heyvanı bir boyunduruğa salıb onlara tarlanı şumlatmaz. Bu, heyvanlara əziyyət verər. Eyni şeyi insanlara da aid etmək olar. Yehovaya ibadət edən və etməyən iki insan nikah bağlasa, problemləri çox olar. Buna görə də Müqəddəs Kitabda məsləhət görülür ki, yalnız Ağanın yolunda olan adamla ailə quraq ( 6:141 Korinflilərə 7:39).
10 Hərdən bəzi məsihilər düşünürlər ki, tək qalmaqdansa, Yehovaya ibadət etməyən adamla ailə qursunlar. Amma biz Müqəddəs Kitabın məsləhətinə əməl etməsək, bədbəxtlik, qəm-qüssə biçəcəyik. Yehovanın xidmətçisi olduğumuz üçün Ona ibadət etmək həyatımızda ən vacib işdir. Həyatın ən vacib sahəsində yoldaşınla hisslərini bölüşə bilməmək, təsəvvür edirsən, nə deməkdir? Bir çoxları Yehovanı sevməyən, Ona xidmət etməyən insanla ailə qurmaqdansa, subay qalmağa üstünlük verirlər. (Zəbur 32:8 ayəsini oxu.)
11. Həyat yoldaşını necə seçmək olar?
11 Bu o demək deyil ki, Yehovaya xidmət edən hər kəs yaxşı ər və ya arvad olacaq. Ailə qurmaq istəyirsənsə, elə adam tap ki, ürəkdən xoşuna gəlsin və onunla yola gedə biləsən. Həyatda səninlə eyni məqsədləri olan, xidməti hər şeydən üstün tutan adam tapana kimi gözlə. Nəşrlərdə sadiq nökərin nikahla bağlı verdiyi məsləhətləri oxuyub, yaxşı-yaxşı düşün. (Zəbur 119:105 ayəsini oxu.)
12. Müqəddəs Kitabdan valideynlərin məsləhəti ilə qurulan nikah barədə nə öyrənə bilərik?
12 Bəzi yerlərdə həyat yoldaşını valideynlər seçir. Belə düşünürlər ki, övlad üçün kimin yaxşı ər və ya arvad olacağını valideynlər daha yaxşı bilir. Bu adət Müqəddəs Kitabın yazıldığı dövrdə də var idi. Ola bilsin, sənin də ailən bu adətlə getmək istəyir. O zaman valideynlərin Müqəddəs Kitabdan öyrənə bilər ki, gələcək həyat yoldaşında hansı keyfiyyətlərə fikir versinlər. Məsələn, İbrahim oğlu İshaqı evləndirmək istəyəndə, pula, yaxud ad-sana fikir verməmişdi. Əsas o idi ki, qız Yehovanı sevsin (Yaradılış 24:3, 67; 25-ci əlavəyə bax).
AİLƏ QURMAĞA NECƏ HAZIRLAŞMALI?
13—15. a) Kişi yaxşı həyat yoldaşı olmağa necə hazırlaşa bilər? b) Qadın yaxşı həyat yoldaşı olmağa necə hazırlaşa bilər?
13 Əgər ailə qurmaq istəyirsənsə, hazır olub-olmadığını yoxla. Bəlkə də, hazır olduğunu düşünürsən, amma gəl görək ailə qurmağa hazır olmaq əslində nə deməkdir. Ola bilsin, bu sualın cavabı səni təəccübləndirəcək.
14 Müqəddəs Kitabda deyilir ki, ər və arvad ailədə müxtəlif rolları icra edir. Deməli, ailə qurmağa hazır olmaq üçün kişidən və qadından fərqli şeylər tələb olunur. Əgər kişi evlənmək barədə fikirləşirsə, özündən soruşmalıdır ki, ailə başçısı olmağa hazırdır, ya yox. Yehova gözləyir ki, ər arvadına, uşaqlarına maddi və emosional cəhətdən dayaq olacaq. Ən əsası, ər ailəsinin Allaha ibadət etməsinə rəhbərlik etməlidir. Müqəddəs Kitabda deyilir ki, ailəsinin qeydinə qalmayan adam imansızdan da betərdir (1 Timutiyə 5:8). Əgər sən də evlənmək istəyirsənsə, fikirləş gör növbəti prinsipi necə tətbiq edə bilərsən: «Çöl işlərini sahmana sal, tarlada hər işini gör qurtar, sonra evini tik». Başqa sözlə, evlənməmişdən qabaq əmin ol ki, Yehovanın tələb etdiyi kimi ər ola biləcəksən (Məsəllər 24:27).
15 Ailə qurmaq istəyən qız da götür-qoy etməlidir ki, həyat yoldaşı və ana olmaq məsuliyyətini daşımağa hazırdır, ya yox. Müqəddəs Kitabda yaxşı arvadın ərinin və övladlarının necə qeydinə qaldığı təsvir olunur (Məsəllər 31:10—31). Bu gün bir çox kişilər və qadınlar təkcə onu fikirləşirlər ki, həyat yoldaşları onlar üçün nə etməlidir. Amma Yehova istəyir ki, biz həyat yoldaşımız üçün nə edə biləcəyimizi düşünək.
16, 17. Əgər ailə qurmaq istəyirsənsə, nə barədə düşünməlisən?
16 Ailə qurmazdan əvvəl Yehovanın ər və arvad barədə nə dediyini düşün. Ailə başçısı olmaq o demək deyil ki, kişi fiziki və ya emosional cəhətdən zorakılıq edə bilər. Yaxşı ailə başçısı İsa Məsihdən nümunə götürür. İsa Məsih həmişə başqalarına qarşı xeyirxah və mehriban idi (Efeslilərə 5:23). Qadın da, öz növbəsində, ərinin qərarlarını dəstəkləyib ona dayaq olmağın nə demək olduğunu düşünməlidir (Romalılara 7:2). O özündən soruşmalıdır ki, qeyri-kamil insana tabe ola biləcək. Əgər bilməyəcəksə, onda, ola bilsin, hələlik subay qalmaq qərarına gəlsin.
17 Ər də, arvad da özündən çox həyat yoldaşının xoşbəxtliyini düşünməlidir. (Filippililərə 2:4 ayəsini oxu.) Bulus yazmışdı: «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (Efeslilərə 5:21—33). Həm kişinin, həm də qadının sevgiyə və hörmətə ehtiyacı var. Amma ailənin xoşbəxt olması üçün kişi daha çox arvadının ona hörmət etdiyini, arvad da ərinin onu sevdiyini hiss etməlidir.
18. Görüşən vaxt nə üçün ehtiyatlı olmaq lazımdır?
18 Oğlanla qız görüşərkən bir-birilərini yaxşı tanımağa başlayırlar. Bu çox gözəl dövrdür. Amma onlar bu müddət ərzində gözüaçıq və dürüst olmalıdırlar ki, birgə ömür sürmək istəyib-istəmədiklərinə qərar verə bilsinlər. Görüşən vaxt oğlanla qız bir-birilə ünsiyyət etməyi öyrənir və bir-birinin xasiyyətinə bələd olur. Münasibətləri yaxınlaşdıqca, təbii olaraq, fiziki yaxınlıq istəyi yaranır. Amma əxlaqsızlığa yol verməmək üçün nə qədər ki evlənməyiblər, onlar hisslərini necə ifadə etdiklərinə nəzarət etməlidirlər. Əsl məhəbbət onlara kömək edəcək ki, hisslərini idarə etsinlər və bir-birilə, eləcə də, Yehova ilə münasibətlərinə zərər yetirəcək heç bir hərəkətə yol verməsinlər (1 Salonikililərə 4:6).
NİKAHIN UZUNÖMÜRLÜ OLMASI ÜÇÜN NƏ ETMƏLİ?
19, 20. Məsihilər nikaha necə yanaşırlar?
19 Bir çox romanların və filmlərin sonu təmtəraqlı toyla bitir. Həyatda isə toy sadəcə başlanğıcdır. Yehovanın niyyəti odur ki, nikah ömürlük ittifaq olsun (Yaradılış 2:24).
20 Bu gün çoxları nikaha müvəqqəti quruluş kimi baxır. Onlar asanlıqla evlənir, elə evləndikləri kimi də boşanırlar. Bəziləri düşünür ki, problem yarananda həyat yoldaşından ayrılmaq, nikaha son qoymaq lazımdır. Amma bir-birinə hörülmüş üç ipdən ibarət kəndiri yadına sal. Bu cür kəndir hətta böyük təzyiq altında da qırılmaz. Biz köməyi Yehovadan istəyəndə nikahımız uzunömürlü olacaq. İsa demişdi: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:6).
21. Ərlə arvada bir-birini sevməyə nə kömək edəcək?
21 Hər birimizin güclü və zəif cəhətləri var. Başqasının, xüsusilə də həyat yoldaşının zəifliklərinə diqqəti cəmləmək çox asandır. Amma belə etsək, xoşbəxt olmayacağıq. Diqqəti həyat yoldaşımızın yaxşı cəhətlərinə cəmləsək, ailəmiz xoşbəxt olacaq. Qeyri-kamil insana bu cür yanaşmaq mümkündür? Bəli. Yehova bilir ki, biz kamillikdən nə qədər uzağıq, amma O, diqqətini bizim müsbət keyfiyyətlərimizə cəmləyir. Təsəvvür et, belə olmasaydı, bizim halımız necə olardı! Məzmurçu demişdi: «Ey Yah, ancaq səhvlərimizi görsəydin, kim dayana bilərdi, ey Yehova?» (Zəbur 130:3). Ərlər və arvadlar Yehovadan nümunə götürüb həyat yoldaşlarının yaxşı keyfiyyətlərinə fikir verməli və bir-birini dərhal bağışlamalıdır. (Koloslulara 3:13 ayəsini oxu.)
22, 23. İbrahim və Sara ər-arvadlar üçün necə nümunə qoyublar?
22 İllər ötdükcə nikah daha da möhkəmlənə bilər. İbrahimlə Saranın nikahı uzunömürlü və xoşbəxt olmuşdu. Yehova İbrahimə Ur şəhərindən çıxmağı buyuranda Saranın, ehtimal ki, altmışdan çox yaşı var idi. Təsəvvür et, onun üçün rahat evini qoyub çadırlarda yaşamaq necə çətin idi. Amma Sara ərinə yaxşı dost, yaxşı həmdəm idi. Ona ürəkdən hörmət edirdi. Odur ki, ərinin qərarlarını dəstəkləyir və onların həyata keçməsinə kömək edirdi (Yaradılış 18:12; 1 Butrus 3:6).
23 Nikahın uğurlu olması o demək deyil ki, ərlə arvad həmişə hər şeydə razılaşacaqlar. Bir dəfə İbrahim Sara ilə razılaşmamışdı, amma Yehova İbrahimə demişdi: «Ona qulaq as». İbrahim belə də etmişdi və nəticəsi yaxşı olmuşdu (Yaradılış 21:9—13). Əgər bəzən həyat yoldaşınla fikirlərin üst-üstə düşmürsə, məyus olma. Əsas odur ki, fikirləriniz üst-üstə düşməyəndə belə, bir-birinizlə məhəbbətlə və hörmətlə rəftar edəsiniz.
24. Nikahın Yehovaya necə şərəf gətirə bilər?
24 Məsihi yığıncağında minlərlə xoşbəxt ər-arvad var. Əgər ailə qurmaq istəyirsənsə, unutma ki, həyat yoldaşı seçmək ən vacib qərarlardan biridir. Bu sənin bütün həyatına təsir edəcək. Ona görə də Yehovadan rəhbərlik istə. Belə etsən, həyat yoldaşını ağılla seçə biləcəksən, nikaha yaxşı hazırlaşacaqsan və Yehovaya şərəf gətirən möhkəm ailə qura biləcəksən.