Yəhyaya nazil olmuş vəhy 10:1—11
10 Mən göydən enən digər bir güclü mələk gördüm. O, buluda bürünmüşdü, başı üzərində göy qurşağı vardı. Üzü günəş kimi,+ ayaqları alov sütunu kimi idi.
2 Əlində balaca, açıq bir tumar var idi. O, sağ ayağını dənizə, sol ayağını quruya qoydu və
3 şir nərəsinə bənzər gur səslə bağırdı.+ O, bağıranda yeddi göy gurultusunun səsi eşidildi.+
4 Yeddi göy gurultusu danışarkən mən yazmağa hazırlaşdım, lakin göydən bir səs mənə dedi:+ «Yeddi göy gurultusunun sözlərinə möhür vur, onları qələmə alma».
5 Dənizlə quruda durmuş mələk sağ əlini göyə qaldırdı,
6 əbədi yaşayana,+ göyü və oradakıları, yeri və onun üzərindəkiləri, dənizi və onun içindəki məxluqları yaradana and içdi:+ «Artıq möhlət verilməyəcək!
7 Əksinə, yeddinci mələk+ kərənayını çalmağa+ hazırlaşdığı günlərdə Allahın qulları peyğəmbərlərə+ müjdələdiyi müqəddəs sirr+ başa çatacaq».
8 Göydən eşitdiyim səs+ yenidən mənə dedi: «Get, dənizlə quruda durmuş mələyin əlindəki açıq tumarı götür».+
9 Mən mələyin yanına getdim və ondan balaca tumarı istədim. O, mənə dedi: «Götür, ye.+ Onu yeyəndə mədəndə acılıq hiss edəcəksən, ağzın isə bal kimi şirin olacaq».
10 Mən mələyin əlindəki balaca tumarı alıb yedim.+ Ağzım bal kimi şirin oldu,+ amma yeyib qurtarandan sonra mədəmdə acılıq hiss etdim.
11 Onda mənə dedilər: «Sən yenidən ümmətlər, xalqlar, dillər və çoxlu padşahlar haqqında peyğəmbərlik etməlisən».