DƏRS 46
Allaha həsr olunub, vəftiz olunmaq vacibdir
Özünü Yehovaya həsr edən insan dua edib söz verir ki, yalnız Ona ibadət edəcək və Onun iradəsini həyatda hər şeydən üstün tutacaq (Zəbur 40:8). Bundan sonra isə o vəftiz olunur. Vəftiz olunmaqla başqa insanlara da bildirir ki, özünü Allaha həsr edib. İnsanın özünü Yehovaya həsr etməsi həyatda verdiyi ən vacib qərardır. Bu qərar insanın həyatında dönüş nöqtəsi olur. Bəs bu vacib qərarı verməyə sizə nə kömək edə bilər?
1. İnsanı Yehovaya həsr olunmağa nə təşviq edir?
Biz Yehovanı sevdiyimiz üçün həyatımızı Ona həsr edirik (1 Yəhya 4:10, 19). Müqəddəs Kitabda deyilir: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:30). Biz Allahı sevdiyimizi təkcə dildə demirik, həmçinin əməllərimizlə də göstəririk. Bir-birini ürəkdən sevən iki nəfər sonda evləndiyi kimi, Yehovaya olan məhəbbət də bizi həyatımızı Ona həsr edib, vəftiz olunmağa təşviq edir.
2. Yehova vəftiz olunmuş xidmətçilərinə hansı nemətləri bəxş edir?
Vəftiz olunmaqla siz Yehovanın xoşbəxt ailəsinin bir üzvü olacaqsınız. Bundan sonra Yehova sizə məhəbbətini daha çox göstərəcək və Ona indikindən də yaxın olacaqsınız. (Məlaki 3:16—18 ayələrini oxuyun.) Yehova sizə Ata olacaq, üstəlik, bütün dünyada həm Onu, həm də sizi sevən bacı-qardaşlarınız, böyük ruhani ailəniz olacaq. (Mark 10:29, 30 ayələrini oxuyun.) Ancaq vəftizdən qabaq bəzi addımları atmalısınız: Yehova haqqında öyrənməli, Onu sevməli və Oğluna iman etməlisiniz. Sonda isə həyatınızı Yehovaya həsr etməlisiniz. Bu addımları atıb vəftiz olunsanız, əbədi xoşbəxt həyata aparan yola qədəm qoyacaqsınız. Allahın Kəlamında deyilir ki, vəftiz insanı xilas edir (1 Butrus 3:21).
D Ə R İ N L İ Y Ə V A R I N
Görün həyatınızı Yehovaya həsr edib, vəftiz olunmaq nəyə görə vacibdir.
3. Kimə ibadət edəcəyimizə qərar verməliyik
Qədimdə bəzi israillilər düşünürdü ki, həm Yehovaya, həm də Baal bütünə ibadət edə bilərlər. Amma Yehova İlyas peyğəmbəri göndərdi ki, onlara düşüncələrinin yanlış olduğunu başa salsın. 1 Padşahlar 18:21 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
İsraillilər hansı seçimi etməli idilər?
İsraillilər kimi, biz də kimə ibadət edəcəyimizə qərar verməliyik. Luka 16:13 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
-
Nəyə görə biz eyni vaxtda həm Yehovaya, həm də kiməsə və ya nəyəsə ibadət edə bilmərik?
-
Yehovaya necə göstərə bilərik ki, Ona ibadət etməyi seçirik?
4. Yehovanın sizə bəslədiyi məhəbbət barədə düşünün
Yehova bizə çoxlu nemətlər bəxş edib. Bəs bunların qarşılığında biz Ona nə verə bilərik? VİDEOYA baxın.
Gəlin görək Yehova sizə məhəbbətini necə göstərir. Zəbur 104:14, 15 və 1 Yəhya 4:9, 10 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
-
Bəxş etdiyi hansı nemətlərə görə Yehovaya xüsusilə minnətdarsınız?
-
Bu nemətlər barədə düşünəndə Yehovaya qarşı nə hiss edirsiniz?
Aldığımız hədiyyə ürəyimizcə olanda xüsusilə istəyirik ki, onu verən kəsə minnətdarlığımızı bildirək. Qanunun təkrarı 16:17 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Yehovanın sizə etdiyi yaxşılıqlar üzərində düşünəndə Onun üçün nə etmək istəyirsiniz?
5. Yehovaya həsr olunmaq çoxlu nemətlərə yol açır
Çoxları düşünür ki, şan-şöhrət, uğurlu karyera, pul insanı xoşbəxt edir. Bu, həqiqətən də, belədir? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
-
Qardaş futbol oynamağı sevsə də, nəyə görə bu karyeradan əl çəkdi?
-
O, həyatını futbola yox, Yehovaya həsr etməklə düzgün qərar verdi? Nəyə görə belə düşünürsünüz?
Həvari Bulus məsihi olmazdan öncə görkəmli bir müəllimdən yəhudi qanunlarını öyrənmişdi. Onun qarşısında cəmiyyətdə yüksək mövqe tutmaq imkanı var idi. Amma Bulus məsihi olmaq üçün bütün bunlardan imtina etdi. Bəs o buna görə peşman idi? Filippililərə 3:8 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
-
Nəyə görə Bulus demişdi ki, məsihi olmazdan qabaq gördüyü işləri zibil hesab edir?
-
Bəs o bunun əvəzində nə qazanmışdı?
-
Həyatınızı Yehovaya xidmətə həsr etsəniz, necə olar? Bəs başqa şeylərə həsr etsəniz, necə olar?
BƏZİ İNSANLAR DEYİR: «Həyatını Allaha həsr etməyə nə gərək var?! Həyatdan zövq almaq lazımdır».
-
Sizcə, həyatınızı Yehovaya həsr etmək nəyə görə düzgün qərardır?
İCMAL
Yehovaya olan məhəbbət bizi həyatımızı Ona həsr edib, vəftiz olunmağa təşviq edir.
Təkrar
-
Nəyə görə Yehovanı bütün qəlbimizlə sevməliyik və Ona ibadət etməliyik?
-
Yehova vəftiz olunmuş xidmətçilərinə hansı nemətləri bəxş edir?
-
Həyatınızı Yehovaya həsr etmək istəyərdiniz?
Ə L A V Ə M Ə L U M A T
Görün nəyə görə bir musiqiçi və bir idmançı həyatını Yehovaya həsr etdi.
«Gənclərin sualları. Həyatımı nəyə həsr edim? Keçmişdə verilən qərarlar» (6:54)
Yehovaya həsr olunmaq üçün başqa hansı səbəblər var?
«Nəyə görə özümüzü Yehovaya həsr etməliyik?» («Gözətçi qülləsi», 15 yanvar 2010)
Klipə baxarkən görün həyatını Yehovaya həsr edən insanlar hansı sevinci duyur.
«İllərlə düşünmüşəm ki, biz niyə mövcuduq» adlı məqaləni oxuyun və görün bir qadın həyatda vacib saydığı şeylərə nəyə görə yenidən nəzər saldı.
«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 noyabr 2012)