Korinflilərə birinci məktub 11:1—34
11 Mən Məsihdən nümunə götürdüyüm kimi, siz də məndən nümunə götürün.+
2 Hər məsələdə məni xatırladığınız üçün, öyrətdiyim şeylərə sadiq qaldığınız üçün sizi tərifləyirəm.
3 Amma bunu da bilməyinizi istəyirəm ki, hər kişinin başı Məsih,+ qadının başı kişi,+ Məsihin başı isə Allahdır.+
4 Başıörtülü dua və ya peyğəmbərlik edən kişi başını rüsvay edir.
5 Qadın da dua və ya peyğəmbərlik edərkən+ başını örtməyəndə başını rüsvay edir, çünki belə qadınla başı keçəl qırxılmış qadın* arasında fərq yoxdur.
6 Əgər qadın başını örtmürsə, qoy saçını kəsdirsin, lakin onun üçün saçını kəsdirmək, yaxud başını keçəl etmək rüsvayçılıqdırsa, onda qoy başını örtsün.
7 Kişi başını örtməməlidir, çünki kişi Allahın bənzəri+ və şərəfidir, qadın isə kişinin şərəfidir.
8 Kişi qadından yox, qadın kişidən yaradılıb.+
9 Üstəlik, kişi qadın üçün yox, qadın kişi üçün yaradılmışdı.+
10 Buna görə də mələklərdən ötrü qadının başında tabelik rəmzi olmalıdır.+
11 Digər tərəfdən Ağanın yığıncağında qadın kişisiz, kişi də qadınsız mövcud ola bilməz.
12 Çünki qadın kişidən olduğu+ kimi, kişi də qadın vasitəsilə dünyaya gəlir. Lakin hər şey Allahdandır.+
13 Bir düşünün: heç Allaha başıaçıq dua etmək qadına yaraşar?
14 Məgər təbiət özü öyrətmir ki, kişi üçün uzun saç şərəfsizlikdir?
15 Qadın üçünsə uzun saç şərəfdir, çünki saç ona baş örtüyü kimi verilib.
16 Kim başqa bir adətə riayət etmək istəyirsə, qoy bilsin ki, nə bizdə, nə də Allahın yığıncaqlarında ayrı adət yoxdur.
17 Amma bu nəsihətləri verərkən sizi tərifləmirəm, çünki siz bir yerə yığışanda xeyirdən çox zərər olur.
18 Əvvəla, eşitdiyimə görə, siz bir yerə yığışanda aranızda ixtilaflar yaranır. Elə düşünürəm ki, bu xəbərdə müəyyən qədər həqiqət var.
19 Əslinə qalsa, aranızda dəstəbazlıq olmalıdır+ ki, Allahın bəyəndiyi adamlar bəlli olsun.
20 Siz bir yerə toplaşanda, əslində, Ağanın şam yeməyini yemək üçün toplaşmırsınız.+
21 Çünki Ağanın şam yeməyini yemək vaxtı gələndə hər kəs əvvəlcə öz şam yeməyini yeyir, nəticədə kimisi ac qalır, kimisi sərxoş olur.
22 Məgər yeyib-içmək üçün eviniz yoxdur? Allahın yığıncağına hörmət qoymursunuz? Kasıbları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Tərifləyim? Yox, bu işə görə tərifləməyəcəyəm.
23 Mən Ağadan aldığımı sizə çatdırmışam. Ağamız İsa ələ veriləcəyi gecə+ bir çörək götürdü,
24 şükür edib onu böldü və dedi: «Bu çörək sizin uğrunuzda fəda edilən bədənimi təmsil edir.+ Xatirəmi yad etmək üçün bunu həmişə edin».+
25 Şam yeməyini yeyəndən sonra o, camı götürdü+ və eyni şeyi edib dedi: «Bu cam qanım əsasında+ bağlanan yeni əhdi təmsil edir.+ Hər dəfə bundan içəndə xatirəmi yad edərək belə edin».+
26 Çünki Ağa gələnədək hər dəfə bu çörəkdən yeyəndə və camdan içəndə onun ölümünü bəyan etmiş olursunuz.
27 Kim çörəkdən və Ağanın camından nalayiq tərzdə yeyib-içirsə, Ağanın bədəninə və qanına qarşı günah edir.
28 Qoy əvvəlcə hər kəs özünü tədqiq etsin+ və layiq olub-olmadığına əmin olsun, ondan sonra çörəkdən yeyib, camdan içsin.
29 Kim yeyib-içəndə bədənin daşıdığı mənanı dərk etmirsə, özünü məhkum edir.
30 Elə buna görədir ki, aranızda bir çoxları zəif və xəstədirlər, xeylisi də ölüm yuxusuna* gedib.+
31 Əgər vəziyyətimizin nə yerdə olduğunu ayırd etsək, mühakimə olunmayacağıq.
32 Mühakimə olunanda isə Yehova bizi tərbiyələndirir+ ki, bu dünya ilə bir yerdə məhkum edilməyək.+
33 Beləliklə, qardaşlar, bu yeməyi yemək üçün yığışanda bir-birinizi gözləyin.
34 Kim acdırsa, qoy evində yesin ki, hamınız məhkum edilməyəsiniz.+ Qalan məsələləri isə özüm gələndə yoluna qoyacağam.
Haşiyələr
^ Keçmişdə əxlaqsız qadını belə cəzalandırırdılar.
^ Görünür, burada söhbət ruhani ölümdən gedir.