Dənyal 4:1—37
4 «Padşah Navuxodonosordan yer üzündə yaşayan bütün ümmətlərə, xalqlara və dillərə mənsub olanlara salam olsun!
2 Məsləhət bildim ki, Allah-Taalanın mənimlə bağlı göstərdiyi əlamət və möcüzələri sizə bildirim.
3 Həqiqətən, Onun əlamətləri möhtəşəm, möcüzələri qüdrətlidir! Onun padşahlığı əbədi padşahlıqdır, hakimiyyəti nəsildən-nəslə durur.+
4 Mən, Navuxodonosor öz evimdə, sarayımda rahat, firavan yaşayırdım.
5 Bir dəfə məni qorxuya salan yuxu gördüm. Yatağımda ikən gördüyüm görüntü və röyalar məni qorxutdu.+
6 Mən əmr etdim ki, yuxunu yozmaq üçün Babilin bütün müdriklərini hüzuruma toplasınlar.+
7 Kahinlər, ruhçağıranlar, kəldanilər və münəccimlər+ gəldilər. Mən yuxumu onlara danışdım, amma onlar yuxunu yoza bilmədilər.+
8 Axırda allahımın şərəfinə+ Bəltişəzzar+ adlandırılan, içində müqəddəs allahların ruhu olan+ Dənyal hüzuruma gəldi. Mən yuxunu ona danışdım:
9 “Ey kahinlərin başçısı+ Bəltişəzzar! Bilirəm ki, səndə müqəddəs allahların ruhu var+ və elə bir sirr yoxdur ki, sən onu aça bilməyəsən.+ Odur ki, yuxuda gördüyüm röyaları və yozumunu mənə danış.
10 Mən yatağımda ikən röyada dünyanın ortasında bitmiş bir ağac gördüm.+ Bu ağac çox hündür idi.+
11 O böyüyüb möhkəmləndi, başı göylərə çatdı. Dünyanın ucqarlarından onu görmək olurdu.
12 Ağacın gözəl yarpaqları, bol meyvəsi var idi. Üstündə hamı üçün qida bitirdi. Altında çölün heyvanları kölgə tapır, budaqlarında göyün quşları yuva qururdu. Bütün canlılar ondan qidalanırdı.
13 Yatağımda yuxuda ikən röyada gördüm ki, bir gözətçi, müqəddəs bir varlıq göydən enir.+
14 O, ucadan deyirdi: “Bu ağacı kəsin,+ budaqlarını doğrayın, yarpaqlarını silkələyib tökün, meyvələrini səpələyin! Qoy heyvanlar altından qaçsın, quşlar budaqlarından uçsun.
15 Amma kötüyünü dəmir və mislə çəmbərləyib yerdə saxlayın, qoyun çölün otları arasında qalsın. Göylərin şehi onu islatsın, heyvanlar kimi, onun da payı yerin otları olsun.+
16 Ondan insan ürəyi alınıb, əvəzinə heyvan ürəyi verilsin. Qoy yeddi dövr belə qalsın.+
17 Bu fərmanı gözətçilər çıxarıb,+ bu buyruğu müqəddəs varlıqlar verib ki, bəşər övladları bilsin: bəşər səltənəti üzərində hökmran Haqq-Taaladır.+ Səltənəti kimə istəyir verir, insanlar arasında ən aşağı olanı onun başında qoyur”.
18 Mən padşah Navuxodonosorun gördüyü yuxu budur. İndi, ey Bəltişəzzar, sən onu yoz, çünki səltənətimdəki müdriklərin heç biri onun yozumunu mənə aça bilmədi.+ Sənsə buna qadirsən, çünki səndə müqəddəs allahların ruhu var”.
19 Adı Bəltişəzzar olan Dənyal+ ani həyəcan keçirdi, fikirləri onu qorxuya saldı.
Onda padşah dedi: “Ey Bəltişəzzar, qoy bu yuxu və onun yozumu səni qorxutmasın”.
Bəltişəzzar isə dedi: “Ya ağa, qoy bu yuxu səni sevməyənlərin, yozumu düşmənlərinin başına gəlsin.
20 Ucalıb möhkəmlənən, başı göylərə çatan, dünyanın ucqarlarından görünən,+
21 yarpaqları gözəl, meyvəsi bol, hamı üçün qida verən, altında çölün heyvanları məskən salan, budaqlarında göyün quşları yuva quran ağac+
22 sənsən, ya padşah. Çünki sən yüksəlib möhkəmləndin, əzəmətin ucalıb göylərə çatdı,+ səltənətin dünyanın ucqarlarına qədər yayıldı.+
23 Padşah bir gözətçi, göydən enən müqəddəs varlıq+ görmüşdü. O deyirdi: “Bu ağacı kəsib məhv edin. Kötüyünü isə dəmir və mislə çəmbərləyib yerdə saxlayın, qoyun çölün otları arasında qalsın. Qoy yeddi dövr keçənə qədər göylərin şehi onu islatsın, qoy heyvanlar kimi, onun da payı yerin otları olsun”.+
24 Ey padşah, bunun yozumu və Haqq-Taalanın ağam padşahla bağlı çıxardığı fərman budur:
25 Sən insanlar arasından qovulacaqsan. Çölün heyvanları arasında yaşayacaqsan, öküz kimi ot yeyəcəksən, göylərin şehi səni isladacaq.+ Sən bəşər səltənəti üzərində Haqq-Taalanın hökmran olduğunu, onu istədiyi kəsə verdiyini+ başa düşənə qədər yeddi dövr keçəcək.+
26 Ağacın kötüyünün+ qalması barədə verilən fərmanın isə mənası budur: sən göylərin hökmranlıq etdiyini başa düşəndən sonra taxt-tacın yenə sənin olacaq.
27 Odur ki, ya padşah, qoy məsləhətim acığına gəlməsin. Günahlarından dönüb doğru işlər gör, haqsızlıqdan əl çəkib fağır-füqəraya mərhəmət göstər. Bəlkə, onda firavanlığın uzun sürər”».+
28 Bütün bunlar padşah Navuxodonosorun başına gəlmişdi.
29 Bu yuxudan on iki ay sonra Navuxodonosor Babildə padşah sarayının damında gəzişirdi.
30 Padşah dedi: «Budur, padşah sarayına məskən olmaq üçün, şan-şöhrətim üçün gücüm-qüdrətimlə tikdiyim böyük Babil!»
31 Bu söz hələ padşahın ağzında ikən göydən bir səda gəldi: «Ey padşah Navuxodonosor, eşit və agah ol, taxt-tac əlindən çıxdı.+
32 Sən insanlar arasından qovulursan. Çölün heyvanları arasında yaşayacaqsan, öküz kimi ot yeyəcəksən. Sən bəşər səltənəti üzərində Haqq-Taalanın hökmran olduğunu, onu istədiyi kəsə verdiyini+ başa düşənə qədər yeddi dövr keçəcək».
33 Elə o andaca deyilənlər Navuxodonosorun başına gəldi. O, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı, bədəni göylərin şehi ilə islandı. Saçı qartal lələyi kimi uzandı, dırnaqları quş caynağı kimi oldu.+
34 «Vaxt tamam olanda+ mən Navuxodonosor başımı qaldırıb göylərə baxdım və ağlım başıma gəldi. Mən Haqq-Taalaya alqış oxudum, Əbədi Var Olana təriflər söyləyib Onu ucaltdım. Çünki Onun hakimiyyəti əbədi hakimiyyətdir, padşahlığı nəsildən-nəslə durur.+
35 Yerin bütün sakinləri heç nədir. O, göylərin ordusuyla, yerin sakinləriylə istədiyi kimi davranır. Heç kim Ona mane ola bilməz,+ heç kim Ona “nə edirsən?” deyə bilməz.+
36 O zaman ağlım başıma gəldi və padşahlığımın calalı, əzəmətim, ehtişamım özümə qayıtdı.+ Məmurlarım, əyanlarım məni axtarıb tapdılar, taxt-tacım özümə qaytarıldı və mən əvvəlkindən də əzəmətli oldum.
37 İndi mən Navuxodonosor göylərin Padşahına təriflər deyirəm, Onu ucaldır, mədh edirəm.+ Çünki Onun bütün işləri doğru, yolları haqdır.+ Təkəbbürlə gəzənləri alçaldan Odur».+