DƏRS 21
Onuncu bəla
Musa firona söz verir ki, bir də onun gözünə görünməyəcək. Ancaq getməzdən əvvəl o, firona deyir: «Fironun ilk oğlundan tutmuş qulun ilk oğluna qədər Misirdəki bütün ilk övladlar gecəyarısı öləcək».
Yehova israillilərə xüsusi bir yemək hazırlamağı tapşırır. O deyir: «Birillik qoyun və ya keçi kəsib, qanını qapı çərçivələrinə çəkin. Əti qovurub mayasız çörəklə yeyin. Səndəllərinizi geyinib, yola düşməyə hazırlaşın. Bu gecə sizi azad edəcəm». Bir anlıq israillilərin Misirdən necə çıxdığını təsəvvür et.
Gecəyarısı Yehovanın mələyi Misirdəki bütün evlərə girir. O, evlərinin qapı çərçivələrinə qan çəkməyən ailələrin ilk övladlarını öldürür. Mələk qapı çərçivələrinə qan çəkilmiş evlərdən yan keçir. Varlı, kasıb olmasından asılı olmayaraq, bütün misirlilərin uşaqları ölür. Amma israillilərdən heç kimin uşağı ölmür.
Hətta fironun oğlu da ölür. Firon çarəsiz qalıb Musa ilə Haruna deyir: «Çıxın gedin buradan. Gedin Allahınıza ibadət edin. Heyvanlarınızı da özünüzlə götürün!»
Bədirlənmiş ay işığı altında israillilər ailəbəailə, nəsilbənəsil toplanıb Misirdən çıxırlar. 600 000 kişi və xeyli sayda qadın, uşaq yola düşür. Üstəlik, digər xalqlardan olan çoxlu insan da onlarla birgə Yehovaya ibadət etməyə gedir. Axır ki, israillilər azadlığa çıxırlar!
Yehova onlara tapşırır ki, onları necə xilas etdiyini unutmamaları üçün hər il eyni yeməyi bişirsinlər. Bu yeməyin adını «Pasxa» qoyurlar.
«Sənin sağ qalmağına ona görə izin verdim ki, sənin üzərində gücümü göstərim və bütün dünya adımı eşitsin» (Romalılara 9:17)