Əstər 1:1—22
1 Ahaşveroşun* hakimiyyəti dövrü idi. Ahaşveroş Hinddən Həbəşə* qədər yüz iyirmi yeddi əyalət üzərində hökmranlıq edirdi.+
2 O zaman şah Ahaşveroş Şuş*+ qalasında taxtda oturmuşdu.
3 O, hakimiyyətinin üçüncü ilində bütün əyanları və qulluqçuları üçün ziyafət qurdu. Fars+ və Mada*+ ordusu, əsilzadələr və əyalət başçıları onun hüzuruna gəldi.
4 O, düz yüz səksən gün əzəmətinin cah-calalını, ehtişamını, şanlı padşahlığının varını, dövlətini nümayiş etdirdi.
5 Bundan sonra şah böyükdən tutmuş kiçiyə kimi Şuş qalasında olanların hamısı üçün şah sarayının bağında yeddi gün ziyafət verdi.
6 Bağ kətan, xalis pambıq və mavi rəngli qumaş pərdələrlə bəzənmişdi. Pərdələr zərif qaytanlar və bənövşəyi yun iplərlə mərmər sütunlara bərkidilmiş gümüş halqalardan asılmışdı. Sumaqdaşı, ağ mərmər, sədəf və qara mərmərdən salınmış döşəmədə qızıl və gümüş taxtlar qoyulmuşdu.
7 Şahın süfrəsində hər şey onun adına layiq tərzdə idi. Şərab su yerinə axır, fərqli-fərqli qızıl piyalələrdə paylanırdı.
8 Məclis bu qayda üzrə keçirdi: heç kimi içməyə məcbur etmirdilər*. Çünki şah saray ağalarına tapşırmışdı ki, hər kəsin istəyi təmin edilsin.
9 Məlikə Vaşti+ də şah Ahaşveroşun sarayında qadınlar üçün ziyafət qurmuşdu.
10 Yeddinci gün şah Ahaşveroş şərabdan məst olanda xidmətində duran yeddi saray məmuruna, Məhmana, Bizzətə, Hərbuna+, Biğdəyə, Abəxtə, Zitara və Kərkəzə əmr etdi ki,
11 məlikə Vaştini başında məlikə örpəyi* onun hüzuruna gətirsinlər. Məlikə çox gözəl idi. Şah onun gözəlliyini bütün camaata və əyanlara göstərmək istəyirdi.
12 Lakin məlikə Vaşti şahın saray məmurlarının gətirdiyi şah buyruğunu təkrar-təkrar rədd etdi. Şah bundan bərk qəzəbləndi, hirsindən alışıb-yandı.
13 Şah bu cür halları yaxşı bilən müdriklərlə görüşdü. (Çünki şaha aid məsələlər bu qayda üzrə qanun və məhkəmə işlərində səriştəli adamlara təqdim edilirdi.
14 Onun yaxın məsləhətçiləri isə Fars və Mada ölkəsinin yeddi əyanı+ Kərşan, Şizar, Ədməs, Tarşiş, Mərəs, Mərsan və Məmkan idi. Bu adamlar padşahlıqda ən yüksək mövqe tuturdular və şahın hüzuruna çıxmaq ixtiyarına malik idilər.)
15 Şah onlardan soruşdu: «Məlikə Vaşti şah Ahaşveroşun saray məmurları vasitəsilə göndərdiyi buyruğa tabe olmadı. Qanuna əsasən ona nə edilməlidir?»
16 Məmkan şaha və əyanlara dedi: «Məlikə Vaşti bu hərəkəti ilə təkcə şaha qarşı deyil, həm də şah Ahaşveroşun bütün əyanlarına, əyalətlərdəki bütün xalqlara qarşı günah işlədi.+
17 Çünki məlikənin hərəkəti qadınların qulağına çatanda ərlərinə həqarət edib deyəcəklər: “Şah Ahaşveroş məlikə Vaştini hüzuruna çağırdı, amma o gəlmədi”.
18 İndən belə Fars və Mada ölkəsində əyan arvadları məlikənin hərəkətini eşidib ərləri ilə onun kimi danışacaqlar, nəticədə hörmətsizlik və münaqişələr baş alıb gedəcək.
19 Əgər şah məsləhət bilirsə, qoy şahın adından fərman verilsin və Vaşti daha onun hüzuruna buraxılmasın. Bu fərman ləğvolunmaz Fars-Mada qanunlarına+ əlavə edilsin. Sonra şah onun yerinə daha layiqli qadını məlikə qoysun.
20 Şahın fərmanı onun böyük səltənətində yayılanda bütün qadınlar ərlərinə, istər nüfuzlu olsun, istər yox, hörmət edəcək».
21 Bu məsləhət şahın və əyanların xoşuna gəldi. Şah Məmkanın dediyi kimi etdi.
22 Şah bütün əyalətlərə, hərəsinin öz yazısında və hər xalqın öz dilində yazılmış fərmanlar göndərdi ki,+ bütün kişilər evində ağa olsun və öz xalqının dilində danışsın.
Haşiyələr
^ I Daranın oğlu I Kserks olduğu güman edilir.
^ Yaxud Kuşa.
^ Suz.
^ Midiya.
^ Yaxud içkiyə məhdudiyyət qoyulmamışdı.
^ Yaxud çalması.