Əyyub 23:1—17
23 Əyyub belə cavab verdi:
2 «Bu gün də şikayətim səngiməyəcək.+Ah-vay etməkdən taqətim kəsilib.
3 Kaş Allahın yerini biləydim,+
Onda birbaşa məkanına gedərdim,+
4 İşimi hüzurunda ərz edərdim,Bütün dəlillərimi önünə düzərdim.
5 Onun verdiyi cavabı bilərdim,
Sözlərinin üzərində düşünərdim.
6 Məgər O, böyük qüdrəti ilə mənimlə çəkişərdi?
Əsla! O, məni mütləq dinləyərdi.+
7 Orada əməlisaleh adam məsələsini Onunla həll edə bilər.Mən də hakimimdən həmişəlik bəraət alıb gedərdim.
8 Amma şərqə gedirəm, orada yoxdur,Geri qayıdıram, Onu tapmıram.
9 O, solda çalışır, amma Ona baxa bilmirəm,Sağa dönür, yenə Onu görmürəm.
10 O isə tutduğum yolu yaxşı bilir.+
Onun sınağından saf qızıl kimi çıxaram.+
11 Mən Onun addımlarının iziylə getmişəm,Onun yolunu tutmuşam, azmamışam.+
12 Ağzından çıxan əmrləri pozmamışam,
Tələb etdiyindən də artığını etmişəm.+
13 O qət etdisə, kim Ona əngəl ola bilər?+
Könlü nə istəsə, onu da edər.+
14 Mənimlə bağlı niyyətini axıradək yerinə yetirəcək.Hələ nə qədər belə işlər görəcək!
15 Odur ki, Ona görə rahatlığım itib,Onu düşünəndə məni qorxu basır.
16 Allah cəsarətimi əlimdən alıb,Qüdrət Sahibi məni qorxuya salıb.
17 Ancaq məni nə qaranlıq,Nə də üzümü örtən zülmət susdura bilib.