Kontentə keç

Mündəricatı göstər

FƏSİL 39

Ürəyi küt nəslin vay halına

Ürəyi küt nəslin vay halına

MƏTTA 11:16—30 LUKA 7:31—35

  • İSA PEYĞƏMBƏR BƏZİ ŞƏHƏRLƏRİ DANLAYIR

  • PEYĞƏMBƏR RAHATLIQ VƏ TƏRAVƏT VERİR

İsa Məsihin Vəftizçi Yəhyaya böyük hörməti var. Bəs xalq Yəhyaya necə yanaşır? Məsih deyir: «Bu nəsli kimə bənzədim? O, bazar meydanında oturub biri digərinə: “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız, biz ağı dedik, amma siz kədərdən sinə döymədiniz”, — deyən uşaqlara bənzəyir» (Mətta 11:16, 17).

İsa peyğəmbərin bu sözlərinin mənası nədir? O, fikrinə aydınlıq gətirir: «Yəhya gəlib nə yeyir, nə içir, amma camaat deyir: “Onda cin var”. İnsan Oğlu gəlib həm yeyir, həm içir, insanlar yenə deyirlər: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu”» (Mətta 11:18, 19). Yəhya nəziri olduğu üçün sadə həyat sürürdü, dilinə şərab belə dəyməmişdi, amma camaat «onda cin var» deyirdi (Saylar 6:2, 3; Luka 1:15). İsa Məsih isə hamı kimi yaşayır, qədərində yeyir də, içir də, amma onu qarınqulu və şərab düşkünü adlandırırlar. Bəli, insanları razı salmaq müşkül məsələdir.

İsa peyğəmbər bu nəsli bazar meydanındakı uşaqlara bənzədir. Bu uşaqlar dostları tütək çalanda oynamır, ağı deyərkən kədərlənmir. O deyir: «Nə olursa olsun, hikmət əməlləri sayəsində haqlı çıxır» (Mətta 11:16, 19). Bəli, Yəhyanın və İsa Məsihin gördükləri işlər onlara qarşı sürülən ittihamların yalan olduğunu üzə çıxarır.

İsa peyğəmbər bu nəslin ürəyinin küt olduğunu deyəndən sonra Xorəzin, Beytsəyda və Kəfərnahum şəhərlərinin adını çəkib onları mühakimə edir, çünki o, bu şəhərlərdə çoxlu möcüzələr göstərmişdi. İsa peyğəmbər qeyd edir ki, əgər o, bu möcüzələri Finikiyanın Sur və Sidon şəhərlərində etsəydi, bu şəhərlərin camaatı tövbə edərdi. Peyğəmbər bir müddət qaldığı Kəfərnahum şəhərinin də adını çəkir. Hətta burda da əksər insanlar həqiqətə hay vermədilər. O, bu şəhərə belə deyir: «Hökm günü Sədum diyarının cəzası səninkindən yüngül olacaq» (Mətta 11:24).

Sonra İsa Məsih səmavi Atasına şükür edir. Çünki Allah saf inciyə bənzər ruhani həqiqətləri hikmətli və ağıllı adamlardan gizlədib körpələrə, yəni həlimlərə açır (Mətta 11:25). İsa peyğəmbər belə insanları ürəkdən dəvət edir: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mətta 11:28—30).

Bəs o, necə təravət verir? Din xadimləri insanların boynuna üzücü adət-ənənələr qoyur. Onlardan biri şənbə günü ilə bağlı sərt qaydalardır. İsa Məsih isə onlara bu adət-ənənələrin təsiri altında olmayan həqiqəti öyrədərək onlara təravət verir. O həmçinin hakimiyyət sahiblərinin zülmü və günahın ağırlığı altında inildəyən insanlara qəlb rahatlığı əldə etməyə kömək edir. İsa peyğəmbər günahların bağışlanmasının və Allahla gözəl münasibət qurmağın yolunu onlara açır.

İsa Məsihin rahat boyunduruğunu götürənlər özlərini Allaha həsr edə, habelə rəhmli və mərhəmətli səmavi Atamıza xidmət edə bilər. Bunu etmək çətin deyil, çünki Allahın əmirləri ağır deyil (1 Yəhya 5:3).