Əyyub 4:1—21
4 Onda təhmani Əlifəz+ sözə başladı:
2 «Kimsə sənə bir söz demək istəsə, hövsələn daralmaz ki?
Axı kim susa bilər?
3 Düzdür, sən çoxlarına nəsihət verərdin,Gücsüz qollara güc verərdin.
4 Kimsə büdrəyəndə sözünlə qaldırardın,Taqətsiz dizlərə qüvvət verərdin.
5 Fəqət indi özün bu hala düşəndə tab gətirmirsən,Bəla sənə toxunanda özünü itirirsən.
6 Məgər Allah xofu sənə güvənc vermir?
Məgər təmiz həyatın+ sənə ümid vermir?
7 Bir xatırla: hansı təqsirsiz insan məhv olub?
Harada görünüb ki, əməlisaleh həlak olsun?
8 Mən görmüşəm ki, fitnə-fəsad əkənlər,Bədbəxtlik toxumu səpənlər əkdiyini biçir.
9 Onlar Allahın nəfəsi ilə yox olur,Qəzəbinin ani şiddəti ilə məhv olur.
10 Aslan nərə çəkir, gənc aslan nərildəyir,Amma güclü aslanın da dişi qırılır.
11 Ov tapmayanda şir ölür,Balaları pərən-pərən düşür.
12 Mənə gizlincə bir söz çatdı,Qulağıma bir pıçıltı gəldi.
13 İnsanlar dərin yuxuda olarkən,Gecə röyalarında narahat düşüncələr içində ikən
14 Canıma yaman titrəmə düşdü,Sümüklərimə vahimə hopdu.
15 Qarşımdan bir ruh keçdi,Tüklərim biz-biz oldu.
16 O dayandı,Amma simasını ayırd edə bilmədim.
Gözümün önündə bir surət var idi.Sükunət idi. Sonra səs eşitdim:
17 “Fani insan Allahdan adil ola bilərmi?
İnsan Yaradandan pak ola bilərmi?”
18 Allah qulluqçularına etibar etmirsə,Öz mələklərində* səhv tutursa,
19 Gör palçıq evlərdə yaşayanlarda,Bünövrəsi torpaq olanlarda,+Güvə kimi tez əzilənlərdə necə qüsur tapacaq!
20 Onlar səhərlə axşam arasında məhv olub gedirlər,Əbədilik yox olurlar, heç kim də vecinə almır.
21 Məgər onlar ipləri boşalmış çadıra bənzəmir?
Onlar hikmətsiz ölürlər.
Haşiyələr
^ Yaxud elçilərində.