Yaradılış 27:1—46

  • İshaq Yaquba xeyir-dua verir (1—29)

  • Eys xeyir-dua istəyir; peşmançılıq keçirmir (30—40)

  • Eys Yaquba düşmən kəsilir (41—46)

27  İshaq qocalıb gözlərinin nurunu itirmişdi. Bir gün o, böyük oğlu Eysi+ yanına çağırıb dedi: «Oğlum!» O: «Bəli, ata», — deyə cavab verdi.  «Mən artıq qocalmışam, ölüm başımın üstünü haqlayıb.  Silahını, yay-oxunu götür, get çölə, mənim üçün ov ovla.+  Xoşladığım o dadlı yeməyi bişir gətir, yeyim, nə qədər ki canım üstümdədir, sənə xeyir-dua verim».  Rəfəqə İshaqın Eyslə söhbətinə qulaq asırdı. Elə ki Eys ov ovlayıb atasına gətirmək üçün çölə getdi,+  Rəfəqə oğlu Yaqubun yanına gəlib dedi:+ «İndicə atanın qardaşın Eyslə söhbətini eşitdim. O deyirdi:  “Mənim üçün heyvan ovlayıb gətir, ondan dadlı yemək hazırla, yeyim, canım hələ üstümdə ikən Yehovanın önündə sənə xeyir-dua verim”.+  Oğlum, indi qulaq as, gör nə deyirəm.+  Get sürünün içindən iki yaxşı oğlaq seç gətir, atanın xoşladığı yeməyi bişirim. 10  Sonra onu aparıb atana verərsən ki, yesin və canı hələ üstündə ikən sənə xeyir-dua versin». 11  Yaqub isə anası Rəfəqəyə dedi: «Axı qardaşım Eys tüklüdür,+ mən isə yox. 12  Birdən atam mənə toxundu?+ Elə çıxacaq ki, mən onu ələ salıram. Onda xeyir-dua əvəzinə lənət qazanaram». 13  Anası ona cavab verdi: «Sənə oxunan lənət mənə gəlsin, oğlum. Sən mən deyəni elə, get heyvanları gətir».+ 14  Beləliklə, Yaqub gedib heyvanları anasına gətirdi, o da onun atasının xoşladığı yeməyi bişirdi. 15  Bundan sonra Rəfəqə böyük oğlu Eysin evdə olan ən gözəl paltarını götürüb kiçik oğlu Yaquba geyindirdi.+ 16  Həmçinin əllərini və boynunun tüksüz yerini oğlaqların dərisi ilə örtdü.+ 17  Sonra hazırladığı dadlı yeməyi və çörəyi Yaqubun əlinə verdi.+ 18  Yaqub içəri, atasının yanına girib «Ata!» — deyə səsləndi. O soruşdu: «Buyur. Kimsən, bala?» 19  «İlkin Eysəm, — Yaqub cavab verdi.+ — Dediyini elədim. Qalx, gətirdiyim ov ətindən ye ki, mənə xeyir-dua verəsən».+ 20  İshaq oğluna dedi: «Nə tez ov tapıb gəldin, oğlum?» O cavab verdi: «Allahın Yehova onu mənim qarşıma çıxardı». 21  Onda İshaq Yaquba dedi: «Bir yaxın gəl oğlum, sənə toxunum, görüm doğrudanmı Eyssən».+ 22  Yaqub atası İshaqa yaxınlaşdı. İshaq ona toxunub dedi: «Səs Yaqubun səsidir, əllər isə Eysinki».+ 23  Yaqubun əlləri qardaşı Eysin əlləri kimi tüklü olduğundan İshaq onu tanımadı. Beləcə, İshaq ona xeyir-dua verdi.+ 24  Bundan sonra o soruşdu: «Sən, doğrudan, oğlum Eyssən?» «Bəli», — deyə cavab verdi. 25  «Onda, oğlum, ov ətindən gətir yeyim, sonra sənə xeyir-dua verim». Yaqub yeməyi onun qabağına qoydu, İshaq yedi. Şərab da gətirdi, o içdi. 26  Sonra İshaq oğluna dedi: «Oğlum, yaxın gəl, atanı öp».+ 27  O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi+ və ona xeyir-dua verib dedi: «Oğlumdan Yehovanın nemət verdiyi çöllərin qoxusu gəlir. 28  Qoy Allah sənə göylərin şehini,+ yerin bərəkətli torpaqlarını+ versin, taxılı, yeni şərabı başından töksün.+ 29  Qoy xalqlar sənə qulluq etsin, ümmətlər önündə baş əysin. Qardaşlarına ağa ol, qoy ananın oğulları qarşında baş əysin.+ Sənə lənət edənlərə lənət olsun, sənə xeyir-dua verənlər isə xeyir-dua alsın».+ 30  İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atasının yanından çıxdı. Elə bu dəm qardaşı Eys ovdan qayıtdı.+ 31  O da dadlı yemək bişirib atasına gətirdi və dedi: «Ata, qalx oğlunun gətirdiyi ov ətindən ye, mənə xeyir-dua ver». 32  Atası İshaq ondan soruşdu: «Sən kimsən?» «Mən sənin oğlunam, ilkin Eys».+ 33  Onda İshaqın canına şiddətli titrətmə düşdü. O dedi: «Bəs onda heyvan ovlayıb ətindən bayaq mənə gətirən kim idi? Elə sənin qabağınca onun gətirdiyi xörəyi yeyib qurtardım, gətirənə də xeyir-dua verdim. Xeyir-dua onunku olacaq». 34  Atasının sözlərini eşidəndə Eys haray salıb acı-acı ağladı və atasına yalvardı: «Nə olar, ata, mənə də xeyir-dua ver!»+ 35  İshaqsa cavab verdi: «Qardaşın mənə kələk gəlib sənə verəcəyim xeyir-duanı aldı». 36  Onda Eys dedi: «Elə buna görə onun adı Yaqubdur* da. Bununla ikinci dəfədir ki, mənim yerimi tutur.+ Əvvəlcə ilk oğulluq haqqıma göz dikdi,+ indi də xeyir-duamı aldı».+ Sonra atasından soruşdu: «Yəni mənim üçün heç xeyir-dua qalmayıb?» 37  İshaq Eysə cavab verdi: «Onu sənə ağa eləmişəm,+ bütün qardaşlarını onun qulluğuna vermişəm. Taxılı, yeni şərabı ona bəxş etmişəm.+ Sənə verməyə nə qaldı ki, oğul?» 38  Eys atasına dedi: «Ata, elə cəmi bir xeyir-duan var? Nə olar, mənə də xeyir-dua ver!» Bunu deyib hönkürtü ilə ağladı.+ 39  Onda İshaq oğluna dedi: «Məskənin yer üzünün bərəkətli torpaqlarından, göyün şehindən uzaq olacaq.+ 40  Qılınc gücünə yaşayacaqsan,+ qardaşına qulluq edəcəksən.+ Amma vaxt gələcək, üsyan edəcəksən, onun boyunduruğunu qırıb boynundan atacaqsan».+ 41  Atası Yaquba xeyir-dua verdiyinə görə Eys qardaşına düşmən kəsilmişdi.+ O, öz-özünə deyirdi: «Atamın ömrünə* az qalıb,+ ondan sonra qardaşım Yaqubu öldürəcəyəm». 42  Böyük oğlu Eysin sözləri Rəfəqənin qulağına çatanda dərhal kiçik oğlu Yaqubu yanına çağırtdırıb dedi: «Qardaşın Eys səni öldürüb qisas almaq istəyir. 43  İndi, oğlum, mənə qulaq as: buradan qaç, Harrana, qardaşım Labanın yanına get.+ 44  Qardaşının hirsi yatana qədər bir müddət orada qal. 45  Eysin sənə qarşı qəzəbi soyuyanda və ona etdiklərini yaddan çıxaranda xəbər göndərib səni oradan çağıraram. Nə üçün bir gündə ikinizi də itirim?» 46  Rəfəqə elə hey İshaqa deyirdi: «Bu het qızlarının əlindən həyatımdan bezmişəm.+ Əgər Yaqub da het qızlarından alsa, bu ölkədəki qızlar kimi qıza evlənsə,+ mən daha yaşaya bilmərəm».

Haşiyələr

Mənası: dabandan yapışan; qəsbkar.
Hərfən: yasına.