Kontentə keç

Həqiqəti öyrənmək istəyirsinizmi?

Həqiqəti öyrənmək istəyirsinizmi?

SÖHBƏT hansı həqiqətdən gedir? İnsanları tarix boyu narahat etmiş ən mühüm suallardan. Çox güman ki, aşağıdakı suallar sizi də düşündürür:

  • Allah, doğrudan da, bizim qeydimizə qalırmı?

  • Müharibələr və əzab-əziyyətin nə vaxtsa sonu olacaqmı?

  • İnsan öləndən sonra onunla nə baş verir?

  • Ölüləri gələcəkdə nə gözləyir?

  • Allahın məni eşitməsi üçün necə dua etməliyəm?

  • Mən sözün əsil mənasında necə xoşbəxt ola bilərəm?

Bu suallara cavabı haradan tapmaq olar? Kitabxanalara və ya kitab mağazalarına müraciət etsəniz, orada bu suallara cavab verdiyini iddia edən minlərlə kitab tapa bilərsiniz. Amma çox vaxt bu kitablarda biri-birinə zidd fikirlərə rast gəlmək olar. Bəzi kitablar qısa müddətdən sonra aktuallığını itirir; ya onlara düzəlişlər edilir, ya da yeniləri ilə əvəz olunur.

Lakin bir kitab vardır ki, bu suallara etibarlı cavablar verir. Bu kitabda həqiqət yazılmışdır. İsa Məsih Allaha dua edərkən demişdi: «Həqiqət Sənin sözündür» (Yəhya 17:17). Həmin Söz bu gün Müqəddəs Kitab kimi tanınır. Növbəti səhifələrdən bu suallara Müqəddəs Kitabın verdiyi aydın, doğrucul cavabları oxuya bilərsiniz.

Allah, doğrudan da, bizim qeydimizə qalırmı?

SUALIN YARANMASINA SƏBƏB: Biz qəddarlıq və haqsızlığın cövlan etdiyi bir dünyada yaşayırıq. Bir çox dinlər öyrədir ki, payımıza düşən əzab-əziyyət «Allahın işidir».

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Pisliyin səbəbkarı Allah deyil. Əyyub 34:10 ayəsində deyilir: «Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» Allah insanları sevir və onların yaxşılığını istəyir. Bu səbəbdən İsa Məsih belə dua etməyi öyrədirdi: «Göylərdə olan Atamız... Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mətta 6:9, 10). Allah bizi o qədər çox sevir ki, bizim uğrumuzda misli görünməmiş bir qurban verib (Yəhya 3:16).

Həmçinin Yaradılış 1:2628; Yaqub 1:13 və 1 Butrus 5:6, 7 ayələrinə baxın.

Müharibələr və əzab-əziyyətin nə vaxtsa sonu olacaqmı?

SUALIN YARANMASINA SƏBƏB: Bu gün də müharibələrdə saysız-hesabsız insan həlak olur. Müharibələrin ağrı-acısı heç birimizdən yan keçmir.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Allah bütün dünyada əmin-amanlıq quracağını vəd etmişdir. O, yer üzünü idarə etməyə başlayanda insanlar artıq «müharibə etməyi öyrənməyəcəklər». Bunun əvəzinə onlar «qılınclarından gavahın» düzəldəcəklər (Əşiya 2:4). Allah bütün haqsızlığa və əzablara son qoyacaq. Müqəddəs Kitabda vəd edilir: «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər [o cümlədən bugünkü haqsızlıq və əzablar] keçib getdi» (Vəhy 21:3, 4).

Həmçinin Zəbur 37:10, 11; 46:9 və Mikə 4:14 ayələrinə baxın.

İnsan öləndən sonra onunla nə baş verir?

SUALIN YARANMASINA SƏBƏB: Dünyadakı əksər dinlər insan öləndən sonra onun ruhunun yaşadığını öyrədir. Bəzilərinin fikrincə, ölülər dirilərə zərər vura bilər və ya pis adamlar öləndən sonra Allah onları əbədiyyən cəhənnəm odunda cəzalandırır.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Öləndən sonra insan heç yerdə, heç bir formada mövcud olmur. Vaiz 9:5 ayəsində deyilir: «Ölülər heç nə bilmir». Ölülər heç nə dərk və hiss etmədikləri üçün dirilərə nə zərər toxundura, nə də kömək edə bilərlər (Zəbur 146:3, 4).

Həmçinin Yaradılış 3:19 və Vaiz 9:6, 10 ayələrinə baxın.

Ölüləri gələcəkdə nə gözləyir?

SUALIN YARANMASINA SƏBƏB: Hər birimiz sevdiyimiz adamlarla xoşbəxtlik içində ömür sürməyi arzulayırıq. Ölən əzizlərimizin xiffətini çəkmək və onları yenidən görmək istəyi tamamilə təbiidir.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: Ölmüş adamların əksəriyyəti dirildiləcək. İsa peyğəmbər söz vermişdi ki, «qəbirlərdə olanların hamısı... diriləcəklər» (Yəhya 5:28, 29). Allahın əzəli niyyətinə əsasən, həyata qaytarılmış insanlar Cənnətə çevrilmiş yer üzündə yaşayacaqlar (Əşiya 65:21—25). Vəd edilmiş gələcəkdə itaətkar insanlar tamamilə sağlam olacaq və əbədi yaşayacaqlar. Müqəddəs Kitabda deyilir: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).

Həmçinin Əyyub 14:14, 15; Luka 7:1117 və Həvarilərin işləri 24:15 ayələrinə baxın.

Allahın məni eşitməsi üçün necə dua etməliyəm?

SUALIN YARANMASINA SƏBƏB: Demək olar ki, bütün dinlərdə dindarlar dua edirlər. Bununla belə çoxlarına elə gəlir ki, duaları cavabsız qalır.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: İsa peyğəmbər öyrədirdi ki, dualar əzbərdən söylənilməməlidir. O demişdi: «Dua edəndə... eyni sözləri təkrar–təkrar deməyin» (Mətta 6:7). Allahın dualarımızı dinləməsini istəyiriksə, biz Onun bəyəndiyi tərzdə dua etməliyik. Bunu etmək üçün biz Allahın iradəsini öyrənməli və öyrəndiklərimizə uyğun dua etməliyik. Həvari Yəhyanın birinci məktubunun 5:14 ayəsində izah edilir: «Biz Onun [Allahın] iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir».

Həmçinin Zəbur 65:2; Yəhya 16:23, 24 və 1 Yəhya 3:22 ayələrinə baxın.

Mən sözün əsil mənasında necə xoşbəxt ola bilərəm?

SUALIN YARANMASINA SƏBƏB: Bir çoxları əmindirlər ki, xoşbəxtlik var-dövlət, gözəllik və şan-şöhrətdədir. Bütün bunlardan ötrü onlar dəridən qabıqdan çıxır, amma xoşbəxt ola bilmirlər ki, bilmirlər.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR: İsa Məsihin aşağıdakı sözlərində xoşbəxtliyin sirri açıqlanır: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər» (Luka 11:28). İnsan özünün ən böyük tələbatını — Allah və Onun bizimlə əlaqədar niyyəti kimi ruhani həqiqətlərə olan ehtiyacını təmin etməyə can atdığı təqdirdə əsil xoşbəxtliyə çata bilər. Bu həqiqətləri Müqəddəs Kitabda tapa bilərik. Həqiqəti bilməyimiz həyatda nəyin, doğrudan da, vacib, nəyin isə əhəmiyyətsiz olduğunu dərk etməyə kömək edir. Müqəddəs Kitab həqiqətinin qərar və hərəkətlərimizi istiqamətləndirməsinə yol verəndə həyatımız daha da mənalı olur.

Həmçinin Məsəllər 3:5, 6, 1318 və 1 Timutiyə 6:9, 10 ayələrinə baxın.

Yuxarıdakılar Müqəddəs Kitabın cəmi altı suala verdiyi cavabların qısa icmalı idi. Daha ətraflı məlumat almaq istərdinizmi? Həqiqəti axtaran bir insan kimi şübhəsiz ki, istərdiniz. Ola bilər sizi başqa suallar düşündürür. Məsələn: Allah bizim haqqımızda düşünürsə, onda nə üçün bu qədər pisliyə və əzab-əziyyətə göz yumur? Ailəmin daha da xoşbəxt olması üçün nə edə bilərəm? Müqəddəs Kitab bu və bir çox digər suallara ətraflı və inandırıcı cavab verir.

Buna baxmayaraq, bu gün çoxları Müqəddəs Kitabla tanış olmadıqları üçün bu kitaba müraciət etməkdən çəkinir. Bəs siz Müqəddəs Kitabın suallarınıza necə cavab verdiyini bilmək istərdinizmi? Yehovanın Şahidlərinin təqdim etdiyi iki vəsait bu işdə sizə yardımçı ola bilər.

Bu vəsaitlərdən birincisi «İlahi müjdə» broşürüdür. Bu nəşr məşğul adamların Müqəddəs Kitabın mühüm suallara verdiyi aydın cavabları tədqiq etməsi üçün əvəzolunmazdır. İkincisi isə pulsuz Müqəddəs Kitab dərsləridir. Müqəddəs Kitabı tədris edən Yehovanın Şahidləri sizinlə, evinizdə və ya istədiyiniz yerdə hər həftə tamamilə təmənnasız Allahın Kəlamını qısaca araşdıra bilərlər. Bütün dünyada milyonlarla adam Müqəddəs Kitab dərslərindən faydalanmışdır. Onlardan çoxu belə qənaətə gəlmişlər ki, əsil həqiqəti tapıblar.

Dünyada bundan qiymətli sərvət ola bilməz. Müqəddəs Kitab həqiqəti bizi mövhumatdan, təlaş və qorxudan azad edir. O, bizə ümid və sevinc bəxş edir, həyatımızı məna ilə doldurur. İsa demişdi: «Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəhya 8:32).