BÖLMƏ 19
İsa gələcək hadisələr haqda peyğəmbərlik edir
İsa Padşah kimi hüzuruna və bu sistemin sonuna dair peyğəmbərlik edir
QARŞISINDA Yerusəlimin və oradakı məbədin möhtəşəm mənzərəsi açılan Zeytun dağında həvarilərdən dördü təklikdə İsaya yaxınlaşıb onun bir az əvvəl dediklərinə dair bəzi suallar verdilər. İsa Yerusəlimdəki məbədin darmadağın ediləcəyini demişdi. Bir qədər əvvəl isə İsa onlara dövrün yekunu haqda danışmışdı (Mətta 13:40, 49). İndi həvarilər soruşurdular: «Sənin hüzuruna və dövrün yekununa əlamət nə olacaq?» (Mətta 24:3).
Cavabında İsa Yerusəlimin darmadağın edilməsindən əvvəl baş verəcək hadisələri sadaladı. Ancaq onun sözləri daha böyük məna kəsb edirdi. Sonralar bu peyğəmbərlik dünya miqyasında həyata keçəcəkdi. İsa ümumilikdə əlaməti təşkil edəcək hadisələr və dünyanın vəziyyəti haqda peyğəmbərlik etdi. Həmin əlamət yer üzündəki insanlara İsanın göylərdə Padşah kimi hüzurunun başladığını göstərəcəkdi. Başqa sözlə desək, əlamət göstərəcəkdi ki, Yehova Allah İsanı çoxdan vəd olunmuş Padşahlığın Padşahı kimi taxta çıxarıb və həmin Padşahlıq pisliyi aradan qaldırmaq eləcə də bəşəriyyətə həqiqi sülhü gətirmək üzrədir. Beləliklə, İsanın peyğəmbərlik etdiyi hadisələr köhnə sistemin — hal-hazırkı dini, siyasi və sosial sistemin son günlərini yaşadığına və yeni sistemin yaxınlaşdığına işarə edəcəkdi.
Göydə Padşah kimi hüzuru zamanı nə baş verəcəyini izah edərkən İsa dövlətlərarası müharibələrin, ərzaq çatışmamazlığının güclü zəlzələlərin və geniş yayılmış xəstəliklərin olacağını dedi. Qanunsuzluq artacaqdı. İsanın həqiqi şagirdləri Allahın Padşahlığı haqqında xoş xəbəri bütün yer üzündə təbliğ etməli idilər. Bütün bunlar hələ heç vaxt görünməmiş «böyük müsibət»də öz zirvə nöqtəsinə çatacaqdı (Mətta 24:21).
İsanın davamçıları həmin müsibətin yaxınlaşdığı vaxtı necə biləcəkdilər? İsa demişdi: «Nümunə üçün əncir ağacını götürək» (Mətta 24:32). Əncir ağacının yarpaqlarının çıxması yayın yaxınlaşdığına aydın işarə edir. Eynilə, İsanın peyğəmbərlik etdiyi bütün hadisələrin eyni dövr ərzində baş verməsi də sonun yaxın olduğuna aydın əlamət olacaqdı. Həmin vaxt Atadan başqa heç kəs böyük müsibətin başlayacağı günü və saatı bilmirdi. Buna görə də İsa şagirdlərini təşviq etmişdi: «Oyaq qalın, çünki təyin edilmiş vaxtı bilmirsiniz» (Mark 13:33).
Mətta 24—25-ci; Mark 13-cü; Luka 21-ci fəslinə əsaslanıb.
^ abz. 14 İsanın peyğəmbərliyi haqda daha çox məlumatı Yehovanın Şahidləri tərəfindən dərc edilmiş əsas dərs vəsaitinin 86—95 səhifələrindən tapa bilərsiniz.