Ərəmya 43:1—13
43 Ərəmya xalqa Allahları Yehovanın sözlərini deyib qurtardı. Allahları Yehovanın onlar üçün dediyi hər şeyi onlara bildirdi.
2 Huşiyyə oğlu Əzriya, Qəryah oğlu Yuhənna+ və oradakı təkəbbürlü adamlar Ərəmyaya dedi: «Yalan deyirsən! Səni “Misirə getməyin, orada yaşamayın” deməyə Allahımız Yehova göndərməyib.
3 Bu sözləri deməyə səni təhrik edən Nuryah oğlu Bəruxdur+. O istəyir ki, biz kəldanilərin əlinə düşüb ölək, ya da Babilə sürgünə gedək».+
4 Beləcə, Qəryah oğlu Yuhənna, sərkərdələr və bütün xalq Yehovanın Yəhudada qalmaq əmrinə tabe olmadı.
5 Qəryah oğlu Yuhənna və sərkərdələr sağ qalan yəhudalıları — Yəhudada yaşamaq üçün səpələndikləri xalqlar arasından çıxıb gələnləri özləri ilə götürdülər.+
6 Onlar kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçibaşı Nəbuzardanın+ Şafan+ oğlu Əxiqəmin+ oğlu Qədalinin yanında qoyduğu hər kəsi,+ o cümlədən Ərəmya peyğəmbəri və Nuryah oğlu Bəruxu götürüb apardılar.
7 Yehovanın əmrinə tabe olmayıb Misirə getdilər və gəlib Təfnisə+ çatdılar.
8 Təfnisdə Ərəmyaya Yehovanın sözü nazil oldu:
9 «Əlinə bir neçə böyük daş götür, onları yəhudilərin gözləri qabağında Təfnisdə, fironun evinin girişində kərpic döşəmədə gizlət və üstünə suvaq çək.
10 Sonra onlara de ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Budur, Mən Babil padşahı Navuxodonosoru, qulumu çağırıram,+ onun taxtını məhz bu gizlətdiyim daşların üstünə qoyacağam. O, hökmdar çadırını onların üzərində quracaq.+
11 Babil padşahı gəlib Misiri darmadağın edəcək.+ Azar üçün ayrılanlar azara, əsarət üçün ayrılanlar əsarətə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək.+
12 Mən Misir allahlarının bütxanalarını yandıracağam,+ padşah bütxanaları yandıracaq, bütləri əsirliyə aparacaq. Çoban kürkünü asanlıqla çiyninə atdığı kimi, o da Misir torpağını asanlıqla işğal edəcək, oradan zəfərlə çıxacaq.
13 Misirdəki Beyt-Şəmsin* sütunlarını qırıq-qırıq edəcək, Misir allahlarının bütxanalarına od vuracaq”».
Haşiyələr
^ Mənası: günəşin evi (məbədi). Yəni Heliopolis.