DƏRS 98
Məsihilik bir çox xalqlara yayılır
Həvarilər İsa Məsihin xoş xəbəri bütün xalqlara təbliğ etmək tapşırığına əməl edirlər. Eramızın 47-ci ilində Antakyadakı qardaşlar Bulusla Barnəbanı təbliğ səyahətinə göndərirlər. Bu iki qətiyyətli təbliğçi bütün kiçik Asiyada, Derbiya, Listra və Konya kimi ərazilərdə təbliğ edirlər.
Bulus və Barnəba varlı-kasıb, qoca-cavan heç kimə fərq qoymadan hamıya təbliğ edirlər. Çoxları Məsih haqda həqiqəti qəbul edir. Bulus və Barnəba Kipr valisi Sergi Paulusa təbliğ edəndə bir cadugər onları dayandırmaq istəyir. Bulus cadugərə deyir: «Yehova sənə qarşıdır». Elə o andaca cadugər kor olur. Bunu görən vali Paulus iman gətirir.
Bulus və Barnəba hər yerdə, evlərdə, bazarlarda, küçələrdə və sinaqoqlarda təbliğ edirlər. Onlar Listrada şikəst bir adamı sağaldanda bu möcüzəni görən adamlar düşünürlər ki, onlar allahdır və onlara ibadət etmək istəyirlər. Ancaq Bulusla Barnəba onları dayandırıb deyirlər: «Yalnız Allaha ibadət edin! Biz də sizin kimi adi insanıq». Sonra bəzi yəhudilər gəlib camaatı Bulusa qarşı qaldırırlar. Camaat onu daşa basıb şəhərdən çölə çıxarır və ölümcül hala salır. Lakin Bulus sağ qalır. Dərhal qardaşlar gəlib onu qurtarır və şəhərə geri qaytarırlar. Sonra isə Bulus Antakyaya qayıdır.
Eramızın 49-cu ilində Bulus ikinci təbliğ səyahətinə çıxır. Kiçik Asiyadakı qardaşları görməyə qayıdandan sonra o, xoş
xəbəri daha uzaqlara, Avropaya çatdırır. O, Afinaya, Efesə, Filippiyə, Salonikiyə və digər ərazilərə gedir. Sila, Luka və gənc Timuti də səyahət zamanı Bulusa qoşulur. Onlar birlikdə yığıncaqlar yaradır və yığıncaqların imanda möhkəmlənməsinə kömək edirlər. Bulus bir il yarım Korinfdə qalıb qardaşları ruhlandırır. O təbliğ edir, təlim verir və bir çox yığıncağa məktublar yazır. Bulus həmçinin çadır tikir. Bir müddətdən sonra o, Antakyaya geri qayıdır.Eramızın 52-ci ilində Bulus Kiçik Asiyada başlayan üçüncü təbliğ səyahətinə çıxır. O, uzaq şimala, Filippiyə, sonra isə aşağıya doğru Korinfə gedir. Bulus bir neçə il Efesdə qalıb təlim verir, xəstələri sağaldır və yığıncağa kömək edir. O, həmçinin bir məktəbdə hər gün Allah haqda danışır. Bir çox insan ona qulaq asıb, tövbə edir. Nəhayət, bir çox ərazilərdə təbliğ edəndən sonra Bulus Yerusəlimə gəlir.
«Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın» (Mətta 28:19)