Fəsil 29
Allah bütün şənlikləri bəyənir?
ŞƏNLİKDƏ olmağı xoşlayırsan? ~ Şənliklər çox maraqlı olur. Bəs səncə, Böyük Müəllim bizim şənliklərə getməyimizi istəyir? ~ O, özü də bəzi dostları ilə birlikdə toy şənliyinə getmişdi. Yehova xoşbəxt Allahdır, buna görə də biz şənliklərdə yaxşı vaxt keçirəndə O sevinir (Yəhya 2:1—11).
Bu kitabın 29-cu səhifəsində yazılıb ki, Yehova Qırmızı dənizi ayırıb israilliləri oradan keçirdi. Bunlar sənin yadındadır? ~ Bu hadisədən sonra camaat mahnı oxuyub oynamaqla Yehovaya minnətdarlığını bildirdi. Bu, şənliyə bənzəyirdi. Hamı çox sevinirdi. Biz əmin ola bilərik ki, Allah da çox sevinirdi (Çıxış 15:1, 20, 21).
Təxminən 40 il sonra israillilər başqa böyük bir şənliyə getdilər. Bu dəfə onları dəvət edən adamlar Yehovaya ibadət etmirdilər. Onlar başqa allahlara sitayiş edir və evli olmadıqları adamlarla cinsi əlaqəyə girirdilər. Necə fikirləşirsən, belə şənliyə getmək düzgün idi? ~ Bu, Yehovanın xoşuna gəlmədi və O, israilliləri cəzalandırdı (Saylar 25:1—9; 1 Korinflilərə 10:8).
Müqəddəs Kitabda həmçinin iki ad günü şənliyindən söhbət açılır. Bəlkə, onlardan birində Böyük Müəllimin ad gününü qeyd ediblər? ~ Xeyr. Onların hər ikisində Yehovaya xidmət etməyən adamların ad gününü qeyd edirdilər. Biri Hirod Antipanın ad günü idi. İsa yer üzündə yaşayanda o, Qalileya əyalətini idarə edirdi.
Hirod padşah çoxlu pis işlər görürdü. O, qardaşının arvadı ilə evlənmişdi. Onun adı Hirodias idi. Allahın xidmətçisi olan Vəftizçi Yəhya Hiroda deyirdi ki, onun bu hərəkəti düzgün deyil. Bu da Hirodun acığına gəlirdi. Buna görə o, Yəhyanı zindana saldı (Luka 3:19, 20).
Bir gün Yəhya zindanda olanda Hirodun ad gününü qeyd edirdilər. Bu münasibətlə Hirod böyük şənlik qurdu. O, şənliyə çoxlu adlı-sanlı adamları çağırdı. Onların hamısı yeyib-içir, kef çəkirdilər. Sonra isə Hirodiasın qızı gəlib qonaqlar üçün rəqs etdi. Onun rəqsi hamının o qədər xoşuna gəldi ki, Hirod padşah ona xüsusi hədiyyə vermək istədi. O, qıza dedi: «Məndən nə istəsən, hətta hökmdarlığımın yarısını belə istəsən verəcəyəm».
Görəsən, o, nə istəyəcək? Pul, gözəl-gözəl paltarlar, yoxsa özü üçün saray? Qız nə deyəcəyini bilməyib anası Hirodiasın yanına getdi və ondan soruşdu: «Nə istəyim?»
İndi Hirodiasın əlinə fürsət düşmüşdü. Onun da Vəftizçi Yəhyadan zəhləsi gedirdi. Buna görə də qızına dedi ki, onun başını istəsin. Qız geri qayıdıb padşaha dedi: ‘İstəyirəm ki, vəftiz edən Yəhyanın başını bir sini içində indi mənə verəsən’.
Hirod padşah Yəhyanı öldürmək istəmirdi, çünki onun yaxşı adam olduğunu bilirdi. Amma qorxurdu ki, birdən şənlikdəki qonaqlar onun söz verib sözünün üstündə durmadığını düşünər. Buna görə də Yəhyanın boynunu vurmaq üçün zindana adam göndərdi. Tezliklə həmin adam geri qayıtdı. O, Yəhyanın başını sininin içində gətirib qıza verdi. Qız da onu anasına apardı (Mark 6:17—29).
Müqəddəs Kitabda yazılan başqa ad günü şənliyində də buna oxşar şeylər baş vermişdi. Həmin şənlik Misir padşahı üçün qurulmuşdu. Bu şənlikdə də padşah bir nəfərin boynunu Yaradılış 40:19—22). Necə fikirləşirsən, bu iki şənlik Allaha xoş gəlmişdi? ~ Sən həmin şənliklərdə olmaq istəyərdin? ~
vurdurdu. Sonra da asmağı əmr etdi ki, quşlar gəlib onu didsin! (Biz bilirik ki, Müqəddəs Kitabda yazılanların heç biri boş yerə yazılmayıb. Orada cəmi iki ad günü şənliyindən danışılır. Onların da hər ikisində pis işlər görülmüşdü. İndi necə izah edərdin, Allah ad günü şənlikləri ilə bağlı bizə nə demək istəyir? O, bizim ad gününü qeyd etməyimizi istəyir? ~
Düzdür, bu gün belə şənliklərdə heç kimin boynunu vurmurlar. Amma ən birinci ad gününü həqiqi Allaha ibadət etməyən insanlar qeyd etməyə başlamışdılar. Müqəddəs Kitabda xatırlanan ad günləri haqda bir dini ensiklopediyada belə deyilir: «Yalnız allahsızlar... doğulduqları günü böyük bayram kimi qeyd edirdilər» («The Catholic Encyclopedia»). Biz onlara oxşamaq istəyirik? ~
Bəs Böyük Müəllim haqda nə demək olar? O, öz ad gününü qeyd edirdi? ~ Xeyr, Müqəddəs Kitabda İsanın öz ad gününü keçirməsi ilə bağlı heç nə yazılmayıb. Əslində, heç İsanın erkən davamçıları da ad günlərini qeyd etmirdilər. Bilirsən, nəyə görə sonralar İsanın ad gününü dekabrın 25-də qeyd etmək qərarına gəldilər? ~
Bir ensiklopediyaya əsasən, bu günü ona görə seçmişdilər ki, «romalılar həmin gün günəşin ad gününə həsr olunmuş Saturn bayramını qeyd edirdilər» («The World Book Encyclopedia»). Beləliklə, bütpərəstlərin bayram günü İsanın ad gününü qeyd etmək üçün seçildi!
Bilirsən, İsa nəyə görə dekabrda doğula bilməzdi? ~ Çünki Müqəddəs Kitaba əsasən, İsa doğulanda gecə çöldə çobanlar var idi (Luka 2:8—12). Soyuq, yağışlı dekabr ayında isə onlar orada ola bilməzdilər.
Çoxları bilir ki, Milad İsanın anadan olduğu gün deyil. Onların hətta xəbəri də var ki, həmin günü bütpərəstlər Allahın xoşuna gəlməyən bayramı qeyd edirdilər. Bununla belə, çoxları Milad bayramını qeyd etməyə davam edir. Onları Allahın bu bayrama münasibətini öyrənməkdən çox şənlik maraqlandırır. Amma biz Yehovanı razı salmaq istəyirik, elə deyil? ~
Buna görə də şənlik keçirəndə onun Yehovanın xoşuna gəlib-gəlmədiyini dəqiqləşdirməyə çalışmalıyıq. Biz il ərzində ürəyimiz istəyən vaxt şənlik keçirə bilərik. Bunun üçün xüsusi bir günü gözləmək lazım deyil. İstədiyimiz vaxt ləziz yemək yeyib, şən oyunlar oynaya bilərik. Sən belə etmək istəyərdin? ~ Bəlkə, valideynlərindən xahiş edib onların köməyi ilə şənlik qurasan? Bu, çox yaxşı olardı, elə deyil? ~ Amma şənlik qurmağa hazırlaşmazdan öncə əmin ol ki, o, Allahın xoşuna gələcək.
Süleymanın məsəlləri 12:2; Yəhya 8:29; Romalılara 12:2 və 1 Yəhya 3:22 ayələri də həmişə Allahın xoşuna gələn işləri görməyin vacib olduğunu göstərir.