Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 22

Həvarilər cəsarətlə təbliğ edirlər

Həvarilər cəsarətlə təbliğ edirlər

Təqiblərə baxmayaraq, məsihi yığıncağı sürətlə böyüyür

İSANIN göyə qalxmasından on gün sonra eramızın 33-cü ili yəhudilərin Əllinci gün bayramında təxminən 120 şagird Yerusəlimdə bir evdə toplaşmışdı. Qəflətən güclü külək səsinə bənzər bir səs evə yayıldı. Şagirdlər möcüzəvi şəkildə bilmədikləri dillərdə danışmağa başladılar. Bu qəribə hadisələri nə ilə izah etmək olardı? Allah şagirdlərə müqəddəs ruh vermişdi.

Bayramı qeyd etmək üçün bir çox yerdən insanlar gəldiyindən həyətdə böyük izdiham var idi. Bu insanlar İsanın şagirdlərinin onların doğma dilində sərbəst danışdığını eşidəndə heyrətə gəldilər. Baş verənləri izah edərkən Butrus Yuilin Allahın Öz müqəddəs ruhunu tökməsinə dair peyğəmbərliyinə istinad etdi. Bu peyğəmbərliyə əsasən, həmin ruh üzərinə töküldüyü insanlara möcüzəvi ənamlar bəxş edəcəkdi (Yuil 2:28, 29). Müqəddəs ruhun bu cür möhtəşəm təzahüründən mühüm dəyişikliyin baş verdiyi aydın göründü: Allah israilliləri lütfündən məhrum edərək yenicə təsis olunmuş məsihi yığıncağına iltifat göstərdi. Allaha düzgün şəkildə xidmət etmək istəyənlər indi Məsihin davamçısı olmalı idilər.

Eyni zamanda, müqavimətlər artırdı. Nəticədə, düşmənlər şagirdləri həbsxanaya saldılar. Ancaq gecə yarısı Yehovanın mələyi həbsxananın qapısını açdı və şagirdlərə təbliği davam etdirmələrini söylədi. Dan yeri sökülən kimi şagirdlər təbliğ işini davam etdirdilər. Onlar məbədə girib İsa haqqında xoş xəbəri öyrətməyə başladılar. Onları təqib edən dindarlar qəzəblənərək təbliği dayandırmağı əmr etdilər. Həvarilər isə cəsarətlə cavab verdilər: «Biz insanlara yox hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:28, 29).

Təqiblər get-gedə daha da şiddətlənirdi. Bəzi yəhudilər şagird Stefanı küfr etməkdə günahlandıraraq onu ölənə kimi daşladılar. Tarslı Şaul adlı bir cavan baş verənləri görür və dəstəkləyirdi. Sonradan o, Məsihin davamçılarını həbs etmək üçün Dəməşqə yollandı. Şaul yol gedərkən göydən saçan nur ətrafı bürüdü və bir səs dedi: «Şaul, Şaul, məni niyə təqib edirsən?» İşıqdan gözləri tutulmuş Şaul soruşdu: «“Ağa sən kimsən?“ Səs cavab verdi: “Mən... İsayam“» (Həvarilərin işləri 9:3—5).

Üç gün sonra İsa Hənənya adlı şagirdini Şaulun yanına göndərdi ki onun gözlərini açsın. Şaul vəftiz olundu və İsa haqqında cəsarətlə təbliğ etməyə başladı. O, həvari Bulus kimi tanındı və məsihi yığıncağının fəal üzvlərindən biri oldu.

İsanın şagirdləri Allahın Padşahlığı haqqında xoş xəbəri yalnız yəhudilər və səməriyyəlilərlə bölüşürdülər. Ancaq indi mələk Roma ordusunun zabiti Allahdan qorxan Kornilinin qarşısında peyda olaraq həvari Butrusu çağırmaq üçün adam göndərməyi ona tapşırdı. Butrus bir neçə nəfərlə birgə Korniliyə və onun ailəsinə təbliğ etdi. Butrus hələ danışmaqda ikən müqəddəs ruh həmin qeyri-yəhudi imanlıların üzərinə gəldi və həvari onlara İsa Məsihin adı naminə vəftiz olunmağı buyurdu. Əbədi həyata gedən yol artıq bütün millətlərdən olan insanlar üçün açıq idi. Yığıncağın üzvləri xoş xəbəri yaxın və uzaq ərazilərə çatdırmağa hazır idi.

Həvarilərin işləri 1:111:21 ayələrinə əsaslanıb.