Qanunun təkrarı 20:1—20

  • Müharibə aparmaq qaydaları (1—20)

    • Hərbi qulluqdan azad olma (5—9)

20  Düşmənlərinizlə müharibəyə gedəndə görsəniz ki, onların atı, arabası sizinkindən çox, qoşunu sizinkindən böyükdür, qorxmayın, çünki sizi Misirdən çıxaran Allahınız Yehova sizinlədir.+  Döyüşə getməzdən əvvəl kahin xalqa xitab edib desin:+  “Dinlə, ey İsrail! Bu gün düşmənlərinizlə döyüşə gedirsiniz. Cəsur olun. Onlardan qorxub təlaşa düşməyin, ürəyiniz əsməsin.  Çünki Allahınız Yehova düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə birlikdə gedir”.+  Məmurlar da döyüşçülərə müraciət edib deməlidir: “Kim təzə ev tikib, amma hələ içinə girməyib, qoy evinə qayıtsın. Yoxsa döyüşdə həlak olar, evində başqası yaşayar.  Kim təzə üzümlük salıb amma hələ barını götürməyib, qoy qayıdıb getsin evinə. Yoxsa döyüşdə həlak olar, bağının barını başqası götürər.  Kim nişanlanıb, amma hələ evlənməyib, qoy evinə qayıtsın.+ Yoxsa döyüşdə həlak olar, nişanlısı başqasına qismət olar”.  Məmurlar həm də döyüşçülərə deməlidir: “Kimin ürəyində qorxu varsa, cəsarəti çatmırsa, evinə qayıtsın.+ Yoxsa qardaşlarının da ürəyinə qorxu salar”.+  Məmurlar danışıb qurtarandan sonra orduya rəhbərlik etmək üçün sərkərdələr təyin etsinlər. 10  Hansısa şəhərə yaxınlaşıb ora yürüş etmək istəyəndə əvvəlcə sülh təklif edib şərtlərinizi bildirin.+ 11  Əgər şərtlərinizi qəbul edib darvazaları üzünüzə açsalar, oradakı bütün adamlar sizin qulunuz olacaq, xidmətinizdə duracaqlar.+ 12  Lakin şərtlərinizi qəbul etməyib sizinlə müharibəyə başlamaq istəsələr, şəhəri mühasirəyə alın. 13  Allahınız Yehova oranı sizin əlinizə verəcək. Şəhərin bütün kişilərini qılıncdan keçirin. 14  Ancaq qadınları, uşaqları, mal-heyvanı və şəhərdə olan hər şeyi qənimət kimi götürə bilərsiniz.+ Allahınız Yehovanın sizə təslim etdiyi düşmənlərin malı halalınız olacaq.+ 15  Bu, sizin yaxınlığınızdakı xalqların şəhərlərinə yox, sizdən uzaqda yerləşən şəhərlərə aiddir. 16  Allahınız Yehovanın sizə irs olaraq verəcəyi şəhərlərə gəlincə isə, onlarda bir canlını belə, sağ qoymamalısınız.+ 17  Allahınız Yehovanın əmr etdiyi kimi, hetlərin, amorilərin, kənanilərin, fərizilərin, hivilərin və yəbusilərin kökünü kəsməlisiniz.+ 18  Yoxsa onlar allahları üçün etdikləri iyrənc əməlləri sizə də öyrədib Allahınız Yehovanın qarşısında sizi günaha batıracaqlar.+ 19  Hansısa bir şəhəri ələ keçirmək üçün onu mühasirəyə alanda və ona qarşı uzun müddət döyüşlər aparanda oradakı aǧacları baltalayıb qırmayın. Ağacların meyvələrindən yeyə bilərsiniz, amma özlərini kəsməyin.+ Məgər ağac adamdır ki, onu mühasirəyə alasınız? 20  Yalnız meyvəsi yeyilməyən ağacları qıra bilərsiniz. Sizinlə vuruşan şəhər ələ keçənə kimi onları kəsib mühasirə qurğuları düzəldə bilərsiniz.

Haşiyələr