Ərəmya 40:1—16
40 Keşikçibaşı Nəbuzardan+ Ərəmyaya Ramadan+ getməyə izin verəndən sonra Ərəmyaya Yehovanın sözü nazil oldu. Nəbuzardan Ərəmyanı qandallayıb ora aparmışdı. Ərəmya Babilə sürgünə gedən Yerusəlim və Yəhuda əsirləri arasında idi.
2 Keşikçibaşı Ərəmyanı qırağa çəkib dedi: «Allahın Yehova ölkədə bu fəlakətin olacağını qabaqcadan demişdi.
3 Yehova dediyi sözü gerçəkləşdirdi, çünki siz Yehovaya qarşı günah etdiniz, Ona itaət etmədiniz. Buna görə başınıza bu iş gəldi.+
4 İndi qolundakı qandalları açıb səni azad edirəm. Mənimlə Babilə getmək istəyirsənsə, gəl, qeydinə qalaram, getmək istəmirsənsə, getmə. Budur, bütün ölkə qarşındadır, hara istəyirsən ora get».+
5 Ərəmya çevrilib getməmiş Nəbuzardan ona dedi: «Babil padşahının Yəhuda şəhərləri üzərində qoyduğu Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədalinin+ yanına qayıt. Onun yanında, xalqın arasında yaşa. Ya da hara istəyirsən, get».
Keşikçibaşı ona bir qədər azuqə və bəxşiş verib buraxdı.
6 Beləcə, Ərəmya Mispaha+ Əxiqəm oğlu Qədalinin yanına getdi və onunla birlikdə ölkədə qalan xalqın arasında yaşadı.
7 Bir müddət sonra ölkədəki sərkərdələr və onların adamları eşitdi ki, Babil padşahı Əxiqəm oğlu Qədalini ölkənin üzərinə, Babilə sürgün edilməyən fağır-füqəranın — kişilərin, qadınların, uşaqların üzərinə başçı qoyub.+
8 Beləcə, Nəsəniyyə oğlu İsmayıl,+ Qəryahın oğulları Yuhənna+ və Yonatan, Tənhumət oğlu Sərəyah, nətufahlı İfayın oğulları, məkati oğlu Əzniyyə+ və onların adamları Mispaha Qədalinin yanına gəldilər.+
9 Şafan oğlu Əxiqəmin oğlu Qədali onlara və adamlarına and içib dedi: «Kəldanilərə qulluq etməkdən qorxmayın. Ölkədə yaşayıb Babil padşahına qulluq edin, onda xeyir taparsınız.+
10 Mən sizi yanımıza gələn kəldanilərin qarşısında təmsil etmək üçün Mispahda qalacağam. Siz isə şərab, yay meyvəsi, yağ yığıb qablarınıza doldurun və sahib olduğunuz şəhərlərdə yaşayın».+
11 Muabda, Əmunda, Ədumda, həmçinin başqa ölkələrdə olan yəhudilər eşitdilər ki, Babil padşahı yəhudilərin bəzilərini Yəhudada saxlayıb, Şafan oğlu Əxiqəmin oğlu Qədalini onların üzərinə başçı qoyub.
12 Onda bütün yəhudilər səpələndiyi yerlərdən Yəhuda diyarına, Mispahda olan Qədalinin yanına gəldilər. Onlar çoxlu şərab, yay meyvəsi yığdılar.
13 Qəryah oğlu Yuhənna ilə ölkədəki sərkərdələr Mispaha Qədalinin yanına gəldilər.
14 Ona: «Xəbərin var, əmunilərin+ padşahı Baalis Nəsəniyyə oğlu İsmayılı səni öldürməyə göndərib?»+ — dedilər. Lakin Əxiqəm oğlu Qədali onlara inanmadı.
15 Onda Qəryah oğlu Yuhənna Mispahda gizlicə Qədaliyə dedi: «Qoy gedim Nəsəniyyə oğlu İsmayılı öldürüm. Heç kimin bundan xəbəri olmayacaq. Niyə o, səni öldürsün? Niyə başına yığılan Yəhuda xalqı pərən-pərən düşsün, yəhudalılardan sağ qalanlar məhv olsun?»
16 Amma Əxiqəm oğlu Qədali+ Qəryah oğlu Yuhənnaya dedi: «Bunu etmə, İsmayıl barədə dediklərin yalandır».