FƏSİL 11
Toydan sonra
«Məhəbbət heç vaxt tükənmir» (1 KORİNFLİLƏRƏ 13:8).
1, 2. Problemlərin olması nikahın uğursuz olduğunu göstərir?
NİKAH Yehovadan ənamdır. İnsan ailə qurandan sonra həyatı daha da xoşbəxt ola bilər. Ancaq hər ər-arvadın öz çətinliyi olur. Hətta bəzən elə gəlir ki, problemlərin sonu olmayacaq. Hərdən ərlə arvad özlərini bir-birinə daha əvvəlki kimi yaxın hiss etmirlər.
2 Əgər sizin də ailənizdə vaxtaşırı çətinliklər olursa, buna təəccüblənməyin. Çətinliklərin olması nikahınızın uğursuz olduğunu göstərmir. Hətta aralarında son dərəcə ciddi problemlər olan ər-arvadlar da münasibətlərini düzəldə bilmiş və nikahlarını möhkəmləndirmişlər. Gəl görək necə.
ALLAHA VƏ BİR-BİRİNİZƏ YAXINLAŞIN
3, 4. Bəzən ailədə nə baş verir?
3 Nikah iki fərqli insanı birləşdirir. Onların hər birinin öz düşüncə tərzi, xoşlayıb-xoşlamadığı şeylər olur. Bəzən isə ərlə arvad ayrı-ayrı xalqdan və mədəniyyətdən olur. Ərlə arvadın bir-birini yaxşı tanıması və başa düşməsi üçün vaxt və güc tələb olunur.
4 Bəzən vaxt keçdikcə ərlə arvadın başı öz işlərinə elə qarışır ki, bir də görürlər, bir-birilərindən tamamilə uzaqlaşıblar. Sanki hərə öz həyatını yaşayır. Onlara bir-birinə yaxınlaşmağa nə kömək edə bilər?
5. a) Həyat yoldaşı ilə münasibətlərini daha da yaxşılaşdırmağa məsihiyə nə kömək edə bilər? b) İbranilərə 13:4 ayəsinə əsasən, nikaha necə yanaşmalıyıq?
5 Yehovanın verdiyi məsləhətlərin sayəsində həyat yoldaşınla sən həm Yehovaya, həm də bir-birinizə yaxınlaşa bilərsiniz (Zəbur 25:4; Əşiya 48:17, 18). Yehova deyir: «Qoy hər kəs nikaha hörmət etsin» (İbranilərə 13:4). Biz nəyəsə hörmət ediriksə, deməli, o bizim üçün dəyərlidir. Onu qoruyuruq, onunla necə gəldi rəftar etmirik. Yehova istəyir ki, biz nikaha məhz bu cür yanaşaq.
YEHOVAYA MƏHƏBBƏT NİKAHDA VACİBDİR
6. Mətta 19:4—6 ayələri Yehovanın nikaha baxışı barədə nə deyir?
6 İlk nikahı Yehova Özü təsis etmişdi. Onun Oğlu İsa Məsih demişdi: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:4—6). Lap başlanğıcdan Yehova nikahın həmişəlik ittifaq olmasını niyyət etmişdi. O istəyirdi ki, ailələr mehriban, xoşbəxt olsun və birlikdə həyatdan həzz alsınlar.
7. Ərlə arvad nikahlarını necə möhkəmləndirə bilər?
7 Təəssüflər olsun ki, bu gün ər-arvadlar arasında əvvəlkindən çox gərginlik, çətinlik yaşanır. Bəzən münasibətlər o dərəcədə gərginləşir ki, daha bir yerdə yaşamağın mümkün olmadığını düşünüb ayrılırlar. Amma Yehovanın nikaha necə yanaşdığını anlamaq ərlə arvada kömək edə bilər (1 Yəhya 5:3).
8, 9. a) Yehovanın nikaha dair məsləhətinə nə zaman əməl etməliyik? b) Nikahın bizim üçün dəyərli olduğunu necə göstərə bilərik?
8 Yehovanın məsləhəti həmişə bizə xeyir gətirir. Vurğulandığı kimi, O məsləhət verir: «Qoy hər kəs nikaha hörmət etsin» (İbranilərə 13:4; Vaiz 5:4). Biz hətta çətin olanda da Yehovanın dediyini etsək, mütləq xeyir tapacağıq (1 Salonikililərə 1:3; İbranilərə 6:10).
9 Nikahımız bizim üçün dəyərli olduğundan biz hərəkətlərimizə və sözlərimizə diqqət yetirməliyik ki, ona zərər yetirməyək. Biz həyat yoldaşımızla münasibətimizi günbəgün möhkəmləndirmək istəyirik. Bunu necə edə bilərik?
SÖZDƏ VƏ HƏRƏKƏTDƏ NİKAHA HÖRMƏT ET
10, 11. a) Bəzi ər-arvadlar arasında hansı ciddi problem yaşanır? b) Nəyə görə həyat yoldaşımızla danışıq tərzimiz mühüm məsələdir?
10 İnsan həyat yoldaşına müxtəlif cür yara vura bilər. Biz bilirik ki, məsihilər həyat yoldaşına əl qaldırmamalı, yaxud ona fiziki xətər yetirməməlidir. Ancaq elə ola bilər ki, biz bir-birimizi sözlər də incidək. Həqiqətən də, sözlər insanı qılınc kimi yaralayır. Bir qadın deyir: «Yoldaşım sözlərilə məni yaralayır. Düzdür, bədənimdə iz yoxdur, amma onun “məni boğaza yığmısan”, “səndən adam olmayacaq” sözləri qəlbimə ox kimi sancılır». Bir kişi deyir ki, arvadı həmişə ona təhqiramiz sözlər deyir, alçaldıcı adlar qoyur. O deyir: «Onun mənə dediyi sözləri adam içində dilə gətirmək olmaz. Buna görə də onunla danışa bilmirəm, gecəyə kimi işdə qalıram. Bu, evə gəlməkdən yaxşıdır». Bu gün insanı yaralayan təhqiramiz, alçaldıcı, kobud sözlər adi haldır.
11 Ərlə arvad bir-birinə acı sözlər deyəndə bir-birinin qəlbinə sağalmaz yaralar vururlar. Yehova onların bir-birilə bu cür rəftar etməsini istəmir. Bəzən elə ola bilər ki, heç özün də bilmədən həyat yoldaşının qəlbinə dəyərsən. Sənə elə gələr ki, onunla yaxşı rəftar edirsən. Bəs yoldaşın da belə fikirləşir? Əgər hansısa sözün onun xətrinə dəyibsə, dəyişməyə hazırsan? (Qalatiyalılara 5:15; Efeslilərə 4:31 ayəsini oxu).
12. Ailəli adamın Yehova ilə münasibətinə nə təsir edə bilər?
12 İstər adam içində, istərsə də təklikdə yoldaşınla necə danışmağın Yehova üçün önəmlidir. (1 Butrus 3:7 ayəsini oxu.) Yaqub 1:26 ayəsində deyilir: «Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa, o, öz-özünü aldadır və onun dindarlığı boşdur».
13. Necə ola bilər ki, insan öz həyat yoldaşını yaralasın?
13 Ərlə arvad bir-birinin hisslərini başqa sahələrdə də nəzərə almalıdır. Məsələn, əgər sən əks cinslə çox vaxt keçirməyə başlasan, həyat yoldaşın nə hiss edər? Ola bilər, bunu təmiz niyyətlə edirsən, məsələn, onunla xidmət edirsən, problemini həll etməyə kömək edirsən. Amma bu, yoldaşına pis təsir etmir? Bir məsihi qadın deyir: «Ərimin yığıncaqda başqa bacıya çox vaxt sərf etməsi və diqqət yetirməsi məni yaralayır. Mən özümü alçalmış hiss edirəm».
14. a) Yaradılış 2:24 ayəsindən hansı əsas həqiqəti öyrənirik? b) Özümüzə hansı sualı verməliyik?
14 Bir məsihi kimi, biz valideynlərimizin və yığıncaqdakı bacı-qardaşların da qarşısında məsuliyyət daşıyırıq. Bununla belə, ailə quranda, bizim əsas məsuliyyətimiz həyat yoldaşımız olur. Yehova demişdi ki, ər «arvadına bağlanacaq» (Yaradılış 2:24). Həyat yoldaşımızın hissləri bizim üçün çox önəmli olmalıdır. Özündən soruş: «Mən həyat yoldaşıma onun ehtiyac duyduğu, layiq olduğu qədər vaxt, diqqət və nəvaziş göstərirəm?»
15. Nəyə görə ailəli məsihilər həyat yoldaşlarından başqa heç kimə çox yaxın olmamalıdırlar?
15 Əgər biz həyat yoldaşımızdan çox başqa kiməsə yaxın olarıqsa, bu, nikahımız üçün təhlükə yaradar. Biz həmin adama bağlanarıq, ona romantik hisslər bəsləməyə başlaya bilərik (Mətta 5:28). Bu hisslər getdikcə güclənə bilər, nəticədə, nikahı hörmətdən salan hərəkətə yol verərik.
NİKAH YATAĞI LƏKƏSİZ OLSUN
16. Müqəddəs Kitab nikahla bağlı hansı əmri verir?
16 Müqəddəs Kitabda «qoy hər kəs nikaha hörmət etsin» deyiləndən sonra əlavə olunur: «Nikah yatağı ləkəsiz olsun, çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbranilərə 13:4). Burada «nikah yatağı» deyəndə ərlə arvad arasındakı intim münasibət nəzərdə tutulur (Məsəllər 5:18). Bu münasibəti ləkələməmək nə deməkdir? Ona hörmət etdiyimizi necə göstərə bilərik?
17. a) Bir çox insanlar zinaya necə baxır? b) Məsihilər zinaya necə yanaşmalıdır?
17 Bəzi insanların fikrincə, həyat yoldaşına xəyanət etməkdə pis bir şey yoxdur. Amma biz bu fikirlərə uymamalıyıq. Yehova açıq-aydın bildirir ki, O, əxlaqsızlığa və zinaya nifrət edir. (Romalılara 12:9 ayəsini oxu; İbranilərə 10:31; 12:29.) İnsan həyat yoldaşından başqa kiminləsə cinsi əlaqədə olanda nikahını ləkələyir. Bununla o, Yehovanın qanunlarına hörmət etmədiyini göstərir və Yehova ilə münasibətlərini pozur. Deməli, biz əxlaqsızlığa aparıb çıxaran ilk addımdan da qaçmalıyıq. Buna başqası haqqında natəmiz fikirlərdən uzaq durmaq daxildir (Əyyub 31:1).
18. a) Nəyə görə zina bütpərəstliyə bərabər günah sayılırdı? b) Yehova zinaya necə baxırdı?
18 Qədim İsraildə Tövrata əsasən, zina yalan allahlara ibadət etmək qədər ciddi günah idi. Hər iki günaha ölüm cəzası kəsilirdi (Lavililər 20:2, 10). Necə ola bilər ki, zina bütpərəstliklə eyni günah olsun? İsrailli yalan allahlara ibadət edəndə Yehovaya sadiq qalmaqla bağlı verdiyi əhdi pozurdu. Eynilə, zina edəndə də israilli həyat yoldaşına sadiq qalacağına verdiyi vədi pozurdu (Çıxış 19:5, 6; Qanunun təkrarı 5:9; Məlaki 2:14 ayəsini oxu). Aydındır ki, keçmişdə Yehova zinanı çox ciddi günah kimi qəbul edirdi.
19. Zina etməməyə necə əzmli ola bilərik?
19 Bəs bu gün bu barədə nə demək olar? Düzdür, biz Musanın Qanunu altında yaşamırıq, amma Yehovanın zinaya münasibəti dəyişməyib. Necə ki, yalan allaha heç vaxt ibadət etmərik, həyat yoldaşımıza da heç vaxt xəyanət etməməliyik (Zəbur 51:1, 4; Koloslulara 3:5). Bunu etsək, həm öz nikahımıza, həm də Allahımız Yehovaya qarşı hörmətsizlik edərik. (26-cı əlavəyə bax.)
NİKAH BAĞLARINI NECƏ MÖHKƏMLƏNDİRMƏK OLAR?
20. Hikmətli olmaq nikaha necə fayda verə bilər?
20 Nikahını necə möhkəmləndirə bilərsən? Allahın Kəlamında deyilir: «Ev hikmətlə tikilər, bəsirətlə möhkəmlənər» (Məsəllər 24:3). Ev ya soyuq, boş ola bilər, ya da rahat və isti yuva ola bilər. Nikah da bu cürdür. Hikmətli insan elə edəcək ki, onun nikahı möhkəm, xoş və firavan olsun.
21. Bilik nikahı necə möhkəmləndirir?
21 Müqəddəs Kitabda ev barədə söhbəti davam etdirərək deyilir: «Bilik sayəsində otaqlar dolar qiymətli, göz oxşayan xəzinələrlə» (Məsəllər 24:4). Allahın Kəlamından öyrəndiklərin sənin nikahını yaxşılığa doğru dəyişə bilər (Romalılara 12:2; Filippililərə 1:9). Müqəddəs Kitabı və nəşrləri həyat yoldaşınla birlikdə oxuyanda öyrəndiklərinizi necə tətbiq edə biləcəyinizi müzakirə edin. Görün bir-birinizə daha necə məhəbbət və hörmət göstərə, həmçinin mehriban və anlayışlı ola bilərsiniz. Yehovadan diləyin ki, nikahınızı möhkəmləndirmək üçün və sizi həyat yoldaşınıza daha çox sevdirmək üçün lazım olan keyfiyyətlərə yiyələnməyə kömək etsin (Məsəllər 15:16, 17; 1 Butrus 1:7).
22. Biz nə üçün həyat yoldaşımıza sevgi, hörmət və ehtiram göstərməliyik?
22 Biz həyat yoldaşımızla sevgi, hörmət və ehtiramla davranmaq üçün var gücümüzlə çalışmalıyıq. O zaman nikahımız möhkəm və uzunömürlü olacaq. Ən əsası isə biz Yehovanı sevindirəcəyik (Zəbur 147:11; Romalılara 12:10).