FƏSİL 104
Yəhudilər Allaha iman etdiklərini göstərəcəklər?
-
ALLAHIN SƏSİNİ ÇOXLU İNSAN EŞİDİR
-
HÖKM ÜÇÜN ƏSAS
Nisanın 10-u bazar ertəsidir. İsa peyğəmbər məbəddə qarşıda onu gözləyən ölümü barədə danışır. Görəsən, onun ölümü Atasının adına necə təsir edəcək? Onu ən çox narahat edən elə budur. O deyir: «Ata, Öz adını ucalt». Bu zaman göydən gurultulu bir səs bəyan edir: «Ucaltmışam, yenə də ucaldacağam» (Yəhya 12:27, 28).
Onun əhatəsində olan izdiham heyrətdən donub qalır. Bəziləri ildırım çaxdığını düşünür. Digərləri isə onunla mələyin danışdığını deyirlər (Yəhya 12:29). Amma bu səs Yehova Allahın səsidir! Bu, birinci dəfə deyil ki, insanlar İsa peyğəmbərin xidməti ərzində Allahın səsini eşidirlər.
Üç il yarım bundan əvvəl İsa Məsih vəftiz olarkən Vəftizçi Yəhya Allahın səsini eşitmişdi. Allah Məsih haqqında belə demişdi: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam». 32-ci ilin Pasxa bayramından sonra İsa Məsihin görkəmi dəyişəndə onun yanında olan həvarilərinə, Yaquba, Yəhyaya və Butrusa da Allahın: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın», — sözlərini eşitmək nəsib olmuşdu (Mətta 3:17; 17:5). Amma bu dəfə, yəni üçüncü dəfə Allah göylərdən danışanda Onun səsini çoxlu sayda adam eşidir!
İsa Məsih deyir: «Bu səs mənim üçün yox, sizin üçün idi» (Yəhya 12:30). Göydən gələn bu səs onun həqiqətən də Allahın Oğlu və vəd edilmiş Məsih olduğunu sübut edir.
İsa peyğəmbər ölümədək Allaha sadiq qalmaqla bizə necə yaşayacağımıza dair nümunə qoydu və bu dünyanın hökmdarı olan Şeytan İblisin məhv edilməyə layiq olduğunu təsdiq etdi. O deyir: «Bu dünyaya hökm kəsmək vaxtı yetişdi. İndi bu dünyanın hökmdarı devriləcək». İsa peyğəmbəri gözləyən ölüm məğlubiyyət yox, qələbə olacaq. Bu, necə ola bilər? O izah edir: «Mən isə yuxarı qaldırılanda hər cür insanı özümə cəlb edəcəyəm» (Yəhya 12:31, 32). O, ölümü ilə insanları özünə cəlb edib əbədi həyata yol açacaq.
İsa Məsih göyə qaldırılacağını deyəndə izdiham etiraz edir: «Biz Tövratdan eşitmişik ki, Məsih əbədi qalmalıdır. Necə olur, sən deyirsən ki, insan Oğlu yuxarı qaldırılmalıdır? Axı bu insan Oğlu kimdir?» (Yəhya 12:34). Bir belə sübut qarşısında, üstəlik, Allahın səsini eşidəndən sonra da, çoxları İsanın doğrudan da insan Oğlu və vəd edilmiş Məsih olduğuna inanmır.
İsa Məsih əvvəl dediyi kimi, bu dəfə də özünü nur adlandırır (Yəhya 8:12; 9:5). O, camaata deyir: «Nur bir az da aranızda olacaq. Nə qədər ki nur sizinlədir, yeriyin, yoxsa zülmət sizi üstələyər... Nə qədər ki nur sizinlədir, nurun övladları olmaq üçün nura iman gətirin» (Yəhya 12:35, 36). Sonra İsa Məsih çıxıb gedir, çünki o, nisanın 10-u yox, 14-ü Pasxa bayramında öldürüləcək və göyə qaldırılacaq (Qalatiyalılara 3:13).
İsa Məsihin xidmətinə nəzər salanda görmək olar ki, yəhudilərin iman gətirməyəcəklərinə dair deyilmiş peyğəmbərlik yerinə yetirdi. Əşiya peyğəmbərlik etmişdi ki, xalqın gözləri bağlı, ürəkləri hissiyatsız olacaq, şəfa tapmaq üçün geri dönməyəcək (Əşiya 6:10; Yəhya 12:40). Bəli, yəhudilərin əksəriyyəti İsa Məsihin vəd edilmiş Xilaskar olduğunu təsdiq edən sübutları inadla rədd edir.
Nikodem, arimataylı Yusif və rəhbərlərin içindən çoxları İsa Məsihə iman edir. Bəs, görəsən, onlar imanlarına görə davranacaqlar, yoxsa sinaqoqdan qovulmaqdan qorxduqları və ya insanların yanında izzət qazanmağı sevdikləri üçün geri çəkiləcəklər? (Yəhya 12:42, 43).
İsa peyğəmbər ona iman etməyə nələrin daxil olduğunu izah edir: «Mənə iman edən yalnız mənə yox, məni göndərənə də iman edir. Məni görən məni göndərəni də görür». İsa peyğəmbərin Allahın buyruğu ilə bəyan etdiyi həqiqətlər o qədər vacibdir ki, o deyir: «Məni vecinə almayan və sözlərimi qəbul etməyən üçün hakim var. Ağzımdan çıxan söz axırıncı gündə onu mühakimə edəcək» (Yəhya 12:44, 45, 48).
İsa peyğəmbər sözlərinə yekun vurur: «Mən özümdən danışmıram, məni göndərən Ata mənə nə haqda danışmağı, nə deməyi buyurub. Mən bilirəm ki, Onun buyruğu əbədi həyata aparır» (Yəhya 12:49, 50). Peyğəmbər bilir ki, tezliklə ona iman edən insanların uğrunda öz canını qurban verəcək (Romalılara 5:8, 9).