Yaradılış 41:1—57

  • Yusif fironun yuxularını yozur (1—36)

  • Firon Yusifi bütün Misir üzərində başçı qoyur (37—46a)

  • Yusif ərzaq tədarükü görür (46b—57)

41  Üstündən iki il keçdi. Bir gün firon yuxuda gördü ki,+ Nil çayının kənarında durub.  Çaydan yeddi sağlam, kök inək çıxıb Nil qırağında otlamağa başladı.+  Onlardan sonra Nildən başqa yeddi inək çıxdı. Bunlar arıq və eybəcər idi. Bu inəklər çayın kənarındakı inəklərin yanında durdular.  Sonra arıq, eybəcər inəklər yeddi sağlam, kök inəyi yedi. Bu dəm firon oyandı.  Sonra o, yenidən yuxuya getdi və bir yuxu da gördü: bir saplaqda yeddi yaxşı, dolu sünbül var idi.+  Onlardan sonra səmum yelindən* yanmış yeddi cılız sünbül çıxdı.  Yeddi cılız sünbül yeddi yaxşı, dolu sünbülü uddu. Onda firon oyandı və başa düşdü ki, gördüyü yuxudur.  Səhər açılanda firon narahatlıqdan özünə yer tapa bilmirdi. O, Misirin bütün kahinlərini və müdriklərini çağırtdırıb gördüyü yuxuları onlara danışdı. Amma onları yoza bilən olmadı.  Onda baş saqi dillənib firona dedi: «Bu gün günahlarımı etiraf etmək istəyirəm. 10  Bir dəfə sən mənə və baş çörəkçiyə qəzəblənib bu qullarını keşikçibaşının zindanına atdırmışdın.+ 11  Orada olanda bir gecə hər ikimiz yuxu gördük. Hər yuxunun da öz yozumu var idi.+ 12  Bizimlə zindanda keşikçibaşının qulu olan bir gənc ibrani də yatırdı.+ Yuxularımızı ona danışanda+ o, bizə onların mənasını açdı. 13  O necə demişdisə, elə də oldu: mən əvvəlki yerimə qaytarıldım, çörəkçi isə asıldı».+ 14  Firon dərhal Yusifin dalınca adam göndərib onu zindandan gətizdirdi.+ Yusif üz-gözünü təraş edib* paltarını dəyişdi və fironun hüzuruna gəldi. 15  Firon Yusifə dedi: «Mən bir yuxu görmüşəm, amma onu yozan yoxdur. Eşitmişəm, sən yuxu yoza bilirsən».+ 16  Yusif firona cavab verib dedi: «Mən kiməm ki! Qoy Allah Özü fironun yuxusunu xeyrə yozsun».+ 17  Firon Yusifə yuxusunu danışmağa başladı: «Yuxuda Nil çayının kənarında durmuşdum. 18  Bir də gördüm, çaydan yeddi sağlam, kök inək çıxdı və çayın kənarında otlamağa başladı.+ 19  Onlardan sonra çaydan başqa yeddi inək çıxdı. Onlar sısqa, arıq və eybəcər idi; mən hələ bütün Misir torpağında elə eybəcər inək görməmişəm. 20  Arıq, çirkin inəklər yeddi kök inəyi yedi. 21  Amma heç kəs deməzdi ki, onlar inəkləri yeyiblər, çünki əvvəlki kimi arıq qalmışdılar. Bu dəm yuxudan oyandım. 22  Sonra başqa yuxu gördüm. Gördüm ki, bir saplağın üstündə yeddi yaxşı, dolu sünbül var.+ 23  Onlardan sonra səmum yelindən yanıb büzüşmüş yeddi cılız sünbül bitdi. 24  Cılız sünbüllər yeddi yaxşı sünbülü uddu. Yuxularımı kahinlərə danışdım,+ amma heç biri onların mənasını mənə aça bilmədi».+ 25  Onda Yusif firona dedi: «Fironun gördüyü yuxuların mənası birdir. Tək olan Allah fironu görəcəyi işdən agah edib.+ 26  Yeddi yaxşı inək yeddi il deməkdir. Yeddi yaxşı sünbül də həmçinin. Yuxuların ikisinin də mənası eynidir. 27  Onlardan sonra peyda olan yeddi arıq, çirkin inək yeddi ildir. Səmum yelindən yanmış yeddi boş sünbül yeddi il sürəcək aclığı bildirir. 28  Elə mən deyən kimidir: Allah firona edəcəyi işi bildirib. 29  Bütün Misir torpağında yeddi il bolluq olacaq. 30  Amma ondan sonra yeddi il aclıq olacaq, elə aclıq ki, Misirdəki bolluqdan əsər-əlamət belə qalmayacaq. Aclıq ölkəni çapıb-talayacaq.+ 31  Ölkədə olan əvvəlki bolluq büsbütün unudulacaq, belə ki, aclıq son dərəcə şiddətli olacaq. 32  Fironun yuxunu iki dəfə görməsi isə o deməkdir ki, Allah artıq Öz qərarını verib, özü də bu işi tezliklə həyata keçirəcək. 33  Buna görə də qoy firon müdrik, tədbirli adam tapıb onu Misir üzərinə təyin etsin, 34  ölkənin hər yerinə nəzarətçilər qoysun və bolluq olan yeddi il ərzində Misir torpağının verdiyi məhsulun beşdə birini yığsın.+ 35  Qoy nəzarətçilər bərəkətli illərdə taxılı şəhərlərə yığıb saxlasınlar. Bu taxıl ehtiyatı fironun nəzarəti altında olsun.+ 36  Misir torpağında yeddi il sürəcək aclıq ölkəni məhv etməsin deyə, həmin vaxt ərzində bu taxıl azuqəniz olar».+ 37  Bu fikir fironun da, əyanların da ağlına batdı. 38  Onda firon əyanlarına dedi: «Üzərində Allahın ruhu olan bunun kimi başqa bir adamı haradan tapacağıq?» 39  Sonra firon Yusifə dedi: «Əgər Allah sənə bütün bunları açıbsa, deməli, səndən ağıllı, müdrik adam yoxdur. 40  Səni evimin üzərində böyük qoyuram. Adamlarımın hamısı qeyd-şərtsiz sənə tabe olacaq.+ Yalnız taxtda mən səndən böyük olacağam». 41  Sonra əlavə etdi: «Səni bütün Misir torpağı üzərində başçı qoyuram!»+ 42  Belə deyib firon möhür üzüyünü barmağından çıxarıb Yusifin barmağına taxdı, əyninə zərif kətandan tikilmiş libas geyindirdi, boynuna qızıl boyunbağı taxdı. 43  Üstəlik, əmr etdi ki, onu özünün ikinci ən yaxşı arabasına mindirsinlər və qarşısında gedə-gedə: «Avrex!»* — deyə qışqırsınlar. Beləcə, firon Yusifi bütün Misir üzərində başçı qoydu. 44  Sonra firon Yusifə dedi: «Firon mənəm. Bununla belə, sənin iznin olmadan Misir torpağında heç kim bir addım belə atmayacaq».+ 45  Firon Yusifin adını Səfnat-Fənah qoydu və On* şəhərinin kahini Fitfirahın qızı Əsnatı+ ona verdi. Yusif bütün Misir ölkəsini gəzib nəzərdən keçirməyə başladı.+ 46  Misir padşahı fironun hüzurunda duranda Yusifin otuz yaşı var idi.+ Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı. 47  Yeddi il sürən bolluq vaxtı torpaq bol məhsul verdi. 48  O, yeddi il ərzində Misir torpağının verdiyi bütün məhsulu şəhərlərə yığdı. Şəhərin ətrafındakı tarlalardan yığdığı məhsulu elə həmin şəhərdə də saxlayırdı. 49  Yusif dəniz qumu qədər çoxlu taxıl tədarük etdi. Axırda iş o yerə gəlib çatdı ki, taxılı daha ölçmədilər, çünki artıq ölçüyə gəlmirdi. 50  Aclıq başlamazdan əvvəl On şəhərinin kahini Fitfirahın qızı Əsnat Yusifə iki oğul doğdu.+ 51  Yusif: «Allah bütün dərdlərimi və ata evimi mənə unutdurdu», — deyib ilkinin adını Mənəssə*+ qoydu. 52  «Başım bəlalar çəkən bu ölkədə Allah məni bəhərli etdi»,+ — deyərək ikinci oğlunun adını Əfraim*+ qoydu. 53  Misir torpağında yeddi il sürən bolluq sona yetdi+ 54  və Yusifin dediyi kimi, yeddi il davam edəcək aclıq başladı.+ Aclıq bütün ölkələri bürümüşdü, Misirinsə heç bir yerində çörək sarıdan korluq çəkilmirdi.+ 55  Axırda aclıq Misirin də başının üstünü aldı. Camaat çörək üçün firona yalvarmağa başladı.+ Onda firon misirlilərə dedi: «Yusifin yanına gedin, o nə desə, onu da edin».+ 56  Aclıq bütün yer üzünə yayılmışdı.+ Yusif anbarların ağzını açıb misirlilərə taxıl satmağa başladı,+ çünki Misirdə aclıq çox şiddətli idi. 57  Bundan başqa, aclıq bütün yer üzündə tüğyan etdiyindən Yusifdən taxıl almaq üçün Misirə hər yandan adamlar gəlirdi.+

Haşiyələr

Yəni şərq küləyindən.
İbrani mətnindən onun həm saqqalını, həm də başını qırxdırdığını anlamaq olar.
Görünür, bu, şərəf və ehtiram göstərməyə çağırış idi.
Heliopolis.
Mənası: unutduran.
Mənası: ikiqat bəhrəli.