Birinci Salnamələr 21:1—30

  • Davud xalqı siyahıya alır (1—6)

  • Yehovadan gələn cəza (7—17)

  • Davud qurbangah tikir (18—30)

21  Şeytan* İsrailə qarşı çıxıb Davudu israilliləri saymağa təhrik etdi.+  Davud Yuaba+ və xalqın başçılarına dedi: «Gedin, Biir-Səbadan Dana+ qədər israilliləri sayın, sonra mənə onların sayını bildirin».  Amma Yuab dedi: «Qoy Yehova xalqını yüz qat artırsın! Məgər onların hamısı ağam padşahın qulları deyil? Nə üçün hökmdarım belə şey etmək istəyir? Axı nəyə görə İsraili günaha batırır?»  Amma padşahın sözü Yuabın sözündən kəsərli oldu. Yuab bütün İsraili gəzib-dolaşdı, sonra Yerusəlimə qayıtdı.+  Yuab siyahıya alınan xalqın sayını Davuda təqdim etdi. Bütün İsraildə əli qılınclı 1 100 000 nəfər, Yəhudada 470 000 nəfər var idi.+  Lakin Lavi və Binyamin onlarla birgə siyahıya alınmadı,+ çünki Yuabın padşahın əmrindən acığı gəlmişdi.+  Bu iş Allaha çox ağır getdi, odur ki, O, İsrailə bəla göndərdi.  Onda Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etmişəm.+ Axmaqlıq eləmişəm, yalvarıram, qulunu bağışla».+  Davudun görücüsü Cada+ Yehovanın sözü nazil oldu: 10  «Get Davuda söylə ki, Yehova belə deyir: “Qarşına üç seçim qoyuram. Birini seç. Səni o cür cəzalandıracağam”». 11  Cad da Davudun yanına gəlib dedi: «Yehova belə deyir: “Seç: 12  ya ölkədə üç il aclıq olsun,+ ya üç ay düşmən qılıncı səni yaxalayıb məğlub etsin,+ ya da üç gün Yehovanın qılıncı — xəstəlik ölkəyə hakim kəsilsin,+ Yehovanın mələyi bütün İsrail məmləkətinə bəla gətirsin”.+ İndi fikirləş, söylə, məni göndərənə nə cavab verim». 13  Davud Cada dedi: «Mənə çox çətindir. Qoyma insan əlinə düşüm.+ Qoy biz Yehovanın əlinə düşək, Onun mərhəməti böyükdür».+ 14  Yehova İsrailə xəstəlik göndərdi+ və İsraildə 70 000 adam öldü.+ 15  Üstəlik, Allah Yerusəlimi tar-mar etmək üçün mələk göndərdi. Yehova görəndə ki, mələk şəhəri tar-mar etmək üzrədir, xalqa yazığı gəldi+ və xalqı qıran mələyə dedi: «Bəsdir!+ Əl saxla!» Yehovanın mələyi yəbusi+ Ornanın* xırmanının+ yanında durmuşdu. 16  Davud başını qaldırıb gördü ki, Yehovanın mələyi əlindəki siyrilmiş qılıncı Yerusəlimə tərəf uzadıb yerlə göy arasında durub.+ Çula bürünmüş+ Davud və ağsaqqallar üzüstə yerə döşəndilər.+ 17  Davud Allaha dedi: «Məgər xalqı mən saymadım? Günah edən mənəm, mən xəta etmişəm.+ Axı bu yazıq qoyunlar nə ediblər? Ey Allahım Yehova, qoy əlin mənə, atamın evinə qarşı qalxsın. Xalqının başına bu bəlanı gətirmə».+ 18  Yehovanın mələyi Cad vasitəsilə+ Davuda bildirdi ki, o gedib yəbusi Ornanın xırmanında Yehovaya qurbangah tiksin.+ 19  Davud Yehovanın adı ilə danışan Cadın dediyi kimi, durub getdi. 20  Bu arada Ornan çevrilib mələyi gördü. Yanında olan dörd oğlu gizləndi. Ornan buğda döyürdü. 21  Davud ona tərəf gələndə Ornan onu gördü və tez xırmandan çıxıb Davudun qarşısında yerədək təzim etdi. 22  Davud Ornana dedi: «Xırman yerini mənə sat, orada Yehovaya qurbangah tikim. Tam qiymətinə sat. Qoy xalqın üzərinə gələn bəla dayansın».+ 23  Ornan Davuda dedi: «Buyur, elə bil ki, öz mülkündür. Qoy ağam padşah istədiyini eləsin. Lap yandırma qurbanı üçün heyvan, odun əvəzi vəl+, taxıl təqdiməsi kimi buğda da verirəm. Hər şeyi verirəm». 24  Davud padşah isə Ornana dedi: «Yox, bunu səndən öz qiymətinə alacağam. Sənin malını havayı götürüb Yehovaya vermərəm, yandırma qurbanı təqdim etmərəm».+ 25  Beləcə, Davud həmin yer üçün Ornana 600 şekel* ağırlığında qızıl verdi. 26  Davud orada Yehovaya qurbangah tikdi,+ yandırma və ünsiyyət qurbanları təqdim etdi. O, Yehovanı çağırdı, Allah da yandırma qurbanı üçün olan qurbangahın üstünə göydən od göndərib ona cavab verdi.+ 27  Onda Yehova mələyə qılıncını qınına qaytarmağı buyurdu.+ 28  Davud Yehovanın yəbusi Ornanın xırmanında ona cavab verdiyini görəndə Ona orada qurban gətirməyə başladı. 29  Amma o vaxt Musanın səhrada Yehova üçün düzəltdiyi çadır və yandırma qurbanı üçün olan qurbangah Gibyondakı səcdəgahda idi.+ 30  Lakin Davud Allaha müraciət etmək üçün ora gedə bilmirdi, çünki Yehovanın mələyinin qılıncından qorxurdu.

Haşiyələr

Digər variant: əleyhdar.
2İş 24:16 ayəsində Arunah.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.