Çıxış 12:1—51
12 Yehova Musa ilə Haruna onlar hələ Misirdə ikən dedi:
2 «Bu ay sizin üçün birinci ay, ilin ilk ayı olacaq.+
3 Gedib bütün İsrail camaatına belə söyləyin: “Bu ayın onuncu günü ata eviniz üçün bir quzu+ seçin, hər evə bir quzu.
4 Kimin ailəsi kiçikdirsə və quzunu yeyib qurtara bilməyəcəksə, onda quzunu evində qonşusu ilə birlikdə yesin; adamların sayını və hər kəsin nə qədər yeyəcəyini nəzərə alsın.
5 Heyvan ya qoyunların, ya da keçilərin içindən seçilmiş sağlam,+ birillik erkək heyvan olmalıdır.
6 Onu ayın on dördüncü gününə qədər bəsləyin.+ Qaş qaralanda İsrail icmasının hər ailəsi heyvanı kəssin.+
7 Qanından bir az götürüb quzunu hansı evdə yeyəcəklərsə, o evin qapısının iki yan və üst taxtasına çiləsinlər.+
8 Ət həmin gecə yeyilməlidir.+ Onu odda qızardıb mayasız çörəklə+ və acı otlarla yesinlər.+
9 Onu nə çiy, nə də suda bişmiş halda yeməyin, başı, ayaqları və içalatı ilə birlikdə odda qızardıb yeyin.
10 Heyvandan səhərə heç nə saxlamayın, səhərə qalanı odda yandırın.+
11 Onu qurşaqlanıb, ayağınıza səndəl geyinib, əlinizə çomaq götürüb tələm-tələsik yeyin. Bu, Yehovanın şərəfinə keçirilən Pasxadır*.
12 Mən bu gecə Misir torpağından keçəcəyəm. Misir torpağındakı adamların ilk doğulan uşağını və heyvanların ilk balasını öldürəcəyəm,+ Misirin bütün allahlarını mühakimə edəcəyəm.+ Mən Yehovayam!
13 Evinizin üzərindəki qan işarə olacaq, qanı görüb sizdən yan keçəcəyəm. Mən Misir torpağını cəzalandıranda sizə bu bəladan zərər dəyməyəcək.+
14 Bu günü yaddaşınıza həkk edin və nəsildən-nəslə Yehovaya həsr olunmuş bayram kimi qeyd edin. Bu, həmişəlik sizin üçün qanun olacaq.
15 Yeddi gün mayasız çörək yeyin.+ Birinci gün evlərinizdən mayalıq xəmiri çıxarın. Birinci gündən yeddinci günədək mayalı bir şey yeyən adam israillilərin arasından yox edilməlidir*.
16 Birinci və yeddinci gün müqəddəs toplantı keçirin. Bu günlərdə heç bir iş görməməlisiniz.+ Yalnız özünüzə yemək hazırlaya bilərsiniz.
17 Mayasız çörək bayramını mütləq keçirin,+ çünki həmin gün Mən sizin izdihamlarınızı* Misir torpağından çıxaracağam. Bu günü nəsildən-nəslə qeyd etməlisiniz, bu, həmişəlik sizin üçün qanun olacaq.
18 Birinci ay, ayın on dördüncü günü axşamdan başlayaraq, ayın iyirmi birinci gününün axşamınadək mayasız çörək yeməlisiniz.+
19 Yeddi gün evinizdə mayalıq xəmir olmasın, istər yadelli olsun, istərsə də yerli, kim mayalı bir şey yesə, İsrail xalqının arasından yox ediləcək*.+
20 Mayalı heç nə yeməyəcəksiniz, bütün evlərdə mayasız çörək yeyilməlidir”».
21 Musa cəld bütün İsrail ağsaqqallarını+ çağırıb dedi: «Hər kəs öz ailəsi üçün heyvan* seçsin və onu Pasxa qurbanı olaraq kəssin.
22 Sonra bir dəstə qaraqınığı ləyəndəki qana batırıb qapının üst və iki yan taxtasına çiləsin. Səhərəcən heç kim evdən bayıra çıxmasın.
23 Yehova misirlilərin başına bəla gətirmək üçün Misirdən keçəndə qapınızın üst və yan taxtalarındakı qanı görəcək. Onda Yehova qapınızdan yan keçəcək, ölüm gətirən bəlanı evinizdən sovuşduracaq.+
24 Bu hadisəni özünüz də, oğullarınız da qeyd edin. Bu, həmişəlik qanundur.+
25 Yehovanın dediyi kimi, Onun sizə verəcəyi torpağa çatanda da bu ayini icra edin.+
26 Oğullarınız sizdən soruşanda ki, bu ayinin mənası nədir,+
27 deyərsiniz ki, bu, Yehovaya həsr olunmuş Pasxadır. O, Misirdə misirlilərin başına bəla gətirəndə israillilərin evindən yan keçmişdi, bizim ailələrimizə toxunmamışdı».
Camaat yerə qədər əyilib təzim etdi.
28 İsraillilər gedib Yehovanın Musaya və Haruna əmr etdiyi kimi etdilər.+ Bəli, necə deyilmişdisə, elə də etdilər.
29 Gecə yarısı Yehova Misir torpağında taxtda oturan firondan tutmuş zindandakı məhbusadək hamının ilk övladını+, eləcə də heyvanların ilk balasını öldürdü.+
30 Gecə firon, onun bütün əyanları və bütün misirlilər oyandı. Misirlilərin arasında böyük şivən qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın.+
31 Firon gecəylə Musanı və Harunu çağırtdırıb dedi:+ «Durun, çıxın xalqımın arasından, siz də, qalan israillilər də. Necə ki deyirdiniz, gedin Yehovaya ibadət edin,+
32 qoyun-quzularınızı da, mal-qaranızı da özünüzlə aparın.+ Mənim də canıma dua edin».
33 Misirlilər: «Belə getsə, hamımız qırılacağıq», — deyərək xalqı tələsdirməyə başladılar ki, tez ölkədən çıxıb getsinlər.+
34 İsraillilər xəmir təknələrini paltarlarına büküb çiyinlərinə qoydular, mayasız yoğurduqları xəmiri özləri ilə apardılar.
35 Onlar Musanın dediyi kimi, misirlilərdən qızıl-gümüş əşyalar, eləcə də pal-paltar istədilər.+
36 Yehovanın rizası ilə misirlilər yaxşı münasibət göstərib onlara istədiklərini verdilər. Beləcə, israillilər misirlilərin varını-yoxunu alıb apardılar.+
37 İsraillilər, uşaqlardan əlavə təxminən altı yüz min piyada kişi Ramsesdən+ Suqquta+ yola düşdü.+
38 Həmçinin əcnəbilərdən ibarət izdiham*+ israillilərlə getdi. Camaat çoxlu heyvan, sürülər, naxırlar götürmüşdü.
39 Onlar Misirdən gətirdikləri mayasız xəmirdən kökələr bişirdilər. Xəmirə maya qatılmamışdı, çünki onlar Misirdən qəfil qovulmuş, özləri üçün heç bir tədarük görə bilməmişdilər.+
40 Misirdə yaşayan israillilər qürbətdə dörd yüz otuz+ il yaşamışdılar.+
41 Dörd yüz otuz ilin tamamında, məhz həmin gün Yehovanın orduları Misir torpağından çıxdı.
42 Həmin gecəni israillilər Yehovanın onları Misirdən çıxardığı gün kimi qeyd etməlidirlər. Bu gecəni bütün İsrail xalqı nəsillər boyunca Yehovanın şərəfinə qeyd etməlidir.+
43 Yehova Musa ilə Haruna dedi: «Pasxa ilə bağlı tələblər bunlardır: heç bir əcnəbi Pasxa qurbanından yeməməlidir.+
44 Amma kiminsə pulla aldığı qulu varsa, onu sünnət etməlidir.+ Yalnız bu halda o qul ondan yeyə bilər.
45 Mühacirlər və muzdurlar ondan yeyə bilməzlər.
46 Quzu bir evdə yeyilməlidir. Ət evdən çıxarılmamalıdır. Quzunun heç bir sümüyü sındırılmamalıdır.+
47 Pasxanı bütün İsrail xalqı qeyd etməlidir.
48 Əgər aranızda yaşayan bir yadelli Yehovanın şərəfinə keçirilən Pasxanı qeyd etmək istəsə, evindəki bütün kişilər sünnət olunmalıdır. Yalnız bu halda o, Pasxanı qeyd edə bilər; həmin adam yerli sayılacaq. Sünnət olunmamış adam isə ondan yeyə bilməz.+
49 Yerli üçün də, aranızda yaşayan yadelli üçün də qanun bir olacaq».+
50 Beləcə, bütün israillilər Yehovanın Musaya və Haruna dediklərini yerinə yetirdilər. Necə buyurulmuşdusa, elə də etdilər.
51 Həmin gün Yehova israilliləri izdihamları* ilə Misir torpağından çıxartdı.
Haşiyələr
^ İbr. pesax. Mənası: üstündən keçmək, yan keçmək. Lüğətdə «Pasxa» sözünə bax.
^ Yaxud öldürülməlidir.
^ Hərfən: ordularınızı.
^ Yaxud öldürüləcək.
^ Yəni cavan qoyun və ya keçi.
^ Yəni qeyri-israillilər, o cümlədən misirlilər.
^ Hərfən: orduları.