İkinci işmuil 11:1—27
11 İlin əvvəlində*, padşahlar yürüşə çıxan vaxt Davud Yuabı, adamlarını və bütün İsrail ordusunu əmuniləri məhv etməyə göndərdi. Onlar Rabbahı mühasirəyə aldılar.+ Davud isə Yerusəlimdə qalmışdı.+
2 Bir axşam Davud yatağından qalxıb sarayın damında var-gəl edirdi. Damdan baxanda bir çimən qadın gördü. Qadın çox gözəl idi.
3 Davud adam göndərdi ki, qadının kim olduğunu öyrənsin. Ona xəbər gətirdilər: «Bu, het+ Uryayın+ arvadı, Əlyamın+ qızı Badsəbadır+».
4 Davud onun dalınca adam göndərdi.+ Qadın gəldi. Davud onunla yaxınlıq etdi.+ (Onda qadının murdarlıqdan* təmizlənmə vaxtı idi.)+ Sonra qadın evinə qayıtdı.
5 Qadın boylu qaldı, Davuda xəbər göndərib hamilə olduğunu bildirdi.
6 Davud adam yollayıb Yuaba: «Het Uryayı yanıma göndər», — dedi. Yuab Uryayı Davudun yanına göndərdi.
7 Uryay Davudun yanına gəldi. Davud ondan Yuabın, qoşunların vəziyyətini soruşdu, müharibənin gedişatı ilə maraqlandı.
8 Sonra Uryaya dedi: «Get evinə dincəl». Uryay padşahın evindən çıxdı. Padşah onun dalınca sovqat* göndərdi.
9 Amma Uryay padşahın qulluqçuları ilə sarayın girişində yatdı, evinə getmədi.
10 Uryayın evə getmədiyini Davuda bildirdilər. Onda Davud Uryaya dedi: «Yoldan gəlməmisən? Nə üçün evinə getmirsən?»
11 Uryay Davuda cavab verdi: «Sandıq+, İsrail, Yəhuda çardaqlarda qala-qala, ağam Yuab və hökmdarımın qulları çöl-biyabanda ordugah qurduqları bir vaxt mən necə evimə gedib yeyim, içim, arvadımla yatım?+ Padşah sağ olsun, canın haqqı, mən belə şey etmərəm!»
12 Davud Uryaya dedi: «Bu gün də burada qal. Sabah səni yola salaram». Uryay o gün də, o birisi gün də Yerusəlimdə qaldı.
13 Sonra Davud onu yanına çağırdı və onunla yeyib-içdi. Onu sərxoş olanacan içirtdi. Amma axşam o, ağasının qulluqçuları ilə bir yerdə, yatağında yatdı, evinə getmədi.
14 Səhər Davud Yuaba məktub yazıb Uryayla göndərdi.
15 Məktubda yazmışdı: «Uryayı ön xəttə, döyüşün ən şiddətli yerinə qoyun, özünüzsə yanından çəkilin. Qoy onu vurub öldürsünlər».+
16 Yuab şəhəri güclü nəzarət altında saxlayırdı. O, igid döyüşçülərin harada olduğunu bilirdi. Uryayı həmin yerə qoydu.
17 Şəhərin kişiləri çıxıb Yuabla döyüşdülər. Davudun adamlarından ölənlər oldu. Onların arasında het Uryay da var idi.+
18 Yuab müharibənin gedişatı barədə Davuda yerli-yataqlı məlumat göndərdi.
19 O, qasidi öyrədib dedi: «Döyüş barədə padşaha hər şeyi danışandan sonra,
20 ola bilsin, padşah qəzəblənib desin: “Nə üçün şəhərə bu qədər yaxın gedib vuruşdunuz? Bilmirdiniz ki, onlar divarın üstündən sizə ox atacaqlar?
21 Yərubəşitin+ oğlu Əbuməliki kim vurmuşdu?+ Təbəzdə divarın üstündən dəyirman daşı atıb onu öldürən qadın deyildi? Nə üçün divara o qədər yaxın getdiniz?” Onda deyərsən: “Qulun het Uryay da öldü”».
22 Qasid gedib Yuabın tapşırdığı hər şeyi Davuda danışdı.
23 Qasid Davuda dedi: «Onların adamları bizə güc gəldilər, şəhərdən çıxıb üstümüzə həmlə etdilər. Amma biz onları darvazanın ağzına qədər geri qovduq.
24 Oxçular divarın üstündən qullarını oxa tutdular. Qullarından ölənlər oldu. Qulun het Uryay da öldü».+
25 Davud qasidə dedi: «Yuaba deyərsən ki, ürəyini sıxmasın. Qılınc gah birini vurur, gah o birisini. Qoy şəhərə qarşı hücumu gücləndirib onu alsın.+ Bu sözlərlə onu ruhlandır».
26 Uryayın arvadı ərinin ölüm xəbərini alanda onun üçün yas tutdu.
27 Yas müddəti bitən kimi Davud adam göndərib onu evinə gətizdirdi. O, Davudun arvadı oldu+ və ona oğul doğdu. Amma Davudun bu əməli Yehovaya çox ağır getdi.+
Haşiyələr
^ Yəni yazda.
^ Ehtimal ki, burada söhbət aybaşı murdarlığından gedir.
^ Yaxud padşah payı (ev sahibinin hörmətli qonağa göndərdiyi pay).